Möhlət müharibənin bitdiyini səhər xəbərlərindən öyrənəndə sustaldı, hikkə və təlatümün nəşəsiz sərxoşluğu başını ağırlaşdırdı, gözləri axdı. Ağacdan qayrılma stulda bir müddət səssiz-hənirtisiz gözlədi. Sonra qəflətən nəsə olubmuş kimi dikəlib soyuq otağı səyyah nəzərləri ilə süzdü. Onun baxışlarında ətrafda gördüyü hər nə varsa ona aid olduğuna dair şübhə və bu şübhənin daxili inamsızlığa sürüklədiyi əlacsızlıq vardı.
Yerə ilmələri çoxdan sökülmüş, rəngi solmuş xalça-palaz döşənmişdi. Divarlar qəhvəyi divar kağızları ilə bəzədilmiş, tavanın küncündən üççıraqlı köhnə qəndil asılmış, mizin üstünə ikigözlü katolik şamdan qoyulmuşdu. Otağın digər əşyaları televizor, müəyyən mənada məişət inqilabı sayıla biləcək şaquli qatlanan çarpayı, ağacdan düzəldilmə arxalıqları boyanmış, oturacaq yerinə dəri çəkilmiş üç stul və bir neçə kiçik alətdən ibarət idi.
Müharibə bitmişdi; qanlı-qadalı, gurultulu, titrəyişli, əzablı, eyni zamanda toxtadan, kükrədən, qələbə ehtirasına azmanlıq verən, əsləhə geyindirib irəli atan günlər arxada qalmışdı. Bir payız gecəsi qələbə elan edilmiş, düşmən haqq-hesab masasının bir küncünə oturdulmuş, dilindən qanun və gücdən ürkən fürsətçilər, mənfəət carçıları kimi kağız alınmış, savaşın hökmü ilə bərqərar olmuş ədalət qarşısında mat və lal edilmişdi. Bütün həqiqətciyəzlər vahid bir həqiqət halına salınmışdı. Bu isə beləydi: Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etdi! Yüzlərlə kvadrat kilometr ərazi öz əzəli-əbədi sahibinə qayıtdı! Böyük Qələbə təmin olundu!
Birdən-birə otaqda yüzlərlə dodaq bükümü göründü. Onlar bir andaca açılıb "zəfər, zəfər" deyə oxudular, çarpayının başına, televizorun üstünə qonub qısa ifalarını təkrarladılar. Çaşqın ev sahibini şövqləndirmək üçün əsir-yesir oldular, çiyinlərində oynaşdılar, qulaqlarında qıyya çəkdilər: "Zəfər, zəfər". Bu akkordlar Möhlətin canına özünə də məlum olmayan bir hal saldı, qanını durultdu. Əvvəlki tərpənməzliyi bir andaca peyda olan şadyanalıq ilğımını dağıtmamaq üçün daha da bərkidi, qabıq bağladı.
İndi sərməst halda fikirləşmək, olanlara xülasə vermək, ad qoymaq daha həzzvericiydi. Möhlətin ürəyi əvvəl-əvvəl sadə əminliklərlə özünə gəldi. "Bu əşyalar, bu otaq, bu ev mənimdir. Burada gözə dəyən hər nə varsa, mənimdir, onların sahibi mənəm. İçərisində olduğun, üstündə oturduğun şeyin özünün olması adamın üzünü arxayınlıq sobası ilə isidir, hətta onun qıc olmuş barmaqlarını açır, əsən çənəsini saxlayır, lap elə içindəki əzvaylıq buzunu da əridir. Sahiblik hissindən isə güclü nəsə yoxdur".
Möhlət günortaya qədər ürəyində kiçik məsələlərdən başlayıb lap böyüklərinədək vird etdi, bəzi olanlara qiymət verdi, olmayanlara səbəb düzüb-qoşdu. Bir an belə kəsilməyən zəfər nidaları onun fikir ormanındakı qatı dumanı dağıtdı, azmamaq üçün istiqamət verdi. Ancaq qələbə əhval-ruhiyyəsini andıran, min ağızdan xeyir-dua kimi tökülən bəstənin sədaları Möhlətin dərrakəsində yenicə gizlənmiş ən adi reallığı üzə çıxardı. O bu reallığın boğazından tutub onu boğmaq istədi, nəhayət anladı ki, onunla öcəşməyi, onu öldürməyə cəhd etməyi dayandırıb ona qulaq verməli və ən kəskin halda ona biət etməlidir. Reallıq ona bunları pıçıldayırdı: "Sən, hər nə olurolsun, bu müharibədə iştirak etməmisən, əziyyət və pay sahibi olmamısan. Bu, 40 yaşlı bir kişinin şadlanmaq haqqını imtahan edir. Şübhəsiz ki, bu imtahandan keçə bilmirsən və suyu süzülə-süzülə başqa bir məziyyətinin həqiqiliyini yoxlamaq üçün bu dəfə qürrələnmək haqqının qapısını döyürsən. Qapı açılan kimi səni kötəkləyib döyülmüş ətə döndərirlər. Sonra kişilik mərtəbəsindən yerə atılırsan, daha sonra üstündən mərdliyin ağır təkərləri keçir, axırda da cəngavər beroxu qəlbinə saplanır".
