Alpay AZƏR
Səs və görüntü zaman kontekstində. Maqnitofonun evolyusiyasını yaşlı və orta nəsil yəqin, yaxşı xatırlayır. Əvvəlcə ağır, yekə maqnitofonlar var idi, üstündə uzun lentin sarıldığı ikidiskli ağır, yekə bir cihaz, uşaq vaxtı o məndə "gonbul adam" təəssüratı yaradırdı. İnsanlar vaxtilə ikidiskli maqnitofonlara səslərini yazdırıb, o diskləri əziz bir əşya kimi illərlə evlərində saxlayırdı. Bibimin dediyinə görə, İkinci Dünya müharibəsində iştirak etmiş babam Bakıya, bizə gələndə, atam onun səsini həmin maqnitofona yazıbmış. Heyif, it-bata düşdü o disk. Sonralar kasetli maqnitofonlar meydana çıxdı, kasetdəki səsi silib üstündən yenidən adam səsi, ya mahnı yazmaq olurdu. Bir də, yadımdadır, qonşumuz Orxan altıncı, ya yeddinci sinifdə oxuyanda mənə fəxrlə deyirdi ki, Ağdamda qalan əmisi oğlu "Ögey ana" filminin hamısını, yəni tək səsləri, bir neçə maqnitofon kasetinə köçürüb. Orxan bunu əmisi oğlunun nəsə qeyri-adi bir iş gördüyü kimi danışmışdı.
Keçən əsrin səksəninci illərində videokasetlər çıxdı, artıq tək səs yox, görüntü də kasetlərə yazıldı. İki minlərin əvvəllərində isə videokasetdəki filmləri, nişanları, toyları DVD disklərə köçürməyə başladılar.
İndi isə insanın səsi də, görüntüsü də telefona yazılır, onları votsap, feysbukun msn-iylə başqasına göndərmək olur. Artıq səs ilk gonbul maqnitofonlardakı kimi dəyərini, ecazlığını saxlamır. İnsanlar yaxınlarıyla, sevgililəriylə votsapda bir-birinə səs mesajları göndərib, operativ şəkildə məsələləri həll edirlər, sonra telefonun yaddaşında yer tutur deyə, çox vaxt səsləri silirlər, onları kompüterdə bir qovluğa atmağa həvəsləri olmur. Ancaq bu məsələdə bir istisna var. Qəfil əzizini itirənlər bir müddət sonra mərhumu müzakirə edəndə deyirlər: "Onun telefonda videosu qalmayıb? Bir dur kompüterdə axtar görək, bəlkə tapdın", "Axx, niyə sağlığında onu telefona çox çəkmədik?" və s. bu kimi suallar, heyifsilənmələr. Olub ki, bir doğmamla bir-birimizə səs mesajları göndərəndən sonra, beynimdən "birdən o ölər" qaramat fikri beynimdən keçib, tez özümə "gic-gic danışma" deyib səs mesajları vasitəsilə etdiyimiz danışıqları silmişəm. Elə də olub ki, yazdığım hekayə ilə bağlı tanış olduğum yaşlı bir milis zabitilə səs mesajlarıyla iki ay-filan söhbət etmişik, sonra silmişəm onları. Son söhbətimizdən heç bir ay keçməmiş votsap statusunda oğlu, onun rəhmətə getdiyi xəbərini paylaşıb, heç vaxt üz-üzə söhbət etmədiyim bu adamın ölüm xəbəri məni əməlli-başlı qəhərləndirib, "Kaş ki, səs mesajlarını silməyəydim. Ya heç olmasa, bir-ikisini saxlayaydım" - demişəm özümə. Eyni zamanda anlamışam ki, əgər o mənə səs yox, tək cümlələr yazıb göndərsəydi, həmin adamın ölümündən sonra da mən onları oxusaydım, ya mərhumun profil şəklinə baxsaydım, qəhərlənməzdim. Yəqin, həyatda görmədiyin adamın səsi onun şəklinin yaratdığı təsirdən daha güclüdür. Bir sözlə, adam öləndən sonra onun səsi bir növ sakrallaşır, onu diri edir yaddaşımızda.
