Eynəkli kişi - Rəhim Əliyevin hekayəsi

 

İngilislərin gəmilərlə Bakıya daxil olduğu gün şəhərdə dramatik hadisələr baş verdi: onları bolşevik əqidəsində olan Əhməd belə təsvir edir: Bakıdakı Müttəfiq qoşunlarının komandanı və Bakı rayonunun müvəqqəti general-qubernatoru Tomsonun qarşılanma mərasimində Azərbaycan Demokratik Respublikasının bayrağı da asılmışdı. Tomson bayrağı görən kimi Cümhuriyyətin rəsmi nümayəndələri Adilxan Zoyadxanovun və Dağbəyi Səfərəlibəyovun gözü qabağında Azərbaycan bayrağını endirməyi əmr edir və şəhərdəki Rus Milli Şürasının sədri Podşibyakinin "xoş gəldin" sözünə cavab verərək bildirir ki, "mən Rusiya ərazisinə daxil olmağımdan xoşbəxtəm, Bakı bütün Cənubi Qafqazla birgə bu ərazinin ayrılmaz hissəsidir". Sonra Bakı üzərində rus aeroplanları uçur və Denikindən təzəcə general rütbəsi almış Biçeraxovun adından şəhərə "Rusiya vətəndaşlarına" başlıqlı müraciətnamələr tökür. Bu müraciətnamələrdə Biçeraxov öz həmvətənlərini "rus və Müttəfiq qoşunlarının Bakıya qayıtması münasibətilə təbrik edirdi".

***

Bu hadisələri izləyən Bakı əhalisi arasında dolu bədənli, lopa bığlı, gözü eynəkli bir kişi də var idi . O, Qız Məktəbi ilə üzbəüz ikimərtəbəli mehmanxananın qabağında durub Qubernator Sarayının qabağında Tomsonun qarşılanmasına baxırdı. Əslində, bu, qarşılanma yox, cəmi bir həftə əvvəl Almaniyada baş vermiş inqilabın nəticələrinə görə Bakıda hakimiyyət dəyişikliyi idi. 16 noyabra qədər Bakı Qubernatoru Osmanlı generalı idi, 17-dən isə dinc və diplomatik mehribanlıqla onu Müttəfiq komandanlığı adından ingiliis generalı Tomson əvəz edirdi. Səbəb də o idi ki, 11 noyabrdan Almaniya imperatorluğu daha Dünya savaşının qalibi yox, məğlubu sayılmağa başladı. Qalib Almaniya adından Bakı qubernatoru kürsüsündə oturan türk generalının hakimiyyət vaxtı bitmişdi. Almaniya kralı ölkədən qaçandan Dünya savaşının qalibi Antanta idi. Bu məntiqsiz dəyişiklik Bakı şəhərində də komediya kimi əks olunurdu: bir qalib qubernatoru, təzə qalib qubernator əvəz edirdi. Topçubaşı savadlı və dünya görmüş adam kimi baş verənlərin bir məzhəkə olduğunu və təzə Qubernatorun sadəcə Bakı neftinin yeni sərəncamçısı kimi gəldiyini başa düşürdü. Onu da başa düşürdü ki, onun xalqı, torpağın sahibi bu dəyişiklikdə iştirakçı deyildi, ancaq tamaşaçı və müşahidəçi idi. Və bu müşahidəçilikdə dərin təhqiramiz məna vardı, amma şəhərdə bunu duyan çox deyildi.

Ona rəsmi dəvətnamə gəlmişdi qarşılanmaya, çünki o, müsəlman Milli Şurasının sədri idi. Amma o, mərasimdə iştirakdan imtina etdi özlüyündə və özünə söz verdi ki, daha belə mərasimlərdə iştirak etməsin. O, bilərəkdən şəhərdəki növbəti hakimiyyət dəyişikliyində fərdi şəxs kimi, müşahidəçi kimi iştiraka qərar verdi. Yad dövlətlər onun doğma şəhərində gündə bir hökumət qurur, qan tökür və hakimlik edirdi. Bir müsəlman lideri kimi onun və digərlərinin bu dəyişmələrdə iştirakı onlara qanuni görkəm vermək üçün lazım idi. Amma o daha bularda iştirak etmək istəmirdi. Onun iştirak etdiyi sonuncu mərasim səkkiz ay əvvəl "Astoriya" mehmanxanasının qarşısındakı binada olmuşdu. Bu, Bakı Quberniyasındakı Çar qoşunlarının Qərargahı idi. Moskvada təsdiqlənmiş planla icra edilən bolşevik Qiyamından iki gün əvvəl - məqsəd Azərbaycanda silahı üsyan yolu ilə Sovet Hakimiyyəti yaratmaq idi - Çar qoşunlarının gərargahı həm də Bakı Sovetinin Qırmızı Qvardiyasının Qərargahı elan edilmişdi. Martın 16-da bu ilk baxışda xırda qərarı qəzetdə oxuyanda Topçubaşı dodağını dişlədi: tanış Çar zabitlərinin bir həftə əvvəl ona xəbər verdiyi bolşevik qiyamı haqda söhbət yadına düşdü. Şaumyan Çar qoşunları qərargahını qiyamdan qabaq dinc yolla ələ keçirmişdi. O bu şəhərdə həm rüşvətdən, həm də inqilabi ovqatlı hərbçilərdən daim istifadə edirdi. Topçubaşı bunu da bilirdi. Ayın 18-də Topçubaşı bir necə digər müsəlman liderləri ilə "Astoriya" mehmanxanasından çıxıb Cənub Çar Qoşunları Qəragahına tərəf addımlayanda bolşeviklərin hiyləgərliyinə heyran qaldı: müsəlmanların Təslim sənədini imzalaması üçün seçilən yer rəsmi Rus Hərbi Qərargahı idi və bolşeviklər ora bir gün əvvəl girmişdilər. Amma təslimin məhz bu binada imzalanması müsəlmanlara deməli idi ki, şəhərdə hökm sahibi Çar vaxtında olduğu kimi, rus hərbçiləridir. Əgər Təslim sənədi Qubernator sarayında imzalansaydı, belə çıxardı ki, bolşeviklər Bakı bələdiyyəsini ələ keçirirlər. Amma mərasimin Bakı bələdiyyəsinə rəsmən tabe olmayan Çar qoşunlarının Cənub Qərargahında imzalanması yeni hakimiyyətin Azərbaycanın bütün ərazisinə, yəni hər iki Qubeniyaya aid olduğunu deyirdi. Üstəlik, Gürcüstan və Ermənistandakı Çar hərbi orqanları bolşeviklərə tabe deyildilər. Azərbaycanda isə müsəlmanlara qarşı hərbi qırğın yeni vəziyyət yaradırdı, həm də buradakı Çar hərbi hissələrinin Moskva bolşeviklərinin tabeliyinə keşməsi mənasına gəlirdi. Topçubaşı anlayırdı ki, bu da müsəlmanları qorxutmaq və tabe olmağa sövq etmək üçün qeyri-qanuni fənd idi. Hərçənd ki, bolşeviklərlə Çar ordusunun Azərbaycandakı qalıqlarının birləşməsi yeni vəziyyət yaradırdı, bolşevik hakimiyyətinə qanuni bir don geyindirir və bu hakimiyyətin bütün Rusiyaya yayılması üçün həlledici amil idi. Topçubaşı bilirdi ki, Rusiya dövləti böyük bir hərbi maşındır, bu maşın kimə tabe olsaydı, hakimiyyət də elə o olurdu.

