Ovcunu yağışa tutan çocuq... kim olacaq böyüyəndə?!
***
"Allah öz gözəlliyini seyr etmək üçün Kainatı yaratdı". Seyyid Hüseyn Nasr belə buyurur. Mübahisəyə dəyər. Amma kimlə:
Allahlamı,
Kainatlamı,
yoxsa müəlliflə?
Mübahisəyə dəyməz, deməli...
Yer kürəsi - Tanrının dəyirmi masasıdı (...) Bu fikirdən sonra nə işarə qoyacağımı bilmədim, ona görə yazdığımı qaraladım. Masa qaldı, amma.
O, masa adamıdı:
yazı masası,
dəyirmi masa,
yemək masası...
Fikirlərini deyir və təsdiqləyir. Geri durmur!
Yarım əsrdi ki, əsir:
sözün üstündə,
mətnin içində,
düşüncəsinin dolanbaclarında...
Onu ilk dəfə ədəbiyyat dərnəyində görmüşdüm, bir dəstə gənc növbə ilə şeir oxuyub, münsiflərin top atəşinə tutulurdu. Növbəti qurban mən idim, şeir bitər-bitməz hücum başladı: sağdan, soldan, arxadan... o, qabağa durdu, mətni müdafiə elədi, sonra adımı xəbər aldı, beləcə, tanış olduq. Onda onun adı soyadından idi - Əsəd Əsədov, hələ Cahangir deyildi, Əsədov famili babasından gəlmədir, Cahangir atasının adıdır, Əsəd ədəbiyyata dədə-baba yoluyla gəldi, sonra ata mənzilinə adladı və sözü ata yurdunda lövbər saldı.
Ədəbiyyatın bütün odalarına, ən azı, baş çəkib Əsəd, qələm bulamadığı janr qalmayıb, eşitdiyimə görə, indi də roman yazır:
publisistkadan tənqidə,
tənqiddən esseyə,
essedən şeirə,
şeirdən nəsrəcən uzun bir yoldur bu!
Hərdən mahnı da "quraşdırır", yəni kefinə düşəndə, hobbi olaraq...
Əsədin sözünün əzələsi - tənqiddi, məncə! Fərqi və özəlliyi: yazısı oxunur. Uzun illərdir, əməkdaşlıq edirik. Naşiri incitmir. Seyran Səxavətlə razıyam: cümlə qurmaq - dövlət qurmaq qədər çətindir! Əsəd ən çətin işdən yapışıb - dirilərdən yazır:
biri zəng edir,
o biri hədələyir,
başqası...
Əsəd qorxmur və geri çəkilmir.
Yazdıqları - əsərdi!
Yaşadıqları - əsəbdi!
Özü - köhnə və yeni Əsəddi!
***
Ovcunu yağışa tutan çocuq - sən nə tez böyüdün? 55 yaş?! İnanan daşa dönsün...
4 avqust 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!