Sıradan bir gün - Yaşar Bünyadın "Bir küçüyün sərgüzəştləri" seriyasından hekayəsi

 

Gecə ulduzlu yorğanının altında mürgü döyürdü...

Qaxaca dönmüş karton qırıqları, əzik-üzük "Koka-kola", "Pepsi" bankaları, etiketlərini çoxdan gün yandırmış plastik su butulkaları arasında vurnuxan siçovulların xışıltısına ayılanda gecədən xeyli keçmişdi. Yanında məskən saldığı komadan səs-səmir gəlmirdi; deməli, "ev sahibləri" uyuyurdu. Bir az kənara çəkildi. Ağzının seliyi köpükləndiyindən ac olduğunu yəqin etdi. Dilini uzadıb burnunu yaladı. Neçə gün idi dişinə ət dəymədiyindən xifət eləyib səxavətli xozeynini yada saldı. Fikirləşdi ki, görəsən, səfərdən qayıdıb məni həyətdə görməyəndə üzüləcəkmi?.. Görəsən, insanlar da heyvanlar kimi isinişib sevdiyinə sadiq qalmağı bacarırmı?.. Cavan xanım mənim dalımca nələr danışıb, adıma nələr qoşub görən?.. Bilsəydim...

Keçirdiyi o xoş günlər üçün darıxdı. Qızılı nimçəsi, şampunlu vannası, kəlməbaşı yalan danışan qulluqçu qız, geniş otağı, yay mətbəxinin yanındakı taxta evciyi yadına düşdü. Bir də, qızardılmış dana əti.

"Yəqin ki, gənc xanımın xozeyinimə etdiyi xəyanətə göz yumsaydım, evə kimin gəlib-getdiyini vecimə almasaydım, hələ də şellənirdim... Nəyim qəhət idi?.. Yox, zibillik mənlik deyil. Gərək dözəydim...".

Bu fikirlərlə dikəlib, soyuq sudan çıxıbmış kimi silkələndi. Burun dəliklərindən axan acı su ağzının seliyinə qarışdı. Hər yan yem ilə doluykən, elə bil onun üçün dilə vurulası, dişə çəkiləsi şey qəhətə qalmışdı. Hər şeyin təzəsinə öyrənmişdi axı... Hannan-hana dili sallana-sallana, burnu iy çəkə-çəkə, yola tərəf, axırıncı boşalan maşınların yerinə çatdı. Yarıdan çoxu eşələnmiş iri zibil topasının ətrafına fırlandı.    

Birdən bir cüt işıq seli havada oynadı, gah nöqtə kimi görünən ulduzların arasında əridi, gah buz üstə sürüşən uşaq kimi guruppultuyla yerə çırpıldı, sonda divardan yapışaraq tarazlığını güclə saxlayan sərxoşsayaq zibil topasının üstündə donub qaldı. Bu, şosedən dönüb əyri-üyrü torpaq yol ilə zibilxanaya gələn maşının işığıydı. Gecənin bu dəmində gələn çağırılmamış qonaq maşını əylədisə də, hələ işığı keçirmədi. İşıq düşən nöqtədə polietilen plyonkaya bükülü ağappaq toyuq onun gözlərinə sataşanda maşını unutdu. Market vitrinindəki kimi iştahalı görünən bu toyuq onun ruzisi idi.

"Görəsən, niyə atıblar? Təptəzədi ki?.. Çox vaxt insanları başa düşmək olmur". Düşünmədən ona sarı atıldı, iti dişlərini toyuğun yağlı döşünə keçirib zibil topasının qaranlıq tərəfində gözdən itdi.

Həmin an faralar qapandı. Başı didib-parçaladığı toyuğu acgözlüklə yeməyə qarışmışdı deyə, maşının iki qapısı da açılıb birdən çırpılanda diksindi.

- Çox uzağa qoyma! Tələs!.. - Əsəbi kişi səsiydi.

- Bəlkə... Qurban olum, Ruslan, günaha batırma özünü... -Hıçqırtılı qadın səsi titrəyirdi.

- Bitdi! Danışdıq axı... Başımı çöndərmə, yoxsa...

- Yaxşı, yaxşı... Axı... Bəlkə... Gəl...

- Uzatma!..

- Ba-car-mı-ram...

- Məni cin atına mindirmə, sənin ananı!.. Tez elə, yoxsa səni də... bu zibillikdə buraxıb gedərəm, qurd-quşa yem olarsan!

