İyul ayının sonları idi. Hava çox isti olduğundan evdə oturub, kompüterdə "Troya" filminə baxırdım. Hektor-Axilles qaşıdurması təzəcə başlamışdı ki, telefonum zəng çaldı. Möhtəşəm səhnənin təəssüratı yarımçıq dayandırıldığı üçün üzümü turşudaraq "Pauza"nı basdım və telefonu götürdüm. Zəng vuran uşaqlıq dostum Zaur idi. Mən Sumqayıtda qalanda bizə tez-tez gələrdi. Həyət evinə köçdükdən sonra isə mən onlara tez-tez getməyə başladım. Əslində bunun belə olmasını Zaur istəmişdi. "Bütün günü ya evdə oturursan, ya da bağın içində gəzişirşən. Sən də küçəyə çıx, insanlara qarış, ətrafda baş verənlərdən xəbərdar ol" deyirdi mənə. Əslində haqlı idi. Bütün işlərimi kompüterin üzərində qurmuşdum. Hətta sahib olduğum kiçik biznesimi də evdən idarə edirdim. Zaurgilin evləri də yaşadığım qəsəbədə idi və 3 ay əvvəl aldığım motorlu əlil arabası ilə 25 dəqiqəyə onlarda olurdum. Getdiyim yolun çox hissəsi torpaq və kələ-kötür olmasaydı, bu yolu 10 dəqiqəyə də gedə bilərdim.
Zaurun səsi telefonda çox şən gəlirdi. Bir az hal-əhval tutduqdan sonra mənə sürprizi olduğunu və saat 7-də onlarda olmağımı istədi. Telefonu söndürər-söndürməz motorlu arabanı şarja qoşdum və bayaqkı maraqla filmin davamını izləməyə başladım. Saat 18:20-də arabanın enerjisi tam olaraq dolmuşdu və mən telefonumla kepkamı da götürüb bağdan çıxdım.
Bağımızın yerləşdiyi küçədən çıxar-çıxmaz, yaşlı bir qadınla qarşılaşdım. Yanından keçib-getmək istəyəndə qadının ah-vay etdiyini eşidib dayandım. Əvvəlcə düşündüm ki, yəqin, nə isə problemi var. Kömək etmək üçün ona tərəf çevriləndə gördüm ki, yaşlı qadın mənə baxaraq, yanıqlı-yanıqlı deyir:
- Can ay bala, can. Anan ölsün. Vay-vay-vay. Səni belə gördüm, ürəyim parçalandı.
Arada yaylığı ilə gözünün nəmini də qurutdu. Sonra isə təəccüblə ona baxdığımı görüb ucadan dedi:
- Allah köməyində olsun. Fikir eləmə, bala.
Mən də eyni ahənglə "Allah tezliknən sənə rəhmət eləsin" deyərək, yoluma davam elədim. Ümumiyyətlə, mən başa düşmürəm ki, niyə insanlar fiziki məhdudiyyətli şəxs gördükdə öz problemlərini, xəstəliklərini unudaraq, əlil insanın halına acımağa başlayırlar. Hər zaman bu cür insanlarla qarşılaşdıqda deyirəm ki: "Əlillik bizim üçün dərd deyil, həyat tərzidir. Gedin öz dərdinizi çəkin".
Bizim küçədən bir az aralı, yolun üstündə market var. Marketin qarşısından keçərkən qonşu küçədə yaşayan oğlanlardan biri qarşımı kəsdi.
- Salam, qaqa. Necəsən? Nəyəsə ehtiyacın var? Qaqan alsın səninçün.
- Yaxşıyam, şükür. Sən necəsən? Yox, çox sağ ol. Heç nəyə ehtiyacım yoxdu.
- Yenə də olsun. Ürəyin nə istiyir, de. Hansı siqaretdən çəkirsən?
- Mən ümumiyyətlə siqaret çəkmirəm. Təklifin üçün çox sağ ol. Amma heç nə istəmirəm.
- Bəlkə su alım içəsən? Smiçqa, ya da kontur.
Davam edən bu tip dialoqdan sonra, oğlanın dirəşdiyini görüb dedim:
- Yaxşı. Bir dənə "Snikers" al, evə gedəndə çaynan içərəm.
