Məhəbbətin gücü - Hekayə - Sona İSMAYILOVA

 

Anası onu cəmi bir gün azad buraxdı. Səhər tezdən yenə də həmin mövzuya dönmüşdü. O, anasına cavab verməmək üçün arxa pəncərənin qarşısına keçdi. Orada həmişədən köhnə, uçuq-sökük bir daxma var idi. Hələ pəncərəni açmamış həyətdə nəyinsə qaraldığını görüb təəccüb etdi. Əlini uzadıb pəncərəni acdı. Gözünün önündə canlanan mənzərə onu mat qoydu. Köhnə, uçuq evin yerində yeni tikilmiş səliqəli bir mənzil var idi. Həyət-baca da səliqə-sahmanlı idi. Onuru ən çox təəccübləndirən məhəllədə gəzişən sarışın qız idi. Ona elə gəlirdi ki, ömründə belə qız görməyib. Elə bil yuxu görürdü. Qız əlindəki balaca qırmızı vedrəni su ilə doldurub ayaqlarına tökürdü. Sanki bunu Onura acıq vermək üçün edirdi. Çünki hər dəfə aşağı əyiləndə sarı ipək saçları aşağı tökülüb qıza daha da gözəl görkəm verirdi. Onurun ürəyi az qala ağzından çıxa-çıxa arxaya dönüb dedi:

- Ana, bunlar kimdir? Bura nə vaxt köçüblər? Heç burada yeni bir ev tikildiyindən mənim xəbərim olmayıb.

O, sualları yağış kimi yağdırandan sonra özündən asılı olmayaraq, qız nə gözəldir? - dedi. Səlmi oğluna cavab verməsə də iki-üç gün onu narahat etmədi, Gülüşün adını ağzına da almadı. Sanki qurbağanın gölünə daş düşmüşdü. Onurun gözü pəncərədə qalmışdı. Artıq qızın bəzi xüsusiyyətlərinə, hətta bir az dəlisov olmasına da bələd idi. İki günlük sükutdan sonra Onur yenidən qız haqqında sual verməyə başladı. Qəribə də olsa qadın mülayim bir tərzdə oğluna cavab verirdi. Bir səhər o aydınca, oğlum mən də çox istəyirdim ki, Aysel sənə yar olsun, - dedi. Onu bilirəm ki, çox ərköyün qızdır. Gələn elçilərin hamısını qaytarır. Onur anasına bir söz deməyib çölə çıxdı. Bir neçə gün də ötdü. Onun məzuniyyəti bitmək üzrə idi. Amma heç nə əldə edə bilməmişdi. Bir yaxşı iş olmuşdu ki, Səlmi susmuşdu. Axırıncı iki gün idi ki, oğlan tərs dəyirmana dönmüşdü. Birdən qızgilin həyətində hay-küy qopdu. Onur heç nəyə baxmadan onların məhəlləsinə keçdi. Burada hər kəs qışqırırdı. Yanğın başlamışdı. Su motoru taxılmış olan şəbəkə alışıb yanırdı. Alovun dilləri yuxarıya doğru qalxıb pərdəni bürümüşdü. Oğlan irəli atılıb döşəmə taxtası ilə vurub motoru şəbəkədən ayırdı. Sonra isə qapının önünə salınmış kiçik xalçanı götürüb onunla alovlanmış pərdəni söndürdü. Onun əllərini alov qarsımışdı. Saatının qayışı qızıb qolunu yandırırdı. O, saatı qolundan açıb indicə ətrafa nəzər saldı. Aysel qar kimi ağappaq olmuşdu. Onurun baxışları onun üzündə dayananda qız qaçıb su gətirdi. O, suyu alıb içdi. Lakin gözünü qızdan çəkə bilmirdi. O gecə oğlanın gözünə yuxu getmədi. Səhər yerindən duran kimi, - ana Ayseldən xoşum gəlir, - dedi.    Məzuniyyətini bitirib işə qayıtdı. Bu dəfə tək deyil, ürəyində gözəl bir qızla hərbi hissəyə çatdı. Bundan sonra hər dəfə evə gələndə gözü anasının ağzında qalırdı. Amma qadın dinib-danışmırdı. Heç Gülüşün də adını çəkmirdi. Amma bu dəfə qapıdan içəri girməmiş qadının üzündəki sevinci hiss etdi. Bu sevincin qızla əlaqəli olduğunu düşünüb ürəyi çırpındı. Doğrudan da, qadın Onurun paltarını dəyişməyinə aman verməyib sözə başladı:

- Ayselin başına dönüm. Lap ürəyimdən xəbər verir dedi. Deyir, Onurla ailə quraram, bu şərtlə hərbidən işdən çıxsın.

