Üç adamın qırmızı günü - Vaqif Nəsibin hekayəsi

 

Təqvimlərdə bayramların rəmzinə çevrilmiş al qırmızı rəngləri, həm ellərin-obaların arzularının açılmış al qönçələrinə, həm də bayram mərasimlərində boyanan yumurtaların cücələrinə də bənzətmək olar.

Amma adamların özlərinin də yaşadıqları ömürdə öz bayramları olur ki, bir tək onların ürəyindən tikan çıxarıb varlıqlarını zəfərlərinin al qırmızısına boyayır.

Bəndələrinin sayına görə ellərin, ömürlərinin illərinə görə bəndələrin bayramları barmaqla sayıla biləcək qədər az olduğundan, təbiət də onların rəmzinə çevrilmiş al qırmızının ən təbii rəngini öz nadir daşlarından birinə bəxş etmişdi, - yaquta.

Bu dəfə üç adi bəndənin deyil, bir məmləkətin üç ən böyük mənsəb sahibinin, ürəklərindən tikan çıxarmış qırmızı günündən danışacağıq. Həm də təsadüfən hər üç, ürəkdən tikan çıxarma mərasiminin ünvanı bir məkan - Azərbaycan olmuşdu.Qırmızıya bürünmüş bir ölkənin kəlləçarxındakı kürsüdə əyləşən Stalin (Bakı dövründə Koba) Tehran konfransına yola düşməyindən bir gün əvvəl elə Bakıda, öz Koba dövrünün bir intiqamını alıb, özünün ən böyük fərdi bayramını yaşaya bilmişdi.

Ucsuz-bucaqsız bir məmələkətin hər künc-bucağında, çeşməyi arxasından "xalq düşmənlərini" görə bilən Labrenti Beriya da, Bakıda, bir zamanlar ikicə kəlməsi ilə onun başını yoxa çıxarmış bir adamın Kaxet çaxırıyla başında turp əkib, öz başını geri qaytarmış, həmin şərab rəngində şəxsi bayramını yaşamışdı.

Onu ilk məhəbbəti önündə ikicə kəlməsiylə xoruza yükləmiş, beləcə bəlkə də ömrünün, onun bahasına başa gələcək xoruzunu buraxmış bir bəndədən də seyid övladı Mir Cəfər özünəməxsus heyfini alıb, üstən xoruzquyruğu çay içə-içə Bağırov ömrünün rəngi Novruz yumurtasına çalan bayramına qovuşmuşdu.

 

Qara "bəhər"

İşinin başına yenicə çatıb, vəzifəsinin ən uca kürsüsündən məmələkətə boylanmağa hazırlaşdığı zaman, hər dəfə nəzər salanda içindən qorxunun həm qara qızdırmaya, həm qırovüşütməsinə bənzəyən bürküsü və sazağı keçdi (qarşısındakı əlaltılarının hazırladığı məlumatlar vasitəsilə o başdan ölkənin dörd səmtinə dördgözlə boyanmağı vərdiş etmişdi. Bu məlumatlar da cümlə rayonlardakı gözdən-qulaqdan iti, insafdan, mürivətdən küt xəbərçilərinin adamların toyuna, vayına çaldıqları zurnalar əsasında hazırlanırdı. Və həmin güzgüdən Sabirabad bostanından neçə qarpız oğurlandığını, Çeyrançöl fermasından neçə toğlu çıxdaş edildiyini, Talış zonasından nə qədər kürü küründüyünü görür, onları talayan katiblərin, ferma müdirlərinin, qara tacirlərin gözünə ağ salmağa hazırlaşırdı).

Səhər-səhər rəhbərin özünün zəng eləməsinin arxasında yeri-göyü titrədə biləcək bir səbəb ola bilərdi. Onun Bakıdan Tehrana gedəcəyini bilirdi. Göndərdiyi adamlar vasitəsilə qonağı rahatlayıb, yola salmaq üçün bütün tədbirlər görülmüşdü. Həyəcan fitlərinin ən zilinə bənzər bu zəng hardan çıxırdı?