"Qaqaş" tez marketə girdi və əlində "Snikers" geri döndü. Mən "Snikers"i ondan alıb, yaxınlıqdakı zibil qutusuna tullayaraq ordan uzaqlaşdım. Bir az getdikdən sonra güzgüdə "qaqaş"ın əsəbi üzünü və arxamca baxan təəccüb dolu gözlərini gördüm. Yəqin, ürəyində məni qınayır, haqsız sayırdı. Amma öz səhvini dərk etmirdi. Dərk etmirdi ki: "Təklif hörmətdir, təkid nifrət".
Bir-neçə dəqiqə getdikdən sonra başqa bir "bəla"yla qarşılaşdım. Yolun təqribən 150 metrlik hissəsi nisbətən dar olduğundan arxadan gələn maşın mənim yanımdan ötüb-keçə bilmədi və kəmhövsələ sürücü ard-arda siqnal verməyə başladı. Torpaq yolda arabanı yüksək sürətlə sürmək təhlükəli olduğundan, məcburən yolumu əvvəlki qaydada davam etdirdim. Bir az getmişdim ki, arxadan cod səs eşitdim: - Bir az tez ol dəə. Karsan?
Dayanıb arxaya çevrildim və ortayaşılı bir kişinin köhnə "Qaz-24"ün pəncərəsindən çölə çıxmış əsəbi sifətini gördüm.
- Tutaq ki, mən karam. Bəs sənə noolub? Korsan? Görmürsən ki, kənara çəkilmək olmur?
- Onda bir az tez get də. (Kişi qəzəbindən qışqıra-qışqıra danışırdı). Bura maşın yoludu ee, piyada yolu deyil. Ləngitmə məni, işim-gücüm var.
- Bilirəm maşın yoludu. Elə mən də maşın sürürəm. Özü də mənim maşınım səninkindən bahadı.
- Nə axmaq adama ilişmişəm əə. Əlil arabasın maşına tay eliyir.
- Düz deyirəm. (Mən qətiyyətlə dedim). Sənin sürdüyün bu köhnə maşının qiyməti ən çoxu 800 manat olar. Mənim arabamın isə 4000 manat qiyməti var. Bu arabanı satsam sənin maşınıvı da alaram, hələ üstəlik, səni də özümə 1 illik sürücü tutaram.
Kişi pərt olsa da, daha heç nə demədi. Mənim yolun geniş hissəsinə çıxmağımı gözlədi və yolu açılan kimi sürətlə yanımdan keçərək, yolun toz-torpağını üzümə, üstümə və ciyərimə "hədiyyə" elədi. Bu tip insanlar elə bilirlər ki, əlilliyi olan şəxslər ikinci dərəcəli insanlardı və istədikləri zaman öz istəklərini əngəlli insana diktə edə bilərlər. Belələrinə demək istəyirəm ki: "Heç yuxuda da görməzsiniz".
Qarşılaşdığım son 3 hadisədən sonra geri dönmək istəsəm də, tez də fikrimi dəyişdim. "Zaurun sürprizi nədir, görəsən?". Asfalt yola çıxanda 10-12 yaşlarında 4 uşaq velosipedlə mənə yaxınlaşdı.
- Əmi, bu sürdüyün benzinnən işliyir?
- Yox. Qaznan.
- Yaxşıdı də, qaz benzinnən ucuzdu. (Uşaqlardan biri özünü çoxbilmiş kimi göstərməyə çalışdı).
- Neçəynən gedir bu? (Başqa biri soruşdu).
- Sizin velosipedlərdən sürətli gedir.
- Bilirsən mən necə velosiped sürürəm? (Çoxbilmiş olanı dedi). Heç kim mənə çata bilmir ki.
- İstiyirsizsə yarışaq. Görək kim udacaq. Kim yolun sonundakı məktəbin həyətinə birinci çatsa, ona "Fanta" alacam.
Təklifim uşaqların ürəyincə oldu. Yan-yana düzülüb, yarışa başladıq. Onların sürəti mənimkindən 3 dəfə yüksək olduğu üçün 2-3 dəqiqədən sonra gözdən itdilər. Yarışı uduzsam da əhvalım yüksəlmişdi. Ürəyimdə "Allah sizi qorusun" deyərək sürəti azaldıb, ətrafı seyr edə-edə getməyə başladım.
