Saçaqlı konfet - Meyxoş ABDULLAH. Hekayə

 

Balaca Nurtacın atası zabit idi, orduda xidmət edirdi. Onlar hərbi hissənin həyətindəki beşmərtəbəli binada yaşayırdılar. Nurtac evin tək övladı idi. Ağıllı və şirin bir qız olduğuna görə ata-anası onu çox istəyirdilər.

Hər gün atası işdən evə dönəndə qızı Nurtac üçün hədiyyə alıb gətirərdi. Hədiyyələr müxtəlif cür olurdu; - gəlincik, şar, kiçik əl dəsmalı, çox vaxt da şirniyyat. Nurtac şirniyyatı çox sevirdi. İllah ki, atasının ona alıb gətirdiyi saçaqlı konfetlər ola. Qızcığaz, bu şipşirin saçaqlı konfetləri o qədər çox xoşlayırdı ki...

Atası evə dönəndə, qapının zənginin çalınmasından Nurtac onun gəldiyini o dəqiqə hiss edirdi. Çünki atası qapının zəngini iki dəfə astaca basaraq, sanki zəngin musiqili dili ilə: - "Nur-tac", - deyə onu səslərdi.

Qapının zəngi bu sayaq çalınan kimi, balaca qızcığaz tələsik qapıya qaçar və anasını tələsdirərdi ki, qapını açsın, axı atası gəlibdir.              

Atası qızıyla qapının ağzında bir xeyli zarafatlaşar, onu köksünə sıxıb, öpüb əzizləyirdi. Sonra isə arxasında gizlətdiyi əlinə işarə edib deyərdi:

- Ağıllı qızım tap görək atan sənə nə alıbdır?!           

Balaca Nurtac da, barmağını dodağının üstə qoyub gözlərini yumar və guya dərindən fikirləşirmiş kimi, bir neçə dəqiqə susub qalardı. Bir az keçəndən sonra ağlına gələn hədiyyənin adını atasına söylərdi.

Atası bərkdən gülər və:

- Yoox!.. Düz tapmadın, oyuncaq deyil! - deyərək, qızını yenidən fikirləşməyə məcbur edərdi.

Qızcığaz isə bu dəfə toppuş əllərini bir-birinə sürtərək, ağlından keçirtdiyi hədiyyələrin adını bir-bir yenidən saymağa başlardı. O vaxta qədər ki, artıq atasının aldığı və arxasında gizlətdiyi hədiyyənin adı tapılana kimi.         

Belə vaxtlarda kənarda sakitcə dayanıb, ata ilə balanın hərəkətlərinə gülən ana deyərdi:

- Gəlin, keçin evə. Bu, tap-tapmaca oyununuzu evdə davam edin. Səs-küyünüz qonşuları narahat edir, axı.

Bu sözə bəndiymiş kimi ata qızının da əlindən tutub otağa keçərdilər.

Son günlər Nurtacın atası Nurlan evə gec-gec gəlirdi. Bəzən evə gəlməyən günləri də olurdu. Anasının narahatlığından balaca Nurtac bir şey anlamasa da, amma müharibə deyilən xoşagəlməz bir hadisənin baş verdiyini televizordan tez-tez eşidirdi.

Balaca qızcığaz müharibənin nə olduğunu anlamırdı. Başa düşmürdü ki, hamını vahiməyə salan bu müharibə nə deməkdir? Bircə onu anlayırdı ki, müharibə başlayandan sonra, atası ona hədiyyə alıb gətirmirdi. O bu barədə atasından soruşsa da, atası könülsüz olaraq: - Bağışla, qızım, bu dəfə sənə hədiyyə almağı unutmuşam, - deyərək qızının fikrini yayındırardı.

Artıq bir həftəyə yaxın idi ki, Nurtacın atası Nurlan evə gəlmirdi. Ana-bala çox narahat idilər. Anası həyat yoldaşı Nurlanın harada olduğunu bilsə də, bu barədə qızına bir söz demirdi. İstəmirdi ki, qızı narahat olub, atası üçün darıxsın.

