Tətildə İrəvana uçurdum, oranın aeroportundan bizim kəndə bir saatlıq maşın yoludur. Maşın heç vaxt olmurdu, axşam qatarı ilə gedirdim. İsti soba başına yığışıb pəncərədən qaranlığa boylana-boylana səbirsizliklə səni gözləyən doğma ailəyə qovuşmaq həmişə böyük sevincdir. Bir neçə saata dünyanın o başından dağların arasında sənə lazım olan yeganə nöqtəyə dəqiqliklə gəlib çatdığına özün də heyrət edir, qayıdandan sonra böyük şəhərin qaçaqaçında bu kövrək hissləri unuda biləcəyinə inanmırsan. Qayıdan baş yolumu Bakıdan salırdım. Burada nə vaxtlarsa evində kirayənişin qaldığım bir ailəyə mütləq dəyirdim. Bakıda uzun müddət yaşamağıma baxmayaraq, getməyə ayrı ünvanın olmaması bir az da bu işin məcburi tərəfini təşkil edirdi.
Evin kişisi Nağı biz tərəflərdən idi, zirzəmini yenə kirayə verirdi, özü isə əvvəlkitək arvadı və nəvəsilə yuxarıda yaşayırdı. Axşamlar Nağı kişi məni Moskva, oxuduğum institut, yazı-pozularımla bağlı sorğu-sual edir, dediklərimə qoca gözlərinin qəribə bir işartısı ilə sevinir, həyətdə kirayənişin tələbələrinə məni nümunə göstərməkdən ləzzət alırdı:
- Baxın, - deyirdi, - iki il burada kirayə qaldı, oxudu, çalışdı, vuruşdu, getdi çıxdı Moskvaya. Görürsünüz? Sabah, o biri gün qayıdıb gələcək, ölkə rəhbərliyi də gənc kadr kimi onu irəli çəkəcək.
Nağının təqdimatında zirzəminin kəraməti xüsusi vurğulanmasa da, dolayısı ilə ocağın xeyir-bərəkəti tələbə gəncliyin nəzər-diqqətinə çatdırılmış kimi olurdu. Tələbə gənclik mənə yaxşı tanış yerli qayğıları ilə yaşayırdı, Moskva heç onun yuxusuna da girmirdi.
Səhər evdən çıxanda tapşırırdı ki, axşam tez gəlim. Bilirdim ki, bunu başqa mənada yox, söhbət eləməyə daha çox vaxt olsun deyə xatırladır. Nağı hər gün vaxtlı-vaxtında televizora baxan, arvadı Xədicənin kitabxanadan gətirdiyi qəzet, jurnalları diqqətlə oxuyan adam idi. Heç zaman görmədiyi Moskvanın çox yerini məndən yaxşı tanıyırdı. Dediyinə görə, müharibədən sonra çalışsa da, instituta girə bilməmişdi, amma mütaliə vərdişini hələ də itirməmişdi. Gözlərini kitaba elə cəfakeş bir diqqətlə zilləyirdi ki, deyərdin, üz qabığına baxa-baxa altdakı bütün səhifələri də oradan birnəfəsə oxuyur. İnstitut, fakültə, dekanat, professor və sair bu tipli terminlərə o qədər həvəsli idi ki, bir dəfə zirzəmidə mənimlə qalan Nazimin əmisi rolunda Tibb İnstitutuna gedib, "qardaşı oğlunun" dosentə qarşı kobudluğuna görə dekanın danlağını havayıca qəbul etmişdi.
"O dağların arasından Moskvaya gedib çıxmaq hər oğulun hünəri dəyil!" - Nağı arvadı Xədicənin yanında məni başqa səmtdən, səliqə və sanballa tərifləyirdi. Kitab sözləri seçib işlətməyə çalışırdı ki, diplomunun olmaması əhəmiyyətsiz görünsün. Üzdə büruzə verməsəm də, gələcəkdə məni gözləyən çətinlikləri təsəvvür edəndə Nağının təriflərinə görə bəri başdan sıxılırdım. Xədicə iki-üç günün qonağı üçün süfrəyə düzdüyü naz-neməti və xoş təbəssümü hər dəfə bol etməklə sanki keçmiş kirayənişinlik dövrlərimizdə yaşadığımız xırda-para anlaşılmazlıqların üzrxahlığını edirdi. Belə səmimi yaxınlığı və mehribanlığı o vaxt nə bunlar, nə də mən təsəvvür eləyərdim.