Sevinci ürəyində parça-parça olan oğlan anasını danışmağa qoymadı: - Bilirsən nə var? Mən vətənim darda ikən, torpaqlarım işğal altında olan bir dövrdə heç vaxt başqa işə keçmərəm. Bir daha o qızın adını mənim yanımda çəkmə. Yemək yeməmiş otağına keçdi. Kədərdən üzülsə də bir daha pəncərəyə yaxınlaşmadı. O, Ayseli hədsiz sevir və çox məyus olurdu. Gedənə yaxın yenə də nə isə öyrənmək ümidi ilə - ana, mən onlara yardıma gedəndə saatımı orada qoymuşam, - dedi. O saat köhnə olsa da mən ona öyrəşmişəm. Səlminin nə xəbərlə gələcəyini gözləyən oğlan təəccüb içində işə qayıtdı. Qəribə olsa da, saat bizdə deyil cavabını alan qadın qonşularla mübahisə etmədən evə dönmüşdü.

Ertəsi gün hərbi hissəyə çatan Onur ermənilərin yeni həmləsinə tuş gəldi. Onun nəinki saat heç Aysel haqqında düşünməyə macalı yox idi. Şiddətli atışma gedirdi. Ermənilər iri çaplı silahlardan atəşə başlamışdılar. Yaralılar var idi. Onur ön xəttə gizirləri keçirib, hərbi xidmətdə olan uşaqları arxaya keçirdi. İnsanlar artıq otuz il idi ki, itkilər verə-verə acgöz ermənilərin torpaq iddiasının qarşısını alırdı. Hər dəfə qızışıb ortaya düşən bu həyasız xalqın burnunu ovub geri qaytarırdılar. Başqa millətlərin qüvvəsinə, silahına və pulla tutulmuş əsgərlərinə güvənən ermənilər bu dəfə lap qızışmışdılar.

Aysel birinci dəfə idi ki, belə bir hadisə ilə qarşılaşmışdı. Onlar indiyə qədər Rusiyada yaşamışdı. Doğma rayonda müharibə getdiyini isə sadəcə eşitmişdi. Artıq bir həftə idi ki, yağış kimi yağan mərmilərin altında yaşayırdı. Dəhşətli səsdən qulaqları batırdı. Gecə-gündüz mərmilər yağış kimi yağırdı. Təkcə özü deyil, anası da mat qalmışdı. Burada hər kəs öz işinin, gücünün başında idi. Ağlayanda ağlayır, ayağa duranda pəhləvan kimi dururdular. Demək olar ki, hər gün şəhid qəbul edir, bu acını elliklə bir nəfər kimi qəbul edib kədərə, göz yaşlarına qərq olurdular. Bununla yanaşı, uşaqdan böyüyə kimi hər kəs tək bir söz bilirdi: Bu vətən bizimdir. Bura erməni ayağı dəyə bilməz. Ölən öləcək, qalan qalacaq! İşğal altında olan torpaqlarımızı da azad edəcəyik!

Onurun adı dillərdə gəzirdi. Hər kəs onun döyüşdə göstərdiyi rəşadətdən danışırdı. Hər yeni xəbərdən sonra Aysel hamıdan xəlvət otağına qaçır, çarpayısının altında gizlətdiyi saatı çıxarıb tumarlayır, bəzən isə öpürdü. Qız çox peşman idi. İndi tək bir arzusu var idi. O da döyüsənlərə bənzəmək istəyirdi.

Bu gün atışma lap artmışdı. Aysel yerində donub qalmışdı, çox qorxurdu. Dəhşətli top, mərmi səsindən sonra qorxa-qorxa başını pəncərədən çölə çıxarıb insan selini görəndə damarında qan dondu. Qız əhalinin rayonu tərk etdiyini düşünürdü. Lakin əhali üzü döyüş yerinə doğru axın edirdi. Hər kəs döyüşçülərə nə isə aparırdı: siqaret, yemək-içmək, meyvə və sairə. Ən təəccüblüsü o idi ki, dünən dava edən qonşular cəbhəyə doğru birgə addımlayırdı. Onların cəbhə bölgəsinə sarı getdiklərini eşidən qız mat qaldı. Hərə bir xəbərlə gəlirdi. Ən dəhşətli xəbər isə generalın şəhid olması idi. Hər kəs ağlayırdı. Bütün xalq ayaq üstə idi. Xalq uğrunda canından keçən general xalq tərəfindən alqışlarla qarşılandı. Uşaqdan böyüyə kimi hamı onun qanının yerdə qalmayacağına and içirdi. Qız şəhidlərin son mənzilə yola salınma mərasiminə nə ad verəcəyini bilmirdi. Buradakı mərdlik, qürur, çırpıntı onun ürəyini silkələyirdi. Yeni bir xəbər rayona bomba kimi düşdü. Onur ağır yaralanmışdı. Deyilənə görə, onu da rayon xəstəxanasında yerləşdirmişdilər. Aysel Allaha yalvarıb Onurun sağ-salamat qayıtmasını arzu edirdi.

Onur gözünü bir həftədən sonra açdı. İlk gözünə sataşan tibb bacısı oldu. Təəccüblə gözünü tibb bacısının üzünə dikdi. Qadın gülümsəyib: Şükür Allaha, qolun kəsiləsi olmadı. Yoxsa o sarışın, gözəl qiz: - mən qolumu Onura verirəm - deyirdi.

Onur qoluna baxıb gülümsədi və tibb bacısına təşəkkür etdi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!