Həmin axşam qaranlıqdakı ildırım gurultusunun səsindən doğan işıq seli, bizim evin pəncərəsində elə bir vahimə yaratdı ki, mən qaçıb nənəmə qısıldım. Kəndimiz dağ döşündə olduğundan, yağış yağıb ildırım çaxanda adama elə gəlirdi ki, başının üstündən qırıcı təyyarə keçir. Onda qocaların dodaqlarından dualar əskik olmazdı. Hamı ürəyindən keçəni dilinə gətirərdi - Allah, sən saxla, Allah, sən saxla!, - deyərdilər.
Hanaya ilmə vuran nənəm, məni özünə sıxıb: - Qorxma, mənim balam, ildırım dağlara düşdü, heç nə olmaz. Bir az hay-küy salıb, buludları çaxnaşdırıb, göz yaşın töküb yox olacaq!
Nənəmin qolu altından pəncərəyə baxanda çölü qaranlıq zülmət gördüm. Tez gözlərimi yumdum! Onda mənim 6 yaşım var idi. Mən babamla nənəmin ilk oğul nəvəsi idim. Atamgilin evi kəndin o başında, babamgilin isə bu başındaydı. Kəndə hamı babama usta Xudaverdi deyirdi. Özünün dediyinə görə, əsli Göyçə mahalından idi . Kəndimizdəki evlərin çoxu onun əli ilə ucalmışdı. İki-üç yaşım olanda, atamgili məni babamgilin buyurub çağırmaları üçün onlara vermişdi. Onlar da meyillərini salmışdılar mənə! Uşaq ağlımla mən həyata onların söz- söhbətli gözləri ilə baxırdım. Axır vaxtlar kənd adamları çox narahat idi. Tez-tez ermənilər kəndimizə güllə atırdılar. Bir gün atam gəlib, babamın sandıqda gizlətdiyi qoşalülə tüfəngi və patrondaşı götürüb getmək istəyəndə, nənəm onun qarşısını kəsdi.
- Ova gedirsən, tüfəngi neynirsən?
- Ana, ermənilər kəndə hücum etməyə hazırlaşırlar! Camaat yığışıb, pir ağacının yanına! Silahı olan kişilər dağın başına çıxırlar, kəndi qorumaq lazımdır!
- Ay bala, bəs bu hökumət hardadı? Öz vətəndaşına niyə sahib çıxmır?
- Ana, bu Sovet hökuməti bizi ermənilərə satıb. Moskva erməninin tərəfindədi. Topu-tüfəngi də onlara verir, bizim ov tüfəngimizi də əlimizdən alırlar! Burdan səsimiz heç Bakıya da çatmır! Orda da vəzifə davası gedir!
- Bıy, başıma xeyir, indi sən deyirsən Sovet dağılıb?
- Çürük ağac belədi, ay Ana, gec-tez yıxılacaq! Mən özüm müdafiə dəstəsinə üzv yazılmışam, biz cavanlarla dağa çıxırıq, kəndin keşiyini çəkmək lazımdı. Siz də ehtiyatlı olun!
- Ay bala, sən Allah, özünü qoru!
Nənəm atamı sanki son dəfə görürmüş kimi möhkəm qucaqlayıb ağladı. Atam üzünü mənə tutub - "kişi qırığı, nənəndən muğayat ol, sözündən çıxma ha", - deyib məni öpüb həyətdən çıxdı. Ondan sonra onu görmədik. Öldüsündən-qaldısından xəbər olmadı. Adını qoydular itkin! Bu dərd ailəmizi yumağa döndərdi! Nənəm gecələr məndən xəlvət dil deyib, göz yaşı tökürdü. Axşamlar kəndi sanki qaranlıq bir vahimə bürüyürdü. İşıqlar yanmırdı, hamı lampa işığına möhtac idi. Nigaranlıq içində qovrulan kənd hər gün bir xəbərlə oyanırdı.
- Filankəsin oğlu ermənilər tərəfindən öldürüldü. İki nəfər ermənilər tərəfindən əsir götürülüb. Bizimkilər də dörd ermənini tutublar, deyirlər, əsirlərlə dəyişəcəklər! Hər gün dedi-qodu ayaq alıb camaat arasında gəzirdi. Hamı öz həqiqətini axtarırdı. Həqiqət isə biganəliyin qurbanı olmuşdu!