Bayaqkı xoşagəlməz hadisələri unutmaq istəyirdim ki, qismət olmadı. Qarşı tərəfdən gələn gənc bir qız yanımdan keçərkən "İraq olsun" deyərək, qulağını çəkdi. Mən də dərhal dayanıb ona baxaraq, eyni hərəkəti etdim və "Bu qızın taleyinə bax", - deyə əlavə etdim. Qız dayanaraq əsəbi-əsəbi soruşdu:
- Noolub ki, taleyimə?
- O olub ki, sən bu ağılnan çətin ərə gedəsən. 100 faiz evdə qalassan. Bu ağıl, bu düşüncə ki, səndə var, çətin ailə qura biləsən.
Qız - "Ağzının danışığına fikir ver, əə", - deyə üstümə çımxıraraq, iti addımlarla məndən uzaqlaşdı. Mən isə düşüncəli halda yoluma davam elədim. İnsanların fiziki məhdudiyyətli şəxs gördükdə "İraq olsun" deyərək qulağını dartmasını və ardınca da barmağını hər hansısa taxtaya döyəcləməsini heç cür anlaya bilmirəm. Axı insanlar niyə dərk etmirlər ki, əlil olmaq dildə deyil ki, "İraq olsun" deməklə özündən birdəfəlik uzaqlaşdırasan. Qulaqda deyil ki, dartaraq silib, həmişəlik yaxa qurtarasan. Ya da hansısa taxtada yazılmayıb ki, 3-4 dəfə döyəcləməklə pozub, əlillikdən birdəfəlik sığortalanasan. Hər bir insan potensial əlil sayılır və istənilən an hər hansısa bir xəstəlik ucbatından və ya qəza nəticəsində əlil ola bilər. Belələrinə "Hər zaman Əlil insanlara hörmətlə yanaşın. Sizin də əlil olma ehtimalınız var" deyirəm.
Bu cür düşüncələr içində avtobus dayanacağının yanından keçəndə, dəblə geyinmiş və saçını səliqə ilə daramış bir cavan oğlan əlindəki portfeleni qarşımda yerə çırparaq dedi:
- Qaqaş, vacibiydi bu gün evdən çıxasan? Lap tutaq ki, çıxdın. Vacibiydi burdan keçəsən? Lap tutaq ki, keçdin. Vacibiydi ki, imenni indi keçəsən burdan? Başqa yerdən gedə bilmirdin? Başqa vaxt gedə bilmirdin? Niyə yoluma çıxdın axı? Sənə nə pisdiyim dəymişdi?
Cavan oğlanın üzündə təəssüf və kədər vardı. Sonuncu iki sualı elə hüznlə verdi ki, dayanacaqdakı insanların ona yazığı gəldi. Mən isə qəfil qarşılaşdığım hadisənin və dolu kimi üstümə yağan anlaşılmaz sualların qarşısında çaşıb qalmışdım. Özümü birtəhər toparlayıb soruşdum:
- Sən kimsən? Nə lazımdı sənə?
- Mən vacib işnən bağlı bir nəfərnən görüşməyə gedirdim. Amma qabağıma sən çıxdın. Çətin ki, işlərim düz gətirə. Kaş, qarşılaşmazdıq.
Mən gic-gic əlamətlərə bu dərəcədə möhkəm inanan birinin olduğuna heyrət edərək ona acıqlandım:
- Özüvə gəl, a bala. Sənin üçün qara pişiyəm, nəyəm?
- Elə demə, qaqaş. Şikəst insannan qarşılaşmaq da uğursuzluqdur. Bu gün işim düz gətirmiyəcək.
- Elə bilirsən məndə təkcə uğursuzluq var? Məndə qara magiya da var.
- Nə magiyası var? (Oğlan çaşqınlıqla soruşdu).
- Məsəl üçün. Ay bədrlənəndə 13 qəbirdən götürdüyüm tozu və 40 qarğanın dimdiyini 7 qara pişiyin qanında qaynatmışam. Sonra da cadulamışam. (Əlimi cibimə ataraq) indi bu cadunu sənə sürtəcəm ki, ömür boyu işlərin düz gətirməsin.
