Çayın sahilindəki Budda - Kənan Hacı - Kənan HACI

"Bizim həyatımızı alt-üst edən arzularımızdır, arzulardan imtina edincə bütün əzablardan xilas olacağıq"

Kənan HACI

Hardasa oxuduğum bir cümlə uzun zamandı ki, heç fikrimdən çıxmır və bu fikrin orbitindən, cazibə qüvvəsindən çıxa bilmirəm. İçimdə təlatümlər yaradan, adamın rahatlığını əlindən alan cümlədir: "Bizim həyatımızı alt-üst edən arzularımızdır, arzulardan imtina edincə bütün əzablardan xilas olacağıq".
Budda nə deyirdi? O deyirdi ki, "özünə qalib gəlməyi bacaran insan, hər kəsə qalib gələr. Özünə qalib gəlmək üçün isə şüuruna qalib gəlmək lazımdır. Siz düşüncələrinizin özbaşına yarandıqlarını və onları idarə etməyin mümkün olmadığını düşünə bilərsiniz. Bəli, siz quşun uçmağına mane ola bilməzsiniz, lakin beyninizdə o quş üçün yuva tikmək sizin öz əlinizdədir".
Buddizmin təməl prinsiplərindən biri də insanın özüylə savaşı və içindəki "mən"i öldürə bilməsidir. İçindəki "mən"i öldürən insan yenidən doğulur və bu məqamda nirvanaya çatır. İnsanın içi boş qalmır, əksinə, aydınlanır. Əsl mən onda aydınlığa çıxır. Yaşamaq insanın özünü müalicə etməsi və sağalmasıdır. Tarixdə bunu bacaran çox insanlar olub.
Çox sevdiyim alman yazıçısı Herman Hessenin gənclik illərində yazdığı "Siddhartha" povestini həyatımın narahat  günlərində oxudum və bu əsər mənə inanılmaz bir ruhani dinclik, mənəvi rahatlıq gətirdi. Bu əsərin qeyri-adi enerjisi var, Siddiharthanın həqiqətlərinə aşina olduqca insana əzab verən, enerjisini tükədən arzulardan əl götürüb yerin cazibəsindən qopursan və həyatın, yaşamın mənasına daha çox yaxınlaşırsan. Buddizmin ədəbiyyatda ən mükəmməl nümunəsidir bu əsər. Hessenin həyatından bilirik ki, o özü də həyatının müəyyən bir dönəmində meditasiya, reinkarnasiya məsələləriylə ciddi maraqlanıb, buddizmi araşdırıb. Valideynlərinin Hindistanda dini missionerliklə məşğul olması onun marağını buddizmə yönəldib və buddizm onun mənəvi dünyasının formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayıb. Təbii ki, buddizm onun axtarışlarının dayanacaq nöqtəsi idi. Hesse yaradıcı insan olaraq öz içinin həqiqətini tapmışdı.

