Səslərin şəkli - Nurlana İŞIQ

 

Mənim adım Gülüşdür. Atam bu adı məni ilk gördüyü gün qoyub. Çünki onun qucağında üzünə baxıb səsli gülümsəmişdim. O da mənə qarşılıq verib, axı bəzi duyğular yoluxucudur. Bu mənim yer üzündəki ilk canlı ünsiyyətim olub. İndi məktəbliyəm. Artıq  virtual dünyanın şagirdiyəm. Bir dəfə  müəllim bizə həm çətin, həm də maraqlı bir tapşırıq vermişdi:

- Uşaqlar, "Həyatımızdakı səslər" adlı esse yazın.

Mən çox fikirləşdim və bir az keçmiş tanış olan bütün səslər qulağımın düz dibində bir-bir ötməyə başladı və mən yazdım. Müəllimim essemi səsli oxudu:

"Əvvəl mən məktəbə gedib, evə tək qayıdanda yolboyu bütün səsləri dinləyirdim. Yəqin, aramızda addım səslərini dinləyən insanlar az deyil. Bəzən arxamda kiminsə həyəcanlı nəfəsini və yeyin addımlarını duyurdum. Onda bilirdim ki, bu, hər səhər körpə uşağını yuxuda qoyub çörək almağa tələsən qonşumuz Rəna xaladı. O, ev tərliklərində lap idmançılar kimi qaçırdı. Mənə elə gəlirdi ki, bu zaman o, ürəyinin döyüntüsünü eşidir. Bəzən də kimsə arxadan qaça-qaça gəlib gözlərimi ipək əlləri ilə bağlayardı, bu da ən yaxın dostum Ayçil idi. Belimdə çantam pilləkənləri qalxanda, asta və yorğun addım səsləri gəlirdi, bu mənim babam idi. Çox vaxt məni həyətdə qarşılayardı, mən ondan qabağa qaçıb sonra pilləkənin başından onun yavaş addımlarını dinləyirdim... Həyətdəki pişiyin addımları isə səssiz və sirli olurdu. O, gah qarşımda peyda olur, gah da arxadan səssizcə məni izləyirdi. Hələ səhər tezdən eyvanda, düz səkkizinci mərtəbədə uğuldayan, qanadlarını çırpıb uçan göyərçinləri demirəm. Sinifdə taxta lövhədə tıqqıldayan tabaşir də məni doymadığım səhər yuxusundan ayıldırdı, indi isə mən virtual dərslərdə bu səsləri eşitmirəm. Ancaq yaxşı ki, hər səhər quşlar ötür. Demək, hər şey qaydasındadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!