Həvva - Vahid Məmmədlinin hekayəsi

 

 

Sevdikcə sevilənlər Allahın da sevdikləridir...

 

İllərin yaddaşı hopmuş, daşları artıq qaralmış, köhnə qotik binanın fasadını xatırlatsa da, məscidlərin minarələri hələ sökülməmiş məhəllələrdə, göydələnlərin arasından şəhər uca və əzəmətli görünürdü. Özündə hər əsrdən bir nişanə daşıyan bu qədim şəhərə ilk gündən bu yana yeganə şahidlik edən isə mavi dənizdi...

Dənizkənarı bulvar boyunca uzanan ikitərəfli yolun sağı və soluyla şütüyən, əsasən tünd-qara, ara-sıra ağ, qırmızı, yaşıl, bənövşəyi avtomobillər hətta işıqforda da vurnuxur, siqnal verir, digərlərindən daha tez mənzil başına yetişməyə can atırdılar. Bircə o heç yana tələsmirdi. Arxadan gələn avtomobillər sıxmasaydılar, daha yavaş hərəkət edərdi...

Nədənsə, ürəyi sıxılırdı, hər şeyə yad hiss edirdi özünü. Sanki bu bahalı "Mersedes" də onun deyildi, restoranda başqasının pul verib sifariş etdiyi musiqiyə oynayırmış kimi sürürdü maşını. Ürəyini ona vermiş o dünya gözəlinə sahiblənə bilmədisə, indi sahib olduqlarının nə anlamı vardı? İllər keçsə də, bir gün də olsun unuda bilmədiyi o sevgisini xatırlayanda həmişə bu hissləri keçirirdi... Hər dəfəsində də ürəyi sancırdı.

Bütün şəhəri beş barmağı kimi tanısa da, bircə o məhəlləyə tərəf bir dəfə də olsun getməmişdi. Bu gün ürəyi daha şiddətlə ağrıyırdı. Yolu sola burulub köhnə məhəllələrinə doğru nə vaxt istiqamət götürdüyünü özü də anlamadı... Evi satıb məhəllədən köçdüklərindən sonra qız onu çox gözlədi. O da bir gün gəlib qıza elçi düşəcəyi günə çatmaq üçün çox çalışdı. Amma gecikdi. Qız ərə getdikdən sonra o məhəllənin yolunu tamamən unutmağa çalışdı. Unuda bildimi?..

Gör bir neçə ildir o məhəlləyə getmir. Köhnə qonşulardan olan tay-tuşlarının bir-ikisi ilə telefon əlaqəsi saxlayır. Əsasən də o çoxbilmiş dostu ilə. Sonuncu dəfə telefonda ona demişdi ki, məhəlləni söküb, yerində göydələnlər tikiblər. Gör bir nə qədər zaman keçib! İndi heç olmasa, uzaqdan da olsa, o məhəlləni, göydələnləri görmək istəyirdi...

Evlərin bir-birinə sığınmış gülbax üzlükləri kimi, sakinləri də biri o birinə gülümsəyən məhəllə şəhərin ən hündür yerindəydi. O isə yeni boy atmış cavan palıd ağacı kimiydi – yarpaqları yamyaşıl, hər il bir qədər də ucalan, yağışlardan pöhrələnən, günəşə doğru can atan əzəmətli gənc palıd kimi...

Məhəllədə hamı bir-birini tanıyırdı. Uşaqların hamısı yaxınlıqdakı məktəbə gedirdilər. Amma o qızı atası maşınla səhər məktəbə aparıb, dərslər qurtarandan sonra da evlərinə gətirərdi. Hər şey sözdən başlayıb deyirlər. O qızla sevgisi də içərisində minlərlə söz olan kitabdan başladı. Qızın qardaşı Əzəmətdən universitet imtahanlarına hazırlaşmaq üçün kitab istəmişdi.

- Bacımda o kitabdan var. Deyərəm verər, gətirərəm sənə, - demişdi Əzəmət. Kitabı gətirəndə arasında qızın şəkli vardı. Oxuyub qurtarandan sonra geri verəndə o da öz şəklini qoydu kitabın arasına. Qızın şəklini isə qaytarmadı. Qız da onun şəklini qaytarmadı...