Mən birinci dəfə Şəhid sözünü kəndimizdə eşitdim. Nənəm axşam yas yerindən gələndə ondan soruşdum:
- Nənə Şəhid nə deməkdi?
- Mənim balam, Şəhid Allahın sevimli bəndələridi. Hər adam o zirvəyə ucala bilmir!
- Mənim atam da Şəhiddi, nənə?
- Allah bilən məsləhətdi, bala! Axşam-axşam nə çox sual verirsən, ay Rüstəm! Gəl yat, mən də bu Hananın başın-ayağın yığım bir yerə, sabah inşallah kəsərəm. Nənəmin nəvazişli sözləri məni elə ovsunladı ki, necə yuxuya getdiyimi heç özüm də bilmədim! Səhər hay-küy, çığırtı-bağırtı, top-tüfəng səsindən qorxu içində gözümü açdım!
Anam həyətdə həyəcanla nənəmlə nə isə danışırdı. Həyətə çıxanda kəndin aşağı hissəsini od içində gördüm. Anam tez məni qucaqladı: - "Qurban olum, pal-paltarını yığışdır", - nənə ilə tez evdən çıxın. Biz də gəlirik. Kənd bir-birinə dəymişdi. Nənəm yerində donub qalmışdı. Qadınlar qorxudan ağlayan uşaqların əlindən tutub zorla darta-darta kənddən çıxardırdılar! Qonşu Allahverdi kişi xəstə atasını kürəyinə alıb aparırdı. Bizim həyətin qapısına çatanda çığırdı:
- Ay Güllü, nə durmusan ermənilər kəndin bir addımlığındadılar, ələ keçərsiniz. Tez uşağı götür gəl ardımca!
Nənəm sanki yuxudan ayıldı. Tez mənim ayaqqabılarımı gətirdi:
- Rüstəm, nənə qurban, qorxma ayaqqabılarını gey, paltarını götür, mən bu dəqiqə gəlirəm.
Bunu deyib tez içəri otağa keçdi. Mən həyətdə qadınların, qocaların, uşaqların göz yaşı içərisində evlərini necə tərk etdiklərinə baxırdım. Bu zaman anam özünü yenidən yetirdi.
- Rüstəm, nənən hardadı?
- İçəridə.
Anam qaça-qaça pilləkənləri çıxıb evə girdi. Onun ucadan səsi gəlməyə başladı.
- Ay xala, burax qalsın bu gəbəni! Bu iki daşın arasında, gəbə kəsilən vaxtdı? Kəndin o başında ermənilər evləri yandırırlar, camaat görmürsən baş götürüb gedir!
Nənəm hirsli-hirsli: - gedən getsin. Mən gəbəni kəsməsəm getməyəcəm!
Qayçının ipliyi kəsən xışıltısı, nənəmin dualarına qarışmışdı. Anam göz yaşı içində;
- Yaxşı, tez ol, qurban olum xala, uşaqlar qorxu içində həyətdə bizi gözləyirlər.
- Tez yükdən ağ mələfəni gətir! Bax belə, bax belə bük, möhkəm bağla...
Bir azdan nənəm anamla ağ mələfəyə bükülmüş gəbə qoltuqlarında çölə çıxdılar. Nənəm hökmlə, bəri gəl, bunu evin zirzəmisində gizlədəcəm - deyib, anamı ardınca apardı. Bala, mən buna gecəmi, gündüzümü vermişəm, heç erməniyə verərəm, hə?
Onlar evin zirzəmisinin balaca qapısından zorla içəri keçdilər. Biz azdan ordan çıxdılar! Nənəm zirzəminin qapısını bağlayıb həyətdəki otu-çırpını qapının üstə tökdü.
- İnşallah yada qismət olmaz, - deyib yenidən evə girdi.
Anam zorla mənim əlimdən tutub aparmaq istəyəndə, - yox, nənəmi gözləyirəm, - dedim!
- Yaxşı, Rüstəm, qurban olum, çağır bu arvadı, özünə yazığı gəlmir, heç olmasa bu uşaqları düşünsün!