- Ruslan!..

- Çəkmə adımı!.. Tələs!..

- İlahi, bu nə zülümdü?!

- Sənə demişdim mənə problem yaratma. Demişdim?!

Qadın için-için ağlayır.

- Demişdimmm?!

- Hıı...

- Zarıma!.. Qoydun?.. Gedirik... Maşına!..

Kişi gecənin sakitliyində elə bağırdı ki, az qala göydəki ulduzlar çilik-çilik olub yerə səpələnəcəkdi.

İt, yarımçıq tikəsini unudub acıqla hürdü. Sanki şübhəli gecə qonaqlarına "buralar sahibsiz deyil!" demək istəyirdi. Qadın qorxdu. "Ay it!.. Cəhənnəm ol!.. Toxunma ona!", - deyə qoyduğu əmanətdən uzaqlaşdırmaq üçün çığırdı, yerdən nəsə götürüb ona tərəf tulamazladı. İt daha da əsəbiləşdi. Mırıldadı. Bir də hürdü. Kişi:

- Tez maşına otur! - Bağırdı. - Bircə itimiz çatmırdı...

- Onu pa-parçalayar axı?.. Bəlkə quduzdu... Mən... - Qadın həyəcanla kəkələyib hıçqırırdı.

- Min maşına dedim! - Qadını itələdi...

Qapılar çırpıldı, motor işə düşdü, faraların sarımtıl işığı ətrafa yayıldı. Çox keçmədi ki, maşını dalınca qovan işıq "ağzını" şoseyə tuşladı.

İt maşının arxasınca cumub hürdü, hikkəylə hürdü, yolun kənarındakı səbəti "unutduqları" üçün hürdü...

Və boşluğa hürməsindən özü də usandı. Ləhləyə-ləhləyə geriyə, atılmış bağlamaya yanaşdı. Dilini sallayıb toxtamaq istədi. Dayanıb qarşısındakı səbətdən yayılan, bu yerlərə yad, zərif süd qoxusunu burnuna çəkdi. Bir az da yaxınlaşdı. Toxunma səbətin içində hələ dünyanın, insanların, sevginin, nifrətin varlığından bixəbər, tələsik bələnmiş məsum bir körpənin gözləri parıldayırdı. Harda olduğunu anlamasa da, qaranlıqdan ona zillənmiş yad baxışdan diksindi, bəlkə anasından həmişəlik ayrıldığını hiss etdiyindən qorxdu? Döş axtarırmış kimi qızılgül ləçəyinə bənzər dodağını açıb yumdu, havanın boşluğunda süd qoxulu döşün giləsini tapmadı, ağzını büzdü, bələyində qurcalanıb etiraz əlaməti olaraq əvvəlcə hıqqıldadı, sonra qəfildən gur səslə ağladı...

Səbətdə çığıran körpəyə baxdı. Onu sakitləşdirmək üçün başını gah sağa, gah sola döndərdi, ilıq, nəm dilini sifətində gəzdirdi. Deyəsən, bu, körpənin xoşuna gəldi axı. Sakitləşdi.

Səbətin qulpunu dişinə alıb ehtiyatla qaldırdı. Möhkəm çənəsindən nəhəng palıd budağından asılmış yelləncək kimi sallanan səbəti dünəndən sığındığı komanın ağzında yerə qoyandan sonra rahatlandı. O bu ucsuz-bucaqsız çöllükdə sahibsiz körpəni təslim edəcəyi etibarlı özgə yer tanımırdı.

Yumşaq polietilenlə örtülmüş "qapı"nı burnuyla açdı; içəri dolan yad nəfəs şamın zəif şöləsini oynatdı. Neçə ildi meqapolisin nəhəng zibilxanasını özlərinə təhlükəsiz sığınacaq seçmiş evsiz-eşiksiz ahıl "sevgililər" mışıl-mışıl uyuyurdu...

 

***

- Bu... kimdi?.. Sa-şa!? Oyan görüm, Saaşş... İlahi!..

Yuxudan ayılan qadın kabus görürmüş kimi gah iri, qıllı başını içəri soxub dayanmış vahiməli itə, gah da onun ayaqları arasındakı səbətə baxıb yanında uzanmış kişiyə qısıldı. "Sa-saşenka!", - deyə xırıltılı səs çıxardı. Kişi yerində qurcalandısa da, bir şey anlamayıb qadını sinəsinə sıxdı və bu dəm körpə sancılı kimi ağlamağa başladı. İkisi də duruxub təəccüblə bir-birinə baxırdı.

