Kəklik - Kamal Abdullanın yeni hekayəsi

 

Kitabı əlinə alan zaman Rəşad güman etməzdi ki, onu sonacan oxumağa hövsələsi çatacaq. Amma elə birinci səhifədəki ad onun diqqətini ahənruba kimi özünə çəkdi. Məhz bu ad Rəşadın oxumaq həvəsini qıcıqlandırdı. Bu ad Kəklik adı idi. Romanın əsas qız qəhrəmanının adı belə idi.

Bu qəribə və az rastlanan ad, təsadüfə bax ki, Rəşadın üç ildən bəri iş yoldaşı kimi tanıdığı, evlərinə gətirib anası və kiçik bacısı ilə həvəslə tanış elədiyi sevgilisinin adı idi. Kəklik... Şəhərdə o inanmırdı ki, üçüncü adamın belə bir adı olsun. Bacısı Asudə ilk dəfə bu adı eşidəndə gülməyini güclə saxlamış, çay gətirmək bəhanəsilə mətbəxə az qala qaça-qaça getmişdi.

Amma hər şey bir yana, Kəklik adının qəribə bir aurası var idi. Adın sanki üzü var idi və adın üzündə belə yazılmışdı: "Yanıma gəl! Məni sev!". Bu, bir xahiş, bir dəvət  deyildi, bir yalvarış heç deyildi, bu, bir hökm idi.

Roman bir qətlin tarixçəsindən danışırdı. Kəklik adlı bir qızın sevgilisi Ayazın öldürülməsi və qatilin axtarışından bəhs edilirdi. Əsl detektiv idi. Qatil bilinmirdi ki, kimdir. Əsərin qəhrəmanları cox əcaib və ucu-bucağı görünməyən bir labirintdə idilər. Qatilin axtarışı oxucu beynini əməlli-başlı məşğul etmişdi. Ən maraqlısı o idi ki, qatilin axtarışına Kəkliyin özü də qoşulmuşdu. Heç kimə - nə polisə, nə istintaq işçilərinə inanmayan Kəklik öz müstəqil istintaqını qurmuşdu. Romanın əsas qəhrəmanı Kəklik əsərdəki personajları bir-bir şübhə projektorunun gur işığı altına salır, onlardan hansınısa "təmizə" çıxarandan sonra bu işığı o biri personaja sarı çevirirdi. Çox maraqlı idi. Axşamlar evdə hamıdan (hamı deyəndə ki, evdə bir anası Zəhra xanım idi, bir də kiçik bacısı Asudə), demək olar ki, təcrid olunub arxa otaqda (bu otağı onun iş otağı kimi də başa düşmək olardı) divanın üstündə uzanıq vəziyyətdə roman oxuması anasından çox Asudəni, məktəbin 10-cu sinfinə yenicə keçmiş bu gənc qızı xüsusilə rahatsız edirdi.

Asudə qardaşını o biri otağa televizora baxmağa aparmaq üçün əlindən gələni edirdi (Rəşadsız televizora baxmaq, müğənniləri, aparıcıları məsxərəyə qoymaq uzun yola maşınsız çıxmaq qədər mənasız bir iş idi), bir dəfə hətta az qala onu əllərindən yapışıb divandan yıxmaq da istədi.

- Rəşka, gəl də, bir yerdə baxaq. Bilirsən kimlər oxuyacaq? Hamısı bizimkilər... Gülməkdən öləcəksən. Noolar... Mama, de də buna...

- Ay qız, işin-gücün yoxdu sənin? Qoy adam kimi kitabını oxusun. Bəsdi qır-saqqız oldun...

- Ana, apar bunu burdan. Bax ayağa dursam, pis olacaq səninçün. Yaxşı, yaxşı, get başımın üstündən. Noolar, quzu bala, get sən baxmağa başla, mən də gəlirəm...

- Nooldu, sənin bu qatilin tapılmadı? Bir həftədi bir kitabı oxuyub axıra çatdıra bilmirsən. Ayıbdı, ayıb. - Asudə axırda sakitləşdi.

