Bir dəfə hardansa oxumuşdum ki, Nabokov həm də qızğın şahmat həvəskarı olub. Hətta o, vaxtının ciddi bir qismini bu işə həsr edərək özündən şahmat məsələləri də hazırlayırmış. Hazırladığı bu şahmat məsələlərini kitab şəklində çap etdirən yazıçı sonralar öz xatirələrində yazırdı ki, həmin kitab çap edilərkən duyduğu sevinc ilk şeirlər kitabının ona bəxş etdiyi sevincdən heç də az deyildi.
Bir dəfə isə hardansa bunu oxumuşdum ki, Alber Kamyu futbolu çox sevirmiş. Hətta o qədər sevirmiş ki, onun bioqrafiyasından belə bir cümlə də bu günün XXI əsr oxucularına yadigar qalmaqdadır: "Mənəviyyat və öhdəliklərlə bağlı bu həyatda nə öyrənmişəmsə, hamısını futbola borcluyam".
Məşhur ingilis şairi Lord Bayronun üzgüçülük sevgisindən və bir vaxtlar ona "topal" deyən qızın acığına özünü hələk-yesir edib Dardanel boğazını üzərək keçməsindən də, yəqin ki, çoxunuzun xəbəri var.
At yarışlarına pul qoyub qumar oynamağı, balıqçılığı, dağ xizəkçiliyini və başqa bu kimi məşğuliyyətləri xüsusi hərarətlə sevən Ernest Heminquey isə öz xatirələrində boksla necə məşğul olduğunu, hətta o dövrün böyük şairlərindən biri Ezra Paunda bəzi boks hərəkətlərini necə çətinliklə öyrətdiyini qeyd edirdi.
Və mən tam dəqiq deyə bilmirəm ki, bütün bunları nə vaxtsa oxumağımın təsirindən idi, ya nə idisə, son zamanlar beynimə batmışdı ki, mən də hər səhər yuxudan erkən oyanıb idmanla məşğul olacam.
Uzun götür-qoydan sonra qərara gəldim ki, mənim üçün elə ən uyğun idman növü qaçış ola bilər. Üstəgəl, hardansa eşitmişdim ki, daxildəki "in" və "yan" enerjisinin sirri də məhz qaçışdadır.
Nəhayət, həftənin ikinci günü, yuxudan erkən oyana bildim və qaçış üçün aldığım təzə paltarlarımı da həvəslə geyinib həyətə çıxdım. Düzdür, hava hələ qaranlıq idi, amma o qədər həvəslənmişdim ki, heç nə məni fikrimdən daşındıra bilməzdi. Birinci küçəni qəhrəman ədasıyla axıra qədər qaçdım. Amma ikinci küçəyə təzəcə dönmüşdüm ki, zeytun ağaclarının altından nəsə pis bir hadisəyə əlamət olan xışıltı eşitdim. Sürətimi azaltmadan başımı robot kimi çevirib baxanda gördüm ki, 4 dənə yekə it ayağa qalxıb tərs-tərs mənə tərəf baxır. Başımı döndərmək istədiyim anda itlərin dördü də yerindən götürülüb hürə-hürə üstümə cumdular. Sürətimi ikiqat artırıb idman-midman demədən necə qaçırdımsa elə bilirdim ki, arxamca hürüşürən itlər bir-birlərindən "səhərin bu vaxtında bu başdanxarab kimdi ə?", deyə soruşurlar. Hətta onlardan biri "tutun, ə, o gicbəsəri", deyə hürüb o birilərinə göstəriş də verirdi. Küçənin axırına yaxın hiss elədim ki, gücüm tükənib və itlər də çatmaq üzrədir. Elə bu dəmdə qonşumuz Abbasqulu dayının maşını döngədəcə siqnal verib saxladı.
...Həyətimizin qapısına çatanda hiss elədim ki, içimdəki "in" və "yan" enerjisinin ikisi də qaydasına düşüb... Necə gözəl məşq eləmişdimsə, insafsızlar bir azca mehriban davransaydılar, indi onları şəxsi məşqçilərim kimi xatırlayacaqdım və yuxarıda adını çəkdiyim yazıçıları da ürəyimdəki xoş sözlərə hədəf etməyəcəkdim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!