İlda - Vüsal Nurunun hekayəsi

 

Arvadım İlda dünən gecə xarab oldu. Səhərə qədər əlləşdim, orasını-burasını qurdaladım, bir şey çıxmadı. Heç olmasa, bir gözünü açsaydı, ya danışa bilsəydi... Özümü bir az qatil kimi hiss edirdim.

Səhərə qədər pəncərənin qarşısında oturdum. Gecədən bəri qanım donmuşdu, beynim işləmirdi. İsti çay içmək istədim.

Adətim üzrə həmişəki yerimdə oturanda bağırırdım:

- İlda, çay gətir.

İlk dəfə İldanın həyatımdakı yeri özünü göstərdi. Onun yoxluğunu dərk elədim. Kövrəlmək istədim, ağlamaq istədim - alınmadı, amma çox təəssüfləndim. Doğrudan da, çox kədərli görünürdüm. Bilmirdim durub çayı hardan, necə süzmək lazımdı. Hələ mənim yemək vaxtım, paltarlarımın yuyulması, ütülənməsi, ayaqqabılarımın təmizlənməsi... Sonra, sonra bir sürü İldaya aid işlər var. Onların heç birini bacarmırdım. Fikirləşdikcə beynimdən yanıq qoxusu gəlirdi. İlda həyatımdakı ən böyük boşluğu varlığıyla doldurubmuş. Yəni pazlla qurulmuş həyatımın ortadakı ən əsas hissəsiydi İlda. Özümü batareyası ölmüş cihaz kimi hiss edirdim. Çəkinmədən etiraf edirəm, dünənə qədər bunun fərqinə varmamışdım. Mən onsuz heçəmmiş.

Bu gün pəncərənin qarşısındakı kresloda oturub həyətdə İldanın əkdiyi çiçəklərə, ağaclara, bağçaya baxanda özümü axmaq kimi hiss elədim. Bütün daxili orqanlarım, beynim, əzalarım onun yoxluğunu hər dəqiqə daha çox xatırladır, bütövlükdə mənə etiraz edirdilər.

Çayımı çoxdan içməliydim, vaxtı keçdi. Hətta səhər yeməyini də ötürdüm. Əslində, indilərdə eyvanda oturub, kompüterdə maliyyə işləriylə məşğul olmalıydım, İlda mənə şokolad dilimiylə qəhvə gətirməliydi, ayağımı ayağımın üstə aşırıb, ləzzətlə içməliydim, işləməliydim.

Kaş, bir möcüzə olaydı, İlda qəfil işləyəydi, durub gələydi, masanın üstündəki telefonu gətirib mənə verəydi, sonra yenə yıxılıb qalaydı. Mən də bir-iki adama zəng edib onu necə düzəltdirməyi öyrənəydim. Cəmiyyətimiz çox geri qalır, texnologiyanın inkişafından söz gedə bilməz. Bu mühəndislərə niyə pul verirlər, axı? Niyə bir ağıllı adam çıxıb səslə idarə olunan telefon icad edə bilmir? İndi heç olmasa telefonu çağırardım, it kimi özü gələrdi, zəng edib işimi oturduğum yerdə görə bilərdim.

Ax, İlda, İlda... məni yarı yolda qoyacağını bilsəydim səni almazdım. Əslində, ucuz model olduğunu dedilər. Yaxşısını ala bilərdim. Etiraf edirəm, o vaxt xəsislik elədim. İndi bu arvadı düzəltdirmək üçün bilmirəm neçə quyruqlu rəqəm deyəcəklər.

Çətin də olsa, durub telefonu götürdüm. Götürüb xeyli baxdım. İlda olsaydı, kimə zəng edəcəyimi dərhal deyərdi, mən əziyyət çəkib bu qədər fikirləşməzdim. Qəribəydi, İlda özüylə beynimin içini də dayandırmışdı; dostlarımı xatırlaya bilmirdim. Bir tərəfdən də aclıq düşünməyə mane olurdu. Dişim tutsaydı, əlimə almışkən telefonu çeynəyərdim. Telefon... İldanın sol qulağının dalına şirkətin telefonu yazılıb. İlda, kaş qulağının dalına baxıb o nömrəni mənə deyə biləydin, elə durduğum yerdən zəng edib servisdən mühəndis çağırardım.