"Astoriya" mehmanxanasından Cənub Qoşunları Qərargahına qədər 2-3 dəqiqəlik yol idi və müsəlman nümayəndələr bu yolu gedəndə bir-birilə kəlmə də kəsmədilər. Təhqiramiz və əsəbi bir vəziyyət idi. Topçubaşı da ürəyində müsavatçılarla, Gəncə Milli Komitəsi ilə deyinirdi. Onlar rus hökumətinə qarşı aqressiv, sərt davranmaq tərəfdarı idilər. Rus əsgərlərilə atışmışdılar, onlardan ölənlər olmuşdu. Topçubaşı bilirdi ki, rus hərbçiləri belə ölümlərin əvəzini on-iyirmi qat çıxırlar. Son 24 saatda təkcə Bakıda 350-yə qədər müsəlman qırılmışdı top atəşindən. Silah tutan rusa atəş açmaq ölümə bərabər idi. Topçubaşı həmişə buna qarşı idi. Çünki ruslar intiqam alanda ağına-bozuna baxmırdılar, bir rusun əvəzinə onunu öldürürdülər. Rus müstəmləkə idarəçiliyini yaxşı tanıyırdı: yuxarıdan gələn qərar əmrlərə rusların özü də həmişə müticəsinə tabe olurdular. Ağa dediyin nədi, bəyənmədiyin nədi. Bir də böyük ölkə yuxarıdan aşağı idarə olunurdu. Müdirə qarşı çıxmaq, hakimiyyətə qarşı çıxmaq kimi qəbul edilirdi. Çar gedəndən sonra isə müsəlmanlar, müsavatçılar lovğa olublar. Məclislərdə hamı onu hörmətlə qarşılayırdı, dediyinə də başüstə deyirdilər. Amma 40-50 adam toplanan kimi müsəlmanlar bir-birini saymırdı. Bunun əzabını isə o çəkməli olurdu, indi qırx yeddi yaşında o dılğır Caparidzenin, Nərimanovun ayağına getməli, yekəbaşların, çaşmış müsəlmanların yerinə rus hərbçilərindən imdad istəməliydi. Yaxşılığı ayağına cidar olmuşdu. Bu vəziyyəti ona əzab verirdi, amma imzalamaya getməyə bilməzdi, yoxsa rus topları bu şəhərdə daş üstə daş qoymazdı.

Bə burda onun mənliyi sınmışdı və ağrıları da keçmək və sovuşmaq bilmirdi. 1918-ci il martın 17-də günortadan rus hərbçiləri Bakının müsəlman hissəsini təyyarələrdən, dənizdəki gəmi toplarından, Salyan kazarmalarındakı və Biləcəri dikdirindəki adi toplardan səhərdən günortayacan fasiləsiz atəşə tutdular. Şəhərdə nə qədər silah tutan rus vardısa, hamısı müsəlmanlara atırdı.

Rus hərbçiləri isə şəhərdə beş cür idi: bir hissəsi ancaq II Nikolayı, bəziləri Denikini, bəziləri Müvəqqəti Hökuməti, bəziləri Xəzərin şərqindəki Sentrokaspini, bəziləri isə Moskvada oturan Bolşevik Hökumətini tanıyırdı. Bu beş cür rusun hamısı müsəlmanlara qarşı birləşmişdi. Elə bil II Nikolay dirilmişdi. Altıncı cür rus isə şəhərə bilərəkdən, bu qanlı günə hazırlıq kimi doldurulmuş ermənilər idi. Onlar da rus hərbi geyimində və əlində rus silahı olan 8 min rəsmi rus hərbi qulluqçusu idi. Şəhər yanırdı, hər tərəfdən qara tüstü qalxırdı. Top mərmisi altında ölənlərin sayı yüzlərlə idi. Atəş səsləri kəsmirdi. Müsəlmanlara qarşı bu balaca şəhərdə müharibə gedirdi, amma heç kəs bu müharibənin səbəbini bilmirdi. Amma Topçubaşı bilirdi. Zabitəli ata uşağını çubuqla cəzalandıran kimi, rus hökuməti də Bakı müsəlmanlarını cəzalandırırdı. Amma qurşun və top gülləsi ilə, evini-eşiyini yandırmaqla cəzalandırırdı. Ən başlıcası müsəlmanların bir qısmini məhkəməsiz və hökmsüz öldürməklə cəzalandırırdı. Bu işi AZçeka icra edirdi: Moskvanın yolladığı ssenaridə bu da vardı və ona sədr müsəlman Həmid Sultanov təyin edilmişdi. Hadisələrdən sonra Topçubaşı bu adamın müsəlmanların məhkəməsiz qətllərində, işgəncə verilməsində iştirakı barədə eşitdi. Və ürəyində Həmid Sultanov və Şaumyana qoşulan başqa müsəlmanların halına acıdı: onlar da savadsızlar kimi hərəkət edirdilər, çünki qoşulduqları bolşevik hökumətinin əsl niyyətlərini bilmirdilər, şöhrət axtarışı, pul qazanmaq imkanı onların gözünü bağlamışdı. Çarla bolşeviklərin bir fərqi də o idi: Çar hökuməti savadlı və ağıllı müsəlmanları xidmətə götürürdü, bolşeviklər isə bisavad, amma şöhrətpərəst adamlar axtarırdılar. Çünki müsəlmanlar ancaq görüntü yaratmaq üçün bolşevik siyasətinə cəlb edilirdi.

