Nənə-babaları sağlığında görmək xoşbəxtlikdir. Mən yalnız gözümü dünyaya açandan bizimlə qalan Fatma nənəmi görmüşəm. Onun xoş siması həmişə gözümün önündədir. Bir uşaqlıq xatirəm isə heç vaxt yaddaşımdan silinməz.
Səkkiz yaşım vardı, yay tətilində idik. Məhəllə uşaqları ilə axşama kimi oyun oynamaqdan doymurduq, heç evə getmək istəmirdik. Mən tərləyib bərk soyuqlamışdım. Axşama hərarətim qalxdı, valideynlərim həkim çağırdılar. Həkim "Adi soyuqdəymədir" - deyib, hərarətsalan dərman verib getdi. Xəstələnməyimdən hamı narahat olsa da, nənəm heç yanımdan əl çəkmir, tez-tez dodaqlarını alnıma toxundurub hərarətim olub-olmadığını yoxlayır, əndişəsini gizlədə bilmirdi. Anam növbəti dəfə otağa qayıdanda nənəmin həyəcanla danışdığını eşitdim:
- Bu uşağa göz dəyib. Balam gözümüzün qabağında saralıb-solur. Məmməd icazə versəydi, onu sabah sübhdən Əhmədiyyə babanın ocağına aparardım. O ocaq balamı sağaldacaq.
Atam nənəmin məni ocağa aparmasına çox isti baxmasa da, sözünü yerə salmayıb razılıq verdi. Cibindən əlli manat da çıxarıb nənəmə uzatdı, “bunu da bizim hamımızın adından ocağa nəzir verərsən” - dedi.
Səhər erkəndən atamın sürücüsu artıq bizi gözləyirdi; nənəmlə mən Əhmədiyyə babanın ocağı yerləşdiyi Kərimbəyliyə yola düşdük. Sürücü uzanan kələ-kötür kənd yollarından gözünü çəkmədən elə hey deyinsə də, maşın bizi atıb-tutduqca nənəmlə mən arxa oturacaqda hər dəfə bir-birimizə sarılıb gülümsəyirdik.
Həyət darvazasının önündə bizi buxara papaqlı nurani bir qoca qarşıladı. Nənəm mənə onun Əhmədiyyə baba olduğunu dedi. Ocaq adlanan bu yer də əslində, Əhmədiyyə babanın evi idi.
- Ay sizin sabahlarınız xeyir. Gör bir kimi gətirmisən bizə, ay Fatma! Yəqin, Məmmədin kiçik oğludur bu? – deyə, baba təbəssümlə üzümə baxdı.
- Hə babası, naxoşdayıb, göz dəyib balama, - nənəm əmin idi ki, xəstələnməyimin səbəbi məhz bədnəzərdir.
- Nurlu uşaqdır. Pis gözlərə şiş batsın... Keçin içəri, - deyə Əhmədiyyə baba bizi evə dəvət etdi.
Sübh çağı olsa da, həyət artıq tərtəmiz süpürgələnmiş, xəfif su çilənmişdi. Hasar boyu sıra ilə əkilmiş daş palıd ağacları həyətə xüsusi gözəllik verirdi. Kələ-kötür kənd yollarından sonra buradakı səliqə-sahman ruhu oxşayırdı...
Həyətdən keçib evin pillələrinə çatanda şüşəbəndin qapısında Əhmədiyyə babanın arvadı Güldəstə nənə bizi gülər üzlə qarşıladı. Ən böyük otaqda baş tərəfdəki divar boyu sərilmiş döşəkçələrdə bardaş qurub oturduq.
Evdən səhər yeməyi yeyib çıxsaq da, Güldəstə nənə süfrəyə yağ, pendir, çörək düzüb, bizə çay süzdü. Nənəm çörəyin arasına yağ-pendir qoyub mənə uzadanda başımı bulasam da, israr etdi:
- Ye, ay bala. Bura ocaqdı. Yeməsən, sağalmazsan.
Özümü halsız hiss edirdim, yeməyə iştaham da yox idi, çox istəyirdim ki, tez sağalım. Amma nə o boyda yol qət edib gəldiyimiz bu evdə, nə də məcburən yediyim pendir-çörəkdə heç bir qeyri-adilik görmədiyimdən nənəmdən soruşdum:
- Bura niyə ocaq deyirlər?