İçəri keçmək istəyəndə, nənəm əlində babamın qaragül buxara papağı, bir də torbadakı sazı ilə çölə çıxdı. Tez qapını bağlayıb, açarı pilləkən daşının altına qoydu.
- İndi gedək, - dedi. Anam dözmədi: - Ay xala, bu vurhavurda heç sazın yeridi. Onun əvəzində yola çıxırıq, bir başqa şey götürərdin də.
- Ay qızım, elə mənim varım-dövlətim Rüstəmdi, bir də bunlardı da!
Biz həyətdən bir az uzaqlaşmışdıq ki, sanki yer yerdən ayrıldı. Qrad vıyıltısı, top səsi canıma üşütmə saldı. Ermənilərin atdığı top mərmisi bizim evi yerlə-yeksan elədi. Qonşumuzun ot tayası yanmağı başladı. Nənəm mənim əlimi buraxıb, əlini dizinə vurub yerə çökdü: - Evi viran qalan canım vay!
Anam zorla onu yerdən qaldırdı:
- Xala, qurban olum gedək, heç olmasa uşaqları qurtaraq!
Nənəmin zorla ayaqları gedirdi, ürəyi isə indicə yıxılan evinin daşları altında qalmışdı. Biz yarıac-yarıtox yüzlərlə insanlarla birgə Araz çayından İrana keçdik, ordan yenə Arazı addayıb gəlib çıxdıq ilan mələyən "Çadır şəhərciyi"nə. Bizə çox adlar qoydular "qaçqın", "köçkün", "vətənini qoyub qaçanlar" daha nə bilim nələr, nələr... Qocalar Allahdan ölüm istəyirdilər. Amma sən istəməklə deyil ki, gərək Yaradan da istəsin! İşsiz-gücsüz cavanlar isə başlarını itirmişdilər.
Bir sözlə, hər kəs öz vaxtını gözləyirdi. Biz uşaqlar isə erməniyə nifrət hissi ilə böyüyürdük. Sonralar biz "Çadır şəhərciyi"ni, "yataqxanalarla" əvəzlədik. İllər keçirdi, bizlərin bu günü yox idi, ancaq dünəni vardı. Nənəm çox az danışırdı. Danışanda da, ancaq kənddən həsrətlə danışardı. Hər yeni təqvim ili gələndə, - Rüstəm bala, görəsən, bu il də burda qalacayıq? Bəs nə vaxt qayıdarıq, ay bala? Nənəmin suallarına cavab axtara-axtara, mən də illərin qoynunda böyüyürdüm. Yaddaşımın ən maraqlı səhifəsi isə kəndimizdə, babamla, nənəmlə keçirdiyim günlər idi...
Nənəmlə babamın sözləri cəp gələndə mən qalırdım ortada. Onlar öz aləmlərində bir-birindən küsüb evin eyvanında sağa-sola üz çevirib oturanda, mən də gəlib ikisinin arasında otururdum! Sakitcə kimin birinci danışmasını gözləyirdim. Nənəm hikkəli, babam isə ürəyi yumşaq idi. Bu susqunluq uzandıqca, babamın səbri tükənirdi.
- Rüstəm bala, bu şah qızına deyinən, günortadı durub yemək hazırlasın. Millət acdı!
- Baba, mən niyə deyirəm ee.., nənəm hər şeyi eşidir.
- Yox, ay bala, o məni eşitmir, bəlkə sənin sözünə qulaq asa...
- Nənə, ay nənə... balaca əlimlə onu dümsükləyirdim.
- Millət acdı mənə nə, hər kəs öz başına çarə qılsın! Mən heç kimin nökəri deyiləm.
- Gördün, Rüstəm bala, qalx gedək görək çil toyuğun hinində nə var.
Biz durmaq istəyəndə, nənəm nə düşünürdüsə:
- Rüstəm, otur oturduğun yerdə! Yenə qurban olsun sənə. Bircə o qalıb ki, düşək xalxın dilinə, desinlər ki, filankəsin evində yeməyi kişilər bişirir.