Ayağa durub farağat vəziyyəti aldı. Boğazını arıtlayıb, xırıltıdan təmizlədi. Və ilk iki kəlməni söylədi:

- Eşidirəm, İosif Vissarionoviç…

Həmin iki kləməni birinci adamdan qabaq onların deməyinə xəttin saz, nasaz olduğunu yoxlamaq üçün icazə verilirdi (Telefon işləmədiyindən rəhbərə əlüstü cavab vermədiklərinə görə xeyli adam cəzalandırılmışdı). Rəhbərin salam sonrası kəlamları farağat duran adamı çaşbaş salıb az qala öz heykəlinə döndərdi. Nə müddətdi Mərkəzə yapışdırılmış respublikaların başçıları həmin telefon önündə eyni vəziyyət alıb, özlərini başları üstə uça biləcək yarasalardan, bayquşlardan qorumağa çalışırdı. Onların hamısına elə gəlirdi ki, rəhbər onları necə var elə görə, üzlərindən, gözlərindən düşündüklərini oxuya bilər (Tək onlar yox ucsuz-bucaqsız bir ölkənin bütün vətəndaşları da harda olsalar özlərini onun gözləri önündə sayrıdı. Yeri gəldikdə, lap evlərinin içində lazım olanda qabaqlarındakı borşun, şorbanın, samsanın, xarçonun içindən çıxa bilirdi bığının tükləri).

- O illərcə otunu, alafını verdiyin öküz dururmu?

Cınqırını çıxarmayıb, hələlik onun üçün məchul qalan öküzə rəhbərin özünün söz damgasını vurmasını gözlədi. Rəhbər də damğası öncəsi gülüb qarşısındakını yüngülləşdirdi.

- Bayıldakı kameramın gözətçisini deyirəm.

Həmin kəlmələr yelpiyə dönüb sifəti tumurcuqlamış adamın dadına çatdı. Başa düşdü ki, onlardan qara mərasimlərin dəfnə yarpaqları açılmayacaq.

İndi rəhbərə cavab verə bilərdi.

- Öküzlüyündən çıxıb buğaya dönüb.

- Demək, buynuzlarının qırılmaq vaxtı çatıb. Bir-iki gün Bakıda dincələcəyəm. Onu hazırla.

Rəhbərlə danışıqdan sonra əyləşib tamam-kamal özünə gəlməyə çalışdı. Gələ-gələ də bir xeyli uzaqlara, ötən illərin arxasına getməli oldu. Rəhbər o zaman hələ ağırlığı qədər zəhmiylə yüklənməmişdi. Köhnə dost-tanışlarıyla insan təbiətinin zinəti-təbiiliyilə davranır, zarafatlarından da qalmırdı.

Həmin zamankı zəngi də gürcü dostları vasitəsilə iş başına keçmiş seyid övladını təəccübləndirmişdi.

- Sənə çox məsul bir iş tapşıracağam, onu yerinə yetirə bilsən, Azərbaycanın dağlarını, meşələrini qaçaqlardan təmizlədiyinə inanacağam. Kobalığından qabıq qoyub Stalinə çevrilmiş əjdahanın tapşırığı da bir növ qaranlıq otaqda qara pişik yaxalamaq kimi bir şey olmuşdu: - Əsrin əvvəllərində, Bayılda yatdığım dövrlərdə bir nataraz, bığlı nəzarətçi var idi. Deyəsən Dağıstan ləzgilərindən idi, göyün yeddi qatında, yerin yeddi arşın dərinliyində də olsa, onu tapıb mənə şəklini göndərməlisən.

Seyid övladı da bu dəfə rəhbərlik elədiyi məmləkətin ən qansız adamlarının axtarış cıdırı üçün rəhbərin ona bağışladığı üstü yazılı mauzerdən atəş açmalı olmuşdu. Və nəhayət, bütün çətinliklərin səddini yara-yara həmin adamı Dağıstanın bir dağ aulunda tapıb yaxasından yapışa-yapışa, bığından çəkə-çəkə seyid övladının yanına gətirmişdilər (Sovetlər qurulanda Bayıl türməsinin zabitlərinin çoxunun "başı yeyilmiş", nəzarətçilərin çoxu da başını götürüb qaçmış, gizlənmək üçün özlərinin etibarlı siçan deşiyini tapmışdı. Ona görə də rəhbərin sifarişlərini yerinə yetirməkdə xeyli çətinlik çəkilib, vaxt xərclənilmişdi).