- Sənin institutun Kremldən uzaqdı? - Nağı soruşurdu.
- Yox, deyirdim. - Yaxındı.
- "Yaxın", yəni nə qədər?
- Bir kilometr.
- Min kvadrat kilometrlik şəhərdə bir kilometr nədi ki?! - Nağı əllərinin içinə baxa-baxa deyirdi. Nəsə fikirləşirdi, elə bil onu çox maraqlandıran vacib bir sualı verməyə tərəddüd edirdi. Axırda cəsarətə gəlib soruşurdu:
- Sən orada... Hmm... Heç yoldaş Brejniyevi belə yaxından görürsənmi?
Məni gülmək tuturdu. Çünki Brejnevin gündəlik hansı işlərlə məşğul olduğunu, onu kimlərin yaxından gördüyünü Xədicənin evə gətirdiyi qəzetlər, Nağının baxdığı televizor daha dəqiq deyirdi.
- Hərdən bizim institutun yaxınlığından maşınla keçməyini görürəm, - kişinin kefini pozmamaq üçün deyirdim. - Nədi, olmaya, şikayət-zad yazmısan? Ver aparım çatdırım.
- Bəs o günü Lixaçov adına avtozavodun kollektiviynən görüşə getmişdi, - heç vaxt heç nədən şifahi və yazılı surətdə şikayətlənməyən Nağı sözümün sonunu eşitməmiş kimi ciddi səslə deyirdi. - Onda sizin institutun yanından keçməmişdi?
- Bilmirəm. Bəlkə də keçib, mən görməmişəm.
- Əşşi, necə görməmisən?! Orada bir fəhlə də dedi ki, bizim buraxdığımız maşınları dünyanın heç bir zavodu buraxa bilməz.
- Onu düz deyib, - mən yenə güldüm.
- Yəni möhkəmliyinə görə... O vaxt biz müharibəni niyə udduq? Çünki tanklarımız güclüydü, sürətliydi. Nemesin evinin bu yanından girirdi, o yanından çıxırdı.
Onun Mozdokdan girib, Berlindən çıxan uzun müharibə xatirələrinə hələ kirayənişinliyim dövründən qulaq asmadığımı yadına salıb tez susurdu. Bəlkə də fikirləşirdi ki, müharibəni görməyən gəncliyin hamısı mənim kimi bambılıdı. Yox, indi daha elə fikirləşməzdi. Hesab edərdi ki, mən savadlı bir adam kimi onun müharibə haqqında bilmədiyi nələrisə həqiqətən kitablardan oxuyub öyrənmişəm. Ya da oradakı müəllimlərimdən soruşmuşam...
- Əşşi, onun çənəsi daha söz tutmur, - Xədicə davamlı şəkildə süfrəyə göstərdiyi qayğı və nəvazişin içindən müdaxilə edirdi. - Zavoda getməyiynən nolasıdı təzdənnən?
Nağı heç zaman arvadı ilə mübahisə etmirdi, onun sözünün qabağına söz qoymurdu. Elə bil qorxurdu ki, birdən sözləri çəpləşər, Xədicə heç nə deməz, eləcə gətirib texnikum diplomunu stolun üstünə atar və onda bir ömürlük pərdə onların arasından axmaqcasına götürülər.
İnstitutun akt zalında Brejnevin ədəbi mükafata layiq görülmüş üç kitabının müzakirəsini xatırladım: "O bizi çörəksiz qoyacaq!" - çıxış etməyə gedən tələbələrdən biri hələ tribunaya çatmamış başılovlu qışqırdı. Zal pıqqıldadı. Rəyasət heyətindən dekan xanım səbirsiz tələbənin yaxınlıqdakı ünvana göndərməyə nail olduğu kollektiv pıqqıltını yumşaltmağa çalışdı: "Uşaqlar, "Xam torpaq"ı oxuyun: o kitab elə çörək və mahnı haqqındadır!".