- İmkan versəydin, çoxdan qurtarmışdım. - Rəşad mızıldandı.

- Bu qatil bilinmədi kimdi?

- Hələ yox. - Rəşad yenidən gözlərini kitaba dikdi.

Səhər mətbəxdə yemək zamanı Asudə Rəşaddan soruşdu:

- Nə zaman qurtarassan bu kitabı? Belə maraqlıdı?

Rəşad çayını içə-içə:

- Çox... İstəyirəm özüm tapım qatili. Amma kimə ağlım gedirsə, o çıxmır, - deyə cavab verdi.

- Alibisi güclü olur?..

- Hə,.. elədi.

Zəhra xanım qaz plitəsinin üstündəki qızarmış kartof tavasını elə tavadaca stolun üstünə qoydu. Asudəyə çımxırdı:

- Ay qız, çək əlini, yandıracaqsan...

Asudə anasının sözlərinə fikir vermədi:

- Axırını oxu. Onda bilərsən qatil kimdi, - deyə Asudə qardaşına öz aləmində guya ağıllı məsləhət verdi.

- Elə şey olar? Onda oxuduğumun bütün ləzzəti itər ki...

- Bəs sən özün qatili tapsan ləzzət itməyəcək?.. Mən də o kitabı oxumağa başlayacam. - Asudə bu sözləri böyük bir sirr açan adam kimi dilə gətirdi. - Gəl mərc gələk. İki günə mən sənə deyim o qatil kimdi. Gələk mərc?..

- Yox, gəlməyək. Bax, bunu ağlına belə gətirmə. İndi bildim. Kitabı bu gecə tapa bilmirdim. Sənin işin imiş... Hardan götürürsən, quzu bala, ora da qaytar qoy. Onun yeri divanın dalındakı tumbuçkanın üstüdü. Ana, de də buna. - Rəşad "quzu bala" ilə "(əslində, şıltaq bala ilə) ümidini anasına bağladı.

Aspiranturanın üçüncü kursunda oxuyan və kimya elmi üzrə dissertasiya yazan Rəşadın özü də belə bir həvəslə bədii əsər oxumağına məəttəl qalmışdı. Başı ancaq kimyəvi reaksiyalara qarışan Rəşad axırıncı bədii əsərini orta məktəbin sonuncu sinfində oxumuşdu. O da "Ovod" romanı idi. Və indi də bu detektiv. Ona elə gəlirdi ki, bu iki əsərin arasında bir gizli əlaqə var. Bəlkə var idi, bəlkə yox idi?! Bəlkə də başqa bir bədii əsər oxumadığından Rəşada belə gəlirdi?! Ola bilər. Amma hər şey gərək reallıqla ölçülsün. Reallıq isə bu idi ki, hər axşam, bəzən gecənin bir vaxtı (bu daha çox sevgilisi Kəkliklə bir yerdə vaxt keçirərkən olurdu) evə dönərkən beynində kimyəvi reaksiyalardan başqa heç bir şey olmadığı halda bu kitab onu özünə çəkirdi. Ona "gəl bura. Məni oxu. Məni sev" deyirdi. Kitabı əlinə alıb divana uzanan kimi bütün yorğunluğu uçub gedirdi. Fikrində, zikrində "qatil kimdir?" sualından başqa heç nə qalmırdı. Zəhra xanım oğlunun yorğunluqdan az qala ayaq üstə yatdığı bu halına baxıb ürəyi ağrımırdımı, ağrıyırdı. Rəşad isə divana uzanan kimi heç bir tərəfə çönüb eləmədən əllərini başı üzərindən arxaya atıb divanın yanındakı tumbuçkanın üstündən dünən ora qoyduğu kitabı əlüstü tapır, lazım olan səhifəni birbaşa açaraq oxumağına davam edirdi. Bu zaman özü də ləzzətlə hiss edirdi ki, canına hopmuş yorğunluq zərrə-zərrə, yavaş-yavaş harasa yox olur. Zəhra xanım bir adyal gətirib onun ayaqlarının üstünü örtürdü. Asudə "eh..." eləyib darıxmağına davam edirdi.