Adı Yarminə idi qızın. Məhəllədə işdən sonra gecə qaralana kimi nərd, domino oynayan yaşlılar da, tində yığışıb bütün dünyanı ciblərində gəzdirən cavanlar da yalnız o anı gözləyirdilər, bu barədə bir kəlmə də kəsmədən, sanki heç kimin yadına da düşmədiyi o saatı: hər axşam saat səkkizdə Yarminənin anası ilə nənəsi qızı aralarına alıb məhəllənin ətrafına bir neçə dövrə vurur, yenidən evlərinə çəkilirdilər...

Onlar məhəllədə gəzəndə küçənin sakinləri yavaş hərəkətli kino lentinin personajlarını xatırladırdılar. Yaşlılar başlarını qaldırmadan köks ötürüb gözaltı o tərəfə baxır, cavanlar isə bədənlərindən keçən giziltini azaltmaq üçün siqaretə qullab vururdular...

Çiynindən aşağı uzanan zil qara saçları, cazibədar qaməti, iri ala gözləri sanki meydan oxuyur, “bu şəhərdə bu gözəllikdə başqası yoxdur” deyirdi. Yarminə hava almaq bəhanəsi ilə anasıgili məcbur edirdi ki, həyətə çıxsınlar. Vasifi bir gün görməsə, ürəyi rahatlıq tapmırdı. Vasif də bütün gün axşamın o saatının gəlişini gözləyirdi. O, tindəki cavanlardan bir az aralıda, ağacın altında iki dostu ilə dayanardı. Bir dəfə çoxbilmiş dostu elə bil onun beynini oxumağa çalışmışdı:

- Dünən anası bizə gəlmişdi. Anama deyib ki, qızı yaman çox yerdən istəyirlər. Atası da bir-iki aya məktəbi qurtaran kimi qızı verəcəklərini deyib.

O, çarəsizcə susmuşdu. Dostu da nədənsə çəkinib çox şeyi deməmişdi. Yarminənin anasının onlara gəlməkdə məqsədi başqa idi. Eşitdirmişdi ki, qızın ürəyi Vasifdədir, o da qızı sevir:

- Ay qız, bunun anası hara baxır? İkisi də gül kimi uşaqdırlar, bir-birlərinə çox yaraşırlar. Gedib yalvarası deyiləm ki...

Atası onları tərk edib gedəndən anası iki növbədə işləyirdi. Evə həmişə yorğun-arğın gələr, yatana kimi də deyinərdi: “Qoydu getdi…”, “yorulmuşam...”, “başınızın çarəsinə baxın...”. Sonra anası bu yükə dözməyib xəstələndi. Evi satmaq məcburiyyətində qaldılar. Atasının sahib çıxa bilmədiyi bacı-qardaşlarına, anasına Vasif sahib çıxdı. Bircə Yarminəyə sahiblənə bilmədi. Yalnız indi, çox illər keçəndən sonra anlayırdı ki, sahibsiz qalanlar həyatın onlara göstərdiyi lütfsüzlükdən dolayı, daha qətiyyətli olmalı, sevdiklərinə daha sıx sarılmalıdırlar...

Köhnə məhəlləyə nə vaxt gəlib çıxdığını anlamadı. Sinəsindəki ağrıya dözə bilməyib maşından düşdü, köks dolusu dərin nəfəs aldı. O boyda məhəllənin yerində dördkünc, düzbucaqlı, eyni eyvan və pəncərələrdən ibarət bina dururdu. Binanı sanki daş-daş hörüb qaldırmamışdılar, köhnə məhəllənin ürəyinin üstünə pərçimləmişdilər.

Qəhərdən boğulurdu. Yıxılmamaq üçün yapışdığı maşının qapısının uc hissəsinin ovcuna batdığını görüb, qapını itələyib örtdü. Göydələnin birinci mərtəbəsindəki əczaxananın önündə dayandı. Bu bina Yarminəgilin evlərinin yerində tikilmişdi. Köhnə məhəllədə Yarminəgilin birmərtəbəli evlərinin pəncərələri küçəyə baxırdı. O mənzildə pərdələr elə asılmışdı ki, içəridəki otaqlarda yanan işıqlar da görünməzdi. Amma pəncərələrinin önündən keçəndə həmişə ona elə gəlirdi ki, qız ona baxır...