- Rüstəm bala, mən həmişə sənə nə demişəm, sənin nənənin dili acıdı, amma ürəyi bir başqa aləmdi! Babam nənəmin ürəyini ələ almağı, onu neçə yumşaltmağı çox gözəl bilirdi. Bir azdan nənəmin səsi gələrdi:
- Rüstəm bala, o şah həzrətlərinə deyinən buyursun süfrəyə! Belə məqamlarda babam qaragül dərisindən tikilən buxara papağını başına qoyub, sazı sinəsinə basıb deyərdi:
- Ay Güllü, sən atanın goru, bir mənə bax! Qəribə bir coşqu ilə sazın simlərinə mizrab vurub deyərdi:
Tovuz kimi qalxdın çeşmə başından,
Cəmi gözəllərin gözəli Güllü!
Almadı yanağın, büllur buxağın,
Dodaqların meyli, məzəli Güllü!
- Saxla! Nənəmin hökmlü səsi eşidilərdi:
- Hə... işin çətinə düşən kimi tez keçirsən sarı simə! Aşıq Ələsgər də, elə sənin kimi əvvəlcə qəlb sındırırmış, sonra da sazınnan-sözünnən könül alırmış. Sazla-sözlə könül alarsan, ancaq qarın doyura bilməzsən! Rüstəm bala, tez ol, yemək soyudu axı!
Allahım, nə gözəl günlər yaşamışam, heç xəbərim olmayıb. Babam dünyasını dəyişəndə, məni yaxın qoymadılar ki, qorxarsan! Ancaq mən yükün arxasından gizlincə babama son dəfə baxdım. O, sanki şirin yuxuya getmişdi. Arvadlar onu oxşayıb, mərsiyyə deyib ağlayırdılar. Amma o, bütün bunları nə görür, nə də eşidirdi. Sanki evində son günü olduğunu bildiyi üçün möhkəm yatmışdı. Babamın ardınca qəbiristanlığa qədər getdim. Yolda onun sözləri yadıma düşdü:
- Rüstəm, mən öləndə qorxma! Mənim ruhum, nənənlə səni həmişə qoruyacaq! Mən babama inanıram. Yəqin, indi də o məni görür və qoruyur!
Babamdan sonra nənəm tamam dəyişmişdi. O, deyib-gülən, əli qabarlı qadın üçün sanki dünyanın sonu çatmışdı. Qohum-qonşu gəlib-gedib ona ürək-dirək versələr də, həyatdan çox bədgüman olmuşdu. Hər gün babamın buxara papağına sığal çəkib, taxt üstündəki yastığın üstə qoyar, sazı torbadan çıxarıb, tozun alıb yerinə asardı. Babamın ilindən sonra, nənəm qonşu arvadları başına yığıb gəbə toxumaq üçün hana qurdu. Al-əlvan rəngə boyanmış yun ipliklər yumru yumağa dönüb hananın başından asıldılar. Həvə, kirgid, daraq, qayçı nənəmin əlinin altında idi. Arğacdan keçirib ipliklərə ilmə vuran nənəm dodaqaltı zümzümə edə-edə balaca ölçülü bir güllü çeşnidən üç arşınlıq gəbə toxuyurdu. Mən də kitab-dəftərdən can qurtarmaq üçün onun yanından əl çəkmirdim.
- Rüstəm bala, bax bu allı-güllü gəbəni sənin üçün toxuyuram.
İnşallah, böyüyüb yekə kişi olacaqsan, institut qurtarıb, nənəni sevindirəcəksən. Ondan sonra da kəndimizin gözəl qızlarından birinə elçi gedib sənə alacam. Bax onda bu gəbəni sənin gəlininin ayaqları altına salacam! Gəlin gələn qız bilməlidi axı, hansı ocağa gəlin gəlir!
O danışırdı mən də xəyal qururdum. Bax beləcə, onun əli ilmədə mənim başım onun dizi üstə yuxuya gedərdim! İllər çox sürətlə bir-birini əvəz edirdi. Fəsillər dəyişirdi. Nənəm isə ağzın açan kimi, - bu qış nə uzun çəkdi, ay bala, - deyə bizdən soruşurdu. Mən də təəccüblə:
- Nənə indi ki, yazdı, sən elə qış deyib durursan!
- Eh, ay bala, mənim yazım kəndimizdə qalıb!
Yazda biz tərəflərdə dağ-dərə gül-çiçəyə bürünür. Çayların şırıltısı elə bil torpağa layla çalır. Hələ quşların səsini demirəm! Heyif o yerlərdən! Ya qismət bir də görəm, ya görməyəm! Allah özü bizə rəhm eləsin!