Bir dəfə Rəşad ağlına gələn belə bir fikirdən hətta diksinmişdi ki, o, kitabdakı Kəkliyi sevgilisi Kəkliklə müqayisə edir. Müqayisə zamanı Rəşad istəyir ki, öz Kəkliyi kitabdakı Kəkliyə oxşasın. Kitabdakı Kəklik qətiyyətli, sədaqətli, qətlə yetirilmiş sevgilisi yolunda əzab-əziyyətə düçar olan, insanlarla üz-göz olan, polis işçilərinin istehzasına, həqarətinə tuş gələn Kəkliyin gözündə yaş, ürəyində ölməyən məhəbbət qatil axtarışına çıxması və bu yolda gənc qızın mətanəti, qətiyyəti, Rəşad inanırdı ki, bütün sıxıntılara rəğmən uğurla nəticələnəcək.

Romanda demək olar ki, bütün personajlar qatil libasında ortaya çıxa bilmişdi. Amma sonunda onların hər birinin yenə də, Asudə demiş, "alibiləri" güclü çıxırdı. Hətta öldürülmüş gəncin atası da şübhəli qismində qəbul edilə bilmişdi. Dostu Rəhman lap elə az qala əsərin ortasına qədər əsas qatil roluna çox yaxşı uyğun gəlirdi. Qonşuları Əlvan qətl hadisəsindən bir qədər əvvəl Kəkliyin sevgilisinin qapısını döymüşdü. Bunu həyət qapısının yanından keçdiyi zaman məhlənin gözəllər gözəli məktəbli Gülzar görmüşdü. Qapı açılmışdı, yoxsa açılmamışdı - bunu Gülzar deyə bilmirdi, çünki məktəbə tələsirdi və arxasınca hər sabah Əlvanın oğlu Qiyas düşdüyü üçün qızın ürəyi gup-gup vururdu, sağına, soluna baxa bilmirdi. Təkcə Qiyasgilin qapısından keçəndə gözucu baxıb Əlvanı pilləkənin başında gördü. Təəccüb elədi ki, Qiyas hələ də gözünə dəymir. Qərəz, qətl əsl müəmmaya dönmüşdü - açar nöqtəsi yox idi, kələfin ucu hər dəfə sürüşüb əldən çıxırdı. Bir dəfə işdə Rəşad təcrübə aparırdı, nəyisə nəyəsə qarışdırırdı, fikrini çaş-baş saldı, əlindəki kolbanı stolun üstünə yox, eləcə yenidən suyun altına buraxdı. H2SO4 kolbadan aşıb-daşdı, Rəşadın üstünə töküldü.

Qonşu otaqdan Kəklik gəldi. Rəşadın pencəyini haradansa tapıb gətirdiyi fen ilə qurutmağa başladı. Rəşad onun necə bir ciddi-cəhdlə pencəklə əlləşdiyini görüb düşündü: "Bu Kəklik də o Kəklik kimi yeri gəlsə, cəsarət sahibi və diribaş ola bilər. Gör pencəyi necə əzişdirir, elə bil, içində adam var. Çox zirəkdir. Ola bilər. Yox, o qədər də zirək deyil. Ola bilməz". Bu cür dolaşıq fikirlər içində Rəşad Kəkliyin ona uzatdığı yarıyaş, yarıquru pencəyi alıb əyninə keçirdi.

Həmin gün Kəkliyi evlərinə ötürərkən qız ondan soruşdu:

- Kitabı bitirdin? Kəkliyin romanını deyirəm.

- Yox, bitirə bilməmişəm. Çox maraqlıdı. Adam sona çatmaq istəmir.

- Az-az oxuyursan, yoxsa yavaş-yavaş?

- Yavaş-yavaş. Asudə deyir, axırını oxu, biləssən qatil kimdi.

Hər ikisi gülüşdü. Rəşad maşın sürürdü deyin, gülüşünü tez kəsdi.