Rəhbər nəzarətçinin onun istədiyi adam olduğunu təstiqləyib yeni göstərişini vermişdi:

- Mənim muzey-kamerama nəzarətçi həmin bığıbəyi təyin edirsən. Özünə də hər cür şərait yaradırsan. Necə deyərlər, yolum Bakıya düşənə kimi həmin bığıbəyin bığ yağını bol eyləyirsən.

Seyid övladı nə qədər çalışıb-çabalamışdısa rəhbərin həmin sirrinin ucundan-qulağından bir şey öyrənə bilməmişdi. Hələ, dostu Labrentinin (Beriyanın) Bakı səfərlərinin birində, kefinin kök vaxtında özünü həmin mətləb üsdə kökləmişdi. Labrenti də söz vermişdi:

- Moskvaya dönən kimi iy bilənlərimin ən uzunburunlularını qısqırdıb öyrənməyə çalışacağam.

Bir müddət sonrasa cavabıyla dostunu sevindirə bilməmişdi:

- Sizlərdən bircə Məhəmməd Əminə rəğbətini öyrəndim. Ona dəyib-dolaşma. Bu adamla əlaqəsini bilən tapılmadı. Bəlkə bir zamanlar həmin nəzarətçi indi keşik çəkdiyi kamerada yatan Kobamıza yaxşılıq eləyib. Bu adam əsl Qafqaz ənənəsiylə kiçik məqamları belə unutmur.

Seyid övladı həmin gün yolunu Bayıl türməsinə salmışdı. Stalinin əsasən kamera muzeyinə deyil, onun canlı eksponatına baş çəkmək istəmişdi. Yol boyu daxilən özünü danlamışdı da. Necə olub ki, son illər bu bığıbəyi yadından çıxarıb? Axı rəhbər dönə-dönə tapşırmışdı ki, mən Bakıya gələnə kimi onu ölməyə qoyma…

Seyid övladı Allahına yalvarırdı ki, çoxdandı baş çəkmədiyi bığıbəy sağ-salamat yerində olsun. Və cəddi köməyinə çatdı. Kameranın yarısını tutan öküzü gördü, sevincindən ona "bığ yağı" da verdi. Türmə rəisinə tapşırdı da:

- Mənim verdiyim öz maaşımdandı. Sən də günü cabah bunu aparıb əyin-başını təzələyirsən. Dəlləyiniz də üzünə-başına, bığına əl gəzdirsin. Rəhbər yəqin ki, öz muzeyinə də baş çəkəcək. Bunu adam balası kimi görsün.

Sonra emadininə minib Mərdəkana, Əzizağanın bağına təşrif apardı. Bu dəfə onun həyəcanını canından xoruzquyruğu çayın kefi, dənizin mehi çıxara bilərdi…

 

***

… Ətrafındakılara rəhbərin özü də şəxsi nümunə göstərə bilirdi. O, ölkənin ən ucqarındakı adamlarınkına bənzər sadə kitel, şalvar geyinir, uşaqlarını payı-piyada ümumitəhsil məktəblərinə göndərir, müharibənin ilk günlərindən cəbhəyə səfərbər edirdi.

O, heç bir institutda ali təhsil almamışdı. Allahının ona verdiyi fitri istedadı öz həyatı təcrübəsində sınaqdan keçirmişdi. Və bunun nəticəsində həyat məktəbinin sərkərdəsinə, diplomatına, hüquqşünasına çevrilə bilmişdi.

Polad ləqəbi daşıyan bu adam öz həyat təcrübəsi və dəmir məntiqi ilə ən çətin anlarda düzgün qərarını verib, ətrafındakı alidən-ali diplomlu diplomatları, sərkərdələri, hüquqsünasları heyrətləndirə bilmişdi.

1941-ci ilin noyabrında, Oktyabr inqilabının ildönümü münasibətilə Moskvada hərbi parad keçirmək istədiyini bildirəndə, Siyasi Büro üzvlərinin hamısının üzərinə su səpilmişdi. Rəhbər öz yanıqlı məntiqiylə hamısını quruda bilmişdi:

- Bu bizim gücümüzün tükənmədiyinin, hərbi qüvvəmizin yenilməzliyinin nümayişi olacaq.

Tədbirə bir həftə qalmış kəşfiyyat idarəsi xəbər vermişdi.

