Hekayələr - Xeyrəddin QOCA

 

Qarışıqdır hələlik millətin istedadı, -

Ələnirsə safı bir yan, tozu bir yanlıq olur...

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.

          Mirzə Ələkbər Sabir

 

 

Yuxu

Keçən gecə qəribə bir yuxu görmüşəm, ərz eləyim qulluğunuza, görüm bu yuxunu necə yozursunuz.

Yuxuda görürəm ki, yüz il əvvəl dünyaya göz açmışam. Görürəm "Molla Nəsrəddin" adında bir jurnal çıxır, səs-sorağı aləmə yayılıb. Fikirləşirəm  ayə, bu jurnal niyə belə məşhuri-cahan olub? Götürüb vərəqləyirəm, görürəm paho, burada nələr yazılmayıb?! Daha millətin əyər-əskiyi qalmayıb, hamısı aləmə faş olub. Molla, tacir, it boğuşduran, xoruz döyüşdürən, quşbaz, fala baxan, rəml atan, yalançı, yaltaq, fırıldaqçı, əliəyri, rüşvətxor, ağılsız, axmaq, bir sözlə, "şəngülüm", "şüngülüm" hamısı ələ salınıb. Camaat da oxuyub gülür. Camaata nə var ey, onlara gülmək olsun...

Sonra yuxuda görürəm ki, yaşaya-yaşaya gəlib çatmışam indiki zamanlara. Qəzet-jurnal o qədər çoxdur ki, oxuyub qurtarmaq olmur. Qələm əhli "Molla Nəsrəddin" kimi yaza bilməsə də, millətin çatışmazlıqlarından ağına-bozuna baxmadan, o ki var, yazır. Keçmişdə pis əməllərlə məşğul olanların çoxu indi molla olub, it boğuşduranlar yenə it boğuşdururlar, xoruz döyüşdürənlər yenə xoruz döyüşdürürlər, quşbazlar quşbazlıqlarıynan məşğul olurlar, fala baxanlar kompüterdə fala baxırlar, rəml atanlar ekstrasenslik edirlər, yalançılar yalanlarının doğru olduğunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxırlar, fırıldaqçılar təzə üsullar tapıblar, əliəyrilər, rüşvətxorlar böyük-böyük vəzifələr tutublar, "şəngülüm", "şüngülüm"lər əməlli-başlı adam olublar.

O bunu söyür, bu da onu. Qalmışam mat-məəttəl. Yüz ildə nə dəyişildi ki?

Görəsən, bu yuxunu yozan tapılacaqmı?

 

 

Həqiqət

Bakıda yaşayan əcnəbilərdən biri televiziyaya məktub göndərib, soruşur ki, "həqiqət" nədir?

Doğru deyiblər ey, bu camaat boş-bekar qalanda bilmir nə işlə məşğul olsun. Kişinin oğlu həqiqət axtarır! Özü də harada? Heç televiziyada, mətbuatda da həqiqət axtararlar?

Yenə gəlib üzbəsurət qarşımda dayanıb həqiqətin nə olduğunu məndən soruşsaydı, cavab verərdim.

Cavab verərdim ki, Allaha şükür, sən özün Bakıda yaşayan adamsan. Görmürsən ki, həqiqət axtara-axtara neçə-neçə insan bu dünyadan köçüb, ömrünü də bağışlayıb bizə?

Görmürsən ki, rüşvətxorluq, dəstəbazlıq, qrupbazlıq, partiyabazlıq, yerlibazlıq, yekəbaşlıq, quşbazlıq şəhəri başına götürüb?

Görmürsən ki, bəziləri "Burada mənəm, Bağdadda kor xəlifə" deyib, əllərindən gələni "beş qaba" çəkirlər?

Əcnəbi qardaş, bunlar həqiqətdir.

Əzizim, görmürsən ki, kişilərimizin çoxu ayıb da olsa, öz arvad-uşaqlarını şəxsən, həm də təntənəli surətdə başqa ölkələrə alver dalınca, qazanc dalınca göndərirlər?

Görmürsən ki, vəzifə üstündə qırğın-qiyamətdir?

Sən ki, bunları görürsən. Axı, bunlar həqiqətdir.