Topçubaşı Peterburq Universitetindəki mühazirələrdən bu cəzanın adını bilirdi: genosid. Yəni siyasi niyyətə mane olanları kütləvi surətdə oldürməklə məqsədə nail olmaq. Rus dərsliklərində, hətta ABŞ-da ağ adamların yerli hinduların torpaqlarını ələ keçirmək üçün onları fiziki cəhətdən qırmasını misal kimi verirdilər. Və ruslar fəxr edirdilər ki, onlar anqlo-saklar kimi vəhşi deyillər, heç vaxt qenosidə əl atmayıblar! Bu genosid Çar hökumətinin də, bütün qalan xristianların da qanunlarında cinayət sayılırdı. Amma insan birgəyaşayışı ikiüzlüdür: böyük xristian və müsəlman dövlətləri hərbi yolla bu işə əl atıblar. Özünü mədəni adlandıran xristianlar ancaq məhkəmə hökmü ilə insanın öldürülməsini qanuni sayırdılar. Bir də müharibədə. Bakıda isə müharibə yox idi, çünki müsəlmanların nə dövləti, nə də ordusu vardı. Onlar mülki əhali idilər, amma rus inqilabının təsiri ilə oyanmışdılar, federasiyadan dəm vururdular. Rus müstəmləkə zabitlərinin bir hissəsi, hətta əsilzadə olsalar da, bu barədə eşitmək belə istəmirdilər.

Topçubaşı müharibənin Moskvada oturan Bolşevik Hökumətinin - Leninin, Trotskinin, Stalinin, Orconikidzenin, Molotovun və b. qərarı ilə icra edildiyini 3-4 gün əvvəl bilirdi. Bolşevikləri tanımayan və Çara sadiq olan rus hərbçilərindən bir polkovnik ona belə əməliyyat haqqında məlumat vermişdi. Üstəlik, martın 16-da Cənubi Qafqaz Hərbi Dairəsinin bütün ştatı və silahları Qırmızı Qvardiyanın tərkibinə girmiş elan edildi. Bu yalan idi, Şaumyan belə şeylərdən Çara sadiq hərbi birləşmələrə Sovet hökuməti adından əməkhaqqı vermək üçün istifadə edirdi! Bolşeviklərdən pul almaq elə onlara tabe olmağa bərabər idi. Sadəcə, rus hərbçiləri iki şeyə görə müsəlmanları cəzalandırmağa və intiqam əməliyyatı həyata keçirməyə razı olmuşdular: Rusiyaya gedən hərbi eşelonlarda ölən rus əsgərlərinə və Kolonist malakanlarla toqquşmalarda ölən malakan ruslara görə intiqam. Nəticədə, Cənubi Qafqaz hərbi dairəsinin Bakıdakı rəsmi qərargahı Şaumyan tərəfindən yaradılan İnqilabi Müdafiə Qərargahı adlandırıldı. Amma Topçubaşı anlayırdı ki, Rəsmi Ordu Qərargahının İnqilabi Qərargah adlandırılması törədilən hərbi cinayəti pərdələmək üsullarından biri idi.

Amma Topçubaşı Bakıda silahlı bolşevik çevrilişi olacağına özü də o qədər inanmırdı, dediyi müsəlmanlar da ciddi yanaşmırdılar bu məlumata. Bakıdakı rus qoşunları şəhərin özününkü sayılırdı, Qubernatora və öz rəislərinə tabe olmuşdu həmişə. Amma polkovnikin dedikləri düz çıxdı: Bakı şəhəri 24 saat top atəşinə tutulub yandırılandan sonra martın 18-də Topçubaşının rəhbərlik etdiyi nümayəndələr, müsəlman rəhbərləri A.Caparidze ilə Barışıq Müqaviləsi bağladılar. Müsəlmanlar imza atdılar ki, Azərbaycanın bütün ərazisində Moskvada oturan Sovet Hökumətini sözsüz-şərtsiz tanıyırlar. Və üstəlik, müsavatçılar bütün silahlı dəstələri tərkisilah etməli idilər.

Topçubaçı rus hökumətini yaxşı tanıyırdı: rus hərbçiləri özlərini mədəni və mərdanə, sözünü tutan adamlar kimi göstərirdilər həmişə. Həmin gün də onlarca ziyalı Topçubaşının ayağına düşüb Barışığı imzalayanlara rəhbərlik etməyi istəyəndə, o, canını dişinə tutub razılıq verdi: Bakı alışıb-yanan cəhənnəmə oxşayırdı, bu mənzərə Topçubaşının özünə də daxili bir əzab verirdi. Yuxuya bənzəyən bu dəhşət bitməli idi, onun keçmişdə qalması üçün özlüyündə hər şeyə razı idi. Belə də oldu. Günorta İran konsulunun və digər müsəlman ruhanilərinin iştirakı ilə Barışıq imzalandı. Topçubaşı imzalanmadan sonra faytonla evə qayıtdı və yolda eşidilən atışma səslərinə baxmayaraq ürəyində bir rahatlıq hiss etdi. Bu dəhşət bitirdi artıq, heç olmasa qulaq batıran top atəşləri kəsilmişdi. O, həmişə siyasi işlərdə rus partiyaları ilə bir olmaq, onların içində olmaq tərəfdarı idi. Müsəlmanlara siyasətlə məşğul olmaq qadağan idi. Rus İmperiyasında onlar nəinki siyasi partiya, heç xeyriyyə cəmiyyəti də yarada bilməzdilər. Bunlar qanunla qadağan idi. Ona görə Topçubaşı özü Rus Çarının öz partiyasına girmişdi, Kadet partiyasına. Bir də Rusiya Müsəlmanları İttifaqının sədri idi, amma bunu da Bakı Qubernatorunun, hətta 1906-cı ildə Rusiya Daxili işlər nazirinin tövsiyəsilə razılıq vermişdi. Bunlar onun yaxşı yadında idi.