- O gün Asudə mənə zəng eləmişdi, deyirdi, o da başlayıb kitabı oxumağa. Sizdən sonra mən də oxuyacam, - Kəklik dedi.

- Sənə ki hər şeyi mən danışıram, özü də nanə-turşusu ilə, daha sənin oxumağın heç maraqlı olmaz. Vallah, həyatda detektiv azlıq edirmiş. Bir yandan da bu kitab...

Kəklik onların sevimli oyununu xatırladı, gözləri güldü:

- Bir yandan da bu yağış...

Bu, hər ikisinin sevdiyi bir şeirin şah misrası idi. Şeir ovqatını onların əvvəllər gizli, indi isə aşkar görüşlərinə Kəklik gətirmişdi. Kəklik bu görüşlər zamanı iki nəfərlik şeir məclisi düzəldirdi. Qız Rəşadı da bu misraların, bu şeirlərin aşiqinə çevirmişdi. Onlar maşını bir sakit, qaranlıq yerə çəkərək sevdikləri şeirlərin şah misralarını sanki gecənin qulağına pıçıldayırdılar. Misralar bir-birinə zəncir kimi bağlanırdı. Bəzən misra içində olduğu şeiri axıra qədər dedirtdirirdi.

- "Bağışla məni, bağışla...".

- "Kəpənək qanadlarına..." - Rəşad da oyuna daxil oldu.

- Heç kimin ağlına gəlməz bu misranın dalınca nə gələcək. Adamı çox şeyə bağışlaya bilərlər. Adam aldadarsan, bağışlarlar. Adama zülm edərsən bağışlarlar. Nəhayət, hətta adam öldürərsən bağışlarlar. Düz demirəm, Rəşad?! Amma kəpənək qanadlarına... Kəpənək qanadlarına hansı günaha görə bağışlamaq olar?!

Kiçik bir sükutdan sonra Rəşad dedi:

- Mən də bilmirəm. Amma gözəldi...

- Gözəlliyi də odur ki, bilmirsən. Ancaq kəpənək qanadlarına... - Qızın gözləri qıyıldı.

- Ancaq və ancaq!

- Nə oldu? Gözlərini niyə yan qaçırırsan? - Rəşad bir gözü yolda, bir gözü Kəklikdə nigaran-nigaran soruşdu.

- Heç, vallah, heç... "Bir axşam taksidən..." - Kəklik bu dəfə həvəsiz halda şeir oyununa daxil oldu. Rəşada elə gəldi ki, o, sualdan qaçır.

- Düşdüm sizin evin qabağında... - Rəşad maşını sağa çəkib saxladı. Kəklik yaşayan evə çatmışdılar.

Kəklik susurdu. Maşından düşmək, ayrılmaq istəmirdi. Nəyi isə xatırlamağa çalışır, amma xatırlaya bilmirdi. Üz-gözünü büzüşdürdü. Alnını barmaqları ilə sıxdı.  Birdən axtardığını tapdı:

- "Yenə bu şəhərdə üz-üzə gəldik... " - Kəklik bu misranı özü üçün az qala qələbə marşı ahəngində pıçıldayıb daha ləngimədi, maşından endi, qapını çəkib bağlamadan öncə:

- Bax, qatili bilən kimi hökmən mənə xəbər verirsən. Ona hökmü biz hamımız, ictimai birlik olaraq kəsəcəyik, - dedi.

"Görəsən, bu misra ilə nə demək istədi?! Yenə bu şəhərdə üz-üzə gəldik... Nəsə, reallığa bağlanan misraya oxşadı...".

Səhər yeməyi zamanı Rəşad yenə bacısını danlamağa hazırlaşdı. Dünən gecə kitab oxumaq vaxtı gəlib çatanda uzandığı divanda əllərini həmişəki kimi arxasına atıb kitabı tapa bilməmişdi. Kitab mətbəxdə yemək masasının üstündən tapıldı. Asudə haqq etdiyi danlağa qulaq asmazdan əvvəl "mən niyə susmalıyam?", - deyə fikirləşib qəflətən:

- Qatil Kəklikdi. Axırıncı səhifəyə bax, özün görəcəksən. Kimin ağlına gələrdi? Kəklik ha? Qatil ha?