Nənəm otağın mərkəzindəki taxçanın üstünə qoyulmuş kuzəni göstərib dedi ki, kim ondan su içsə və gecə də bu ocaqda yatsa, səhər sapsağlam oyanır. Əlavə etdi ki, Əhmədiyyə baba seyid-övliya övladıdır və bu sehrli kuzə ona da babasından qalıb. Sonra nənəm Güldəstəyə kuzədən mənə bir stəkan su verməsini dedi.
Kuzənin ortasındakı dairəvi çıxıntının içərisində doqquzguşəli ulduz, ulduzun xətləri arasında isə düz və qırıq xətli naxışlar vardı. Bu naxışların nə məna kəsb etdiyini anlamasam da, sehrlənmişdim, gözlərimi ondan ayıra bilmirdim... Özümü uzaq yaşıl vadinin ortasında hiss edirdim. Taxçanın arxasında divara vurulan da adi kilim deyildi, ortasındakı rəngarəng naxışların hər biri elə bu cazibədar, baxışları əsir edən kuzənin özü boyda idilər...
Güldəstə nənə armudu stəkana kuzədən su doldurub qarşıma qoydu. Həyətdəki səs-küyə pəncərəni açıb, başını çölə uzatdı:
- Nə yaman çoxsunuz? Vacib qonağımız var. Duaları hazır olanlarınkını indi gətirirəm. Kuzədən su içmək, gecə burda qalmaq istəyənlər sabah gəlsinlər, - deyib Əhmədiyyə babanın olduğu otağa keçdi. Ondan aldığı yazılı duaları sahiblərinə çatdırmaq üçün həyətə düşdü.
Mən suyumu içib qurtardıqdan sonra nənəm axşam yatana kimi bu sudan mənə verəcəyini deyib, “Allah rast gətirsin, şəfa versin” deyə dua etdi. Kuzəyə yaxınlaşdım ki, özümə bir stəkan da su süzüm. Nənəm tez özünü yetirib, məni kənara çəkdi: “Ehtiyatlı ol, ay bala, salıb sındırarsan, hər kəs peşman olar. İstəyəndə de, mən özüm sənə kuzədən su verəcəm.”
Mən hələ də bu evin, kuzənin, suyun nə ilə fərqləndiyini anlamadığımdan nə isə öyrənmək ümidilə nənəmdən soruşdum:
- Suyu bu kuzəyə Əhmədiyyə baba doldurub?
- Yox, ay bala, bu kuzə sehrlidir. Hər dəfə kuzədən su qurtardıqda o öz-özündən yenidən dolur...
Təəccüb və heyrət içində idim. Kuzəni azca qaldırıb altına baxdım. Taxçanın üstünə sərilmiş ağ süfrədən başqa heç nə yox idi. Nənəm yenə tez məni kənara çəkib, kuzəni ehtiyatla yerində düzəltdi.
- Nənə, bu kuzə boşalanda su öz-özünə necə dolur axı? – taxçanın böyür-başına dolanıb kuzəni gözdən keçirməyə davam edirdim.
- Mənim balam, oraya suyu gözəgörünməz Allah baba doldurur, - nənəm bunu elə ürəkdən dedi ki, şəkk-şübhəmə yer qalmadı. Tələsik:
- Biz də belə bir kuzə alsaq, Allah baba onu da su ilə doldurar? – deyə soruşdum.
- Yox, canım-imanım, bu kuzədən təkcə burda var. Ona görə də bura ocaqdır... Sən bu sudan iç, gör səhər necə sağlam olacaqsan. Daha mənim balam xəstələnməyəcək. Hamıdan güclü olacaq. Pis gözlər yanıb yaxılacaq.
Həmin gün axşama kimi tez-tez nənəmə mənə kuzədən su verməsini deyirdim. Məqsədim isə möcüzənin şahidi olmaq idi, boşalmış kuzənin öz-özünə necə dolacağını öz gözlərimlə görmək istəyirdim…
Axşamın gec saatlarında nənəmin qolları arasında yuxudan gözlərim yumulsa da, yatmamağa çalışırdım. Kuzədə lap azca su qalmışdı. Yəqin, bir-iki stəkan da içsəm, su qurtaracaq və mən möcüzəyə şahid olacaqdım.