Bəli, ayyarımlıq müharibənin hər günündə, hər bir saatında Möhlətin həyatına hakim kasilən bu qəlbdeşən həqiqət yenidən zühur etmişdi. Bu həmin həqiqət idi ki, kəndlərin, strateji yüksəkliklərin, rayonların işğaldan azad edilməsi xəbərini Möhlətə televiziya kanallarının xüsusi xəbərlərindən eşitdirirdi. Bu həqiqətin yaramazlığı və eşitmək istənilməzliyi onda idi ki, haqq uğrunda yara alanların qaynar qanı döyüş yoldaşı kimi sənin kürəyini yandırmaqdansa, sən ancaq hospital önündə səbr etmədən yaralı əsgərə qan vermək üçün növbə tuturdun. Axırda isə məlum olurdu ki, necə ki sənin özün müharibəyə yararsızsan, eləcə də bədənində dolaşan qanın başqalarına həyat cövhəri olmaq üçün yetərsizdir, sənin bir udumluq qanın var, o da özünü ayaqda saxlamağın üçün güclə çatır.
Hər dəfə hərbi komissarlığa zəng edib onu razı salmayan cavablar alanda da, nazirliyin rayon üzrə məsul nümayəndəsinin yanında əsib-coşub onu cəbhəyə buraxmalarını tələb edəndə də, könüllü dəstələrə qoşulmaqdan ötrü onları tam hazır olduğuna inandırmaq istəyəndə də Möhlət ümidliydi. Qalırdı bu ümidinin daimiliyini qorumaq və bu dəfə olmasa da, başqa dəfələrin birində özünün döyüşmək üçün yararlı olduğunu isbat etmək. Ancaq növbəti müraciətdən sonra da ortası qoca yabı ortası kimi batıq, çiyinləri sallaq, sap kimi ayaqları torbalanmış şalvarında ləngər vuran, donqar beli köynəyin altından geyinilmiş yük çantasını xatırladan, kərtdəşburun, alnı dabandaşı kimi sərt və çopurlu olan, donuq çöhrəsindən nasazlıq yağan bu kişiyə minnətdarlıq edilmiş, onun özünə yox, döyüşü aparan əsl əsgər-zabitlərin sağlığı üçün dualarına ehtiyacın olduğu söylənilmiş, vaxtaparan israrından sonra isə yararsız olduğu apaçıq üzünə vurulmuşdu.
Yararsız olduğunun bəyan edilməsi isə onu daha çox hövlləndirirdi. Axı nə idi bu yararsızlıq? Yararsızlıq kökünü silahlı mübarizə aparmaq iqtidarında olmamaqdan, döyüş şəri-şəraiti ilə bilmərrə uyğunsuzluq təşkil etməkdən, istənilən növ hərbi xidmətə qadirsizlikdən, xəstəhal vəziyyət və fiziki dözümsüzlüyə görə ehtiyata belə alınmamaqdan ibarət idi. Möhlət, deyəsən, cari vəziyyətinin orduya cəlb olunmağa imkan vermədiyini anlaya bilmişdi, hərçənd onun əsas gümanı könüllü dəstələrə yazılmaq, onların tərkibində istəkli bir sıravi kimi mübarizəyə qoşulmaqla bağlıydı.
"Ordu bizə zəfər ərmağan etdi, bunun sayəsində ürəyimiz böyüdü, kürək almalarımızda qanadcıqlar çıxdı, milli istəyimiz yerinə yetirildi, münafiq düşmənin kinini boğa bildik. Bəs yüzlərlə irili-xırdalı qovğanı birləşdirən bu böyük müharibədə - Vətən müharibəsində mənim heç olmasa təbilçalan kimi iştirakım niyə baş tutmadı? Mərmidaşıyan, bintbağlayan, çayqaynadan, batinkasırıyan, gör nə qədər vəzifə var, gör nə qədər iştirak növü var".
Qələbə xəbəri bütün azərbaycanlılar kimi Möhləti sevindirsə də, bu xəbər həm də onun arzularının puç olduğu haqqında bir siqnal, bir əlamət idi. İçinə hakim kəsilən vecsizlik duyğusu fərəhlənmək eşqini gülləbaran edirdi. Döyüş sevdalısı məqamı çatanda əlinə avtomat götürüb minlərin arasında boy göstərmək imkanını əldən vermişdi, bu isə əsl faciə idi.