Bunları eşidəndə oğlanı sanki ildırım vurdu. Portfelini yerdən götürüb, iti addımlarla getdi. Bəzi insanlar küçədə fiziki məhdudiyyətli insanla qarşılaşdıqda bunu uğursuzluq kimi qəbul edir. Bu tamamilə yanlış addımdır. Bu cür düşünən insanlara demək istəyirəm ki: "Əngəlli insanla qarşılaşmağın sizin həyatınıza heç bir təsiri yoxdur. Nə pis, nə də yaxşı. Əgər uğursuzluqla qarşılaşsanız, hansısa bəhanə axtarmaq yerinə, problemin əsl səbəbini tapmağa çalışın". Digər bir yanlış düşüncə də bundan ibarətdir ki, güya əlil insan qarğış etsə, onun qarğışı mütləq həyata keçər. Bu cür düşünən insanlara isə deyirəm ki: "Elədiyim qarğışlar həyata keçsəydi, erməni ordusunu çoxdan topsuz-tüfəngsiz dağıtmışdım. Yoxsa ki, belə bir xüsusi bacarığımı sizə niyə sərf eliyirdim ki?". Düşüncənizə tüpürüm.
5-6 dəqiqə getdikdən sonra yolun digər tərəfinə keçmək istədim. Lakin maşınların hərəkəti intensiv olduğundan istəyimi heç cür həyata keçirdə bilmirdim. Dəfələrlə cəhd etsəm də yolu keçə bilmədim. Bu vaxt ərzində məni kənardan izləyən 3 nəfər oğlan yola çıxaraq, hər iki tərəfdən gələn maşınları saxladılar və mənim keçməyimə şərait yaratdılar. Yolu keçərək, onlara təşəkkür elədim: "Yolunuz daim açıq və uğurlu olsun".
Burdan belə yolum yenə də torpaq və kələ-kötür idi. Bir az getmişdim ki, telefonuma zəng gəldi. Danışmaq istəyəndə telefon əlimdən düşdü və nə qədər cəhd eləsəm də əyilərək, onu yerdən götürə bilmədim. Bu zaman qarşıdan gələn maşın yanıma çatanda dayandı. Sürücü maşından düşərək heç nə demədən telefonu götürüb mənə verdi və maşınına əyləşib getdi. Mən isə ürəkdən "təşəkkürlər" deyərək, yoluma davam etdim.
Küçələrin birində 7-8 qadın bir darvazanın qarşısına toplaşıb söhbət edirdilər. Ətrafda isə müxtəlif yaşlarda 10-15 uşaq oynayırdı. Qadınlardan 3-4 metr aralanmışdım ki, 2-3 yaşlarında bir qız uşağı gəlib düz qabağımda dayandı və maraqla mənə baxmağa başladı. Çox güman ki, araba onun diqqətini cəlb eləmişdi. 10-15 saniyə gözlədikdən sonra gülümsəyərək, "Sən nə şirin qızsan?" - dedim. Lakin cümlənin ardını gətirə bilmədim. Çünki qadınlardan biri dəstədən ayrılaraq - "Qorxma qızım, gəlirəm. Anan burdadı, qorxma" - kimi sözlər qışqıra-qışqıra bizə tərəf qaçmağa başladı. Yanımıza çatar-çatmaz qızını qucağına alaraq "Çox qorxmadın?" - deyə soruşdu. Mən əsəbi halda dedim:
- Uşaq qorxmurdu ee, sən qorxurdun. Uşağın vecinə də deyil, amma sənin rəngin ağarıb.
- O hələ qanmır. Bilmir ki, ona ziyan verə bilərsən. İstəmirəm qızım da sənin kimi çolaq olsun.
- Uşağa heç vaxt zərər vermərəm. Amma belə getsə, səni ziyana salacam.
- Neyniyə bilərsən mənə? (Qadın üzümə bozardı).
- İndi sənə tərəf öskürəcəm, sən də ömürlük əlil arabasında oturassan.