1905-ci ilin Oktyabr Manifesti aləmi qatdı. Amma müsəlmanların bir hissəsi, yəni bəzi ağılsızlar gedib cürbəcür partiyalara girdilər. Bu Manifestə inandılar, elə bildilər müsəlmanlara və xristianlara bərabərlik verildi. Topçubaşı bilirdi, bu heç vaxt olan iş deyil: pravoslav kilsəsi və müstəmləkə zabitlərinin əksəriyyəti müsəlmanlara nifrət edirdi, onları qüsurlu sayırdılar. Onları belə tərbiyə etmişdilər. Bir il keçən kimi Stolıpin gəlib hamısını ləğv elədi, Dumanı qovdu, müsəlmanlara verilən deputatlıq və qeyri hüquqları geri aldı, müsəlman qəzetləri bir-iki aydan bir bağlanmağa başladı, yəni müsəlmanlara Manifestin verdiyi hüquqlar götürüldü. Vıborq şəhərindən qovulan I Dumanın deputatları imza yığanda Topçubaşı da bu sənədi imzaladı. Onu ağına-bozuna baxmadan üc ay həbs etdilər və mədəni Rusiyanın əsl sifətini gördü. Onun deputat seçilmək hüququ alındı, "Kaspi" redaktorluğundan çıxarıldı ömründə birinci dəfə rus həbsxanasının qalın divarlarını və içindəki vəhşi qaydaları gördü. Bunacan sayırdı ki, rus hökuməti mədəni və bədəvi müsəlmana fərq qoyur, amma belə deyilmiş. Axı müstəmləkəçilə onun qılıncla ram etdiyi tayfalar bir hüquqda ola bilməz! Rus hərbçilərinin hər araq içəndə təkrarladığı bu həqiqətə Topçubaçı da şərik idi. Bunu rusca yazdığı öz məqalələrində bir az üstüörtülü şəkildə qandırırdı müsəlmanlara. Amma nə fayda?

Demokratiya oyunu 1917-ci ildə təzədən başladı. Bir dəstə demokrat Çarı taxtdan saldı, dedi ki, Rusiya İmperiya kimi yox, Federasiya kimi yaxşı tərəqqi edər. Lenin Almaniyadan manifest yazdı ki, Rusiya xalqlar həbsxanasıdı, biz hökumətliyə gəlib onlara təyini-müqəddərat hüququ verəcəyik. Axırı nə oldu? Almanların köməyilə Lenin hakimiyyətə gəldi, beş ay keçməmiş Bakıda həmin bu müsəlman genosidi törədildi. Müvəqqəti hökumətin özü müsəlmanları hökumət olmağa təşviq edirdi. Xalqlara təyini-müqəddərat verən Bolşevik Dekretindən beş ay sonra Lenin 1918-ci il martın 17-dən 21-dək Bakıda on min silahsız dinc adamı qırdırdi ki, yerdə qalanlara dərs olsun. Yəni erməni və gürcü hökuməti elan etmiş bir dəstə adam bilsin ki, 1914-cü il sərhədləri qılınc gücünə bərpa ediləcək, Rusiyada əvvəlki kimi bir hökumət olacaq, adı da Sovet hökuməti.

Mən rusun qəddar üzünü görmüşdüm Peterburqda, Topçubaşı faytonda oturub ürəyində ortaya düşmüş siyasilərlə danışırdı. Bu ruslar öz millətindən olan xalqı elə günə qoyurlar ki, Urusyetdə, biz heç qapı itimizi o hala salmarıq. Axı Azərbaycan üçün federasiya istəyənlər bunları görməyib, rus hökumətinin öz xalqını nə hala saldığını görməyib. Çoxu da gedib oturublar Tiflisdə, burda yazıq müsəlmanın başına gətiriləni görmürlər. Həmişə deyərdim bunlara: rusdan xoşluqla nəsə almaq olar, əmr, tələb nədi axı, qırarlar sizi it kimi. Adlarını hümbətçi qoymuş kor müsəlmanlar da qoşulub onlara. Polkovnik mənə deyəndə ki, doktor Nərimanov müsəlmanları qırası olan inqilabi Üçlüyün üzvü qoyulub Moskvada, mən inanmadım. Amma Barışığa qol çəkəndə Nərimanov qalib kimi yuxarıdan aşağı baxırdı mənə! Elə bil bolşeviklər mənə qalıb gəlmişdi! Mənə yox, silahsız xalqa qalıb gəldi, axı sən bu xalq üçün teatr düzəldirdin! Tüpürüm sənin teatruva, Qiyamət günü bu qanın sorğu-sualı olacaq hələ. Olacaq. İndi hanı Rəsulzadə, hanı ağzından süd iyi gələn Yusifbəyli? Gəlsinlər cəllad Şaumyandan federalizm istəsinlər, gəlsinlər də! Gəlsinlər öz camaatlarına yiyə dursunlar! Qocalmışam day, indi mənim kimliyi bilinməyən bolşevik tulaların qabağında əyilən vaxtım deyil axı!

Topçubaşı evə çatıb bir stəkan çay içməmiş Hacı Zeynalabdin Tağıyev ona telefon açıb dedi:

- Ay Əlimərdan bəy, Barışığın mürəkkəbi qurumamış Şaumyanın qvardiyası müsəlmanların məhəllələrinə girib ev-ev adam tutub aparır, güllələyəni də öz həyətində güllələyirlər.

- Toplar da atır? - soruşdu Topçubaşı. Amma sualı verən kimi anladı ki, top atılsaydı eşidərdi.