- Almanların sovet milisi formasında beş minə yaxın casusu nümayiş zamanı təxribat törətməyə hazırlanır. Qarşısını almaq üçün fikrinizi bilmək istəyirik.

O da bığaltı gülümsəyib zarafatından da qalmamışdı:

- Mən tədbirimi nümayişə iki saat qalmış bildirəcəyəm. İndi söyləsəm, bundan düşmənlərimiz də xəbər tuta bilər. Kim bilir, bəlkə sizlərin də arasında onların adamı var.

Nümayişə iki saat qalmışsa önündə etibar elədiyi iki adam dayanmışdı. Üzünü birinci daxili işlər nazirinə tutmuşdu:

- O keçmişdə Romanovların tövləsi olmuş manejə beş min adam sığışa bilərmi?

- Geninə-boluna, yoldaş Stalin.

 - Onda həmin manejin girəcəyini qeydiyyat üçün hazırlayın, arxasını türməyə çevirin. Get işinlə məşğul ol…

Sonra üzünü təhlükəsizlik idarəsinin başçısına tutmuşdu:

- Labrent, bizim milislərə milis paltarında yox, mülki geyimdə xidmətə çıxmasına özün göstəriş ver.

Beriyanın heyrət nidası eşidilmişdi.

- Demək həmin göstərişdən xəbərsiz, milis formasında qeydiyyatdan keçməyə gələnlərin hamısı alman casusu olacaq.

- Onların hamısını sənə təhvil verib, casus sarıdan beşillik planını yerinə yetirməyində dadına çatıram.

…Stalin hərbi aerodroma, onu gözləyən təyyarənin önünə gələndə bir general önündə farağat vəziyyəti aldı. Bu dəfə də bığaltı gülümsəməli oldu:

- Sizin ağlınızca rəhbərin təyyarəsini ancaq ən azı general sürə bilər?

Sonra üzünü həm həyəcan, həm də şaxtanın hesabına donmuş generala tutdu:

- Axırıncı dəfə nə vaxt təyyarə sürmüsən?

- Beş-altı ay əvvəl. Yoldaş Molotovu Leninqrada çatdırmışam.

- Hər gün bu təyyarəni sürən pilotu tapıb gətirin…

Sonra başqa tədbirinə keçmişdi:

- Labrenti, məni Bakıda, hansı hava limanda qarşılayacaqlar?

- Mərkəzi aeroportlarında… Mir Cəfər dünəndən orda təmtəraqıyla yolunuzu gözləyir. - Təcili xəbər ver, Nasosnıdakı hərbi təyyarə limanını hazırlasınlar.

Seyid övladı, hazırladığı əli çiçək dəstəli pionerlər, duz-çörəkli gözəllər gözləyə-gözləyə qaldı. Rəhbərin təyyarəsi Nasosnıda enəndə Mir Cəfərə xəbər verdilər: "Stalin təcili iş başına qayıtmağınızı istəyir. Sizinlə orda görüşəcək…"

Mir Cəfərlə görüşəndə də bığaltı gülümsədi. Rəhbərin həmin vərdişinə dostu labrenti vasitəsilə bələd olmuş seyid övladı onun bığlarının bir neçəsinin tikana dönüb varlığına sancıla biləcəyini anladı:

- Bəlkə səni yenidən, meşələrinizə daraşmış qaçaq-quldurları tutmağa göndərək…

Seyid övladı, daxilinə səslənib cəddini köməyə çağırdı. Ona yeganə ürək-dirək verənsə rəhbərin kefinin kök olmağı idi.

- Dostun Labrentidən bir yuristlik öyrənməmisən. Bilmirsən ki, ətrafınız İrandan adlamış alman cəsusları ilə doludu? Hal-hazırda, bolşeviklər yandırmasın deyə neft buruqlarınızın keşiyini də onlar çəkir.

Seyid övladı quruyub qalmışdı. Hələlik səhvinin nədən ibarət olduğunu anlamırdı.

- Məni qarşılayan beş adamdan ən azı ikisi onlardan ola bilərdi…

Seyid övladı ölkəni ancaq və ancaq belə bir adamın qoruya biləcəyinə dübarə (lap minbarə) inanıb günahkar görkəm aldı:

- Yaxşı, gələn dəfə Əzizağanın Mərdəkandakı bağında konyaklayanda Labrentidən bir  az çekistlik öyrənərsən, əgər öyrənməyə bir şeyi varsa.