Yayın istisində belə nənəm yatanda üstünə qalın yorğan salardı. Mən də uşaq şıltaqlığından qalmırdım: - Nənə, bu istidə yorğanın içində bişmirsən?
- Yox, qadan alım, sən bilməzsən, babanın sümüyü tənha yurdda sızıldayır, mənim canım da burda üşüyür! Elə hey, yuxuma gəlib deyir: -Ay Güllü, nə vaxt gəlirsən, üstüm açıqdı axı, üşüyürəm!
Bax beləcə, günləri aylara, ayları da illərə calayıb yaşayırdıq. Hə,.. əgər buna yaşamaq demək olarsa?! Ağlımız, düşüncəmiz, ürəyimiz qalmışdı yurd yerində, cansız bədənimiz isə şəhərin küçələrində dolaşırdı. Getdikcə, insanlarla birgə ümidlər də ölürdü!
Nənəm isə hər gün babamın sazını əlinə alıb, nəticəsi Qalibi qonşu küçədə yaşayan Aşıq Vüqarın yanına aparırdı. Açığı, mən özüm saz çalmağa o qədər də həvəsli deyildim, ancaq 8 yaşlı oğlum Qalibin saza bir başqa həvəsi var idi.
Nənəm də, babamın yadigarı olan bu sazın susmasına heç cür razı olmurdu. Üzünü həmişə bacı-qardaşlarıma tutub deyirdi:
- Aranızda heç olmazsa, biriniz bu sazı çalacaq, ya yox? Bu saz çalınmalıdı ki, babanızın ruhu şad olsun! Bilsin ki, gec-tez o torpağa qayıdacaqsınız!
- İnşallah, ay nənə, səninlə birlikdə! Nənəm isə əlini yelləyib: - Yox, ağlım sizdən bir şey kəsmir, ümidim ancaq Qalibədi!
Üzünü Qalibə tutub: - Nənə qurban, "Misri"ni çalan günü, qapıda qoç kəsdirəcəm!
Bax beləcə, günlər bir-birini əvəzləyirdi. Və həmin gözlədiyimiz gün gəldi! Həyət-bacada, küçədə-yolda, vətənimizin hər bucağından insanların səsi ucaldı! "Qarabağ bizimdi! Qarabağ Azərbaycandır!" şüarı, Xalq, Millət, Dövlət birliyinə çevrilərək düşmən başını əzən yumruğa döndü. Belə bir məqamda, nəyi nə vaxt və necə etməyi gözəl bilən ölkə Prezidenti, Ali Baş Komandandan: - Qarabağı düşmənlərdən azad etmək əmri gəldi! Vətən torpağını erməni daşnaklarından təmizləmək üçün döyüşə gedən minlərlə könüllülərə mən də qoşuldum! Yola düşərkən nənəm məni müqəddəs "Quran" kitabının altından keçirərək dedi:
- Allah, Azərbaycan əsgərini qorusun! Ermənilərdən günahsız qətlə yetirilmiş yüzlərlə insanların, atanın qisasını alın, bala!
- Bura bax, Rüstəm, bir də bizim kəndi almamış geri gəlmə ha!
- Yaxşı, ay nənə! Hər şey yaxşı olacaq! Salamat qalın, buradakı əsgərlər sənin tabeliyinə keçir!
- Sən burdan narahat olma, cəbhədən mənə xeyir xəbərlər yolla, ay bala! Başımızı uca elə, düşmənimizi xar!
Beləcə, deyə-gülə nənəm məni döyüşə yola saldı. Mənim üçün həyəcanlı, qürurlu, igid əsgər dostlarımla birgə, qan qoxulu, qələbə sevincli 44 gün belə başladı. Bütün Azərbaycanın ürəyi qələbə sevinci ilə döyünürdü. Bizim evdə isə nə baş verdiyini, nənəmin nəticəsi Qalib yaxşı bilir.