Görmürsən ki, sənin kimi əcnəbilər Bakıya axışıb, burada "biznes" qurublar, bizimkiləri də qəpik-quruşa əllərinin altında işlədirlər? Sən ki, onlara yaxşı bələdsən. Xeyirləri olmasa niyə o boyda ölkələrdən basa-basa bura gəlirlər, hə?

Amma onları da qınamaq olmaz. Prokuror gəlir ki, ver. Vergi müfəttişi gəlir ki, ver. Polis gəlir ki, ver. Ver, ver, ver! Ağzı nədir verməsin. İşləyə bilməz axı!

Bax, bunlar həqiqətdir.

Görmürsən ki, çoxları əmək haqqı ilə "dolanır", amma böyük-böyük mülklər alır, bağlar salır, bahalı maşınlarda gəzirlər? Paxıllıq eləyənin gözləri kor olsun! Amma axı, sən bunları görürsən, niyə görməməzliyə vurursan? Bunlar həqiqətdir, əcnəbi qardaş, həqiqətdir.

Görmürsən ki, ziyalı təbəqə necə yaşayır, heç ömründə universitet qapısı tanımayanlar necə? Vaxtında məktəblərimizdə bu camaata pul qazanmaq yollarını öyrətsəydilər nə olardı? Elə hey deyirdilər, kimin maşını var, oğrudur, kimin pulu var, dələduzdur, kimin rahat evi var, başkəsəndir və yaxud rüşvətxordur, əliəyridir, antipoddur. Zalım uşaqları bu sinonim sözləri haradan tapıb çıxarırdılar, bilmirəm. Sən şəhərimizə təzə gəlmisən, bəlkə bunları bilməzsən. Amma bunlar həqiqətdir.

Niyə bu günə düşdüyümüzü də bilsən yaxşı olar, əcnəbi qardaş! Çünki çoxu öz yerini bilmir. Ölçü, meyar deyilən şeylər itib, gedib. Necə ki, dəli ancaq öz ağlını bəyənir, belələri də deyir "elə mən deyən olmalıdır". O deyir, bu deyir, işləmək, çalışmaq, qurub-yaratmaq yaddan çıxır. Axırda da ölkə qalır pis vəziyyətdə. Bizimkilər keçmişdə də belə olub, indi də belədirlər. Bu, bir həqiqətdir.

Sən tanımazsan, bir Molla Nəsrəddin vardı, Allah ona rəhmət eləsin, yazdıqlarının hamısı həqiqət idi. Elə həqiqət axtara-axtara da köçdü dünyadan...

 

 

Gözlərim

Uşaqlıqdan gözüqıpığam, yəni qorxağam. İllər keçib, indi böyüyüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki, çıxmır. Böyürdən biri "pık" eləyən kimi bağrım yarılır. Yəqin maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?

O vaxt qanmırdım, nə görürdüm, gəlib ata-anamın yanında danışırdım, onlar da üstümə qışqırırdılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklərimi görməməzliyə vururam.

Məsələn, görürəm ki, təzə-təzə siyasətin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümü vururam görməməzliyə. Bilirəm ki, prezident olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda darı görməkdir. Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, tay-tuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyəni qulaq eşitmir, özümü vururam görməməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməməzliyə. Çünki binayi-qədimdən belə olub, nə qədər müsəlmançılıqdı, yəqin həmişə də belə olacaq. Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağzına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi "döyür". Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyiləm ki" - deyə düşünüb, özümü vururam görməməzliyə.

Başağrısı olmasın, mənim gördüyüm, görməməzliyə vurduğum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verincə, kor yaratsa yaxşıydı. Vallah-billah, elə kor kimiyəm. Korun buynuzları olmaz ki!

 

 

Gərək xeyrini biləsən...

Hamı bilir, bir işə başlayıb axıra çıxanda oturub götür-qoy edərlər ki, görək bu işin xeyri nə olub, ziyanı nə. Görülən işlərin uzun çəkəni də olur, gündəliyi də. Uzun çəkən işlərdən biri partiya yaradıb demokratiya pərdəsi altında vəzifə tutmaq eşqidir. Gündəlik işlər də ki, cürbəcürdür. Məsələn, mağazada mal satıb gecənin yarısına qədər qazandığın pulları hesablamaq. Və yaxud birindən  şikayət yazıb yoxlamanın nəticəsini gözləmək. Ya da birinə badalaq vurub necə yıxıldığını görmək. Birini vəzifədən salıb ləzzət almaq. Rüşvət alıb yerbəyer eləmək. Onu-bunu gözdən salmaq üçün min cür hiyləgərlik etmək. Və sair və ilaxır. Saymaqla başa gələn deyil.