Yenə məcbur olub içəri otağa girdim. O, çarpayıda dünəndən necə uzanmışdısa, eləcə də qalmışdı. Həqiqətən onu bu vəziyyətdə görmək məni çox kədərləndirirdi, niyə axı, bu qadın qəfil xarab olmalıydı, mən xərcə düşməliydim?

Onu çevirdim, xırda şriftlə boynuna yazılmış rəqəmləri yığıb zəng elədim. Cavab gözləyənə qədər beynimdən keçirdim, kaş, İlda mənim əvəzimə danışaydı, sözümü çatdıraydı.

- Salam. Nəhayət, cavab verdiniz. Mənim arvadım xarab olub. Dünən gecə. Neynirdik? Gecə yataqda mən qadınımla neynəməliyəm? Bəli. Yox, qəfil dayandı. Heç bir funksiyası işləmir. Tamamilə heç bir. Yox, mənim qadınlardan o qədər də başım çıxmır... Siz yersiz suallarınızla məni hövsələdən çıxarmaqdansa, bir mühəndis göndərsəniz, daha yaxşı olmazmı? Bəli, qarantiyası çoxdan bitib. Mən gətirməliyəm? Axı niyə? Mən bu qadını sizin şirkətdən almışam, siz də mütəxəssis göndərin, gəlib təmir eləsin... Siz çox kobudsunuz.

Əlimdəki telefonu hirsimdən hara atdım, heç özüm də bilmədim. Belə də şirkət olar? Satdığınız cihaza axıra qədər də cavabdeh olmalısız! Yoxsa, "qarantisi bitdi, biz evə servis göndərmirik, işimiz çoxdu, özünüz gətirin". Bunun danışığına bax.

Nə qədər əsəbiləşsəm də, İldasız həyatımın böyk bir mənasızlıq olduğunu bilirdim. Mən bu mənasızlıqda ölüb iylənə bilmərəm. Yoluma davam eləməliyəm. Nə qədər məşəqqətli olsa da, onu şirkətə aparmalıyam. Başqa çarəm yoxdur.

İldanı geyindirdim. Şabalıdı saçlarını səliqəylə daradım. Heç bilməzdim qadın saçı daramaq bu qədər çətindir. Makiyaj eləməyə çalışdım. Bir neçə dəfə pozub, yenidən çəkdim. Alınmadı. Axırda pozdum. Qəribədir, İlda rəngsiz-boyasız da gözəl imiş.

Nə yaxşı bəziləri kimi çox ətli-canlı deyildi. Ucaboylu olsa da, çəkisini normal saxlamışdı, qucağıma ala bildim. Onu qollarımın üstündə bir zülümlə evdən çıxarıb qarajda gözləyən maşına oturtdum. İlda ilk dəfəydi yanımdakı oturacaqda əyləşirdi; buna əyləşmək demək olarsa. Mən də ilk dəfəydi onu belə yatan görürdüm, bunu da yatmaq hesab etsək. Başı sol çiyninə əyilmişdi, şabalıdı saçları açıq çiynini örtmüşdü. Təhlükəsizlik kəmərini onun döşlərinin arasından keçirib bağladım, sinəsi bir az da qabarıq göründü. Mən necə axmaq olmuşam?! Heç vaxt buna fikir verməmişəm, bu qadın hətta kəmərin arxasında da məni həyəcanlandırdı. Kaş bunu əvvəllər biləydim, həmişə beləcə yanımda oturdaydım, özüm sürəydim maşını, hərdən də qadınıma həyəcanla baxaydım. Lap elə imkan verəydim, bax, beləcə, yataydı yanımda. Görəsən, bütün qadınlar yatanda gözəl olur, yoxsa yatmaq ancaq İldaya bu qədər yaraşır? Niyə mən həmişə ondan əvvəl yatmışam? İldanın başqa funksiyaları da varıymış.

Onun dodağından öpdüm. Ah, necə ləzzətliydi. Mən onun bu qədər gözəl olduğuna heç vaxt fikir verməmişəm.