Sözünə, qarşısındakının özünə gəlməyi xatirinə bir az ara verdi.

- Sabah Tehran yolunu tutacağıq… Bilirsən, bu gün bir az dincələcəyəm. Dediyim adamı hazırlamısanmı?

- Dünəndən aparıb iqamətgahınızın otaqlarının birində yerləşdirmişəm.

- İqamətgahım hardadır?..

- Ən gözəl qonaq evimizdi, yamyaşıl ağaclar arasında, ətrafı da ağaclardan çox adamlarımızla sarınıb…

- Həmin adamı ordan çıxardıb İçərişəhərdə bir etibarlı evdə yerləşdir. Ordan da mühafizəni çıxar. Harda qalacağımı özüm seçəcəyəm. Bilirsən ki, mən özüm də köhnə bakılıyam. Onun altına da, üstünə də səndən yaxşı bələdəm.

Seyid övladının ağlına gələ bildi ki, rəhbərin qalacağı yerdən casuslar çoxdan xəbər tutmuş olardı. Dostu Labrentinin növbəti təşrifinə qədər rəhbərdən diplomatlıq, çekistlik öyrənməyə çalışdı.

Yalnız axşamüstü rəhbərin bir günlük ünvanından xəbərdar olub, dərrakəsinə heyran qaldı. Öz zəkasının inkişafını dayandırıb xərçəng kimi daldala getdiyinə görə özünü töhmətləndirdi. Baybakovun Qız qalası qonşuluğunda mənzili olduğunu necə də unutmuşdu. Həmin ünvana bir tək özünün dəvət olunduğundan da qürur duydu. Onu da başa düşdü ki, rəhbərin təhlükəsizliyi naminə bura ən etibarlı adamlar toplanıb.

Rəhbərin tapşırığı ilə, köhnə bakılı Baybakov özü yaxın adamları vasitəsilə evi ən ali qonağa layiq səliqə-sahmana saldırmışdı. Seyid övladı salona daxil olanda rəhbəri üstə Azərbaycan xalçası salınmış divanda bardaş qurmuşdu. Mülki paltarda və həmin görkəmdə o, həm də özünün köhnə bakılı olduğunu isbatlayırdı. Elə sözləri də mənzərəsinin bir növ qüvvəsinə çevrildi.

- Gərgin Tehran görüşləri ərəfəsi bu gün Bakıda köhnə bakılı kimi dincələcəyəm…

Sonra Mir Cəfərə vermədiyi salamı əvəzləyə bilən bir-iki kəlmə söylədi:

- Hə, sənin qonaq evin, ya Baybakovunku xudmanidi? - Seyid övladının cavabını gözləməyi lazım bilməyib sözünü davam elətdirdi - Bakıda başında qaragül papaqlı üçlüklər var idi. Çalıb-oxuyurdular. Sayəndə hamısının papağı boş qalmayıbsa, bir dəstəsini gətir. Arada muğama da göz ağartdığından xəbərim vardı.

Çoxdan, papaqlarını mıxçadan asmış xanəndə və sazəndələrdən ibarət üçlüyü rəhbərin zövqünə uyğun bəzəyib önündə müntəzir etdilər. Rəhbər tənbəllik eləməyib onların qənşərinə gəldi.

Sarısını udmuş üçlüyü xoş sözlərilə həm kökləmək, həm üzlərini saman rəngindən xilas etməyə çalışdı:

- Maşallah, elə bil əsrin əvvəlindən ağzınızı açıb muğam üstə ustalıb, özünüzdən getmisiniz. Mir Cəfər sizi oyadıb gətirib?

Üzünü Mir Cəfərə tutdu:

- Bunları yuxudan oyatdığına görə könüllərini almalısan. Hər üçünə fəxri ad verməlisən.

Fəxri adlardan ibarət nəmərini öncədən verib musiqiçiləri ruhlandırandan sonra rəhbər sifarişlərinin ağzını açdı, nə açdı. Çoxu az qala unudulan xalq mahnıları rəhbərin xatirə böhranına doğru səfini çəkməyə başladı (xanəndəyə bəzən, bəzi mahnıların yadında qalan yerlərdən söyləyib həm yaddaşını bərpa edir, həm də nəğmə qanadıyla gəncliyinin Bakı dövrünə pərvazlanırdı).

