Möcüzəvi idi Şuşa, vüqarlı bir heykəl kimi idi, qürurla salamladı bizi. Başından keçənləri, əsarətini bulaq-bulaq anlatdı bizə. Acı günlərini şirin dillə danışdı, ev-ev, məhəllə-məhəllə danışdı. Əzəmətindən itirdiyi bir şey yox idi, dimdik ayaqda idi, dağ boyda idi Şuşa, dağ kimi sərt idi.
"Zəfər yolu"ndan keçəndə Füzuli şəhərinin xarabalıqlarından duyduğumuz ağrını unutduq. Gözümüz əsgər övladlarımızın keçdiyi bu keçilməz yollara dikildi, döyüşə girdik sanki. Kədərin dibinə enib, sevincin zirvəsinə qalxdıq bu yollarla, bu sərt enişlərlə, bu sərt yoxuşlarla.
Cıdır düzü, İsa bulağı, Qədim Şuşa qalası, Gövhər Ağa məscidi, Vaqif məqbərəsi, daha nələr, nələr. Şuşanı görməkçün, tanımaqçün bunları görməsən də olar. Dağların əzəməti bəs edər, havası, qoxusu, bəs edər. Şuşamı belə əsrarəngiz idi, yoxsa ona olan həsrətimizmi? Ölçülər, hesablar dəyişir bu məqamda. Sual istəmirsən. Axşamın ayazı qaçırdır sualları, gecənin zümzüməsinə çevrilir əzbər bildiyin bütün məhəbbət mahnıları.
Hər yerdə iş gedir, tikilir, qurulur, yaranır Şuşa. Daş-daş yazır azadlığını. Qəlbimizdən başlayan Şuşa heç harda bitmir. Elə bu dağlar boyu hər yer Şuşadır sanki.
Bir az aralıda düşmən var, Şuşanı incitməkçün əldən-dildən gedən düşmən. Ətrafımızda isə müzəffər bir ordu. Tribunada bu ordunu qələbəyə aparan Ali Baş Komandan. Birinci xanımın göz yaşları, Xalq yazıçısı Anarın titrək səsi ilə yaddaşlara köçdü Vaqif poeziya günləri. Şuşanın mədhi isə bitmir, yazarlar səs-səsə verib, axın-axın şeir axır dağlardan.
Məqbərənin önündə Azərbaycan Prezidenti ilə xatirə şəkli çəkilir. Yazıçı dalğası atır məni birinci sıraya, yanımda Azər Turan var. Birlikdə həkk edilirik bu gözəl "indi"yə.
Nəriman Həsənzadə ilə otel qarşısında görüşürük, "bayaq bir nəfəri sən bilib, öpüb-qucaqlayıb təbrik etmişəm o gözəl şeirə görə, sözlərin ən yağlısını ona demişəm, qocalıqdandı hamısı" deyir. Xoş sözlərinə görə təşəkkür edirəm. Şəkil çəkdirib ayrılırıq.
Gövhər ağa məscidinə gedirik İlqar Fəhmi ilə ikimiz. Yolda polis maşınlarının arasından keçəndə bir dağ cüssəli hərbiçi salamlayır bizi, "sənətkarları xoş gördük" deyir, yanındakı zabitə "sənin qonaqlarındır bu söz ustadları, onlara maşın ver, bələdçi ver" deyir. Biz durmadan təşəkkür edirik bu qayğı və diqqətə. Bir an sonra tanıyırıq bu mehriban və mədəni insanı, Daxili İşlər naziri Vilayət Eyvazovu. Cənab nazir hərbi geyimdədir, xidmətdədir, Şuşadadır.
Onlarca söz adamı bir arada, amma sözə ehtiyac yoxdur. Çünki artıq Şuşa da yazır, tarix yazır. Dilimizdə isə bir dua var: Şükür qovuşdurana!
Bayrağın dağlara salmış kölgə,
Qucmuş öz ulduzunu ayparası.
Şuşa ki millətimin şah əsəri,
Şuşa ki tariximin şah qalası.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!