Beynimə qoymuşdum: nə qədər çətin də olsa, onu düzəltdirib evə qaytaracam. İldanı heç kim əvəz edə bilməz. Elə bu məqsədlə də birbaş şirkətə gəldim.

Laboratoriyadan xərək gətirdilər, onu ehtiyatla apardılar. Mən də şirkətin axmaq suallarla dolu elektron blanklarını doldurub, laboratoriyaya düşdüm. Texniki baxışdan sonra xərcimi deyəcəkdilər.

Deyilənə görə, içəri otaqda iki mühəndis onun üzərində işləyir. Bir azdan nəticə qapının üstündəki monitorda yazılacaqdı. Hamı kimi mən də oturub gözləyirdim. Gözləmək də çox axmaq bir iş imiş. İlda bunu mənə heç vaxt yaşatmayıb.

Vaxt uzandıqca acından mədəm sancılanırdı. Bircə İldanı tez düzəltsəydilər, yeməyə, lap elə çeynəyib mədəmi aldatmağa bir şey tapıb gətirərdi. Dünəndən ac-susuz adam olar? Başım ağrımağa başlayıb, halsızlaşıram.

Səbrimin ütüldüyü bir vaxtda, nəhayət, monitorda İldanın adını, ilkin rəyi oxudum: "Cihaz İlda həddindən artıq yüklənib, süni intellekti yanıb, təzyiqdən ürək aparatı ciddi xəsarət alıb...".

Bu xəbər heç yaxşı olmadı. İldanın içində nə qalmışdı? Baş mühəndis laboratoriyadan çıxan kimi qarşısını kəsdim:

- Nə vaxta hazır olar? Mənə arvad təcili lazımdır. Gecədən bəri ac-susuzam.

- Siz müqavilə bağlamalısız. - O dedi. - Təmir üçün cihaz bir həftə bizdə qalmalıdır.

- Nə? Bir həftə? Siz heç bilirsiz nə danışırsız? Bir həftədən sonra o mənə   lazım deyil. O vaxta qədər acından ölmüş olacam. Mənim meyitimdən orqanlarımı söküb başqalarına qoyacaqlar.

- Cənab, siz qadını çox səliqəsiz, hətta bağışlasanız, deyərəm, kobud istifadə eləmisiniz. İstəsəniz, sizə onun korlanmış bütün mexanizmlərini əyani göstərə bilərəm. Qadının detalları çox incədir, nəzərə almalıydınız.

- Başa düşürəm, bunları məbləği artırmaq üçün deyirsiz. Bu, adamı  hərifləməkdir.

- Başımın ağrısı şiddətlənmişdi. Əlacım olsaydı, qarşımdakı adamı boğardım. Məni axmaq yerinə qoyurdu.

- Bu, qətiyyən belə deyil, cənab. Biz onun iki faiz işlək qalmış yaddaşına baxdıq. Siz onu bütün sahələrdə fasiləsiz çalışdırmısınız...

- Əvvəla, onun yaddaşına baxmağa icazəniz yoxdur. Orada şəxsi informasiyalar var. Bu qanunsuzluqdur. İkincisi də, əgər bir qadın mənim bütün işimə yarımayacaqsa, o mənim nəyimə lazımdır?

- Siz, yəqin, elektron blankı dolduranda diqqətlə oxumamısız. Qadının yaddaşına girməyə icazəni imzanızla təsdiqləmisiz.

Pərt oldum.

- Oxumağa səbrim çatmadı. Həmişə mənim üçün İlda oxuyardı... Onu mənə ən tez nə vaxt qaytaracaqsız?

- Dediyim kimi, müqavilə bağlansa, bir həftədən sonra. O da, detallar tapılsa. Bu qadın köhnə modeldi. İndi onun detallarını tapmaq çətindir. Bilmirəm, bəlkə işlənmiş qadınlar bazarında var?!

- Belə çıxır, mən oturub gözləməliyəm?

- Suallarınız olsa qeydiyyat-informasiya şöbəsinə yaxınlaşın. Sizinlə danışmaq limitim bitdi.

O, arxasını mənə çevirib gedəndə istədim elə bir təpik ilişdirim, pilləkəndən yıxılsın. Bir həftə...

