Həyət - Kamal Abdullanın hekayəsi

 

Bakı kəndlərinin birində palçıqlı, yağışlı, tutqun göyləri ürəyə kədər gətirən payız ayının son günləri idi. İki gün əvvəl isə bu kəndə əsl bahar qayıtmışdı. Günəş buludların arasından sıçrayıb çıxmış, bütün ətrafı al-əlvan şüalara qərq eləmişdi.  Həmidağa üzünü taraş etdirmək üçün Zakir ustanın bərbərxanasına getmişdi. Bir kənarda oturub növbəsini gözləyirdi. Zakir usta kresloda yayxanaraq tərpənməz qalmış müştərinin üzünü qırxa-qırxa Həmidağa ilə söhbət eləyirdi. Söhbət həmişəki söhbət idi:

- Mən vallahi, mat qalmışam. Səlim də özgəsi deyil... (Səlim Zakirə üzünü qırxdıran müştəri idi). Şəhərdə o boyda evin ola-ola (Təzəbazarın yanında ikiotaqlı mənzildən söhbət gedirdi, çoxlu qonşuları yaşayan və adını Böyük həyət adlandırdıqları həyətə girişin sağ tərəfində qoyulmuş zibil yeşiklərinin yanındakı ata-baba evi), sən gəlib girmisən burda balaca bir deşiyə. Əməlli-başlı müştərin də yoxdu... Köç get, yaşa. Yaşa! Burdakı evini də istəsən, lap elə mən alaram. Evə görə yox a... Bir dənə o tut ağacına görə...

Zakirin dediyi o "balaca deşik" Zakirin özünün gen-bol həyətinin divarına söykənmiş (əslində, qısılmış) komaya bənzər bir ev idi. Amma bu evin özünəaid balaca bir həyəti var idi. Necə olsa da bu həyət ancaq onun həyəti idi. Həmidağa əvvəllər buranı böyük şəstlə həyətim adlandırırdı. İçindəki yeganə tut ağacı həyətdəki evin özündən böyük idi və o, yelpazə kimi qol-budaq açıb ev adlanan bu komanı sanki kimdənsə qoruyurdu. Həmidağa bu həyətə indi nifrət edirdi. "Doğrudan da mən niyə bura belə bağlanmışam?! Şəhərdə qalmaq (yaşamaq!) burdakından çox-çox sərfəli olar. Uşağın da məktəb qurtarmağına az qalıb. Özümün də işim orda başımdan aşardı..."

"Əməlli-başlı müştərin yoxdu!" sözlərinə gələndə, demək lazımdı ki, Həmidağa taksi işinə baxırdı. Bir köhnə "Jiquli"si vardı. Atası ölən kimi Həmidağa onun həyatı boyu yığıb saxladığı, göz-bəbəyi kimi qoruduğu pulları anasından alıb (daha doğrusu, tələb edib) tələsik gedib bu "Jiquli"yə vermişdi. Evin bərəkəti o gedən getmişdi. İndinin özünə Həmidağa ailəsilə bir yerdə həmən nimdaş "Jiquli"nin içində gəlib çıxmışdılar.

Kənd yeridi, müştəri həftədə iki dəfə olurdu, ya olmurdu. Arvadı Gülşən bir sehirbaz kimi nə təhər edirdisə bu kiçik ailə dolana bilirdi. Sağ olsunlar paltar yudurdan, ev təmizlədən bağ sahibləri, qonşular... "Jiquli"nin əsas işi çirkli paltarları evə, təmiz, yuyulub ütülənmişləri isə evdən sahiblərinə çatdırmaq olurdu. Günlər, aylar beləcə sakit-sakit keçib gedirdi. Bəzən tez-tez, bəzən yavaş-yavaş...

Həmidağa qonşusu Zakir ustanın yanından fikirli ayrıldı. "Bu adam doğru söz deyir. Yolumu gərək şəhərdən salım, Böyük həyətə getmək, evə baş çəkmək lazımdır. Nə qalıb, nə qalmayıb?! Nə çatır, nə çatmır?! Bilmək olmaz, zalımın qızı bəlkə razılaşdı..."- düşündü. Gülşəni nəzərdə tuturdu.

Həmidağa əvvəllər Böyük həyətə qayıtmaq barədə Gülşənə ciddi şəkildə heç bir söz deməmişdi. Zarafatla ancaq eyham vurmuşdu. Təxminən belə. Uzun qış gecələrinin birində axşam nəylə məşğul olmağı biməyəndə üzünü qızı Arzuya tutdu, əslində isə, Gülşənə eşitdirə-eşitdirə "İndi şəhərdə olsaydıq kinoya gedərdik..." dedi və nədənsə şit-şit güldü. Əlində köynək cırığı kötdəyən Gülşən əlüstü başa düşdü ki, Həmidağa Arzu ilə deyil, onunla danışır, ondan bir cavab gözləyir.