Mənim atam Rüstəm, nənəmin ilk oğul nəvəsi olduğundan ailədə hamı bilirdi ki, Rüstəm nənəmin sevimli nəvəsidi. Elə ki, mən doğuldum, nənəm adqoydu mərasimində atama deyib: - Rüstəm, sən bu gündən keçdin ikinci plana, mən gələcək ümidlərimi ancaq Qalibə bağlamışam! Onun yaşı 90 olsa da, çox qıvraq idi. - Bala, mən nehrə yağı, dağ balı ilə böyümüşəm, sizin kimi "Teksun"la yox, - deyəndə hamımız gülürdük. Nənəmin sinəsi bayatı ilə, nağılla, oxşamalarla dolu idi. Eldən-obadan danışmaqdan doymazdı. Mən də saatlarla ona qulaq asırdım. O, hər dəfə - Ay kişi qırığı - deyib, buyuranda mənə elə gəlirdi ki, dünyanın ən böyük kişisi elə mənəm!
- Ay bala, Qalib, tez ol televizoru aç görüm qadasın aldığım təzə nə xəbər bildirir!
- Ay nənə, hələ vaxta var, tələsmə!
- Sən vaxta baxma, birdən elə xeyir xəbər olar ki, "Xəbərlər"dən tez xəbər verərlər!
- Qalib, bala, görəsən, bu Prezident niyə hər axşam çıxıb bir məlumat vermir, hə? Axı, nə qədər anaların, bacıların, gəlinlərin gözü yoldadı!
- Ay nənə, Prezidentin gecəsi-gündüzü yoxdu, O, döyüşlərə rəhbərlik edir. Generallara, əsgərlərə əmr verir!
- Deyirsən, indi o da döyüş bölgəsindədi?
- Bəs necə, Ali Baş Komandan hər döyüşçünün yanındadı! Hamı ona inanır, mən də ona inanıram, nənə!
- Allahım, sən Prezidentimizi qoru!
- Nənə, ermənilər onun "dəmir yumruğ"undan qorxub qaçırlar! Əsgərlərimiz onları iti qovan kimi qovurlar!
- Yaxşı-yaxşı, gəl aç bu televizoru! Görüm nə xəbər deyirlər! Bu işə məəttəl qalmışam. Bizim bu əsgərlər, niyə belə ağır-ağır irəliləyirlər! Cəbrayıl alındı, Xüdafərin körpüsü bizim əlimizdə! Ordan Zəngilana, Qubadlıya nə qalıb ki, neçə gündü oranı ala bilmirlər?
- Bu müharibədi, ay nənə! Uşaq-muşaq oyunu deyil! Bu 30 ildə ermənilər bilirsən nə qədər keçilməz sədlər qurublar, səngərlər qazıblar, minalar basdırıblar.
- Allah onları yer üzündən silsin!
- Görəsən, nə oldu bu "Xəbərlər"ə, bunlar niyə gec başlayırlar!
- Tələsimə, ay nənə, bir səbrin olsun da, indi başlar!
- Eh, ay bala, nə qədər səbr etmək olar, bu səbrin də bir sonu olmalıdı, ya yox?!
Doğrudan da, düşmən üzərində Qələbə çalmaq nə gözəl hiss imiş! İnsan sanki yenidən doğulur. Qocalı-cavanlı qürur və şərəfin nə olduğunu məhz həmin anlarda duyursan! Eşq olsun, bu sevinci bizə bəxş edən əsgərlərimizə, generallarımıza, Ali Baş Komandanımıza! Allah Şəhidlərimizə rəhmət eləsin! Bu mənim düşüncələrimdir! Görəsən, nənəm nə düşünür!
- Bala, mən düşünürəm ki, 30 ildən sonra indi yaşamağa dəyər! Allaha qurban olum, bizim inamımızı ölməyə qoymadı. İnşallah qurbanlarım var, yurda qayıdan kimi kəsdirəcəm!
- Nənə, bir televizora bax, Zəngilan, Qubadlıda ermənilər bizim məscidlərdə mal-heyvan, donuz saxlayırmışlar! Bay, alcaqlar, heç Allah evini də mundarlamaq olar?
- Allah onların bəlasını versin, köpək uşağı. Qalib bala, bizlərdə bir məsəl var: - "Donuz darıdan öz xoşu ilə çıxmaz , ancaq dəyənəklə çıxar!". Qurban olum Prezidentin yumruğuna, indi gör onların başın necə əzəcək!