Qadın bunu eşidən kimi dodaqaltı mızıldanıb, sürətlə məndən uzaqlaşdı. Mən isə, təbii ki, yoluma davam elədim. Bəzi insanlar düşünür ki, əlil arabasında oturanların problemləri keçicidir. Buna görə də əlil arabasında oturan insanlarla münasibətdən, ünsiyyətdən qaçırlar və hətta onlara yaxınlaşmaqdan belə qorxurlar. Halbuki insanı əlil arabasına məhkum edən səbəblər əsasən bədən üzvünün amputasiyası, onurğa sütununun zədələnməsi, "Serebral iflic", "Distrofiya", "Miasteniya" və sairə olur ki, bunların da heç biri keçici deyil. Hər zaman bu cür düşünən insanlarla qarşılaşanda deyirəm ki: "Allah sizə ağıl, mənə pul versin".
Növbəti 10 dəqiqədə heç bir problemlə qarşılaşmayanda xoşagəlməz hadisələrin bitdiyini düşündüm və dərhal da səhv etdiyimi anladım. Qarşı tərəfdən 3 qadın gəlirdi və öz aralarında nə barədəsə söhbət edirdilər. Qadınlardan biri məni gördükdə söhbətini yarımçıq saxlayaraq uca səslə:
- Bunun burda nə işi var? Bu vəziyyətdə nə vacibdi ki, çölə çıxıb? Özü də tək. Özünə görə deyil. Bunun valideynləri hara baxır? Niyə tək buraxıblar bunu?
Dedi və bütün bunlar azmış kimi, yanıma çatanda məndən soruşdu:
- A bala, sənin yiyən hanı?
- Yiyəmi neyniyirsən, ay xala? Mən özüm kimlərəsə yiyəlik eliyirəm.
- Bıyy. Bunda dilə bax, aaz. Utanmırsan anan yaşdakı qadına cavab qaytarırsan?
- Anamla yaşıd ola bilərsən. Amma anam qədər ağıllı, mədəni, savadlı ola bilməssən. Anam heç vaxt insanlara fiziki görünüşünə görə qiymət vermir və onları yoldan saxlayaraq, işinə qarışmır.
Onun susduğunu görüb yoluma davam etdim və sadəcə ürəyimdə "Sənə nə dəxli var?" - dedim.
Zaurgilin həyətinə çatmağa 100-150 metr qalmış, yolun sonuncu xoş olmayan əhvalatı ilə qarşılaşdım. Az öncə yanımdan ötüb-keçən yaşlı kişi arxadan məni səslədi. Dayanıb geri çevrildim. Kişi yanıma çatan kimi əlini cibinə salıb, 1 manat çıxardaraq mənə uzatdı:
- Götür. Özünə bir şey alarsan.
- Nəzir verirsən mənə?
- Nəzir deyil. Dayının şotuna bir konfet alıb yeyərsən.
- Allah eləməsin sən ağılda dayım olsun. Sənin kimisin küçədə görəndə salam vermirəm.
- İnsanlıq eliyib pul təklif elədim də sənə. Niyə təhqir eliyirsən məni? (Kişi pərt halda soruşdu).
- Belə deyil. Məni dilənçi hesab elədin. Düşünürsən ki, nəzir adıynan evdən çıxartdığın bu 1 manatı fiziki problemi olan birinə versən, bütün xata-bəla evdən uzaq olar. Səhv düşünürsən.
- Əvvəl-axır kiməsə verməliyəm bu pulu.
Mən - "Küçədə dilənən insanlara ver" - deyərək, ordan uzaqlaşdım. Məni dilənçi zənn edərək 1 manatınıza möhtac olduğumu düşünənlər. "Sizin düşüncənizi...".
Zaurgilin darvazasına çatanda saata baxdım. 19:05. Hər zaman 25 dəqiqəyə gəldiyim yolu bu dəfə 45 dəqiqəyə gəlmişdim. Qapını açması üçün Zaura zəng vurdum. Bir-neçə dəqiqədən sonra Zaur, əlində tutduğu sürprizi ilə qapıda göründü.
Bəli, yolboyu mənə fərqli münasibət göstərən insanlara mən də mənfi münasibət göstərdim. Bəzilərini lağa qoydum, bəzilərini təhqir etdim, bəzilərinin də başına ağıl qoydum. Buna görə məni qınamayın, danlamayın. Çünki sizin mənimlə işiniz olmasaydı, mən də sakitcə öz yolumla gedəcəkdim. Birinci siz başladınız!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!