Arzu ki, dəftər-kitabını stolun üstünə töküb dərsi ilə məşğul idi, atasının bu sözlərindən sonra ağzını açıb gah anasının üzünə, gah da atasının üzünə baxa-baxa qaldı. Gülşən qızı ilə masa arxasında üzbəüz oturmuşdu, iynə keçirib kötdədiyi köynəyin ora-burasını işığa tutdu. Köynəyi xeyli diqqətlə gözdən keçirdi və dodağının ucundakı sözləri ox kimi tuşlayaraq Həmidağaya ünvanladı:"elə bircə kinomuz çatmırdı..." Həmidağa ta söhbəti uzatmadı. "Kino" məsələsi bir də Həmidağa Zakirin bərbərxanasından evə dönən gecə təkrar oldu və bu dəfə evdə ər ilə arvad arasına yüngülvari bir mübahisə də düşdü.

- İstəmirəm mən sənin şəhərini. Istəmirəm, başa düşürsən? - Birdən-birə Gülşən özündən çıxdı.

- Niyə axı istəmirsən, Gülşən? Bunun bir səbəbi olmalıdı, ya yox?! Elə-belə deməklə olmaz ki... Mənə səbəbini denən. Niyə? - deyə Həmidağa tənbəl- tənbəl soruşdu.

Cavab gəlmədi. Gülşən yuyulmuş paltarla dolu bir yekə tabağı qoltuğuna vurub həyətə çıxdı.

Gülşən ilə Həmidağa, əslində, qonşu idilər, haman Böyük həyətdə yaşayırdılar və hətta uzaq qohumluqları da var idi. Onlar eyni məktəbə gedirdilər. Təkcə onlar yox, bütün məhəllə eyni məktəbə gedirdi. Həmidağanın qonşu küçədə yaşayan əmisi oğlu Qadir də bu məktəbdə onlardan iki sinif yuxarı oxuyurdu. Günlərin bir günü Qadir Böyük həyətin açıq darvazasının qarşısında qəflətən arxadan "zühur" edib Həmidağanın qoluna girdi:

- Əmioğlu, nə var, nə yox?

Sonra cavab gözləmədən:

- Sizin bu qonşunuz var a, Gülşən, sən onu yaxşı tanıyırsan? Bir sinifdəsiz?

- Həri, bir sinifdəyik. Onlar həyətin o biri başında olurlar. Nədi, nöşün ki?

- Yox, elə-belə soruşuram. Gəzib-elədiyi bir adam yoxdu ki?!

- Mən bilən yoxdu. Xeyir ola, əmioğlu?!

- Dedim sənə axı, elə-belə soruşuram. - Qadir bic-bic güldü. - Bir şey olsa deyərəm. Hər ehtimal, gözün üstündə olsun. Sonra söhbət elərik.

Və o gündən Həmidağanın bir gözü Gülşənin üstündə oldu. Məktəbi bitirdilər. Qadir günlərin bir günü pul qazanmaq (özü deyirdi, maşın almaq) üçün Krasnoyarskda yaşayan dayısıoğlunun yanına getdi. Nəhəng Sibir şəhəri onu öz rəhninə elə çəkdi ki, bir daha səsi-sorağı gəlmədi.

Günlərin bir günü axşam saat 8 olardı. Həmidağa Böyük həyətin qabağında curları ilə deyə-gülə son zaman dillər əzbəri olmuş hind filmi "Sanqam" haqqında danışırdılar. Bu vaxt Gülşən küçənin o başında tini buruldu. Oğlanlar söhbətlərini kəsdilər. Gülşən addımlarını yeyinlədib onların yanından ötərək həyətə keçdi. Oğlanlardan bir-ikisinin gözü qıyıldı. Ağzını açıb ortaya namünasib söz atmağa hazır olan Əbülfəzə tərs-tərs baxandan sonra Həmidağa qızın dalınca həyətə keçdi, arxadan yavaş və hətta belə də demək olardı, mülayim bir səslə onu səslədi:

- Bir dəqiqə. Bir dəqiqə olar səni?

Qız ayaq saxladı. Dabanı üstə fırlanıb ona sarı çöndü. Həmidağa özü də bilmədi ki, nə üçün Gülşənə bu cür pənbə buludlar qədər yumşaq bir səslə belə bir sual verdi:

- Xeyir ola, bu vaxtı sən hardan gəlirsən?! Axşam düşüb, qaranlıqdı...

