NARGİS
Podqoritsa Monteneqronun paytaxtıdır. Kotor, Tivat və Budvadan sonra pozulmamış təbiəti və sinəsində gəzdirdiyi zümrüd boyunbağı kimi uzanan Moraka çayı məni bu şəhəri görməyə vadar etdi. Buranı ziyarətimin ən vacib səbəbi isə ədəbiyyatşünas Azər Turanla olan söhbətdən sonra formalaşdı. Azər Turan mənə vaxtilə Podqoritsada olarkən yazdığı məqalədən bəhs etdi. Hər zaman olduğu kimi, yeni, axıcı, informativ və innovativ yazı oxumuşdum. Ancaq bunlardan əlavə, yazıda həm də Podqoritsada ucaldılan səma şairinin - Hüseyn Cavidin heykəlindən danışılırdı. Podqoritsa parklar, körpülər, sənət qaleriyaları şəhəridir. Ancaq buradakı "Kral" parkı hər bir azərbaycanlı üçün doğma və əzizdir. Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Podqoritsa şəhərindəki həmin "Kral" parkında Hüseyn Cavidin abidəsi əngin səmaya doğru ucaldılıb. Bu abidənin yamyaşıl ağacların olduğu, insanların mütamadiyyən ziyarət etdiyi "Kral" parkında eyni zamanda Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının da böyük mənəvi dəyəri var. Bu iki xalq arasında dostluğun, səmimiyyətin göstəricisidir. Hüseyn Cavidin abidəsini ziyarət etmək məni çox qürurlandırdı. Podqoritsanı ziyarət edər-etməz çantaları qaldığımız otelə əmanət edib parka doğru yola çıxdıq. Cavidi axtarıb tapdıq. Onunla salamlaşdıq, Naxçıvandan, Azərbaycandan salamları yetirdik. Abidənin tozunu yoldaşımla birgə təmizlədik. Çünki o Caviddir, hansı libasda olursa-olsun, hansı ölkədə, dünyada, kainatda olursa-olsun... o bizimdir. Cavidin abidəsinin çiyinlərində mənə tanış olmayan güllərin çiçəkləri rəqs edirdi, gözləri uzaqlara zillənmişdi. Bir anda mənə elə gəldi ki, o vətənə - Azərbaycana boylanır. Onun gözlərinin ziyasını axtardım heykəldə. Mənə elə gəldi ki, bir anda təkcə gözləri canlandı tələm-tələsik gözlərinin izi ilə baxmağa çalışdım Naxçıvana, Azərbaycana, İstanbula, Avropaya, dünyaya... Dodaqları da tərpənsin istədim, mənimlə danışsın, evinə, doğmalarına salamlar göndərsin istədim... uzaqdan Morakadan Araza zümzümə etsin, oxusun bu misraları istədim:
Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.
Baqın, görün tarixiniz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.
Lavandaların son ləçəklərinin bihuşedici ətri, əncir ağaclarının dolğun şirəli meyvələri ilə sanki təbiətin ən nadir hasarıyla çəpərlənmiş "Kral" parkının girişini Azərbaycan Respublikası Dövlət Gerbi və Monteneqronun dövlət atributları bəzəyir. Girişdə bu sözlər yazılıb: "Kral" parkının yenidənqurma və abadlaşdırma işləri Azərbaycan və Monteneqro xalqlarının dostluq əlaqələrinin rəmzi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan hökumətinin və Podqoritsa şəhər meriyasının dəstəyi ilə həyata keçirilmişdir".
Parkdan uzaqlaşdıqca dönə-dönə Cavidə tərəf boylandıq. Qutsal missiyamızı yerinə yetirmiş kimi hiss edirdik.
Ürəyimizdə nəhəng qürur hissi ilə Dahi Cavidlə və Podqoritsa ilə vidalaşdıq.
13.08.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!