- Yox, hərbçilər dayanıb, Şaumyanın, Bakı Sovetinin öz milisi ev-ev gəzib həbslər aparırlar... Şəhərdə atışmadı. Caparidzeyə, doktor Nərimanova zəng aç... Fayton yollayıram dalınca, get bir Şamaxı küçəsinə baş çək, deyirlər, küçə müsəlman meyitlərilə doludur...

Topçubaşı Caparidzenin və doktor Nərimanovun nömrələrini yığdı neçə dəfə, amma heç kim cavab vermirdi. Barışıqdan qabaq isə Doktor Nərimanov, Caparidze özü ona zəng açmışdılar. O anladı, Barışıq müqaviləsi onların cibindədi, Moskvaya teleqram vurublar ki, müsəlmanlar təslim oldu. Daha kimnənsə danışmağın mənası qalmadı olarçün. Doktor Nərimanova isə sonra day zəng vumadı, fikirləşdi ki, Üçlüyün nə olduğunu yəqin, heç bilmir sonacan. Bilsəydi bu böyük qana əlini bulamazdı. Ruslar nüfuzlu müsəlmanlardan istifadə eləməyi bacarır, elə onun özündən nə qədər istifadə eləmişdilər. Amma indi onu sayan yox idi ruslar içində. Hətta Barışığa qol çəkməklə də onu təzədən aşağıladılar. Bolşevik qərargahına elə bir parça kağız lazım imiş. İndi Caparidze telefonu götürsə də nə deyəsidi ki? Deyəcək ki, indi qanuni hökumətik, dinc əhaliylə işimiz yoxdu, qaçaq-quldura qarşı tədbirlər görürük.

Bir azdan Hacının yolladığı fayton gəldi: Hacı öz faytonunu yollamışdı, şəhərdə hamı tanıyırdı onu. İki beşaçılanlı atlı ləzgi də gəlmişdi onlarla. Topçubaşı arvadının yalvarışına məhəl qoymadı: Hacı ona iş tapşırıb, getməlidi, Allah verən candı, özü qoruyar. Dalını-qabağını düşünmədən faytona minib dedi:

- Beşmərtəbədən sür yuxarı... - Tindən burulan kimi qabaqda İran konsulunun İran bayrağıyla gedən faytonunu gördü və faytonçuya dedi: - Konsula çat, onun bayrağına bəlkə hörmət qoydu kazaklar...

- Topçubaşı beşmərtəbənin ortasındakı tut ağacları ilə birgə yerə sərilmiş ilk müsəlman meyitlərini də gördü, inildədi:

- Ay Allah, bu nə dəhşətdi, bu meyitləri niyə yığmırlar? Günahdı axı...

- Damlarda pulemyotçular var, kazaklar da atır, yığmağa icazə vermirlər... - dedi atlı ləzginin biri.

Topçubaşının faytonu Şamaxı kücəsindən dikdiri qalxan Konsulun dalınca sürürdü. Dükdiri qalxdıqca yollara sərilmiş meyitlərin sayı artırdı. Dikdirin başına çatanda Şamaxı küçəsinin böyük dərəsi göründü: burada balaca bazar və Fayton dayanacağı vardı, Şamaxıya gedənlər burda dururdu. Topçubaşı dərədə fayton əvəzinə üç araba gördü, hamısında da rus əsgəri geyimində bığlı kazaklar vardı, meyitlərin arasında gəzib ölülərə göz gəzdirir, tapança və xəncərləri yığırdılar. Arabaların hərəsində iki-üç əsgər geyimli meyit vardı. Topçubaşı anladı ki, onlar öz rus ölülərini axtarırlar. Sonra o Quba meydanından Şamaxı küçəsinə çıxan örtülü yolun kənarında sıraynan durmuş iyirmiyə yaxın atlı kazakı gördü. Meyitlərin arasında qılınc yarasından qan aparıb ölənlər vardı. Topçubaşı tanış bir gimnazist meyiti görüb, faytonu saxladıb düşdü. Tanış neft sahibkarının oğlu idi. Topçubaşı əyilib meyitin üzünə diqqətlə baxmaq istəyəndə atlı kazak bağırdı:

- Не трогать!

- A почему, ваше благородие?

- Разрешение штаба надобно!

Topçubaşı anladı: danışıq yersizdi, kazaklara söz qandırmaq mümkün deyil, Rus hökuməti onların kor qəddarlığından həmişə istifadə edir. Sonradan o öyrəndi ki, dünən günorta bura beş yüzə yaxın müsəlman yığışıbmış. Onlar Bakı Sovetinin sədri Şaumyandan tələb edib ki, bir gün qabaq silahları alınıb həbs edilmiş 50 müsəlman hərbçisini azad etsinlər, silahlarını qaytarsınlar. Bunlar Lənkərandan H.Z.Tağıyevin oğlunun cənazəsini dəfn üçün Bakıya gətirilmiş "Dikaya diviziya" nümayəndələri idi. Atla gələn kazak dəstəsi camaata dağılmağı əmr edib, qarışıqlıq düşüb. Kazaklar dinc etirazçılara atəş açmağa başlayıblar. Dərədə yüzdən çox meyit var idi. Çoxu da məktəb və tələbə formasında idi. Topçubaşı onlara baxıb ağladı və faytonçuya Hacının evinə sürməyi əmr etdi...