Hava təzəcə qaralmağa başlayırdı. Günün ağırlığını çiyinlərinə almış Böyük həyət, nəhayət, hamını öz evinin içinə salmış və nəhayət, indi asudə nəfəs almağa hazırlaşırdı. Ətrafda heç kəs yox idi. Nə gələn var idi, nə gedən. Gülşən belə bir qəmzəli şəkildə Həmidağaya sarı çevriləndə Həmidağanın ürəyi quş ürəyi kimi çırpınmağa başladı. Tərs təbiəti ilə ad çıxarmış Gülşən yəqin ki, bu saat ona dişinin dibindən çıxanı deyəcəkdi. Hansı haqla Həmidağa onu belə bir sorğu-suala tutur?! Eyni həyətdə yaşadıqları üçünmü?! Ya bəlkə artıq heç kimin düz-əməlli xatırlamadığı uzaq qohumluğa görəmi?!

Amma hər şey 180 dərəcə tərsinə oldu. Gülşən sanki Həmidağaya illər boyu hara gedib hardan gəldiyinin saatbasaat hesabını vermişdi. İndi də hesabat verəcək şəkildə:

- Rəfiqəmgildəydim, - dedi. - Anamgilin xəbəri var. İmtahana hazırlaşırdıq. Oldu?!

Yer-göy Həmidağanın başına fırlanmadımı, fırlandı. Ürəyindən ona indiyənədək tanış olmayan xoş bir gizilti keçdi. Onu sayırdılar, ona hesab verirdilər. Özü də kim - Gülşən. Daha heç nə soruşmadı. "Hesabatı qəbul etdim" mənasında başını bir-iki dəfə tərpədib sevincək (amma bu sevinci biruzə vermədən) həyətin girəcəyinə, uşaqların yanına geri döndü. Burada sükut hökm sürürdü. Kimi oğrun-oğrun siqaret çəkirdi, kimi də mənalı-mənalı susurdu. Məlumdu ki, onu gözləyirdilər. Həmidağa boğazını arıtlayıb ötkəm bir səslə ortalığa dedi:

- Podruqasıgildə imiş. İmtahana hazırlaşırmışlar. Evdən icazəliydi.

Sonra Gülşəni rəfiqəsigilə Həmidağa aparıb-gətirməyə başladı. Əvvəl arxasınca gizlənə-gizlənə, daha sonra artıq yanında, qızın gəzdiyi oğlan kimi.  Sonra "həri" oldu, sonra nişan, sonra da toy. Gülşən eşidəndə ki onlar kənddə Həmidağanın babasından qalmış evdə yaşayacaqlar, çox sevindi. Ən çox da Böyük həyətdən ayrılacağına görə. Gülşən bu həyətə nifrət edirdi. Ata-anası öləndən sonra evlərini satmışdılar. Burada ona doğma olan heç nə qalmamışdı. O zaman Gülşən Böyük həyətlə bağlı öz fikirlərini ümumiləşdirib Həmidağaya belə demişdi:

- Nifrət edirəm bu həyətə. Evdən çıxıb həyətin qapısına gələnəcən, elə bil, hamı sənə baxır. Elə bil, rentgen altındasan. Adam öz beyni ilə, öz ürəyi ilə təkbətək qala bilmir. Belə də insanlar olar?! Gözlərilə, elə bil, sifət yox, asfalt deşirlər.

Həmidağa Gülşənin niyə belə dediyini anlamamışdı. Onların evi Böyük həyətin girəcəyində olduğu üçün o, darvazaya qədər yol ölçmürdü.

...Həmidağa səhər tezdən hələ yarıyuxulu halda gözlərini ovuşduranda ağlına gələn ilk fikir bundan ibarət oldu ki, Gülşənlə barışmaq yeni həyata qədəm qoymağın yaxşı bir başlanğıcı ola bilər.  Yeni həyata qədəm qoymaq Həmidağa üçün Böyük həyətə qədəm qoymaq kimi bir şey idi.

- Mənim bu şalvarım hardadı görəsən? - Öz-özünə mızıldanıb Həmidağa yataq otağında ora-bura ha baxdısa gecə yatağa girmədən əvvəl soyunub hara gəldi tolazladığı şalvarını tapa bilmədi.