Nağı içən deyildi, ancaq gətirib süfrəyə bir butulka tut arağı qoydu. Mən də içmədim. Təkid etmək istəyəndə, dedim, narahat olmasın, Moskvaya gedəndə özümlə apararam: orada belə şeylərin qədir-qiymətini yaxşı bilirlər. Bəlkə də ürəyində araqdan sonraya saxlamaq istədiyi sözləri Nağı mənim hər cür zir-zibillə dolu ayıq başıma gupamalı oldu.
- Xədicə hərdən jurnalları gətirir, oxuyuram, - yeməkdən sonra o dedi. - Sən bu hökuməti, rəhbərlərimizi təriflə. Bizim bir deputat varıydı, Fətulla müəllim... Seçkidə vəkili olmuşdum. Deyərdi ki, bu dünyada bir tərifdən, bir də yeməkdən hələ heç kim atqaz eləməyib. Tərifləsən, yerin isti olacaq. Elə ki, tərifləmədin, deyəcəklər, ə, bu ziyankar adamdı, yaxına qoymayın. Sən, maşallah, gedib çıxıbsan Kremlin bir addımlığına, ancaq o dəfə oxuyuram, görürəm Qələndərin eşşəyindən yazıbsan. Ə, Qələndəri mən 1957-ci ildə Oxamədin bəndində qoyub gəlmişəm, bəlkə də indiyə qədər on beş eşşək dəyişib. Bundan Qələndərin ağlı artıb, ya eşşək böyüyüb at olub?
Nağını həm də kənddəki analoqlarına görə yaxşı tanıyırdım. O, quşu uçuşda sevirdi. Özünə yaxın bildiyi adamların güclü, nüfuzlu, sayılıb-seçilən olmasını elə bil ala bilmədiyi ali təhsil diplomunun əvəzinə arzulayırdı. Yaşı yetmişi haqlasa da, həyatın qaçanını qulaqlamaq zirəkliyini və ayıq-sayıqlığını itirmirdi.
- Eşşəyin nəyi pisdir ki? - mən Nağının dediklərinə çox da ciddi yanaşmadan dedim.
- A kişi, Moskvanın ortasında oturub eşşəkdən yazarlar? - Nağı da həmin doğma ərkyanalıqla məni danlamağa başladı. - Odur, yaz Brejniyev yoldaşdan, Qramıkodan, Georqadze yoldaşdan, qoy səni dövlət adamı kimi tanısınlar. Qələndərin eşşəyindən nə çıxar?
- Onlarnan görüşəmmirəm də, - mən də bəhanə kimi dedim. - Ancaq Qələndəri tanıyıram, eşşəyini də görmüşəm.
Siqaret çəkmək üçün balkona çıxdım. Yağış axşamın qaranlığına salıb küləkdən xəlvət çisəkləyirdi.
Xədicənin Nağıya təpindiyini balkondan eşitdim.
- Bilmədiyin şeyi niyə danışırsan?! - o, ərinə deyirdi.
Sonrasını eşitmədim. Ancaq mən Nağıdan incimirdim. O da, bir növ, şəhər Qələndəri idi, elə bilirdi ki, eşşəyi unutmaqla mədəni, savadlı adam olub cəmiyyətə daha çox fayda vermək mümkündür.
Lampa işığında görünən damlarda, küçədəki elektrik məftillərində və çılpaq ağacların budaqlarında hələlik şehə bənzər yağış damcıları parıldaşırdı. Yaxınlıqda hansısa novdandan şırıltıya keçməyə gücü çatmayan damcılar çırtım-çırtım sızıb asfalta töküləndə cücə səsi çıxarırdı. Yenə də əvvəlki illərdə olduğu kimi dəmiryol deposunda gecələr yuyulan neft sisternlərinin zəhərli oksid iyi gəlirdi. Nağı paltomu gətirib çiynimə atdı.
- Hava soyuqdu, - mızıldandı. - Xəstələnib eləyərsən...
- Mən Bakıda Qələndərə heykəl qoymaq istəyirəm, - ona dedim. - Sən də mövzunu qadağan eləyirsən.