Səhər gözlərimi nənəmin yanında, yataqda açdım. Dünən axşam nə vaxt yuxuya getdiyimi bilməmişdim. Nənəm yatırdı. Cəld yataqdan qalxıb kuzəyə yaxınlaşdım. Gözlərimə inanmadım, heyrətdən donub qaldım: kuzə ağzınacan su ilə dolu idi. Bəs görəsən, axşam kuzənin dibində qalan suyu kim içib. Dünən oyaq qala bilmədiyim üçün özümü qınadım. Kuzənin öz-özünə necə dolduğunu, heyif ki, görə bilməmişdim. O möcüzəni görməyi çox, lap çox istəyirdim...
Bir az sonra nənəm də yuxudan ayıldı. Mənim ayaq üstə olduğumu görüb yaxınlaşdı, dodaqlarını alnıma yapışdırdı: - Ay sənə qurban olum! Qızdırman yoxdur. Özün də, maşallah, sapsağlamsan. Qurban olum Əhmədiyyənin cəddinə.
Sonra nənəm atamın nəzir olaraq verdiyi əlli manatı qoynundan çıxarıb ehmalca kuzənin altına qoydu. Bir qədər sonra Əhmədiyyə baba ilə Güldəstə nənə də gəldi.
Nənəm minnətdarlığını bildirib getməli olduğumuzu dedi.
Əhmədiyyə baba saçlarımı oxşayıb “Allah səni yüz yaşatsın, həmişə sağlam və güclü olasan. Qarşına çıxan pis gözlü, pis nəfsliləri biləyinin gücü, ağlının işığıyla bir anda məhv edəsən” dedi.
Mən həyətə qaçıb qısa müddətdə qaynayıb-qarışdığım kənd uşaqları ilə gizlənpaç oynamağa başladım. Özümü quş kimi yüngül və sağlam hiss edirdim. Bir qədər keçmiş atamın maşını küçənin başında göründü, sürücü bizim dalımızca gəlmişdi. Maşına əyləşəndə nənəm əllərini göyə qaldırıb “Allahım, sənə min şükür. Sayəndə Əhmədiyyə ocağı, kuzənin suyu balama şəfa oldu” deyə dua etdi.
Çox gec olsa da, atam hələ işdən qayıtmamışdı. Dünəndən onu görmədiyimdən darıxmışdım, anam və nənəm də nigaran idilər. Anam məni yatmağa göndərəndə eşik qapısı cırıldadı. Atam məni sapsağlam gördüyünə çox sevindi. Niyə gec gəlməsi ilə ilə bağlı anamın sualına köks ötürdü:
- İşdən çıxmağa az qalmış mənə zəng gəldi ki, Əhmədiyyə babanın birdən-birə vəziyyəti pisləşib, xəstəxanaya gətirirlər. Mən də getdim, onu qarşılayıb xəstəxanaya yerləşdirdim. Həkimlər dedilər ki, vəziyyəti kritikdir. Səhərə kimi əllərindən gələni edəcəklər. Görək sabah başımıza nə gəlir.
Mənim sağalmağıma səbəb olan nurani qocanın indi özünün ağır vəziyyətdə olmasına təəccüblənirdim: - Nənə, mən xəstələnəndə Əhmədiyyə babanın kuzəsindən içdiyim su məni bir gündə tam sağaltdı. Nədən o özü də kuzədəki sudan içib sağalmır?
Nənəm əlimdən tutub məni yataq otağına gətirdi, əynimi dəyişə-dəyişə üzündə xəfif kədərli təbəssümlə mənə izah etməyə çalışırdı:
- Əhmədiyyə babanın kuzəsindən su içənlərin hamısı şəfa tapardı. Amma hamı bu sudan o qədər içdi ki, kuzənin suyu qurudu... – üzümdən öpüb məni yatağıma uzadarkən yenə gülümsədi, - Başa düşdün, ağıllı balam? Babanın özünə su qalmayıb. Dua edək ki, Allah özü Əhmədiyyə babaya kömək olsun... İndi yat, yuxun şirin olsun, - deyə yorğanı üstümə örtüb otaqdan çıxdı.
Nənəmin sözləri mənə çox təsir etmişdi: “Babanın özünə su qalmayıb”… Bu hadisədən uzun illər keçsə də, ən isti havalarda belə mən suyu qurtum-qurtum içirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!