Yuxarı qalxıb şöbədəki qızın qarşısında oturdum, bu an ağlıma gələn bütün suallarımı, tələblərimi əsəbqarışıq onun üzünə vurdum. Bircə tələbim var idi, mühəndislər əllərindəki bütün işləri kənara qoyub, İldanı düzəltsinlər! Onu götürüb gedim. Burda qoymaq istəmirdim. Hətta sözarası şirkəti də belə ləng işlədikləri üçün əməlli-başlı tənqid elədim. Nə yaxşı qızın mübahisə etmək funksiyası yox idi. Nə deyirdim, süni təbəssümlə cavab verir, yeri gələndə susub axıra qədər dinləyirdi.

- Mən bir həftə qadınsız dözə bilmərəm axı. - Deyinməkdən yoruldum, yenə təkrar elədim.

- Sizə yeni qadınlar təklif edə bilərik. Son modellərdən.

- Onlar da yemək bişirməyi, sevişməyi yaxşı bacarır? - Əlacsız qalıb elə- belə, ağızucu soruşdum.

- Bunu bütün qadınlar bacarır.

Təzə qadına alışmağın bir az çətin olacağını düşündüm. O, məni öyrənənə qədər əməlli-başlı çərləyəcəm. Amma İldayla bir-birimizi çox rahat anlayırdıq. Heç vaxt ona sözü iki dəfə demirdim. Bəzən baxışımdan anlayırdı. Ona əlavə xərcim də çıxmırdı.

Qızın təklif elədiyi qadınlara baxdım. Doğrudur, aralarında gözəlləri var idi; üzü, gözləri, baxışları, boyu, əndamı... Hətta biri İldadan da qəşəng idi, gözümü çəkmək istəmirdim. Onun üçölçülü modelini barmağımla fırladaraq ehtirasla, həvəslə hər yerini incələyirdim. Amma qiyməti büdcəmə uyğun deyildi. Əslində, onu görəndən sonra başımda bir fikir dolaşdı, təmir olunmuş qadın yenə yaxın günlərdə məni xərcə salmazmı? Bir dəfə xarab oldusa, yenə olacaq. Həm də qarantisi keçib. Özü də lap çoxdan, təxminən üç ay bundan əvvəl. Amma təzə başqa şeydir. Beş illik qızıl qarantiya. Bir şey olsa, mənim bura gəlməyimə də ehtiyac yoxdur, arvadımı evdən aparacaqlar, elə həmin gün də düzəldib qaytaracaqlar. Bütün işimi kreslodan durmadan görə biləcəm. Ən uzağı, şam yeməyinə kimi arvad evdədir. Yenə istədiyin kimi istifadə elə...

- Siz işlənmiş, xarab olmuş arvadı alırsız? Cəsəd kimi. Mən bu qadını almaq istəyirəm. - Beynimdə təqribi hesabladım, İldanı münasib qiymətə götürsələr, maşını da satsam, hesabımdakı pulun üstünü düzəldib ala bilərəm.

- Alırıq. - Söz onun ağzından çıxanda bu gün ilk dəfə sevindim. Qız qarşısındakı monitorda arıq barmaqlarını oynadaraq İldanın özəlliklərinə baxıb hesabladı. Dəyərləndirirdi. Mən də həyəcanla gözləyirdim. Nəhayət, dodaqları tərpəndi. İldanın əynindəki paltarın qiyməti onun dediyi məbləğin iki qatıydı. Əmin olsaydım məni tutmazlar, durub qızın o qiyməti deyən ağzına bir şillə ilişdirərdim, pırpız saçından tutub alnını stolun tininə o qədər vurardım, gözləri tökülərdi.

- Ac-susuz vaxtımda beynimin qapağı atdı. Amma qız yenə də gülümsəyirdi.

- Əgər pulunuz çatmırsa, şirkətin kredit təklifini qəbul edə bilərsiniz. - O təklif paketini dərhal qarşımda açdı.

Mən kredit təklifini, şərtləri diqqətlə nəzərdən keçirdim. Bir də qadına baxdım. O, doğrudan da, ağzımı sulandırırdı.