Körpənin ürək dağlayan naləsini eşidəndən sonra elə bil qadın cana gəldi, sanki xatirə burulğanı onu qoynuna alaraq unutmağa çalışdığı, lakin unuda bilmədiyi xoşbəxt keçmişinə apardı. O da bir vaxtlar ana olmaq arzusuyla yaşamırdımı? Olmuşdu da. Vasyası vardı, iki yaş tamamında metaləritmə sexində baş verən partlayışın qurbanı olan birinci ərindən... Sonralar... üç il yas saxladı, sonra bir yaşlısına vuruldu. Evləndilər. Düşündü ki, özünə ömür-gün yoldaşı, yetiminə də ata olar. Sən demə, onun uşaqlardan zəhləsi gedirmiş! Ona işdən qayıdarkən qabağına isti borş, qızardılmış kotlet qoyan arvad gərəkmiş! Daha doğrusu, qulluqçu... Beləcə, Vasyanı internata vermiş, analığına, gəncliyinə xəyanət edərək o vaxta kimi yaşadı ki, ərinin birinci arvadından olan oğlu peyda oldu, ömrü boyu aliment verməyən atasına hədə-qorxu gələrək ikiotaqlı mənzilini ələ keçirib onları evdən qovdu!.. Atılmışların üsyanı dəhşətli olurmuş...

...Üstündəki nazik adeyalı kənara ataraq əlini səbətə sarı uzatdı. "İlahi, bu ki... bu ki, körpədi... Mən yuxumu görürəm?!" - deyib, heyrətlə uşağa baxdı. "Deva-Mariya, sən özün kömək ol!" - Xaç çəkib körpəni ehtiyatla qucağına aldı. Bələyin altında salfetə bükülü nəsə vardı. Açdı. Əmzikli plastik butulkaydı, içində də süd.

Əmziyi körpənin dodağına sürtüşdürən kimi uşaq kiridi. Süd qoxusun duyub çənəsini işə saldı. Kişi də maraqla uşağa sarı əyildi. Kobud barmağını onun toppuş yanağına sürtərək nəvazişlə əzizlədi: "Tu-tu-tuu... Mu-mu-muu... U-tu-tu-tu...".

Qadının qayğı və sevgiyə ehtiyacı olduğuna baxmayaraq, sanki göydən enmiş mələk simalı körpəyə meyil salmağı kişini təəccübləndirsə də, az keçmədi ki, özünə gəldi, soyuq başla götür-qoy etdi, xeyli düşündükdən sonra narahatlığını bildirdi:

- Dusya, - dedi, - necə fikirləşirsən, məncə, hava açılan kimi gedib polisə demək lazımdı... Dəhşətdi! Südəmər körpəni zibilliyə tullayıblar. Vəhşilər!.. Bu, cinayətdi, Dusenka... Mütləq bildirmək lazımdı... Bu əl iti olmasaydı, təsəvvür edirsən nə olardı? - Zibilliyin quduz itləri körpəni parçalayardı, Dusya. Buralar sahibsiz itlərlə doludur. Hələ gəmiriciləri demirəm... Xəbər vermək lazımdı...

Qadın elə bil qorxdu. Həyəcanla başını yelləyib "hə" dedi...

Uşağın kiridiyini görüb rahatlanan it onu saya salmayan qocalara burada olduğunu bildirmək üçün həvəssiz bir ağız mırıldadı. Sonra da inciyibmiş kimi çölə çıxdı. Gecənin bu vaxtında südəmər uşaqla zibilxanada necə peyda olduğunu anlaya bilməyən kişi itin dalınca çıxdı; komanın arxasına keçib böyrü üstə uzanan köpəyin məzlum gözlərinə baxdı.

- Ağıllı köpəy, ağıllı!.. - dedi, başını, boynunu tumarlayıb yanında çömbəldi. - Küsmə görüm... Bura hardan gəlib çıxmısan, hə?.. Sahibsizə bənzəmirsən... Ay şərəşur, bəlkə qovulmusan?!

Qadın içəridən səsləndi:

- Saşa, indi də iti incidirsən, uşaqsan məgər? Əl çək ondan, axı o danışa bilmir... Yaxşısı budur, şəhərə get, polisə... İti də özünlə apar. Yəqin, onu da axtarırlar.