Ermənicə danışan Şaumyan milisləri böyük yük arabaları ilə hərəkət edirdi, onlar varlı müsəlman tacirlərinin, sahibkarların evlərini əvvəl qarət edib arabalara yığır, sonra yandırırdılar. Topçubaşı ömründə belə dəhşət görməmişdi və olanları heç vaxt təsəvvürünə də gətirə bilməzdi. Onun evindəki telefonu dayanmaq bilmirdi. Müsəlmanlar ondan soruşurdular ki, şəhərdə nə baş verir? Bir necə telefon zənginə cavab verəndən sonra Topçubaşı yoruldu, telefonu qoyub evdən çıxdı, heç özü də bilmədi hara gedir. İsmailiyyədə oturan İttihad partiyası fəalları da onu çağırırdılar. Amma güllə yağışı altında Topçubaşı çaşıb qalmışdı. Hara getsin, niyə getsin? Tüfəng götürmək onun ağlına da gəlmirdi, utanırdı, çox utanırdı. Həmişə öz yanından müsəlmanları qınayırdı: onlar çox halda rus zabitlərinin comərdliyi səviyyəsində ola bilmirdilər, Topçubaşı isə bunu çox vacib bilmişdi həmişə. Amma bu qanlı gündə anladı. Ruz müstəmləkə zabiti dünyanın ən qəddar adamı idi, başlıcası danışdığı da öz sözü deyil. Amma müsəlmanlar nə qədər mədəniyyətsiz olsalar da, dedikləri və danışdıqları kimi idilər. Öz camaatına yuxarıdan aşağı baxdığı vaxtlarda o çox haqsız olub, rusa kor-koruna nifrət eləyən müsəlman kəndlisindən sadəlövh olub...

Bakıda bir necə müsəlman olardı ki, bu rus-müsəlman davasının səbəbini bilsin. Onlardan birincisi Topçubaşı özü idi. O, Peterburq Universitetində Hüquq fakültəsini bitirmişdi, butün rus hökumət dairələrində müsəlmanların rəhbəri kimi tanınırdı, paytaxt qəzetlərində müsəlmanların adından şıxışlar edirdi. Rusiya Müsəlmanları İttifaqının sədri, tükü-tükdən seçən bir adam idi. Vəkil olsa da, yeddi il rusca "Kaspi" qəzetinin redaktoru olmuşdu, sonra da qəzeti maliyyələşdirən H.Z.Tağıyevin çox etibar etdiyi adamlardan biri idi. O zaman türkcə və rusca çıxan qəzetlərin senzurasında fərq vardı: rusca qəzetdə çıxan materiallara ciddi qadağalar yox idi. Topçubaşının da bir ayağı həmişə bu qəzetdə idi.

Çar istefa verəndən sonra Rusiya ordusunda və cəmiyyətində parçalanmalar başlandı. Azərbaycanda bunun birinci təzahürü Muğanda müsəlman kəndlilərlə rus kolonistlərinin toqquşmaları idi. "Kaspi" qəzeti bunları izləyir və işıqlandırırdı. Düzü, Bakı rusları, müstəmləkə məmurları da qəzeti özlərininki sayırdılar. Malakanların savadlı adamları birinci Qubernatora şikayət edirdilər, çox vaxt "Kaspi" qəzetinə də baş çəkirdilər: burda çıxan xəbərləri Böyük Rusiyada da oxuyan olar, bəlkə onlara bir kömək edərlər. Kolonist malakanlari rus hökuməti köçürmüşdü Muğana, onlara hər cür kömək və himayə göstərirdi, qısqanclıqla qoruyurdu. Onların çoxu starover əqidəli Şimali Qafqaz kazakları idi. Azərbaycandakı rus müstəmləkə administrasiyası da ənənəvi olaraq onlardan idi, çünki hələ I Pyotrun vaxtında Azərbaycana basqınlar edən qarətçi ruslar həmin kazaklardan olmuşdu. Onlar xasiyyətcə qəddar, əqidəcə qısqanc pravoslav idilər. Yerli müsəlmanları vəhşi sayırdılar, dağlılar kimi onların da qiyamlarından qorxurdular.

Malakan kolonistlərlə bu toqquşmaların səbəbi üzdə idi: Malakanları 1901-1903-cü illərdə müsəlmanların evlərinə köçürürdülər. Bu, rus terrorunun imperiyanı silkələdiyi illər idi. Rus hökuməti imperiyanın ucqarlarında da özünə dayaqlar düzəldirdi. Köçürmə Qərarları birbaşa Peterburqdan gəlirdi və yerlərdə müzakirə oluna bilməzdi. Müsəlmanları hüquqsuz adamlar kimi öz doğma evindən, həyətindəki bağçadan, dədə-babadan əkdiyi əkin yerindən çıxarıb kompensasiyasız Muğanın susuz yerlərinə sürgün edirdilər. Çar istefa verəndə bu hadisələrdən 14-15 il keçirdi. Çarın taxtdan getdiyini eşidən müsəlman kəndlilər gəlirdilər malakan kolonistlərin üstünə, hər yolla onları öz evlərindən çıxarmaq istəyirdilər. İş silaha çatırdı və hər iki tərəfdən ölənlər olurdu. Rus müstəmləkə zabitləri buna müsəlmanların qudurması və cızığından çıxması kimi baxırdı. Qatı rus millətçiləri pıçıltı ilə müsəlmanları cəzalandırmağa çağırırdılar.

Amma əslində çaşıb cızığından sıxan müstəmləkə administrasiyası idi. Onlar rus kolonistləri Cənubi Qafqazda ən yaxşı torpaqlara köçürürdülər, bununla Rusiyada kənd təsərrüfatını dirçəltdiklərini, ucqarlarda rusların çoxalması ilə imperiyanın daha təhlükəsiz olacağını güman edirdilər. Amma çarın istefasından sonra bu siyasətin çürüklüyü meydana çıxdı: Qafqaz xalqlarına ABŞ-da ağ adamların yerli hindulara yanaşdığı kimi yanaşmaq olmazdı. Topçubaçı bu barədə qəti fikirdə idi: müsəlmanlara hindular kimi yanaşma səhv idi və Qafqazda Şamilin rəhbərliyilə 30 illik müharibə ilə nəticələndi. O bu barədə öz narazılığını və təhlillərini Peterburqa, Baş Nazirə yazmışdı, amma ona heç cavab da gəlmədi ordan. ABŞ hinduları bütpərəst və savadsız idilər, Qafqaz xalqları isə müsəlman və mədəni xalqlar idi və çətin vaxtlarda İslam onları birləşdirən bir amilə çevrilirdi, Rus istilasına müqaviməti qat-qat güclü edirdi.