Mən oxuduqca qız danışırdı:

- Bu qadın modellər yenidir. Saçları, gözləri nano texnologiyadı, istədiyiniz rəngə çevrilir. Bəbəklərində almaz var, həmişə parıldayır. Yaddaşına otuz iki ölkənin dili yazılıb. Siz o ölkələrdə tərcüməçisiz gəzə bilərsiniz. İldə iki dəfə doğa bilir. Hamiləlik dövründə heç bir çətinlik yaratmır. Yenə də tapşırdığınız bütün işləri yerinə yetirəcək. Düşünə bilir...

- Dayanın, dayanın! Nə dediniz? Düşünə bilir? - Bu mənim xoşuma gəlmədi.       Bu nə axmaq funksiyadır artırıblar? Hansı mühəndisin yersiz təklifidir? Bir qadın niyə düşünməlidir?

- Elmi işlə məşğul olan kişilər üçün nəzərdə tutulub. Bütün məntiqli suallara anında cavab tapır. Siyasi, ictimai, iqtisadi məsələlərdə müzakirə aparır, ən doğru təklifləri, fikirləri dərhal bildirir.

Amma o qədər də pis deyilmiş. Bəzi iqtisadi məsələlərdə ilişib qaldığım vəziyyətlər olurdu. Yaxşı təklif həmişə uğur qazandırır. Doğmaq məsələsi də çox xoşuma gəldi. Bax, bu, əsl yenilikdi. Artım... Artımı sevirəm. Uşaq bir az böyüyən kimi işlətmək olardı. Onun gətirdiyi qazanc anasına xərclənmiş pulu əvəzləyə bilərdi. Nəticədə, arvad mənə havayı başa gələrdi.

- Çöldə növbə gözləyənlər var. Sizə ayrılmış limitim bitir. Cənab, qərar verin. Ya müqaviləni imzalayın, ya da arvadınızı götürün.

Satanda elə dil töküb tərifləyirlər, danışmaq limitsiz olur, geri qaytaranda, düzəltdirəndə danışmağa can çəkirlər. Fikirləşməyə də qoymurlar.

Yollar axtarırdım, necə edim arvadsız bir həftəni acından-susuzluqdan ölməyim. Bir həftə sevişmədən yaşamaq... Bu elə ən əzablı ölümdür. Başa düşürəm, arvadımı öldürdüyüm üçün cəza çəkməliyəm. Amma heç olmasa, gündə bir dəfə nəsə yesəydim, içsəydim... Ölməsəydim. Ax! İlda, mənim enerji blokum!

Masadan duranda müqaviləyə imza atmışdım. Dərhal da hesabımdan şirkətin büdcəsinə pul köçürülmüşdü. Özü də çox, lap çox. Özümə söz verdim, bu mənə dərs olacaq. Arvad xarab olanda bu qədər xərcim çıxır, gərək bir az incə rəftar edim. Hər dəfə bu qədər pul xərcləmək axmaqlıqdır.

Mən binadan çıxana qədər yeni arvadı gətirdilər, canlı-canlı baxdım. Dərisi ağ, saçları sarışın, gözləri masmavi... Həyəcandan ürəyim yerindən çıxırdı.

Dərhal onun da adını dəyişib İlda qoydum. Mənim üçün bütün qadınlar İldadır.

- Elə edin, o mənim bütün xasiyyətimi, istədiklərimi, tələblərimi dərhal anlasın. Mümkündürmü? Uzun-uzadı tanışlıq verməyə vaxtım yoxdur, - qadını gətirən oğlana dedim.

- Mümkündür. Evdə qarşısında əyləşin. Əllərindən tutun, imkan verin sizin beyninizə girə bilsin...

- Yox, yox.. Bu artıq işdi. - Qəti etiraz elədim. - Ən yaxşısı, elə mən özüm  onu başa salaram. - Bir qadının mənim beynimdə nə işi var?

Biz binadan qol-boyun çıxıb maşına tərəf gedəndə bir yekəpər fəhlə İldanı çiyninə alıb gətirirdi. Onu baqaja tulladı.

Arvadımın ilk təklifi ağlıma batmışdı, köhnəni arvad bazarında dəyər-dəyməzinə satmağa aparırdıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!