Şalvar isə onun bir addımlığında səliqə ilə stolun başına keçirilmişdi. Həmidağa dodağının ucuna təbəssüməbənzər heç bir məna verməyən bir ifadə qondurdu. Başını yırğaladı. Sonra şalvarıını əyninə keçirdi və indi də köynəyini axtarmağa başladı. Əzik-üzük köynəyi həyət pəncərəsindən baxanda gördü ki, yaş-yaş, suyu hələ də axa-axa zivədə yellənir. Külək onu o tərəfə aparır, bu tərəfə gətirir. Bu zaman əlində təzəcə ütüdən çıxmış dama-dama köynək Gülşən otağa girdi. Dinməzcə köynəyi ona uzatdı. Bu, Həmidağanın sevimli köynəyi idi.

- Hə... Ütüləmisən ki bunu... - Həmidağa başqa söz tapıb deyə bilmədi. Gülşən də, əslində, ondan təşəkkür gözləmirdi.

Arzu artıq məktəbə getmişdi. İkisi səhər yeməyinə oturdular. Əlindəki çay stəkanlarını stolun üstünə qoyub Gülşən dedi:

- Bax, Həmid, bir də gəl bu söhbətə qayıtmayaq. Şəhərə köçmək nədi hələ?! Burda səni əzən, sıxan var? Öz evimiz, öz həyətimiz... Elə bircə bu tut ağacını şəhərdəki  o boyda həyətə dəyişmərəm.

- Tut ağacı başqa aləmdi... Şəhərdə belə tut var?! - Həmidağa altdan-altdan Gülşənə baxdı.

- Bizim bu balaca həyətin dadı başqadı. Ordakının bir ucundan o biri ucuna gələnəcən elə bilirsən, iki ostanovka yol getdin. Sən burdan niyə ləzzət ala bilmirsən, mən başa düşmürəm.

- Niyə ala bilmirəm?! Bilirəm.

- O zaman bitdi bu söhbət.

Həmidağa susdu.

Amma söhbət bitmədi. Həmidağa bu dəfə başqa metod seçdi. Heç nədən ah-zara başladı. Bir də görürdün gah oturduğu yerdə köksünü ötürdü, gah gözlərini bir kənara dikib heç kimi eşitmədi və onu səsləyəndə də cavab vermədi. Bir-iki dəfə hətta Gülşənə elə gəldi ki, Həmidağanın qızdırması var və onu yataqdan qalxmağa qoymadı. Gülşən Həmidağanın bütün bu hərəkətlərinə kədərlə baxır və başa düşürdü ki, Həmidağa bunları nəyə görə edir. Həmidağa şəhərə köçmək xülyasından hələ də əl çəkməmişdi.

Nəhayət, yaz günlərinin birində Həmidağa külfətini "Jiquli"yə mindirib ən vacib ev əşyalarını, yorğan-döşəyi maşına yüklədi.

Böyük həyətə çatdıqları zaman Gülşən dedi:

- Siz gedin yerləşin. Mən bazara dəyib gəlirəm.

Gülşən evə hava qaralanda gəldi. Həyətdə heç kimlə görüşmək istəmədiyi üçün tez qapını açıb içəri keçdi. Həyətdə qara-qara kölgələr peyda olmuşdu. Ay işığında onlar zəhmli görünürdülər.

Arzu ətrafın tozunu almış, çaydanı qazın üstünə qoymuşdu. İndi də çay dəmləyirdi.

- Siz özünüz bilərsiniz, mən burda yaşaya bilməyəcəyəm, deyəsən. - Bu sözləri deyib Gülşən oturduğu yerdəcə əllərini qoynuna aldı və onun gözlərindən bıldır-bıldır, adətinə uyğun şəkildə sakitcəsinə yaş axmağa başladı.

- Sən burda bizim günümüzü məlum oldu ki, göy əskiyə bükəcəksən. Durun ayağa. Yığışın görüm. Sizə yaxşılıq yoxdu. Qayıdaq. Qayıdaq kasıbçılığımıza davam edək. Qayıdırıq. Kəndə. - Həmidağa artıq hər şeydən bezmiş adamlar kimi qəti qərara gəldi.

Gecəyarısı ancaq gəlib kəndə çatdılar. Balaca, kimsəsiz həyətə girəndə yarpaqları büzüşüb bir-birinin içində gizlənən tut ağacı, elə bil, qəflətən cana gəldi. Ağacı, elə bil, kimsə dərindəki kökündən tutub bərk-bərk silkələdi. Yarpaqlar ay işığında bütün cilvələrini göstərdilər - hər biri ayrı-ayrılıqda bərq vurdu. Gümüşü ay işığı tutun budaqlarından, yarpaqlarından yavaş-yavaş süzülüb bütün həyəti öz nuruna bürüdü.

Gülşən tut ağacının altındakı skamyada təkcənə oturub maşından əşyaları endirən Həmidağaya baxır, qəlbinə yayılan rahatçılıq hissindən boğazına qəhər dolurdu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!