Acınacaqlı çığırtı səsləri ilə dolub-daşan kabusları Qaianı yuxu üzünə həsrət qoymuşdu. Yuxularındakı çığırtının haradan gəldiyini anlaya bilmirdi. Altı gün idi ki, vəziyyət belə idi. Altı gün idi ki, mərhələ-mərhələ bir anlayış yaranırdı beynində. 6 gün idi ki, yuxularında yasəmən meşələrində gəzişirdi.
Meşənin dərinliklərinə doğru irəlilədikcə çığırtı səsləri getdikcə çoxalırdı. Yıxılırdı, diz çökürdü Qaia. Ruhunu sarmaşıqvari burulğanlar sıxırdı... Bütün beyin hüceyrələrini uşaqkən kəndlərindəki ala kərdilərdə gördüyü sarı alaq otları basırdı sanki... Sarı alaq otları getdikcə sıxırdı təfəkkürünü... Düşüncələrinin bütün şirəsini sorurdu... Düşüncələri inkişafsız qalırdı. Nə isə çatmırdı. Tamamlanmayan, qırıq-qırıq həyat kadrlarından ibarət, bir anda içinə dığırlandığı bu dünya.
O gün də belə oldu. Azərlə danışanda yenə özünü bu yeni dünyanın ağuşunda hiss etdi. Qarmaşıq, rabitəsiz fikir yağmurunu dolaşıq cümlələrlə ona da çatdırmağa çalışdı. Danışmağı sevmirdi. Əslində hər kəslə ünsiyyət qurmaq və uzun-uzun söhbətləşmək, müzakirələr aparmaq artıq çətin gəlirdi ona... Ancaq bəzi insanlarla ünsiyyət nəfəs almaq kimidir. İnsanın ciyərlərinə, düşüncələrinə, ruhuna oksigen dolur elə bil... Həmin gün də tələsik şəkildə düşüncələrini yönləndirirdi ona. Azər onun da eynilə buna bənzər hisslər yaşadığını və bunu mütləq yazmalı olduqlarının vacibliyini vurğulayaraq dəstəyi tələsik asdı. Niyə yazmalı idi? Bir anda düşündü ki, tək çarə yazmaqdı... Daha nəhəng çoxluğa, multi qatlara, bəlkə də elə yoxluğa... Qaia bir zamanlar travmalarını yazan əsgərləri xatırladı. Yazmaq insanı rahatladırdı. Bir növü, terapiya idi yazmaq...Bununla bağlı bir neçə elmi araşdırma oxumuşdu zamanında...
O gün elə bu zərif travmasını yazmağı qərarlaşdırmışdı...
İlk öncə onu son 5-6 ayda narahat edib, təşvişə salan yuxularını yazmaq istəyirdi... Yasəmənli meşədən başlayacaq idi yazmağa... Nə idi onu o meşəyə sürükləyən? Bu, kabus idimi? Halusinasiyamı? O çığırtı nə idi bəs? Gerçək idi elə bil. Oyananda qulaq pərdələrinə 180 desibel səslə bağırılmış kimi hiss edirdi... Araşdırmalarla müəyyən edilmişdir ki, 180 db isə roket atarkən roketin verdiyi səsdir... Buna məruz qalmaq isə sadəcə dəhşətdir...
Bu, yasəmənlərin çığırtısı idi? Yasəmən ağaclarını kəsirdilər?
Qaia bunun səbəbini soruşurdu ordan-bura, burdan-ora qaçaraq. Qan-tər içində qalırdı. Ağlayırdı. "Kəsməyin yasəmən ağaclarını!" deyərək yalvarırdı... Yasəmənlər kəsilirdi... Hun çayının suları çəhrayı rəngə boyanırdı... Qaia gah çaya, gah da meşəyə çırpırdı özünü. Heç kim əl saxlamırdı. Torpağın ürəyi səksəkədə idi, az qalırdı köksü çıxsın yerindən. İy və dad bilməsini itirirdi Qaia. Günəşin yanıq qoxusunu, yasəmənlərin qanının iyini hiss etmirdi. Hun çayından heç bir dad ala bilmirdi artıq. Nə isə dəyişirdi. Paralel dünyayamı sıçramışdı ruhu?
Hun çayı getdikcə özünə deltalar yaradırdı... Bu yeni dünya artıq Hakslinin dediyi kimi cəsur deyildi...
Yasəmənlər kəsilirdi...
Hun çayının rəngi artıq hər zaman yasəmən rəngində olacaq - deyirdi gümüş saçlı adam. Kim idi bunlar? Adlarını xəbər aldım... Hamısının adı eyni idi... Onları sadəcə rəqəmlər fərqləndirirdi...
Gümüş 1, Gümüş 2, Gümüş 3...
Robotlaşmış təxəyyülün məhsulu bu sistem məni ürküdürdü...
Gümüş 1. İçlərində ən zəhmli olanı idi... Ağacları eyni sürətdə kəssələr də, o, sanki fərqli bir kin bəsləyirdi yasəmənlərə.
- Çiçəklər insanlığın düşmənidir - dedi, Gümüş 1... Gözlərində zəhmqarışıq biclik bərq vurdu.
- Gümüş 2: Bəli, ilk olaraq gözəl qoxu anlayışı deyiləndə çiçəklər, bitkilər yada düşür...
- Gümüş 3: Gözəl olan hər şey insanı tənbəl edir... İnsanlıq tənbəlliyin daşını atmalıdır... Günəş yanır... Vaxta az qalır. Bir azdan tamamilə yanıb kül olacaq... Yeni günəşlər tapmalıyıq...