"Siddhartha"nın yazılması haqqında Hesse özü belə deyir: "Siddhartha"nı 1919-cu ilin qışında yazmağa başladım; birinci və ikinci hissələr arasında təxminən il yarım fasilə etdim. Çünki məhz həmin ərəfədə ilk dəfə yox, ancaq heç vaxt olmadığı qədər əmin oldum: nəylə yaşamağı yazmaq istəyi mənasızdır. Elə buna görə də "Siddhartha"nı qələmə almaq fikrindən daşındığım ötürülmüş dövrün yerini doldurmalıydım. Və hələ cavan yaşlarımdan mənə yaxın olan müqəddəs hind fəlsəfəsinin yenidən doğmalaşması üçün həyatımın müəyyən hissəsini asket olaraq meditasiyada keçirməliydim. Mənim üçün həyatım da yaradıcılığım kimi heç bir xüsusi arqumentlərlə müdafiə olunmağa və möhkəmləndirilməyə ehtiyac duymayan təbii vəhdətdədir".
Siddhartha atasının ziddinə olaraq dünya nemətlərindən könüllü imtina edərək dostu Qovindaya qoşulub evdən gedir və bir daha geri qayıtmır. Uzun və əzablı bir yol başlanır. Müqəddəs Buddayla rastlaşırlar və bu məqamda dostu ilə yolları ayrılır. Onun ruhunda bir oyanış baş verir, onu özünə doğru aparan əsas yola məhz bundan sonra çıxmış olur. Bu məqamda yazıçı xatırladır: "Kənardan yox, məhz içdən gələn Səsə itaət ali xoşbəxtlikdir".
Siddhartha çayın sahilinə gəlib çıxır və komanın sahibindən onu o taya keçirməyi xahiş edir. Çayın sahili simvolik məkandır və onun axtardığı həqiqəti çox-çox sonralar Siddharthaya məhz bu çay pıçıldayacaqdı. Çay insana özünü göstərən aynadır. Siddharthanın uzun ömrünün son dayanacağı da bu çay olur və o çaya doğru əyiləndə çayın üzündə ona tanış gələn bir üzün əks olunduğunu görür. Bu üz ona atasını xatırladırdı. Oğlu bir vaxtlar onun üzüb keçdiyi çayı keçib atasını biryolluq atanda çay Siddharthaya çoxdan unutduğu atasını xatırladır. Hər şey özünə qayıdır; Siddharthanın oğlunu da bu aqibət gözləyir, çay onun da övladını nə vaxtsa sahildən o üzə keçirəcək. Qayıqçı Vasudeva müdrikcəsinə bu həqiqəti ona anlatmağa çalışır: "Yüz dəfə ölüb-dirilsən də, oğlunu öz taleyindən döndərə bilməyəcəksən". Sadə, sadə olduğu qədər də müdhiş, amansız, qaçılmaz bir həqiqəti yazıçı heyrətamiz bir süjetlə oxucuya çatdırır. Bu dahiyanə bədii tapıntı Herman Hessenin yazıçı olaraq gücünü ortaya qoyur. "Yalquzaq", "Muncuq oyunu" kimi XX əsr avanqardizminin formalaşmasında müstəsna rol oynayan əsərlər məhz o çayı keçə bilməyənlərin faciəsini əks etdirir.
Gənclik illərində oxuduğum iki əsər məndə beyin fırtınası yaratmışdı. Biri Frans Kafkanın "Çevrilmə"si, o birisi isə Hessenin "Yalquzağ"ı idi. Harri Haller əslində xəstə cəmiyyətin simvolik obrazı idi, bu obrazın simasında yazıçı sanki materializmlə idealizmin döyüşünü təsvir edir. Harri Haller Siddhartha ola bilməyən və buna görə də iki "mən"in arasında qalıb sıxılan, ruhən zədələnmiş adamdır. Nəfs bu iki "mən" arasında bir körpüdür və yazımızın əvvəlində xatırlatdığımız insan arzusu da nəfsin törəməsidir. Arzulamaq maddi dünyanın nemətlərinə əsir düşməkdir və Buddanın fəlsəfəsinə ziddir. Siddhartha elə Buddanın özüdür. Hesse bizə çatdırmaq istəyir ki, oyanma, aydınlanma hər kəsin yetişə biləcəyi zehni məsafədir, ona çatmaq insanın iradəsindən, dözümündən asılıdır. Hər kəsdə bu qabiliyyət var, amma hər kəs bu qabiliyyətə yiyələnmək üçün o zehni məsafəni qət edə, nəfs körpüsünü partlada bilmir.
Siddharthanın aydınlanması üçün günahdan keçməsi labüd idi. Tale məhz buna görə çayı keçdikdən sonra kəcavədəki qadını onun qarşısına çıxarır. Bu qadın onu dünya nemətlərinə bağlayır, özündən, çıxdığı yoldan uzaqlaşdırır, ona varlanmağın yollarını öyrədir. Siddhartha çayın bu üzündəki həqiqətə yetişmək üçün məhz o biri sahilə keçməliydi. Və nəhayət, o, qayıdır. Gözəl qadını da, malik olduğu xəzinəni də buraxıb tərk-dünyalığına qayıdır. Çay ona demişdi axı. Hər şey geri qayıdır, hamı özünə qayıdır. Katarsis məhz çayın sahilində baş verir. Yaranışın bütün sirləri təbiətdə gizlənir. İnsan təbiətlə vəhdətdə olduğu üçün həyatın mənasını çaydan, ağacdan, səmadan  öyrənir. Bəs niyə adamlar hər şeyin müvəqqəti olduğunu bilə-bilə qurbanlar verir, müharibələr törədirlər? Siddhartha bütün ömrünü axtarışlarda keçirdi. Hesse yazır ki, "axtarmaq məqsədi olmaq deməkdir, tapmaqsa istənilən məqsəddən qurtuluşdur". Öz həqiqətinə yetişmək insana ömür möhləti bitəndə də müdrikcəsinə ölmək cəsarəti verir. Siddharthanın qəlb, düşüncə və vicdan arasındakı daimi iç dialoqları çayın, əslində həyatın dilini anlamaqda ona yardımçı olur.
Yazıçı Buddanın möhtəşəmliyini fikirlərində deyil, həyatında görürdü. "Siddhartha" Buddanın həyatıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!