Nəfəs ala bilmirdi. Sinəsindəki ağrı dözülməz həddə çatmışdı, ürəyi sanki yerindən qopacaqdı. Özünü birtəhər əczaxananın qapısından içəri atdı. Ağrının təsirindən  ayaqlarının yerdən üzüldüyünü hiss edirdi, özündə deyildi. Şad xəbər verirmiş kimi bir anlıq gülümsəyib, şüşə vitrinin arxasından güclə görünən ağxalatlıya xırıltılı səslə “Deyəsən, mən ölürəm”, - deyə bildi, səndirləyib yerə yıxıldı...

İnsan öləndə hər şey son gördüklərindən başlayır. Yuxarıdan bir-iki düyməsi açıq olan xalat ağarıb-ağarıb, süd kimi işığa çevrildi. Məkan büsbütün ağardı, sonra dairələnib qaranlıqda hərəkət etməyə, onu da arxasınca aparmağa çalışdı. Ruhu bədənindən çıxıb işığın arxasınca getmək istəsə də, kimsə sinəsindən basıb onu silkələyir, ruhunun ayrılmasına icazə vermirdi.

Beləcə, bir xeyli silkələndikdən sonra gözləri önündə gənc Yarminə göründü. Elə o illərdə olduğu kimi, həmin yaşda, eyni gözəllikdə. Beyni dumanlı halda: "Aman Allahım, mən cənnətə düşmüşəm. İlahi, Sən məni, axır ki, Yarminə ilə qovuşdurdun. Mən necə də xoşbəxtəm! Yarminəm ilə cənnətdə əbədi yaşayacağam. Sənə şükürlər olsun, Allahım", - deyə yarışüurlu halda şükr edirdi. Qızın sinəsi gözlərinə yaxın məsafədə qalxıb enir, həyatı boyu sevdiyi o qız indi cidd-cəhdlə onun sinəsindən basırdı...

- Gözlərini açdı, şükürlər olsun...

Gənc Yarminə bir qədər duruxub əllərini onun sinəsindən götürdü, biləyini əlinə alıb nəbzini yoxladı, təlaşla:

- Yaman qorxmuşdum. Sizi həyata qaytara bilməsəydim, ömrü boyu özümü günahkar hiss edəcəkdim, - dedi.

Yarminə əlindən daha bərk yapışıb onu dikəltdi. Arxadan boylanan ağxalatlı qadın Yarminəni göstərib, - Mənim qızımdır. Adı Həvvadır. Tibb Universitetində oxuyur, -dedi. Vasifin üzündə çaşqın, donuq, xoşbəxt ifadələr bir-birinə qarışmışdı, nə baş verdiyini anlamağa çalışmaq üçün belə halı yox idi. Ağxalatlı qadınsa hələ də izah edirdi: - Əczaxananın arxası bizim mənzildir. Ara divarına qapı qoymuşuq. Yıxıldığınızı görüb özümü itirmişdim. Tez Həvvanı qapıdan səsləyib çağırdım. Universitetdə onlara ilk yardımı da öyrədirlər...

O, bir qadına baxdı, bir də əlini hələ də buraxmayan gənc və gözəl Yarminəyə. Amma nədən arxadakı bu qadın onun adının Həvva olduğunu deyir. Həyatla ölüm arasında hələ də harada olduğunu anlaya bilməsə də qadının: - Siz mənə çox tanış gəlirsiniz. İllər əvvəl yaxından tanıdığım birinə bənzəyirsiniz. Şükürlər olsun ki, həyatdasınız, - sözlərindən sonra ilk məhəbbətini, Yarminəni tanıdı. Ölümdən döndüyünü anladı. Allah ona ikinci həyat vermişdi...

- Mən klinikada tibb bacısı işləyirəm. Səhər gəlin ürəyinizi müayinə etdirək. Sizə ürəyinizi qorumaq lazımdır, - deyə Həvva gülüməyərək işlədiyi klinikanın vizit kartını ona uzatdı.

Baş verənlərdən özünü itirmiş olsa da, toparlanmağa çalışdı, illər sonra sevgilisinə yenidən rast gəlmişkən zəif, gücsüz görünmək, bu halı ilə burada çox qalmaq istəmədi. Minnətdarlıq üçün söz tapmadı, gülümsəyib başı ilə təşəkkür edə bildi sadəcə. Qapıya yaxınlaşdı, çıxmazdan öncə bir an nə düşündüsə, geri dönüb zəif, asta səslə bu dəfə söz verdi:

- Gələcəm, hökmən gələcəm...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!