Günortadan xeyli keçmişdi. Sərin noyabr küləyi beşguşəli evin daş sütunlarına sığal çəkir, böyük həyətin perimetri boyu salınmış böyürtkən kollarını ehtizaza gətirirdi. Qüruba tələsən günəş küləyin qovduğu topa buludların arasından arabir özünü göstərirdi. Möhlət lal-dinməz halda gözlərini televizora zilləmişdi. Göstərilən süjetdəki mənzərə isə beləydi: hansısa bölgəyə şəhid cənazəsi gətirilir. İzdiham var, nalə, inilti, ah-vay bu izdihama kəskin ovqat qatıb. Gözlər sulanıb, dodaqlar əssə də, ayaqlar titrəmir, şüarlar ağızlardan ən ali həqiqətin tərifi kimi qəti səslərlə çıxır: "Şəhidlər ölməz, vətən bölünməz".
İzdihamın arasından uzun dirəklərdən asılmış üçrəngli bayraqlar görünür. Bayraqlar başlar üzərində heybətli dalğalar yaradaraq insanların məyusluğuna cəsarət, toxtaqlıq qatır. Hərəkət edən insan kütləsinin donuq üzlərindəki iztirab ən mötəbər ağrı, kəsməsinə, səngiməsinə şəkk-şübhə olmayan sancı kimi təsir bağışlayır. Bir-birinə qarışan, bəzən şüarlarla həmahəng çıxan səslərin arasında bir nalə peyda olub bütün səsləri boğur. Nalə gah vahimə olub ürəkləri titrədir, gah da ağıya dönüb yeri-göyü lərzəyə salır. Bu, şəhid anasının fəryadıdır.
Möhlət dözməyib televizoru söndürdü. Ürəyi möhkəm vurdu, gicgahları göynədi. Gördüyü yarımçıq vaqiənin fəhmindən elə sarsıldı ki, az qala cilik-cilik olub döşəməyə töküsün.
Döyüşə müntəzir şüruna bir andaca başqa bir borc, xidmət - özü də ən böyük mənəvi xidmət - həkk olundu. Sonra bu borc onun şürundan çıxıb ürəyində özünə yurd saldı, ürəyin fəaliyyətini nəzarətə götürüdü, işləməsini özündən asılı hala gətirdi. Gərləşən səsi ilə qışqırdı: "Mən bu borcumu ödəyəcəyəm!".
Möhlət səhər açılar-açılmaz oyanıb yır-yığış elədi. Təkcə öz geyimlərini qatlayıb çamadana yığdı, qeyri şeyəsə toxunmadı.
Alaqapıya kömürlə qalın hərflərlə elan yazdı: "Ev yarıqiymətə satılır, içindəki əşyalarla birlikdə". Bundan sonra kiminlə rastlaşdısa, tanıdı, tanımadı evini satdığını, çox ucuzuna təklif etdiyini bildirdi. Bəziləri ondan bu ani qərarın səbəbi üçün izahat istəyəndə onları ən qısa zamanda xaricə köçməli olduğuna, orada yaxşı iş tapdığına, uzun müddət qayıtmayacağına və bunun nəticəsi olaraq evinin ona lazım olmadığına inandırdı.
Möhlət son vaxtlar ilk dəfə qol-qanad açmışdı, elə bir qüdrətli əminliyə qapılmışdı ki, bunu onu yerişindən tutmuş, inamlı baxışlarına qədər hər bir zərrəsində görmək olardı. Onun istəyinin şiddəti pərvazlanmağa özünü hazır hiss edən və bunun üçün məqamın yetişdiyini anlayan quşcuğazın həyəcanından heç də geri qalmırdı. Sanki xəyali bir şüvüllə onu udmağa hazırlaşan fikir bataqlığının üzərindən atlanıb bütün dolaşıqlıqları, qarma-qarışıqlığı, zehnində baş qaldıran təbəddülatı arxada qoymuş və sakitliyə, rahatlığa ayaq basmışdı.
Bir neçə günə evə alıcı tapıldı, o, otaqları gəzir, əşyalara toxunur, sözarası ev sahibindən ağlabatan cavab qoparmaq məqsədilə buranı niyə ucuz qiymətə satdığını xəbər alır, hər növbəti cavab onun şübhələrinin dumanını dagıtmadıqda söhbəti dəyişir, bəzənsə onun ağılsızlığına əmin halda bic sifət alaraq evin qoyulan qiymətdən bahasına dəymədiyini bəyan edirdi. Nəhayət, onlar razılaşdılar və Möhlət günü bu gün haqqını alıb evdən çıxacağını dedi. Alıcı artıq bir söz demədən əlini cibinə atdı.