Qubadlı alınandan bir həftə sonra, qəfildən bizə zəng gəldi. Anam diksindi! Həyat yoldaşı döyüş meydanında olan qadınlar anamı anlayar! O, telefonu açmağa ürək eləmirdi. Mən mobil telefonun whatsapp səhifəsini açdım. Uzun fəsilədən sonra atamın səsini eşitdim, üzünü gördüm. Onu hərbi geyimdə çiynində silah görəndə həm qürurlandım, həm də kövrəldim! Mənim sevincimə hamı qarışdı. O, bir kənd evinin həyətində idi. Üzündən yorğunluq tökülürdü, amma gözü gülürdü. Əlində bir xalça tutmuşdu. Atam gülə-gülə:
- Nənəmə deyinən kənddə evimizdəyəm.
Səsə qonşu otaqdan nənəm gəldi. Mən telefonun kamerasını ona çevirdim.
- Nənə, evimizdə gizlətdiyin xalçanı tapmışam, görürsən "Güllü Gəbə"ni!
Nənəm atamı öz həyətlərində əlində xalça görəndə, - Allah, sənə şükür deyib, qışqıraraq yıxıldı. Aləm qarışdı bir-birinə, atam zəng edib sürpriz yapmağına peşman oldu. Yaxşı ki, qonşuda həkim yaşayırdı. O, hay-küyə özün yetirdi. Bir ovuc həb və iynə nənəmi bizə qaytardı. Bir azdan atam yenə zəng etdi. Nənəm kameranın gözü ilə "Güllü Gəbə"nin sağına-soluna doyunca baxdıqdan sonra sakitləşdi.
- Rüstəm bala, biz gələnə kimi gəbəni qoru!
- Narahat olma, ay nənə, hərbi hissənin anbarına verəcəm, saxlasınlar! Özünə bax, nənə, qələbədən sonra səni gətirəcəm öz yurduna, biz hamımız bura qayıdacağıq! İndi çox qorxuludu, erməniləri təmizləmişik , ancaq hər tərəf minalanıb. Bu Allahsızlar hər yeri dağıdıblar, qəbiristanlığı yerlə-yeksan ediblər! İnşallah hər şey yoluna düşər, hamı qayıdar öz yurd-yuvasına!
- Allah sizi qorusun, ay bala! Ehtiyatlı olun, özünüzü qoruyun!
Bundan sonra nənəmin gecə-gündüz sözü söhbəti "Güllü Gəbə" oldu. Qonşu arvadı ilə hananı necə qurmaları, ipliyin boyanmasından, çeşni seçməsindən, arğacdan ilmənin keçməsindən, daha bilmirəm nələr-nələr... Bu gəbəyə sanki nənəm öz gözəl xoş günlərini toxumuşdu. Elə ona görə də ondan doya bilmirdi!
Hamının cəbhə ilə nəfəs aldığı günlərin birində, səhər tezdən nənəm hamımızı süfrə başına toplayıb, qarşısına qoyduğu su dolu ləyənə baxa-baxa, - bismillah, - deyib başladı gecə gördüyü yuxunu söyləməyə: - Allah xeyirliyə calasın! Bu gecə yuxuda gördüm ki, Həkəri çayında çimirəm. Baban da kənardan mənə baxır! Rəhmətliyin baxışı elə bil, cavan vaxtlarının qılınc kimi kəsən baxışı idi! Canıma üşütmə düşdü, qorxub oyandım!
Mən gülərək: - Nənə, sizin də gözəl vaxtlarınız olub ha?
- Olub bala, niyə olmayıb! İnşallah bundan sonra, sizin üçün olar! Amma bu gün, nə isə böyük bir xəbər olacaq!
Süfrə ətrafında oturanlar bir ağızdan: - İnşallah, xeyir xəbər olar!
Nənəmin bu yuxu proqnozundan sonra, hamı həyəcanla xəbərin nigaranlığı ilə yaşamağa başladı. Qarabağda şəhər və kəndlərin bir-birinin ardınca ermənilərdən təmizlənməsi küçə və meydanları təlatümə getirmişdi.