***
"Onu bağışlamaq olarmı?" məsələsi. Zahid həyatı keçirən, xəstələrə şəfa verən xristian övliyası Serafim Sarovski meşədə onu baltayla vurub ağır yaralayan cinayətkarı bağışlayır, yeri gəlmişkən, eyni şeyi 1990-cı ildə naməlum şəxs tərəfindən həmin üsulla öldürülmüş pravoslav ilahiyyatçı Aleksandr Men haqqında da deyirlər. Bir neçə il öncə İranda on yeddi yaşlı oğlunun qatilini edam məkanında, ip boğazına keçirilərkən bağışlayan ananı xatırlayaq. Ana cinayətkarın ailəsindən qan haqqı almaqla kifayətlənibmiş, o pulu isə özünə götürməyib, həyətdə futbol stadionunun tikintisinə ayırıbmış. Gətirdiyim misallara humanizmin ən ali zirvəsi demək olar, bu hadisələrə reaksiyalarda iki şeyi müşahidə edirik. Kimlərsə belə humanizmi ifrat, yersiz hesab edib qıcıq olur, - şəxsən feysbuk müzakirələrində bunun şahidi olmuşam, - bəziləri isə əksinə, qəhərlənirlər. Amma düşünəndə ki, bu cür bağışlamaların tez-tez baş verməsi nələrə gətirib çıxara bilər, o qədər də yaxşı nəticələrə gəlmək olmur. Birincisi, qatı cinayətlərin fonunda qatilləri bağışlayan humanistlərin sayının artması bizdə ikrah hissi doğurardı, "Tay ağ eləmiyin də" deyərdik. İkincisi, yəqin ki, qatillərin sayı daha da çoxalardı, çünki bağışlanmaya ümid edib cinayətə meyil edənlər öz əməllərini daha rahat edə bilərdilər. Ona görə bəzi humanist əməllər elə fərdi xarakter daşısa yaxşıdı.
Səhlənkarlıq etdiyinə görə pasientin ölümünə səbəb olan cərrahla da bağlı eyni şeylər adamın ağlından keçir, "Onu bağışlamaq olarmı?" dilemması qarşısında qalırsan. Bağışlasan, həkimin növbəti səhlənkarlığına stimul verməkdən ehtiyat edirsən. Burda, məncə, situasiya fərqlidir, əksinə, belə şey həkimləri əməliyyat zamanı daha məsuliyyətli, daha diqqətli olmağa vadar edər.
***
Bir də var mətnin ruhu. Müəllif bir hadisəyə yoluxub yeni bir şey yazacağını hiss edir, onun başında hələ nə giriş, nə süjet xətti, nə də sonluq var. Əvəzində mətnin ruhu var ki, müəllifi sanki özüylə dartıb öncə dediyim vacib komponentlərə aparıb çıxarır.
***
Obyektiv tənqid lağ, istehzalı tonda deyiləndə, ya yazılanda, tənqid qeybətə çevrilir, hardasa öz ciddiliyini itirir, çünki bu zaman diqqət sözə, fikrə yox, onun ifadə tərzinə yönəlir.
***
Tənqidçi pulla məqalə yaza bilərmi? Bu məsələ bizim ədəbi cameədə çox müzakirə olunur, buna görə bəzi tənqidçiləri qınayanlar az deyil. Məncə, tənqidçi, qrafoman yox, istedadlı yazıçı, ya şairin əsərləri haqda pul qarşılığında məqalə yazırsa, burda pis bir şey yoxdur. Lap detallı yazım: istedadlı yazıçı və şair hansısa tənqidçiyə işarə edir ki, sən yaz, mən lazım olan qədər zəhmət haqqını verəcəm, bu halda tənqidçi halal pulunu qazanır. Tənqidçi yalnız qrafoman haqda tərif məqaləsi yazanda peşə prinsiplərinə xəyanət edir, çünki özü münafiqlik etdiyinin fərqində olur.
***
Yazıçı xoşbəxtliyi misalı, - o, tam əmindir ki, şəxsən tanıdığı eyiblərini, paxırını açdığı prototip öz obrazının əks olunduğu əsərini oxumayacaq, ona görə ağına-bozuna baxmadan kağıza döşəyir, mətnin nöqtəsini qoyanda dərindən nəfəs alır, gecə yerinə girəndə fikirləşmir ki, görən, yazı nəşr olunsa, prototip oxuyub özünü orda görüb yazıçıya zəng edib ağzına gələni deyəcək. Lap axırda müəllif mətni "Azərbaycan" jurnalına göndərir, jurnalda çıxandan sonra kulis.az saytına göndərir, üstəlik, beş ay sonra quqlda axtarış verir görsün, başqa saytlar da ədəbiyyatdan min kilometr uzaq olan prototipin oxumayacağı əsəri veribmi.
***
Ovqatın küləyinə müqavimət göstərən əsərlər. Bir dəfə dərs dediyim Bakı Slavyan Universitetində mərhum dilçi alim Aslan Məmmədli ilə ümumi şəkildə klassiklərin əsərlərini müzakirə edirdik. Ona sual verdim: "Zamandan asılı olaraq, klassiklərin hansısa mətninə münasibətiniz dəyişirmi?" - "Əlbəttə, dəyişir," - cavab verdi. Əslində, bu, kitabsevərlərin çoxlarına xasdır. Amma gözəl əsər ona görə gözəldir ki, o, pis ovqatın küləyinə müqavimət göstərir və yıxılmır. Yəni ədəbiyyatı bilən oxucu tutaq ki, Dostoyevskinin "Karamazov qardaşları" romanının doğurduğu psixoloji gərginlikdən, ya Marsel Prustun "Germantlar"dakı ətalətdən darıxıb, bezib kitabı qırağa qoyanda, gözəl anlayır ki, bunu ovqatına görə belə edir, əsər onun xoşuna gəlmədiyinə görə yox.