Mən cavanıydım, özümə güvənirdim. Düşünürdüm ki, yazdıqlarımı mütləq Qələndər oxuyub başa düşməlidir. Çünki mənə elə gəlirdi ki, başqa yazılanlarda Qələndəri aldadırlar, ona həqiqəti demirlər. Qeyri-qələndərlərin ağsaqqal qəyyumluğu isə məni maraqlandırmırdı. Bununla belə hərdən, Nağının dediyi kimi, kənddən kənara çıxmağı fikirləşirdim. Ancaq, nədənsə, bunu ləngidirdim. Nəsə mənə mane olurdu. Bəlkə də bu, işin texniki tərəfilə bağlı hazırlıqlarımın başa çatmamasından irəli gəlirdi. Daha sonra bu formal çərçivələr mənim üçün əhəmiyyətini itirdi. Yəqin ki, buna bir hadisənin də müəyyən təsiri oldu.
Bir gün kimsə yataqxananın telefonuna zəng vurub məni aşağı çağırtdırdı. Danışan adam özünü bizim rayondakı tütün fabrikinin baş mühəndisi "Cəfərqulu müəllim" kimi təqdim edib dedi ki, atam pul göndərib, o səbəbdən görüşmək lazımdır. Getdim. "Moskva" mehmanxanasının növbətçi administratoruna adımı deyən kimi o, qarsonlardan birini çağırıb məni 505-ci nömrəyə aparmağı tapşırdı. Əlbəttə, bir təsadüf idi ki, yataqxananın 5-ci mərtəbəsinin eyni nömrəli otağında da mən yaşayırdım. Ağlıma cürbəcür şeylər gəldi, ancaq qorxmağa macal tapmamış liftdən çıxıb nömrəyə girdik.
Baş mühəndis atamdan bir qədər cavan, ucaboy kişi idi. Sanki üzünə davamlı hopmuş quru tütün tozu dərinin sarışın intensivliyini azaldaraq onu bozun kompozit bir çalarına doğru əymişdi. Bu rəng qışda kolxoz damlarında tütünün preslənməsi əməliyyatını mənim yadıma salırdı: orada tozdan qorunmaq üçün üzü yaylıqla bağlı qadınların yalnız gözləri işarırdı. Düzüm iplərində büzüşmüş sarı yarpaq bağlarını daşıyan kişilər adətən pres dəzgahının yanında durmur, kövrək xışıltılı bağlamaları yerə qoyan kimi damın tozsuz yerlərinə çəkilirdilər.
Uzun "Ba-a-ayy!.." sədası ilə məni qarşılayıb qucaqlayanda hiss etdim ki, kefi yaxşıdır: jurnal stolunun üstündə yarımçıq konyak butulkasının, sınıq şokolad parçası və meyvələrin də o kefə şahidliyi, savadlı vəkillər demişkən, mübahisə predmeti deyildi. Cəfərqulu müəllim dedi ki, rayonda hər şey yaxşıdır, atamın kürə sexində bişən kömbənin ətri yenə onun fabrikinin həyətinədək gəlib çatır. İki daşın arasında mən yenə "çörək və mahnı" məsələsini xatırlayıb gülümsündüm. Qonaq isə dedi ki, oralarda indi qışdır, "tfu" deyirsən göydə donur.
- Ancaq buranın qışı da gözəldi! - o, pəncərədən görünən qarlı Kreml möhtəşəmliyinə işarə edərək dedi.
Cəfərqulu müəllim atamın göndərdiyi pulu şkafdakı pencəyinin cibindən çıxarıb saymadan mənə uzatdı. Sonra öz cüzdanından bir iyirmibeşlik də seçib mənə verərək astaca mızıldandı:
- Bu da məndən - tələbəyə!
Ağzımı açmağa macal vermədən pres ağacıtək sərt və möhkəm əli ilə pulu cibimə basdı və heç nə olmamış kimi mövzunu dəyişərək başladı ki, Tambov fabrikinə göndərdikləri beş vaqon tütünlə bağlı şikayət gəlib, direktor da həmişəki kimi məsələni həll etməyə onu göndərib.