Hamı bir ağızdan "Qarabağ Azərbaycandır" kəlməsini elə hayqırırdılar ki, Azərbaycan insanının səsi dünyaya yayılırdı. Dünyanın bir çox ölkələrindən gələn informasiya agentliklərinin nümayəndələrinin ikili standartlara söykənən suallarını, Azərbaycan Prezidenti öz parlaq zəkası, siyasi müdrikliyi, sərkərdə qətiyyəti, məntiqli cavablar ilə dünyanı heyrətləndirməklə, elə həmin jurnalistlərin özlərini ifşa edirdi. BBC-nin müxbirini nənəm televizorda görəndə, - bu lap ilbisə oxşuyur, ay bala, türk jurnalistinin Şuşa ilə bağlı suallına Prezident deyəndə ki, "Şuşasız bu işimiz yarımçıq olardı" sözlərini nənəm eşidəndə, sanki ətrafında heç kəs yoxmuş kimi çığırdı: - Sənin Şuşa deyən dilinə qurban olum!
Bir sözlə, hamımız televizorun qarşısında "Xəbərlər"dən xəbər gözləyirdik! Nənəm dəstəmazını alıb, dualarını edib, gəldi əyləşdi divanın küncündə! Nəhayət ki, ekranda Prezident öz yumruğu ilə Zəfər - Qələbə xəbərini xalqa çatdırdı. "Şuşa bizimdi! Qarabağ Azərbaycandır!" - Kəlməsinin sevinci evlərdən küçələrə yayıldı. Nənəm göz yaşları içində ayağa durub ekrandan yumruqlu Prezidenti öpdü. Hamımız sevinc içində qucaqlaşıb, qışqırıb göz yaşı tökürdük.
Nənəm içəri otağa keçib, yataq otağında yastığın altına qoyduğu babamın buxara papağını qabarlı əlləri ilə oxşaya-oxşaya gətirib mənim başıma qoydu. Papaq böyük olduğu üçün başım onun içində itdi. Amma başımda qəribə bir istilik hiss etdim. Nənəm alnımdam öpdü, sonra divardan asılmış sazı götürüb mənə uzatdı: - Qalib, bunlar babanın yadigarıdı. Onları bu Zəfərdən sonra ancaq sənə etibar edə bilərəm. İndi isə nənə qurban, "Misri"ni çal!
Mən əvvəlcə tərəddüd etdim, ancaq nənəmin gözlərindəki parıltını görüb ürəkləndim. Sazı kökləyib mizrabı simlərə toxundurmuşdum ki, nənəm qollarını qaldırıb ləngərləyə-ləngərləyə balaca otaqda süzməyə başladı. Mənə elə gəldi ki, nənəm kəndlərində evlərinin həyətində toyda süzür! Evdəkilər donub qalmışdı. Qəfildən nənəm əlini ürəyinin ustünə qoyub həmişə oturduğu divana çökdü. Sanki bir ölüm mələyi nənəmin çiyninə qonmuşdu. Ürək artıq sözünə baxmırdı. Nənəm son nəfəsində dedi: - Qalib, atana zəng elə məni aparıb kənddə babanın yanında dəfn etsin! Kişinin gözü yoldadı.
Biz çox çətinliklə də olsa, nənəmin cənazəsini işğaldan azad olmuş kəndimizə, onun öz evinə gətirdik! Atam "Güllü Gəbə"ni həyətə sərdi. Bir vaxtlar nənəm gəbəyə ilmə vura-vura, həvə ilə kirkidin ritminə uyğun sevgi dolu bayatılar söyləmişdi:
İlmənin sanı yoxdu
Ərişin sonu yoxdu,
Məst olarsan ətrindən
Çiçəkdi, canı yoxdu!
İndi nənəm həmin gəbənin qoynunda əbədi yuxuya getmişdi. Nənəm son mənzilə "Güllü Gəbə"yə bükülü getdi. Onu kənd qəbiristanlığında, babamın yanında torpağa tapşırdıq. Yəqin, nənəm nigaran ruhlara xəbər apardı ki, artıq rahat uyuyun, torpaqlarımız özümüzdədi! Bir azdan kənd camaatı sizləri ziyarətə gələcəklər! Molla Yasin surəsini tamamlayıb, üzünü qəbiristanlıq əhlinə tutaraq dedi:
- Erməni cəlladlarına lənət, sizlərə rəhmət! Ruhunuz şad olsun! Amin!
10.11.2020
İllüstrasiya: P.Qogen "Çiçəklər və xalça" (1881)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!