***
Müəllif öz mətnini bildiyi xarici dilə rahat, xüsusi çətinlik çəkmədən tərcümə edəndə qəribə, həm də məhrəm bir dilin stixiyasına düşür, məhz tərcümə prosesində "ikinci doğma dil"in nə olduğunu anlayır. Hətta müəllif tərcümə vaxtı hıqqananda belə, bu, çox vaxt elə doğma dilin çətinliyi ilə bağlı olur.
***
"Hə, nə olsun ki?" - normal dildə, üslubda, amma məzmunca zəif nəsr mətninin doğurduğu ilkin reaksiya. "Maraqlıdı yazdığın, amma nəsə çatmır" - ya süjetin ortasında boşluq var, sonluq uğursuzdu, ya da obraz(lar)ın tam açılmayıb. "Çox pinti yazılıb" - dildə problem var.
***
Bir dəfə qələm dostum, şair Rəbiqə Nazimqızından soruşdum: "Fərz edək, sən şeir müsabiqəsində ekspertsən, finala aşağı-yuxarı eyni səviyyədə olan iki şeir düşüb. Finalçılardan biri dostundu, o biri yox, bilirsən ki, ikisi də yüksək yer tutmağa iddialıdı, hansına artıq bal verərdin? Rəbiqə bir az fikrə gedib dedi: "Dostuma yox, o biri adama". - "Niyə?" - "Çünki dostuma səs versəm, elə biləcəm dostbazlıq elədim, o birisinin haqqına girdim". - "O birisinin haqqına girmirsən axı, dediyim kimi o da sənin dostun səviyyəndə şeir göndərib müsabiqəyə". - "Yox, yenə də o biri adama bir bal artıq verərdim".
Sonralar bu barədə düşünəndə, məsələyə birmənalı yanaşmağın mümkün olmadığını anladım, hardasa Rəbiqəyə haqq qazandırdım, həm də fikirləşdim, tutaq ki, mən hekayə müsabiqəsində ekspert kimi eyni situasiya ilə üzləşsəm, əksinə, dostuma səs verərdim və Rəbiqə demişkən, dostbazlıq etsəm belə, o biri yazıçıya qarşı ədalətsizlik etməzdim.
P.S. O cür seçimlərdə çətinlik çəkən ekspert ədalət naminə "maddi ehtiyac" kriterisini əsas götürə bilər: kimin daha çox pula ehtiyacı var, ona da çox bal vermək.
***
"Çox köhnədi e", "Çox tanış mövzudu". Altmışıncı illər nəslinə aid yazıçıların əsərləri haqda bəzən bunu eşidirik. "Nə mənada? Əsər paltardı-zaddı bəyəm köhnəlsin?" - bir dəfə bu fikri deyən yazıçı dostlarımdan birinə sual verdim. "O mənada ki, onun yazdığı əsərlər indi heç kimə maraqlı deyil" - cavabı belə oldu. Bəzən mətnin köhnə olmasını hiss edirsən, daha doğrusu, nə vaxtsa səni valeh edən roman, ya hekayəni oxuyanda, o sənə çox tanış, həm də köhnə gəlir. Sadəcə, əsərin köhnəliyi onun bədii dəyərini əsla azaltmır və ilk baxışdan peşəkar ədəbiyyat adamı belə "çox köhnədi e" deyəndə, istər-istəməz adamda əsərə qarşı neqativ reaksiya yaranır. Amma məsələyə obyektiv, soyuq başla yanaşanda bu cür reaksiyanın əsassız olduğu qənaətinə gəlirsən.
P.S. Sadəcə, eyni mövzuları təkrar-təkrar, üstəlik, eyni üslubla yazanda, yazıçılar, oxucular bu cür əsərlərin monotonluğundan bezir.
***
Qəzetlərdə romandan parça verilməsi mənə heç vaxt çatmayıb, məntiqsiz gəlir mənə. Nəyə görə? Birincisi, biz bilmirik, verilən parça romanın ilk abzasından başlanan hissədi, mətnin ortasındandı, yoxsa son hissələrdən biridir. İkincisi, tutaq ki, biz ortada kəsib götürülmüş hissəni oxuyuruq, xoşumuza gəlir və biz romanı tam halda oxumaq qərarına gəlirik. Həmin yerə çatana yaxın, istər-istəməz oxucu qıcıq olur, "Əşi bu yeri onsuz da oxumuşdum," - deyinir, başlayır səhifələri tez-tez çevirməyə, oxumadığı səhifəni tapmağa çalışır, gah dala qayıdır, gah yenə irəli gedir və sonda qiraət ritmini pozmuş olur.
***
Alman dramaturqu Georq Bühnerin "Voysek" pyesində eyniadlı qəhrəman deyir ki, hər bir insan dərin uçurumdur, baxarsan, adamın başı hərlənər. Əslində, hər bir insan həm uçurumdur, həm kəlləsinə çətin çıxılan dağdır, həm də asan enilən dağın ətəyidir, çəmənlikdir, batılası göldür, daha nələrdir, nələrdir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!