Cibimdəki siqaret qutusu ilə bərabər doğma çöllərdə cərgələri arasından ot biçdiyim, boyumdan uca tütün plantasiyaları ani olaraq xəyalıma gəldi. İpə düzmək üçün dərilmiş tütün yarpaqlarının bardanın arasına yığılıb bağlanmasını, sonra əlləri şirədən qaralmış qadınların köməkləşib o bağlamaları traktorun qoşqusuna necə yükləməsi sanki əmək, çörək və mahnı romantikasının yeni bir kəşfi kimi göründü. Mənə elə gəldi ki, Moskvanın bunu görməyən, bilməyən siqaret istehlakçıları üçün maraqlı nəsə yazmaq olar.
- Tələbəni yeməyə dəvət etməmək müsəlmançılıqda da, yəqin, elə xristianlıqda da günahdır, - Cəfərqulu müəllim ətraf vilayətlərdəki tütün fabriklərinə hər il gəlib-getdiyini deyəndən sonra biz söhbəti davam etdirə-etdirə restorana düşdük.
Bura, bəlkə də, yüzə yaxın stolu olan böyük, təmtəraqlı bir zal idi, 505-ci nömrədə olduğu kimi bütün pəncərələrindən böyük meydan, Kreml divarları görünürdü. Günorta yeməyindən xeyli keçmişdi, axşamın tez düşən qaranlığı artıq Kremlətrafı meydanlarda, küçə fənərlərinin narıncı işıqları girə bilməyən künc-bucaqda, qarlı damların ağ tüstülü buxarıları arasında vurnuxurdu. Hələlik boş stol çox idi və biz ən qıraq sırada, projektorların işıqlandırdığı meydanda sonsuz maşın axınlarının yaxşı göründüyü bir yerdə oturduq. Yuxarıdan baxanda tıxacdakı maşın sıraları öz sezilməz hərəkəti və sarı, qırmızı işıqlarının sabit düzümü ilə sanki hoteli də, meydanı da Kreml qarışıq yavaş-yavaş sürüyüb harasa uzaq bir aləmdə gecələməyə aparırdı. Bu qeyri-adi mənzərənin verdiyi xoş, isti təəssürat altında adamın gözünə tütün dolu vaqonlar, qarlı Tambov-filan görünmürdü. Mən bu restoranda olmuşdum: ən dadlı yeməklərindən araxcın boyda dayaz kasalarda verilən qırmızı borş yadımda qalmışdı. Özü elə də ac olmadığı üçün Cəfərqulu müəllim sifariş verməyi mənə həvalə etdi: "Qırmızı borş" dedim.
Yeməkarası söhbət mənim işlərimin içində hərlənib-fırlanıb Qələndərin üzərinə gələndə Cəfərqulu müəllimin xətrinə dəyməmək üçün bir az ehtiyatla dedim ki, mən bütün problemləri həll edə biləcək qəhrəman kimi yalnız Qələndəri görürəm və qeyri-qələndərlərin onun belində oturmağına yaxşı baxmıram.
Dediklərimi diqqətlə dinləyən Cəfərqulu müəllim yüngülcə gülümsünüb Aleksandr bağının nəhəng, qara darvazalarına, qarı təmizlənmiş Manej meydanında yüzlərlə maşının müxtəlif istiqamətlər üzrə dəqiq tənzimlənmiş hərəkətinə baxdı. Elə bil Qələndəri və onun cüvəllağı uşaqlar tərəfindən zebr kimi boyanmış eşşəyini bu boyda zırıltı ilə müqayisə edəndən, hətta öz tütün vaqonları ilə də bağlı nələrisə ölçüb-biçəndən sonra dedi:
- Qəhrəman kimin olmasını deyə bilmərəm. Ancaq Qələndərin belində oturmaq məsələsi ilə razı deyiləm. Qələndər əkib becərdiyi tütünü bizə təhvil verib, tarif sənədi üzrə də pulunu alıb. Biz o tütünü fermentləyib göndərmişik Tambova. Oradan şikayət gəlib ki, təyin etdiyiniz sort filan, filan nömrəli vaqonlarda standarta uyğun deyil. Biz yazmışıq "birinci növ", onlar deyir ki, yox, bu, ikinci növdür. Növ müəyyənləşdirilməsi məsələsi laboratoriya işidir, yəni bir çox şərtiliklər var: birinci növü ikinci növ kimi, hətta əla növ kimi də yazmaq olar.