Asudənin bu sözləri mətbəxdə bomba kimi partladı.

Rəşad səhər yeməyini yarımçıq qoyub evdən çıxdı. O gedən kimi Zəhra xanım Asudənin üstünə düşdü, nə düşdü:

- Sən bilmirsən, bunun dincliyi, rahatlığı işdən sonra divana yıxılıb bu zəhrimar kitabı oxumaqnandı?! O, bir daha bu kitaba əlini vurmaz. Sağ ol, vallah, çox sağ ol. Sənin üzünü mürdəşir yumasın görüm...

Asudə heç ağlının ucuna da gətirməzdi ki, onun sözləri belə bir əks-səda yarada bilər. O dinməz-söyləməz oturduğu yerdəcə quruyub qalmışdı.

Bu hadisənin üstündən bir neçə gün keçdi. Rəşad həqiqətən anası deyən kimi kitabı oxumağı bir tərəfə buraxmışdı. Asudənin yalançı orakul kimi partlatdığı xəbər onu əməlli-başlı sarsıtmışdı. Qatilin Kəklik olması nə qədər absurd, nə qədər inanılmaz bir sonluq idi, ay Allah?! Rəşad üçün az qala həyatın mənası itmişdi. Onu, elə bil, Şimal buzlu okeandan çıxarıb Saxaraya atmışdılar və ya əksinə. Amma ən dəhşətlisi heç bu da deyildi. Kəklik, onun Kəkliyi öz görüntüsünü dəyişmişdi. Bu, bir paltar dəyişikliyi, yaxud bir saç düzəni dəyişdirilməsi deyildi. Bu həm əvvəlki Kəklik idi, həm də əvvəlki Kəklik deyildi. Kəklik göz önündə dəyişirdi. Durmadan, saatbasaat, günbəgün dəyişirdi. O daha sərt, daha amansız, daha dözülməz olurdu. Kitabdakı Kəkliyin cizgiləri gözəgörünməz, amma geridönməz bir şəkildə bu Kəkliyə keçməyə başlamışdı. Rəşad onu görmək istəyinin qəlbində yavaş-yavaş azaldığını hiss edirdi. Kəklik, hətta belə deyək, xaricən də dəyişirdi. Onun gülüşünü artıq həlim və mehriban yox, daha çox iblisanə adlandırmaq olardı. Üzündə, dodaqlarına yaxın yerdə bir xalı vardı, o xal birdən-birə böyüməyə başlamışdı. Və bütün bunlar bir yana, günlərin bir günü Rəşad nə oldu, nə olmadısa, düşüncələrinə belə bir sonluq verdi, qətiyyətlə belə düşündü: "Qatil ki öz adının quludur, ad hardadısa, qatil də ordadı. Qatil ölə bilər, amma ruhu ölməz, addan ada keçər. Mən bu adamla davam edə bilməyəcəyəm".

Belə bir nəticəyə gələndən sonra bir axşam işdən sonra Rəşad maşınına minib  Kəkliyi gözləmədən iş yerindən uzaqlaşdı. Maşını sürərkən beynində ancaq bu misralar yelləncəkdəki kimi fırlandı: "Soldu nar çiçəkləri, indi nar yetişəcək...".

Kəklik işdən çıxıb həmişə onu gözləyən yerdə nə Rəşadı, nə də maşını gördü. Kəklik məsələni anındaca anladı. Dinməzcə, başını yerə dikib yaxınlıqdakı metroya tərəf addımladı. Gedə-gedə o tanış və sevimli misranı xatırlayıb belə düşündü: "Yenə bu şəhərdə üz-üzə gəldik... Yaxşı oldu, pis oldu - bilmirəm. Amma doğrusu da budu. Bu adam məni öz sevgisi ilə əvvəl-axır bezdirəcəkdi. Onunla bir addımlamaq düzgün deyildi. Ya bu adam mənim axırıma çıxacaqdı, ya da mən məcbur olacaqdım ki...".

 

2021


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!