Çarın istefasından sonra ruslarla müsəlmanların silahlı toqquşmalarına səbəb olan daha bir məsələ vardı: bu, rus-türk və rus-İran sərhədlərində böyük müharibə ərəfəsində toplanmış 500 minlik rus qoşunlarının Dağıstan dəmir yolu marşrutu üzrə geriyə hərəkəti idi. Gəncədə yerləşən və Zaqafqaziya Seyminə tabelik göstərən hissələrlə cəbhədən qayıdan eşelonların heyəti arasında qanlı hadisələr baş verdi. 1918-ci ilin 3 martında imzalanan Brest Sülh müqaviləsinə əsasən, Rusiya I Dünya müharibəsində uduzmuşdu və 500 minlik qoşunun qalıqlarını Türkiyə cəbhəsindən, İrandan, Cənubi Qafqazdan çıxarmalı idi. Üstəlik, Tiflisdə oturan Zaqafqaziya Seymi də Qərar vermişdi ki, Cəbhədən qayıdan rus hərbi hissələri burada yaradılmalı plan milli diviziyalar üçün silah təhvil verməli idi. Bu qərar qismən icra olundu, amma Şəmkir stansiyası ətrafında Qanlı hadisələr baş verdi. Rus hərbçilərinin bir hissəsi silahlarını təhvil vermək istəmirdi və bu səbəbdən silahlı qarşıdurma yarandı. Gəncədəki Müsəlman Milli Şurası və təşkilatları da bu hadisələrə kortəbii qarışdılar. Müsəlmanların siyasi və hərbi işlərə qarışması rus hərbçiləri arasında böyük narazılıq yaratdı, antimüsəlman ovqatlar qat-qat gücləndi. Topçubaşı bunları görür və narahatlıqla müşahidə edirdi, arada Gəncəyə də gəlmişdi. Çünki bilirdi, rusa qarçı müstəmləkə adamının silah qaldırması İmperiya üçün ən təhlükəli cinayət sayılırdı və belə faktların bircəciyi də qat-qat ağır cəzasız qalmırdı. Öz qonşusunu öldürmüş bir cinayətkar, adi mal-qara oğrusu belə, qaçaq düşəndə həmin məntəqəyə əlavə silahı qüvvələr göndərilirdi. Belə hallar dövləti cinayət sayılırdı. Topçubaşı müsəlmanlarla toqquşmada ölən hər rus əsgərinə görə ağır cəzalar olacağını bilir, belə şeylərin qarşısını almaq üçün vaxtını və pulunu əsirgəmirdi. Çox vaxt gözlənilən cəzanın necə olacağını düşünəndə onu dəhşət bürüyürdü. Çünki müstəmləkə rejiminə qarşı müsəlman qiyamlarının tarixini və nə qədər qanla cəzalandığını bilirdi.

Bu hadisələrə qədər isə Topçubaşı müsəlmanlara aid mərasim və yığıncaqlarda başda və sədrlikdə olmaqdan şərəf duymuşdu həmişə. Amma 1918-ci ilin müsəlman qırğını günlərində yaşadıqları bu hissi onun içində öldürdü və qafasının uzaq bir küncünə qoydu. Guya o, müsəlmanlarla İmperiya arasında sülh qurucusu olmaqdan heç vaxt fəxr duymaylb.

Amma 1918-ci il martın 18-də günortaya yaxın "Astoriya" mehmanxanasında oturub müsəlmanların təslimi haqda aktın imzalanma vaxtını gözləyəndə özünün özündən acığı gəlməyə başladı və sonra anladı ki, özünə olan hörmətin ağır bir hissəsi yox olub onun içində. Düzdü, hamı ona əvvəlki kimi hörmət və pərəstişlə yanaşırdı, amma o öz kimliyini unutmaq istəyirdi elə bil. Vaxt da zəhrimar getmək bilmirdi. Nəhayət, imzalanmaya beş dəqiqə qalmış bütün nümayəndə heyəti mehmanxanadan çıxdı...

Şaumyan və Caparidzenin hazırladığı Təslim aktına müsəlmanlar adından qol çəkəndə elə bil öz ölümünə qol çəkdi: düzdü, onunla birgə Müsavat, İttihad, Cəmiyyəti - nəşri maarif və başqa rəsmilər da qol çəkdilər. Amma o biri qol çəkənlərdən fərqli olaraq əlli altı yaşlı Topçubaşının içində nəsə qırıldı. Hələ imzalanma bitməmiş ona elə gəldi ki, artıq ölüb, ətrafda danışılanları kəsdirə bilmirdi, hər şey elə bil mənasız oldu birdən-birə. Bəli, bəli, o, düz hərəkət etmişdi, başqa yol yox idi. İmza atmağına elə bil peşman deyildi, axı bu yanan şəhəri, qırılan fağır və əliyalın xalqı xilas etməli idi. Bu, gün kimi aydın idi. Amma o öz doğma şəhərində Rus dövləti adından dərəbəylik edən bir gürcü, bir erməni və bir müsəlmana təslim olmamalı idi. Bu qeyri-təbii və onun şərəfini alçaldan bir imza oldu və onun bütün gələcək həyatını dəyişdi. Hər gün, hər yerdə qırzaqqız bir fikir təzə bir şey kimi onun ağlına girirdi: harasa uzaq bir yerə köçmək lazımdır, elə yerə ki, onu aşağılayan şeylərdən cox-cox uzaq olsun.

Yolda onu evə aparan faytonda gedəndə eşitdiyi güllə səsləri daha onu diksindirmirdi. Öz məyusluğunun səbəbini də tapmışdı, deyəsən: həyatının əsas işi - müsəlmanların xeyrinə rus mədəniyyətindən və onun təmsilçilərindən istifadə etmişdi. İndi Bakı şəhərində, martın 18-də bu imkan yox oldu, o daha vəhşi müsəlmanlarla mədəni rus dövləti arasında vasitəçi ola bilməyəcəkdi. Mədəni Rusiya istefa verən Çarla yox olmuşdu elə bil. Yox, bəlkə də Rusiyada hüquq özü yox olmuşdu: axı bu Təslim aktını imzalayan Caparidze kim idi, bu bolşeviklər kim idi və hansı hüquqla müsəlmanları qırırdılar. Çar vaxtı bunun qanuni görüntüsü vardı, indi isə heç bir hüquq yox idi və Topçubaşı öz kimliyini anlaya bilmirdi bundan belə. Fikrində harasa baş götürüb köçmək idi. Amma dörd uşaqlı böyük külfət sahibi, iş-gücü Bakı məhkəməsi ilə bağlı olan bu adam hara köçə bilərdi? Çoxları Tiflisə gedirdilər. Amma Rusiyada gedən vətəndaş müharibəsini diqqətlə izlədiyi üçün bilirdi: bolşeviklər bir gün Tiflisə də girəcəklər.