- Birinci, tarif məsələsinin özü... - mən dedim. - İkincisi, bəlkə siz Qələndərin birinci növünü ikinci növ kimi yazıb ona az pul vermişiniz? Qələndərin laboratoriyası yoxdu axı... Tambova isə əsl birinci növ kimi göndərmisiniz. Tambov da bu işi bildiyi üçün sizi çağırıb ki, gətir o puldan mənə də ver. Elədir?
- Yox, elə deyil, - Cəfərqulu müəllim etiraz etdi. - Tambov "Filip Morris", "Malboro", "Kemal" siqareti buraxmır ki, əla növ tütün axtara. Əla növ tütünün emalı üçün əla növ də avadanlıq olmalıdı. O da ancaq burada, Moskvada var. Bunun buraxdığının ən yaxşısı "Yava"dı. Qalanı gedir ikinci, üçüncü kateqoriya, fəhlə-kəndli siqaretləri: "Kazbek", "Belomorkanal", "Prima", "Astra", "Layka"-mayka... Ona görə növ müəyyənləşməsində Tambovun imkanları genişdir. Eləcə də pambıq, eləcə də üzüm, başqa kənd təsərrüfatı məhsulları. O ki qaldı Qələndərin haqqına, biz ona ziyan vurmuruq, əksinə, xeyir veririk. Son beş-on ildə Qələndərin cibində pul şıqqıldamağa başlayıb. Qələndər daha palçıq daxmada yaşamaq istəmir. Daş ev istəyir. Kəndə gələndə görmədinmi?
- Mən inanmaq istəyirəm, ancaq inana bilmirəm, doğrusu.
- Ölkə böyükdü, - Cəfərqulu müəllim başını yırğalaya-yırğalaya gülümsündü. - Böyük ölkə ayrı şeydir. Böyük ölkənin gərək siqareti, arağı, çaxırı bol ola...
Restoran dolmuşdu. Musiqi gurlayır, stol arxasında danışmaq çətinləşirdi. Böyük ölkənin pəncərələrdən görünən bir nömrəli ali rəsmiyyəti heç kimin vecinə deyildi. Kütlə axşamdan, bütün mənalarda isinmiş ab-havadan zövq alır, öz şıltaq hərəkətləri və hərdən məcrasına sığmayan istəklərilə ciddi olan hər şeyi inkar edirdi. Restoran bütün bunlarla bərabər Cəfərqulu müəllimin tütününün tüstüsü ilə də dolmuşdu. Mən bunu ona az qala qışqıraraq xatırladanda o, göz vurub dodağının qırağı ilə "nırç" elədi.
- Sən stolların üstündəki siqaretləri görmədin? - biz foyeyə çıxıb liftə tərəf gedəndə Cəfərqulu müəllim dedi. - Qələndərin müştəriləri burada yoxdu, - o gülüb əlini mənim kürəyimə vurdu.
İllər sonra institutu bitirib Bakıya qayıdanda Qələndər məsələsinin qoyub getdiyim yerdəcə durduğunu gördüm. Ancaq o mənim üçün hələ də maraqlı idi. İmkan düşən kimi bu təsərrüfata baş vurur, onun gələcəyinə inamımı itirməməyə çalışırdım.
Uzun çarpışmalardan sonra şəhərkənarı bir qəsəbədə özümə sığınacaq tapmışdım. Hər gün şəhərə gəlib-getmək məni yorurdu. Hərdən, çox yorğun olanda Nağıgilə gedib gecəni də orada qalırdım. Bu ev, bu ailə mənə doğma yurd təsiri bağışlasa da, Nağının ümidlərini doğrulda bilmədiyim üçün eynən məni təriflədiyi vaxtlarda olduğu kimi daxilən sıxılırdım. Sonra Nağı öldü, Xədicə evi satıb oğlunun yanına köçdü və mən bu böyük şəhərdə tək qaldım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!