esse
13 iyun 2021-ci il... gündüz saat 16-50... Artıq iki saata yaxındır ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanındayam. Qorxularımı qızımın sayəsində yenmiş, bütün yoxlama mərhələlərini keçmişik. Artıq İstanbula uçan təyyarə havaya qalxır...
Yerlə Göy arasında Uca yaradanın yerləşdirdiyi ağappaq pənpə buludlar bəzi yerlərdə nazik tül qatına çevrilsə də, bəzən qatılaşır, qalınlaşır və kilometrlərlə uzanıb gedən nəhəng "buz dağlarına" çevrilir...
...Axşam saat 7-də təyyarəmiz eniş edir. Sonuncu reys olduğundan hava limanında seyrəklikdi. Yenə uzun bir yoxlama və qeydiyyat məsələlərindən sonra yolumuza davam edirik.
...Bu günlər Türkiyənin Cümhurbaşqanı R.T.Ərdoğan Azərbaycanda səfərdədir. Tarixi günlər yaşanır, Azərbaycanın qalib prezidenti İlham Əliyev ilə bərabər Şuşada düşmən bağrına köz basır. 15 iyun - Qurtuluş günü idi, indi həm də "Şuşa bəyannaməsi" ilə yadda qalacaq. Ölkələrimizin dostluq və qardaşlığı vətəndaşları da doğmalaşdırır. Bu gün sadə vətəndaşından tutmuş, hər kəs azərbaycanlı müsafirlərə həmişəkindən daha doğma, daha mehribanlıqla yanaşır. Onlar da bizim kimi müharibə ağrılarını çəkmiş, indi də zəfər sevincini yaşayırlar. Ünsiyyətdə olduğum adamlar fəxrlə - "Qarabağ Azərbaycandır!", - deyə sevincini bölüşür, bu yolda şəhid olan mərd oğullarımız üçün isə kədərlənir, onlara Allahdan rəhmət diləyirdilər...
...Yusif bəy Unal İstanbul Böyük Şəhər Bələdiyyəsində çalışır. Sultanahmet camisi qarşısında söhbətimizə müdaxilə edərək Qarabağla bağlı fikirlərini çatdırır, döyüşlərdə şəhid olan oğullar üçün kədərləndiyini bildirir. Sonra ölkələrimizin və bununla həmahəng vətəndaşların mehriban dostluq münasibətlərindən qürur duyduğunu ifadə edir... Heç vaxt Azərbaycanda olmadığını, gəlmək istəyini bildirir, ürəklə dəvət edirəm!
Türkiyədə olmağımdan istifadə edib, İstanbulda "Türk ədəbiyyat vakfı"ına getməyi planlayıram. Vakfın müdiri və Türk ədəbiyyatı jurnalının baş redaktoru, yazar, beş kitab müəllifi və gördüyü işlərə görə həm Türkiyənin, həm də Azərbaycanın çoxlu sayda müxtəlif ödüllərini almış İmdat bəy Avşardır. Qələm adamlarının sevimli məkanı olan bu yeri ziyarət etməyi vacib hesab edirəm. İmdat bəylə əlaqə saxlayıb günü və vaxtı müəyyənləşdiririk...
Budur, pəncərəsindən Türkiyə və Azərbaycan bayraqlarının qoşa asıldığı vakfa yaxınlaşıram. Birinci mərtəbədə cavan bir oğlan qarşılayıb içəri dəvət edir. İkinci mərtəbədə İmdat bəy hörmət və izzətlə qarşılayır bizi... Ədəbiyyatla başladığımız söhbətimiz iki saatadək uzanır. Türk və Azərbaycan ədəbiyyatının layiqli nümayəndələrindən söz açır, Türk dilinə çevirdikləri kitablardan bəhs edir... Qeyd edim ki, İmdat bəy Azərbaycan dilini də qrammatik səviyyədə bilən və tərcümə edən ziyalıdır. Bir çox yazarlarımızın əsərlərinin türk dilinə uyğunlaşdırılması və çap olunmasında böyük əməyi olmuşdur. Sonra bərabər vakfın otaqları ilə tanış oluram. Pandemiya səbəbindən burda da ədəbiyyat tədbirlərinin keçirilməsinə müvəqqəti fasilə verilib... Bu yaxınlarda Azərbaycana səfərini planlaşdıran İmdat bəylə yaxın və uzaq yaradıcılıq işləri haqqında da danışıb ayrılırıq. Ayrılanda özünün "Güverçin sevdası", türk dilinə uyğunlaşdırdığı bir neçə kitabı və redaktoru olduğu dərginin nüsxələrini həvəslə təqdim edir. Sonda xatirə şəkli də çəkdirməyi unutmuruq...
Qürbət nə qədər gözəl olsa, vətən deyil deyirlər, amma Türkiyə qürbət deyil. Dili bir, dini bir qardaşımız, dost-doğma vətənimizdir. Tarixin bütün qatlarında bu qardaşlığın isbatı vardır və bundan sonra da olacaq!..
İstanbulda keçirdiyim iki aya yaxın müddət mənə bir neçə gün kimi görünür. İmkan olduqca gəzməli, görməli yerlərində olub, sadə, yerli insanların həyat və yaşam tərzi ilə maraqlanmış, demək olar ki, yazar üçün lazımi "yükümü" də tuta bilmişəm... Geri əli və qəlbi dolu dönəcəyəm...
27 iyul, 2021-ci il... Artıq İstanbulla qeyri-müəyyən müddətə vidalaşmaq zamanıdır. Ayrılıq həmişə çətindir... Məni yola salan qızlarım neyləsələr də, göz yaşlarını tuta bilmir. Keçid məntəqəsində xidmət göstərən gənc xanım Azərbaycandan olduğumu biləndə üz-gözünə sevinc dolu gülüş qonur: - "Geldiniz, gezdiniz, şimdi gidiyorsunuz, iyi uçuşlar size, yine gelin ama...", - deyib sağollaşır.
Türk Hava Yollarına məxsus təyyarə uçuş zolağında gözləyərkən mən də qədim şəhərlə bu sətirlərlə vidalaşıram...
Gecə duman kimi çəkilib gedir...
Günəş gur saçlarını atıb çiyinlərinə
çıxır qocaman şəhərin baş meydanına...
...Qollarında qədim məhəllələri,
çiyinlərində tarixi məsuliyyəti,
ağlında yeni düşüncələriylə başını dik tutub
yeriyir qocaman şəhər!..
...Kainatın himni səslənir hər tərəfdən,
Bakı,
Xəzərdən su pərisi kimi qalxıb
Pişvazına çıxır sevgili İstanbulun...
P.S. 28 iyul günündən Türkiyədə xain əllərlə törədilmiş yanğınlar hələ də davam edir. Dost dar gündə tanınar. "Bir millət, iki dövlət" olan və dostluğu, qardaşlığı əsrlərin sınağından qürurla çıxmış Azərbaycan - Türkiyə bu gün yenə kürək kürəyə verərək yanğınla mübarizə aparır. Bu sınaq dövrünü də arxada qoyacaq və bütün çətinlikləri atlatacaqsan, Türkiyəm! Sən nə yanğınlar görmədin ki...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!