Taleyin özü sarsılmış Topçubaşının vətəndən köç etməsi üçün fürsət yaratdı. Demokratik Cümhuriyyətin birinci kabinəsində portfelsiz nazir yeri tutan Topçubaşı 1918-ci il avqustun 20-də Gəncədə Xarici işlər naziri təyin edildi. Buna da ona görə razılaşdı ki, ona xaricə getmək təklif olunurdu, orda əlaqələr qurub Cümhuriyyəti tanıtmaq təklif olundu və o, avqustun 23-də İstanbula yola düşdü hökumət adından. Ürəyinin dərinliyində o, Türk-Azərbaycan birləşmələrinin Bakını alacağı gün şəhərdə olmaq istəmirdi. Bakı bir rus şəhəri idi, quberniya mərkəzi olandan sonra avropasayağı tikilmişdi. Şəhərin hər kabinetində, hər kontorunda ancaq rusca danışır və yazırdılar. Türklər bura girəndən sonra bu şəhər necə olacaqdı? Qan da töküləcəkdi, çünki göydə Allah var və beş ay əvvəl tökülmüş minlərlə müsəlman qanı yerdə qala bilməzdi, bu qanın çəkisi çox-çox ağır idi. Çünki doğma şəhərində yenidən milli toqquşmalar görmək, mart yaralarını təzələmək istəmirdi. O xalqların həmrəyliyinə və dostluğuna inanırdı, imperiya kabinetlərində belə dostluğu özü də görmüş və yaşamışdı. Tələbəlikdən çoxlu rus dostları vardı. Bir də o, həyatının əsas işini görmüşdü: müsəlmanların rus mədəniyyətindən və hüquqi şüurundan istifadəsinə, müsəlman maarifinin tərəqqisinə bəs qədər xidmət etmişdi, amma indi müsəlmanlar və ruslar üz-üzə idilər. Bu onun ideallarının tam əksi idi. O sayırdı ki, ruslar onun vətəninə gəlməklə çox şey gətirmişdilər. Rusdan qabaq bu xalq qoyun sürülərini artırmaqdan başqa bir şey istəmirdi. İndi isə Bakı böyük sənaye şəhəri idi, müsəlman milyonçular vardı, xalqın yaxşı-pis məktəbi və teatrları, qəzetləri və təhsil ocaqları vardı. Müsəlman qızlarının öz məktəbi, dünyadan xəbərdar ziyalısı vardı. Bunlar başqa müsəlmanlarda yox idi axı! Başlıcası, nefti rus dövləti qiymətə mindirdi və bu, bütün Azərbaycan xalqını yeni bir millətə çevirdi. Bunlar düz, haqq idi. Amma o qanlı mart günləri də, müsəlmanların xristian həmrəyliyindən qırılması da haqq idi. Bunu necə aradan götürmək olardı. Ruslara qarşı müsəlman nifrətində bir naşükürlük vardı, bunu başa düşürdü Topçubaşı. Amma rus imperiyasına nifrət edən birinci rus partiyaları özləri idi, ikinci də onlarla Rusiya dövləti tərkibində olan millətlər idi. Onlar da rus hakimiyyətinin yaxşı işlərini bir kənara atırdılar, onlar da müstəqil olmaq istəyirdilər. Tarixi gedişat hərdən məntiqsiz olur, sabaha tələsir, nəyisə dağıdır, nəyisə təzədən qurur.

Amma balaca millətlərin yaxşı hökumət qurmağına Topçubaşı o qədər də inanmırdı. Cümhuriyyət zamanı gördüyü başıpozuqluqdan içində ağrılı xatirələr qalmışdı. Müsəlmanların qanunu tanıyıb öyrənməsinə bir tarix, vaxt lazım olacaq. Rusiya boyda dövlət almanların və fransızların, polyakların, cürbəcür katoliklərin iştirakı ilə qurulsa da, heç də mükəmməl deyildi. Min qüsuru vardı. Bəs şirvanlıların, dağıstanlıların, yurdsuz tərəkəmələrin quracağı dövlət necə olacaqdı? Yəqin ki, rus dövlətindən yaxşı olmayacaqdı. Onda bu dövlətlər müsəlmanlara lazım idimi? Onun bu suala aydın cavabı yox idi. Amma onu bilirdi ki, inqilablar gəlib qanla tarixin yolunu təmizləyir. Nəticəsi isə 20-30 ilə hasil olur. O da inqilab qalib gələndə. Bu isə tarixdə çox az olur. Müsəlmanların tarixində heç olmur, deyəsən. Belə ağır fikirləri Topçubaşı hər gün qələmi götürüb, eynəyini taxıb işləməklə qovurdu, sovetlərdən gələn qəzetləri oxuyur, başı qarışır, icinə bir sakitlik gəlirdi.

Ona görə 1918-ci il avqustun 23-də İstanbula getmək üçün Bakı-Tiflis qatarına minib yerini rahatlayanda özünü çox, lap çox rahat hiss edirdi. Amma bilmirdi ki, bir daha bu şəhərə qayıdası olmayacaq.

1934-cü il noyabrın 5-də Topçubaşı Parisdə vəfat etdi. Onun cənazəsi Azərbaycan bayrağına büküldü: onu yad torpağa tapşırmağa ukraynalı, rus, gürcü, dağlı, orta asiyalı, kalmık, hətta erməni nümayəndələri gəldilər. Hamı bilirdi: bu tosqun kişi uşaq kimi təmiz niyyətli bir ürək və düşüncə sahibi idi. Ona görə açıq ürəklə onun ruhuna dualar oxudular.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!