Sənədləşdirmə və digər inzibati məsələlər həllini tapdı. Daha evlə onu bağlayan nəyinsə qalmadığına əmin olduqda yeganə kostyumunu geyinib, üz-gözünə əl gəzdirib taksi çağırdı. Ən ucqar kəndlərdən birinə onu aparmasını xahiş etdi.
Alıcıdan aldığı pullardan cüzi bir hissəsini cibxərcliyi kimi saxlamış, qalan pulu isə ikiqat rezinləyib konvertə qoymuşdu.
Daşlı-kəsəkli yolla irəlilədikcə Möhlətin həyəcanı artır, az qala başı gicəllənir, müqəddəs vəzifənin yerinə yetirilməsi ərəfəsi onun canına olmazın halları salırdı. Onu nisbətən toxtadan, ürək-dirək verən məqamsa əməlinə olan inamının sarsılmazlığı idi. Bu inam üzündə həlimlik və rəhmlilik xiyabanı salmışdı.
Maşın bir guşəsinə kiçik qara yaylıq bağlanmış, digər guşəsindən isə üçrəngli bayraq asılmış darvazanın önündən keçəndə möhlət sürücüdən dayanmasını xahiş etdi. Pulunu verib onunla sağollaşdı. İrəli yeriyib darvazanı dinşədi. İçəridən uşaq ağlaması və onu sakitləşdirməyə çalışan gənc qadın səsi eşidilirdi. Möhlət darvazanı döyüb gözlədi. Uşaq çığırtıyla irəli yüyürdü. Qapını açıb Möhləti görəndə duruxdu, dağınıq saçlarının səpələndiyi balaca üzündə heyrət yarandı. Bu, 5-6 yaşlarında, arıq, yanaqlarında göz yaşlarının xəfif şırnaq əmələ gətirdiyi qızcığaz idi. Gənc qadın da onun arxasınca darvazaya çıxdı. Onun simasındakı təəccüb heç də qızcığazınkından az deyildi. Qadının qara libası səliqəliydi. Hər iki üzündə yeri yenicə sağalmış şırım izləri vardı, örtüyünün altından çölə çıxan bir çəngə tük bozarmışdı.
Möhlət səhv etməmişdi. Bura şəhid evi idi. Gənc qadın şəhidin həyat yoldaşı, uşaqsa qızı idi. O, dərhal sözə başlayıb şəhərdən gəldiyini və dövlət qulluqçusu olduğunu söylədi. Məqamı elə tutdu ki, şəhidin adı və soyadını onun xanımı söyləsin. Xanımı şəhidin adını çəkən kimi Möhlət qətiyyətlə "hə" deyib onun adını bu dəfə özü dilinə gətirdi. Dövlət tərəfindən şəhidin ailəsinə birdəfəlik ödəniş edildiyini, bunun üçün hər hansısa idarəyə getməyə ehtiyac olmadığını, hər şeyin son dərəcə sadələşdirildiyini dedi, sonra isə döş cibindəki konverti çıxarıb qadına uzatdı. Qadın paketi götürüb köks ötürdü, minnətdarlıq edib bayaqkı heyrəti hələ də üzərində dolaşan qızının başını sığalladı. Bütün bu söhbət darvazanın önündə oldu. Möhlət şəhidə rəhmət oxuyub ana və qızı ilə sağollaşdı.
Sakit yağış başlamışdı. Xırda damcılar yol kənarlarındakı iri kəsəkləri yumşaldır, hissələrə parçalayırdı. Palçığa dönməkdə olan nazik torpaq qatı gec-gec keçən maşınların təkərlərinə, mal-heyvan haylayan kəndlilərin qaloşlarına yapışırdı.
Möhlət hüdudları olmayan xəlbirdən süzülən su şöləsindən xoşhallanır, qupuru sifətini, nazik boynunu islatmasından olmazın həzz alırdı. Bacarsaydı, kiçik zümzümələrlə bu ab-havanı biraz da romantikləşdirərdi. Addımlarını sayır, baş yola çıxmaq üçün daha min-min beş yüz addım atmalı olduğunu bilir, bu yürüşdən əsla yorulmur, tükənmirdi. Əksinə, yerişinin itiliyini artırırdı ki, birdən nəsə olar, yalanı faş olar, pulu geri qaytarılar. Bunu düşünmək belə istəmirdi. Bundan sonra nə olacağı, hara gedəcəyi, necə yaşayacağı barəsində fikirlər də onu içində fərəhdən gicəlləndiyi ehtirasdan diksindirmirdi.
Sentyabr, 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!