Bir gün gecə televizora baxarkən Nurtac atasını televizorda gördü. Döyüşlər gedirdi. Nurtacın atası Nurlan əlində silah odun-alovun içində döyüşçülərdən öndə irəliləyirdi. Hər yan qatı tüstü-dumana bürünmüşdü. Atılan bombaların səsindən yer-göy lərzəyə gəlirdi. Tanklar, toplar dayanmadan gurultuyla atəş açırdılar. Ətrafda yaralı əsgərlər gözə dəyirdi.

Nurtac bu mənzərəni görəndə qorxaraq anasına sığındı və:

- Ana, atam orada nə edir? - soruşdu.

Anası qızını onun başa düşəcəyi şəkildə anlatmağa çalışdı:

- Qızım, düşmənlər torpaqlarımızı işğal etmişdilər. Qocaları, uşaqları öldürmüşdülər. Neçə illərdi ki, biz torpaq həsrətilə yaşayırdıq. İndi atangili o torpaqları düşməndən azad edirlər. Öldürülmüş uşaqların, əsir götürülmüş qız, gəlinlərin intiqamını onlardan alırlar. Sənin atan igid döyüşçüdür, qorxmazdır, mərddir. Onun kimi gör nə qədər vətən oğlu bu döyüşlərdə qəhrəmanlıqlar göstərirlər.

Anası hər gün qızına atasının igidliyindən danışar, onu darıxmağa qoymazdı.

Amma bunlara baxmayaraq, balaca Nurtac atası üçün bərk darıxırdı. Atası hər gün onun yuxusuna gəlirdi. Bir dəfə atası ona yuxuda saçaqlı konfet də gətirmişdi. Onda Nurtac bərk sevinmişdi.

Bir müddət ötdü. Müharibə artıq qurtarmışdı. İnsanlar qələbəni bayram edirdilər. Hamı sevincindən deyib-gülür, şənlənirdilər. Döyüşdə qələbə qazanmış igid əsgərlərimiz evə, ailələrinin yanına dönürdülər.

Nurtacın atasından isə hələ bir xəbər yox idi. Anası bərk narahat idi. Nurtac atasının niyə gəlmədiyinin səbəbini soruşanda, anası gözyaşlarını qızından gizlədərək:

- Atamız tezliklə qayıdacaq, ağıllı qızım. Bir az gözləyək, səbr edək.

Nurtac anasının bu sözlərindən sevinərək tez də əlavə edərdi:

- Anacan, atam mənə hədiyyə də alıb gətirəcək?

- Əlbəttə, qızım... Heç elə iş olar ki, atan sənə hədiyyə almasın? Mütləq alacaq.

Günlərin bir günü qapının zəngi çalındı. Özü də iki dəfə, əvvəllər olduğu kimi. Elə bil, qapının zəngi oxuyurdu: - "Nur-tac".

Ana ilə bala ikisi də, tələsik yerlərindən qalxaraq qapıya tərəf qaçdılar.

Anası qapını açan kimi Nurtac özünü eşiyə atdı.

Qapıda hərbi geyimli, əzəmətli duruşu olan, ucaboylu bir zabit dayanmışdı.

Nurtac əvvəlcə onu tanımadı. Zabitin sir-sifəti, sanki hisə bulaşmış kimi qapqara idi. Üzündə, bir neçə yerdə çalın-çarpaz çapıq yerləri gözə dəyirdi.

Qapıda dayanan zabit qızcığaza baxıb gülümsəyirdi.

Birdən Nurtac qışqırdı:

- Atacan... Sənsən? Gəldin?

- Canım qızım, mənəm. Sənin atan! - deyə zabit kövrəldi.

Atası həmişəki kimi bir əlini arxasında gizlətmişdi.

Nurtac sevindi:

- Ata, hədiyyə almısan mənə?

Ata bir qədər susdu...

- Onsuz da, bilirəm də, mənə nə almısan. Deyimmi, ata? - deyə qızı sevinclə dilləndi.

Ata xəfifcə gülümsədi.

- Sən mənə saçaqlı konfet almısan. Düzdür?

Ata dərindən köks ötürdü. Sonra əyilərək, qızını bağrına basdı.

Birdən Nurtacın gözləri atasının sarğılı qoluna sataşdı.

Atasının bayaqdan arxasında gizlətdiyi qolunun biri dirsəkdən aşağı yox idi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!