Seyid övladı nəğmələri dinləyə-dinləyə rəhbərin sirrinin açılmasını gözləyirdi, kamera-muzeyinə qondurduğu ləzgiylə əlaqədar əlaqəsini.

Mərasimin ən dramatik sonluğunun həmin sirr olacağını uzun illər hesabı qazandığı, bülövlüyüb iti saxlamağa çalışdığı hissiyyatı ilə duyurdu.

Nəhayət, rəhbərin sifarişləri sona çatdı. Qan-tərə batmış musiqiçilərə gülümsədi:

- Üzünüzü-özünüzü xoruzquyruğu çayla soyudun.  Biz başmaq seyrinə çıxacağıq. Geri dönəndə konsertimizin ikinci hissəsi başlayacaq.

Sonra üzünü Mir Cəfərə tutdu:

- Deyirəm bir Bayılı payı-piyada gəzək. Yuxuda tez-tez gördüyüm yerlərlə canlı-canlı görüşmək istəyirəm.

Və Mir Cəfərin ağzını açmağa qoymadı.

- Mühafizə lazım deyil. Bu licimdə yəqin ki, məni küçədə-bacada tanıyan çətin ola…

Mir Cəfər bu dəfə də nəsə söyləmək istədi. Bu dəfə də rəhbər onun nə deyəcəyini bilib cavabını keçdi:

- Səni tanıyan olar. Ona görə də burda qalacaqsan. Biz dönənə kimi bığıbəyi gətirəcəksən.

… Səyahətlərini başa vurub geri döndülər. Mir Cəfər nəhayət, rəhbərin sirrini öyrənəcəyini yəqinləyib həyəcanlanmağa başladı.

Rəhbər illərlə bəslədiyi "qurbanının" qarşısına gəldi. Onun gözlərinə baxıb ürəyindən keçirdi: - Necə var eləcə də qalmısan. Bir az zalımlığın qocalıb, amma qalıb.

Sualı bığıbəyi çaşbaş saldı:

- Məni tanıya bildinmi?

- Sizi kim tanımır, ellərin atasını...

- Bəs qarmonçalan ləzgi Teyyubu necə, xatırlayırsanmı? Qarmonuyla ən çox sənin qulluğunda durub sifarişlərini yerinə yetirirdi.

Bayıl səmtinin məxsusi giləvarı get-gedə ayazını artırırdı. Kişinin ağarmış bığlarını buz salxımına oxşadır, canını, qanını soyudurdu.

Hələlik bir şey anlamasalar da tamaşaçıların az qala ürəklərinin döyüntüsü eşidilirdi.

…İyirminci illərin əvvəllərində his-pasından qurtarmağa çalışan köhnə Bakını bir xəbərin çəni-dumanı bürümüşdü: Gürcü Yosqa mərkəzi Bankı yarıb, aradan çıxa bilməyib, ələ keçib. Bu gün Nikoloyevski küçəsiylə, camaatın gözü qarşısında Bayıl türməsinə aparacaqlar.

Qoçu Nəcəfqulunun özü də bu xəbərə inanmaq üçün ayağını Maştağadan şəhərə qoymuşdu.

Qoçu Nəcəfqulu ilə gürcü balasının xoş münasibəti vardı. Əvvəl aralarında söz çəkişməsi olmuş, tezliklə də bir-birini başa düşüb bərkimişdilər.

Dolaşıq bir məsələnin "razborkasında" Nəcəfqulu bir gürcünün Bakıda at oynatmasına son qoymaq istəmişdi.

- Sən ya adını İosifdən döndərib Yusif eləməli, məscidə təşrif aparıb dinimizi qəbul eləməlisən, ya da Qırmızı körpünü keçib lotuluğuna öz ölkəndə başlamalısan.

- Bir şərtlə razı olaram.

- Onu paypuşla,  zurna-balabanla yola sala bilərik.

- Sən də atanın, ananın qorduğu əsl adına qayıdasan. Yaqub peyğəmbərin oğlunun şərəfinə qoyulmuş Rüstəmə qayıdasan. Müqəddəs Nəcəfdə doğulduğuna görə, sonralar Nəcəfqulu çağırılmısan.