Hava açılırdı. İt irəlidə, Aleksandr Petroviç onun arxasınca şəhərə üz tutdular.

Yol qırağına çatar-çatmaz səs eşitdi, qulaqlarını dik tutub ətrafı dinşədi. Kişi də irəliyə beş-altı addım atıb dayandı. Ağlını itirmiş gənc bir qadın nəyisə axtarırmış kimi yolun kənarında ora-bura vurnuxur, ağlayır, yanıqlı səslə ağı deyirdi. İt ona sarı hürdü. Qorxmuş qadın geri çəkilmək istəyəndə kişini görüb bir az ürəkləndi. Kişinin "qorxma" deməsinə bənd olan, ağlamaqdan, yuxusuzluqdan gözləri şişmiş qadın ona yaxınlaşıb, dili-dodağı titrəyə-titrəyə başına gələnləri danışdı.

Kişi onu sakitləşdirib qolundan tutdu və "uşağın, bu itin sayəsində etibarlı yerdədi" deyib, könhə zibilxanadakı sığınacağına sarı apardı.

Gördüyü mənzərədən gənc qadının ürəyi sürətlə döyünməyə başladı; Rafael Santinin Madonnası kimi qucağında mışıl-mışıl uyuyan körpəylə yaşlı qadını görüb heyrətə gəldi. O, balasını bələyindən tanıdı. Qarşısında canlanan bu mənzərə, bütün gecəni ağlamaqdan yaşı qurumuş gözlərinə nəm saldı. Nazik donunun altında körpə dodağına həsrət, südlə dolub daşan döşlərinin gilələri sızıldadı. "Bu mənim tifilimdi!.. Hə, hə, mənimdi... körpəmdi...", - deyə qışqırmaq istədi. Boğazı qəhərdən qurumuşdu, səsini özü eşitdi. İndi başa düşdü ki, bəlkə də gecə daşladığı bu it, körpəsini ölümdən qoruyan mələk imiş!.. "İlahi, sənə şükür, bu ki möcüzədi!..".

Titrək əllərini körpəyə sarı açdı. Yevdakiya yenicə isinişdiyi bu məsum varlığı vermək istəmirdi sanki; bir az da sinəsinə sıxdı, amma nə fikirləşdisə, ananın iztirablarına son qoymaq üçün, körpəni ehtiyatla, bir az tərəddüdlə, qadının bayaqdan havadan asılı qalmış qollarının üstünə qoydu. Ananın mavi gözlərinə işıq, ürəyinə toxtaqlıq gəldi.

- Tanrı sizi qorusun! - Titrək səslə deyib, bağrına basdığı körpəsiylə Yevdakiyanın qarşısında diz çökdü. Bir zamanlar ana olacağını biləndə kilsədə şam yandırıb çarmıxa çəkilmiş İsanın qənşərində çökdüyü kimi...

Ahıl qadın titrəyən əlini onun başına çəkib həyəcanla:

- Dur, - dedi, - qızım, sən neynirsən?! Bu, günahdı... Belə olmaz... Mən... mən Tanrı deyiləm... Mən... mən, əslində, heç kiməm, heç kim...

Gənc qadın ayağa qalxıb onu doğma anası kimi qucaqladı.

Kənardan iki talesiz qadını seyr edən Aleksandr Petroviç çömbələrək, günahsız körpənin məchul gələcəyini fikrləşib itin boynunu tumarlayırdı.

Acgözlüklə anasının döşünü əmən körpə tamarzı qaldığı halal ruzisindən əl çəkmək istəmirdi...

Sanki öz doğma balasına qovuşmuş Yevdakiya, uzun illərdən bəri unutduğu Tanrısına şükürlər dilədi...

Aleksandr Petroviç hələ də itin boynunu qucaqlayıb oxşayırdı...

Uzaqda - aldadıcı, gözqamaşdıran işıqlarıyla, gecə-gündüz hay-küyüylə xam, sadəlövh insanları özünə cəlb edib içində boğan nəhəng meqapolis növbəti səhərinə göz açırdı...

Öz övladına qovuşmuş gənc ana aldadılmış, əzilmiş, təhqir edilib ləkələndiyi şəhərdə görə bilmədiyi sevgini, təmənnasız qayğını tanımadığı sadə insanlar arasında tapdığına görə necə də xoşbəxt idi!..


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!