Partiya qurub vəzifə eşqi ilə yanıb-yaxılmaq, qeyd etdiyim kimi, "şərəfli" işlərdən biridir. Gərək bu işə girişənlər bərkdən-boşdan çəkinməsinlər. Necə deyərlər, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu".

Əvvəla, gərək sübut edəsən ki, sən dünyanın ən demokratik adamısan. İkincisi, göstərməlisən ki, səndən başqa yer üzündə siyasətçi yoxdur. Üçüncü də ki, qəzetlərdə, televiziyalarda tez-tez görünməlisən, göz qabağında olmalısan. Hələ bunlar nədir ki?! Gərək "ağı qara", "qaranı ağ" kimi qələmə verməyi bacarasan ki, desinlər kişinin başı hər şeydən çıxır. Həm də abır-həya, qorxu-zad bilməməlisən, cəsarətli olduğunu göstərməlisən. Bu qəzetlər ki, var, belə şeyləri  buraxmazlar, pis oldu, yaxşı oldu, hər şeyi yerli-yataqlı yazıb aləmə car çəkərlər. Bir də görürsən qabiliyyətsizin, bacarıqsızın birindən o qədər yazırlar ki, həmin adam Baş nazir vəzifəsinə iddia edir, düşünür ki, deməli, bunda nəsə var.

Bəlkə yadınıza düşər, əvvəllər lotoreya alanların hamısı maşın udmaq fikrinə düşürdülər. Lotoreya alanların bircəciyi fikirləşmirdi ki, velosiped uda bilər, soyuducu uda bilər, fotoaparat uda bilər. Axırda da nə udsalar yaxşıdır? Bircə manat! Sevinirdilər ki, yaxşıdır bir manatı udublar, o da olmaya bilərdi...

Xülasə, partiya qurub siyasətlə "məşğul olanlar"ın bəziləri nazirdən-zaddan ola bilməsələr də, axırı millət vəkili olurlar. Necə deyərlər, "o olmasın, bu olsun". Xeyrini ki, görürlər!

Millət vəkili olmaq isə hələ azdır, gərək məclisdə azdan-çoxdan danışa biləsən. Yeri gələndə kimi isə "yıxıb-sürüyəsən". Üç düymədən hansını basmaq haqqında düşünəsən. Gərək düyməni basanda xeyrini-şərini fikirləşəsən. Bir adam haqqında lazım gələndə tərif söyləməyi bacarasan, lazım gələndə onu rüsvay edə biləsən. Dünya gör-götür dünyasıdır, səndən əvvəlkilər necə ediblərsə, sən də elə edəsən. "Adamın bir sifəti olar" ifadəsinə çox da fikir verməyəsən. Belə etsən, tarixdə qalacaqsan. Dəxli yoxdur, tarixdə pis adam kimi qalacaqsan, yoxsa yaxşı adam kimi. Onu buraxmaq olar xalqın öhdəsinə. Əsas odur ki, tarixdə qalasan...

 

 

Prokurorun söhbəti

Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruşdum, "bəlkə qəbuluma gələnlər var?" Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".

Heç demə, onlara da elə bu lazım imiş: Bir-bir içəri girib, "ürək söhbəti" eləmək istəyirlərmiş...

Bir ağsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruşdum:

- Kişi, şikayətin nədir?

Nə cavab versə yaxşıdır?

- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!

- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?

- Əşi, yəni düşünürsən mən bu ağsaqqal vaxtımda şikayətə gəlmişəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.

Hirs vurdu təpəmə, dilləndim:

- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!

Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.

Birinci günüm belə keçdi.

İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim, yəqin üzr istəməyə gəlib.

Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.

Yenə soruşdum: "A kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:

- Üstünü düzəltdim, hörmətli prokuror! Altı min dollar elədim.

Elə bil, başımda ildırımlar çaxdı. Kişiyə necə qışqırdımsa, zərfi götürüb, o gedən getdi.

Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!