Pianonun dilləri barmaqlarını yandırdı. Hiss edirdi ki, barmaqlarının ucu suluqlayıb, ancaq pianodan ayrıla bilmirdi.
- Sən orda baş-qulağımızı çox aparacaqsan? - arvadının səsiydi.
- Hə... ölənə kimi, - bu sözləri o öz aləmində, əzabla ləzzətin arasında çırpınan barmaqlarının ağrısını canına çəkə-çəkə, dilucu dedi.
Arvadı başını bulayıb yan otağa keçdi.
...Pianonun içi od tutub yanırdı, suluqlamış barmaqlarının ağrısı getdikcə çoxalır, qurulayan kağız suyu canına çəkən kimi o da ağrını canına çəkirdi. Ağrılar artdıqca gözləri qapanır, göz qapaqları daralırdı...
- Saatdan xəbərin var?
Arvadının kölgəsi pianonun üstünə düşdü. O isə heç nə görmür, heç nə eşitmirdi.
- Sənnəm e, eşitmirsən?
Kürəyinə tanış əlin toxunduğunu hiss etdi. Beyninin bapbalaca bir hissəsini həmin tanış əlin sahibəsinə ayırdı.
- Nə olub?
- Deyirəm, saatdan xəbərin var? - qadının çığırtısı pianodan yayılan musiqi ilə eyni ritmdə idi.
- Nə olsun... Mənimçün fərqi yoxdur.
- Sənə nə var? Qonum-qonşuynan mən üz-göz oluram ey... Sən məni biabır eliyirsən ey, xəbərin var? Camaatın kişiləri...
- Əl çək, mane olursan mənə... - yenə ağ-qara dillərlə baş-başa qaldı.
- Qapını sıdırsalar da açan deyiləm, zəhmət çəkib özün açarsan! - qadın sözünü bitirdi. Başını bulayıb öz otağına çəkildi.
O, piano çaldıqca dilinin ucunda nəsə zümzümə edirdi.
- Romada konsertdir... Hamı heyranlıqla musiqi dinləyir... Gül-çiçək dənizinə qərq olan maestro... Möhtəşəm musiqi... Belə musiqidən sonra adam... Dedin saat neçədi? - barmaqlarını bir anlıq dillərdən ayırıb, yan otağa tərəf səsləndi.
- Dördə işləyib.
- İşıqsız gözlərindən yuxu tökülə-tökülə Bakıda gəzən uşaqlar, sizə eşq olsun! - Sözünü bitirər-bitirməz yenidən ağ-qara dillərin üstünə çökdü. - Mən ömrümdə belə çalmamışam...
- Bəsdir daha... Səbrim tükəndi... Mən iki dəfə yatıb durmuşam, sənsə hələ də bu zəhrimarı dınqıldadırsan. Yandıracam bu zibili!
- Yandıra bilməyəcəksən! İlahi! Gör necə çalıram!
- Barmaqların ağrımır sənin?
- Bilmirəm... Bir onu bilirəm ki, bu dəqiqə okeanın ortasında, tənha, balaca adadayam.
- Mənsiz?
- Bilmirəm...
- Sən nə bilirsən axı?
- Mən heç nə bil...
- Mən getdim üçüncü dəfə yatmağa... Bezdim daha, bəsdi də...
Qadın var gücüylə pianonun qapağını çırpdı. Onun barmaqları sanki, doğrudan da, dəmirə dönmüşdü, bu ağrını da yavaşca canına çəkdi.
Qadın yatmağa getdi...
İşıqlar sönmüşdü.
Yox... deyəsən, lap yaxınlıqda ağappaq bir işıq dəyirdi gözə. Közərirdi... Yox-yox... bu işıq balaca deyildi, bu, pianonun közərmiş dillərinin işığıydı, onun gözlərinə görünürdü.
İlahi! O, doğrudan da, bügünkü kimi heç vaxt çalmamışdı. Heç vaxt!
Kimsə əl çalırdı onun çalğısına...
Kimsə gül-çiçək dəstəsi səpirdi onun başına, o da ehtiramla onu sevənlərin önündə təzim edirdi.
Piano çala-çala ifa etdiyi mahnının sözlərini pıçıldayırdı özüyçün:
"Qaranlıqlar əriyir
günəşin gözlərində...".
Saat neçənisə vurdu. Küçədə maşınların səsi eşidilirdi yavaş-yavaş. O isə hələ də çalırdı.
Barmaqlarındakı suluqlar partlamışdı, barmaqları hər dəfə piano dillərinə dəyəndə nəsə isti bir maye ondan ayrılıb dillərə toxunurdu.
Otağa ağappaq işıq dolmuşdu. Bu işığın haradan gəldiyi bilinmirdi, amma bu dünyanın işığına bənzəmirdi...
...Səkkizinci sinifdə oxuyanda Leyla ondan iki sinif yuxarıda, onuncuda oxuyurdu. Bir gün başa düşdü ki, Leylanı sevir. Üstəlik, bunun mənasız sevgi olduğunu da bilirdi. Çünki Leylanı hər səhər dərsə gətirən, hər gün dərsdən aparan "Jiquli"nin sürücüsünə nişanlamışdılar... Deyəsən, Leyla da o "Jiquli"nin sürücüsünü sevirdi.
Birdən anladı: otağa dolan ağ işıq elə o ağ "Jiquli"nin işığıydı...
Telefon zəng çalır, o isə heç nə eşitmirdi.
Arvadı gözlərini ovuşdura-ovuşdura gəldi.
- Karsan, götür də...
O, doğrudan da, heç nə eşitmirdi.
- Hə, mama, indi durdum...
...Beş yaşı olanda həyətlərindəki yelləncəkdə yellənirdi, özü də çox möhkəm yellənirdi. Yelləncək hər dəfə yuxarı qalxanda ona elə gəlirdi ki, ulduzlara toxunub qayıdır. Birdən ulduzlar arasından balaca, ağappaq bir ulduz qopub yerə doğru axdı. Onun körpə qolları yelləncəkdən ayrıldı, yerə doğru axmaqda olan ulduzu göydəcə tutub yerinə qoydu.
Gözlərini xəstəxanada, anasının qolları üstə açmışdı.
Başa düşdü ki, otağa dolan işıq həmin o ağ ulduzun işığıdır.
...Pianonun dilləri ona azlıq edirdi, barmaqları bəzən havanın boşluğunda süzürdü. Hava boş, xaric səslər çıxarırdı.
Bütün bədəni qan-tər içindəydi. Onun təri yavaş-yavaş otağa dolurdu...
Arvadı balaca, yelkənli qayıqda üzə-üzə ona tərəf gəldi.
- Saat səkkiz oldu, get yuyun, - deyib, ağ məhrəbanı onun üstünə atdı.
Hiss etdi ki, güclü bir ilan onu boğmaq istəyir. Barmaqları piano dillərindən ayrılıb onu boğan ilanla çarpışdı. Bir xeyli vuruşduqdan sonra ilanı boynundan ayıra bildi, sonra otağa dolmuş suya kəllə vurub üzə-üzə hamamxanaya getdi, suyu açıb yuyundu...
Saat yarımdan sonra bütün qonum-qonşu sevinirdi, sevinirdi ona görə ki, daha gecələr bir köpəkoğlu piano çalıb onların yuxusuna haram qatmayacaqdı.
Arvadı da sevinirdi və deyəsən, hamıdan çox sevinən elə o idi...
İllüstrasiya: Qüstav Kaybott "Pianoda ifa edən gənc" (1876)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!