Qoçu Nəcəfqulu küçənin görkəmli yerində köçünü salıb sonradan qaranoylaşdığı adama arxasında olduğunu bildirməyə hazırlaşmışdı. Nəhayət, Yosqa bərəsinə yaxınlaşdı. Və onda yerli qoçu, gəlmə qoçunun nəyə görə ələ keçə bildiyini başa düşdü. Demə, üçüncü mərtəbədən atlanıb qaçmaq istəyərkən Yosqanın ayağı əməlli-başlı burxulmuşdu.

Ağrılar hesabına zorla addımladığı bilinirdi. Qoçu Nəcəfqulu dostuna ilk xidmətini elədi. Mühafizəçilərin başçısına təpindi:

- Buracan yorğalamağı bəsdi. Nəməriniz məndən, burdan dar ayağına faytonla, yorğa atlarla aparın.

Faytonda ağrısı dinən adamın, Nəcəfqulunun gözündən iraq, qənimi tapılmışdı. Şərəşur dustaqların əzazil keşikçisi ləzgi Nəzməddin çalağan kimi üstünü almışdı.

- Teyyub, qarmonunu sinənə bas görüm... Bu kintonun musiqi vasitəsilə ayağının müalicəsilə məşğul olaq.

Yosqanın adı burdakı adamlara bəlli idi. Heç biri onun qəzəbinə gəlmək istəmirdi. Nəzarətçinin bağırtısı eşidildi.

- Şalako çal, köpəyoğlu, yoxsa özünü də, qarmonunu da deşik-dişik eyləyəcəyəm.

Elə bil boynubükük deyənə tale pıçıldadı: Sən havanı çal, onsuz da bu zırramanın Yosqanı oynatmağa gücü çatmayacaq.

Eyni hava dəfələrlə çalınsa da, taleyinin pıçıldadığı sözlər yerini aldı. Amma inadı kintoya baha başa gəldi. Nəzarətçilər birləşib bədəninin salamat yerini qoymayıb Yosqaya ayağının ağrısını unutdurdular. Nə qədər əldən düşsə də, gözlərini diri saxlaya bilmiş gürcü onları kiniylə doldurub bığıbəyə tuşladı:

- Mənə "Şoloxo" oynada bilmədin. Amma söz verirəm ki, sənə, "Ləzginka" oynadacağam.

…Rəhbər qarşısındakını sanki gözlərilə yemək istəyirdi. Onu müayinəsindən keçirib yalan, ya doğru danışdığını müəyyənləşdirmək istəyirdi. Kişinin gözünün ətrafının duz, gilələrinin buz bağladığını görüb müşahidəsini dayandırdı. Heç zaman onu yanıltmayan hissiyyatını işə salıb son sualını verdi:

- Sənə "Ləzginka" oynadacağını söyləyən adamı necə, yadına sala bilmirsənmi?

Qarşısındakı deyəsən ötən illərə dönüb həm onu tanıyan adamı görmüş, həm də səsini eşitmişdi. Odur ki, danışığı əvəzi ağlaşması eşidildi:

- İki oğlumun qara kağızını alandan sonra huşum, başım xarab olub. Başımı yerə soxmağa hazırlaşıram..

Rəhbər, onun hər şeyi xatırladığını anladı.

- Uşaqların harda tələf olub?

- Mazdokda…

- Onların məzarını Qunzoka gətirdəcəyəm. Tapşıracağam üstlərini götürsünlər.

Göz yaşları iki oğlunun doğma yerlərə açılan məzar yolu əvəzi, bığıbəyin üzündə qoşa cığır açdı.

- Amma yasdan çıxmağın üçün bu gün bizim üçün "Ləzginka" oynayacaqsan.

Çalğıçılar həmin havanı dəfələrlə çalası oldu. Nataraz adam yıxılıb özündən gedənə kimi…

Təcili yardım maşını başının üstünü kəsib, başını yerə soxmaq istəyən adamı hələlik bir xəstəxananın örtüyü kəfəni xatırladan çarpayısına yerləşdirdi.

Ləzgi havası bəlkə ilk dəfə öz qara bəhərini verdi. Tehran səfəri öncəsi Mir Cəfər rəhbərə pıçıldadı: "Kişi canını sizə tapşırdı".

O da tapşırığını pıçıldadı: “Oğlanlarının böyründə torpağa tapşırsınlar. Belədə ürəklərin tikanını çıxmış hesab eləmək olar…"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!