- Gümüş 1: Ulduzları yandırmağın zamanı çatıb... Bunun üçün bütün dünyadakı şəffaflıq yox edilməlidir... İlk olaraq sular boyanmalıdır... Bütün yasəmən ağacları kəsilməlidir.
Qışqırmağa başladım:
- Bunları kəssəniz tamlıq və vəhdət itəcək...
- Gümüş 1: Hahahaha... Sentimental, melanxolik düşüncə yağışı... Yasəmənlər və vəhdət anlayışı? Gözəllik nə vaxtdan tamlığı qidalandırıb, onun mərkəzinə çevrilib?
- "Gözəllik ayrı-ayrı elementlərdə deyil, birinin digərinə, yəni ələ görə bütün barmaqlarının, biləyə görə əlin, bütün qola görə ön qolun və sonda bütün hissələrin digərlərinə görə ahəngdar nisbətində olmalıdır" deyib Eko...
- Gümüş 1: Hər deyilən doğrudurmu? Hər doğru insanlar və bizlər - bubululular üçün doğrudurmu?
- Bu nə soyuqqanlılıqdır? Gözəllik nə vaxtdan təhlükə hesab olunur? Dünyanı gözəllik xilas edəcək... Gözəl qoxular, rayihələr, dadlar...
Gözəllik tanrıçası Afroditaya əsaslanan Hesiod (e.ə. VIII əsr), gözəlliyin mənbəyinin qadınlar olduğu qənaətindədir . Hesiodun fikrincə, başlanğıcda sonsuz və kompleks bir Xaos var idi. Xaosun qızı Nyks və oğlu Erebosdan (yeraltı) Eros (eşq) dünyaya gəldi və xaosu gözəllik əvəz etdi . Buna görə kainat gözəlliyin təcəssümüdür.
- Gümüş 3: Yas və Minin faciəsini unutmusan, deyəsən?
- Elə bir faciə yoxdu... Kim yazıb onu? Esxil? Sofokl? Evripid? Jan Rasin?
- Gəl sənə bunu danışım... Sonrasına özün qərar ver... Emosiyalarla yox, analiz qabiliyyəti ilə şərh et...
Mifologiyaya görə Küknar meşəsinin ən gözəl insanları Yas və Minin şöhrəti bütün Bibl və Ya ellərində dillərə dastan imiş. Bir gün Ya elinin kralı Qrenyun Küknar meşəsində ova çıxıbmış. Nağıl edilir ki, Qrenyun bütün heyvanların dilini bilirmiş və ovda ikən dincəlmək üçün söykəndiyi xarabalıqda bayquşlardan iki gözəlin hekayətini eşidir. Kral ovdan qayıdar-qayıtmaz, tələsik bu iki gözəlin sorağına çıxacağına and içir.
Bəşəriyyətin tarix boyu axtardığı şey həmişə gözəlliyi tapmaq və onun arxasınca qaçmaq olub. Ancaq gözəlliyi, gözəli tapmaq kifayət etməyib və ən gözəlinə çatmaq hədəflənib.
Ovdan qayıdan Qrenyun qiyafəsini dəyişib, Bibl elinə tacir kimi daxil olur. Ya elinin xəzinəsinin ən nadir almazlarını da Hermes markalı çantasında özü ilə götürür. "Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunu Aidin dünyasına aparan bələdçidir (buna görə də onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur". Bibl elinə varid olduqda, günəşlə yarışacaq parlaqlıqdakı almazları satmağa başlayır. Öncədən öyrətdiyi adamlar şayiə yayırlar ki, bəs Bibl kralının sarayında heç belə almazlar yoxdur. Bu almazlar Bibl kralının bütün xəzinəsinə bərabərdir. Almazların şöhrəti və söz-söhbət krala çatır. Əyan-əşrəfə söz verir ki, o almazları günü bu gün xəzinəsinə daxil edəcək. Bibl Kralı İsgəndər, Qrenyunu hüzuruna dəvət edir. Nə and-aman edirsə, tacir almazları satmır ki satmır. Nəhayət, kral kor-peşman soruşur ki, almazlara qarşılıq nə istəyir? Nə istəsə, söz verir ki, verəcək.
Çünki artıq Bibl kralının sözü yerə düşürdü. Əyan-əşrəf kralın sözünə etimad göstərməyib, fısın-fısın danışır, onu lağa qoyub xısın-xısın gülürdülər. Kral hər şeyi görürdü... Verdiyi sözdən peşman olsa da, "sonrakı peşmançılıq fayda vermir"...
Ya Kralı Qrenyun da belə fürsəti əldən verməzdi. Tez krala Bibl elinin iki gözəlini, Yas və Mini istədiyini deyir. Bu, kralı qəhərləndirir. Ancaq kral yenə tuta bilməyəcəyi sözlərindən birini vermişdi... Bu dəfə isə bu sözü Ağ saraydakı böyük məclisdə əyan-əşrəfə vermişdi...
Beləliklə, Yas və Min Ya elinin tacirinə (əslində kralına) hədiyyə olunur. Qrenyun bic-bic gülür. Artıq bu iki gözəl xanım sayəsində Ya elinin gözəlliyi analarına, igidliyi atalarına bənzəyən dillərə dastan oğul və qızları doğulacaq idi. Qrenyun Yas və Mini avtomobilinə əyləşdirib Ya elinə doğru getməkdə olsun. İndi sizə xəbər verim Yas və Mindən. Ata-analarından, sevimli oylaqlarından, yurd-yuvalarından bu şəkildə zorla qopardılan qızlar xiffət çəkirdilər. Yol boyu gözlərindən damlayan yaşlar hər yeri bənövşəyi rəngə boyayırdı. Keçdikləri yerdə bütün gül-çiçək solurdu. Bu bənövşəyi göz yaşları bütün sevgini, gözəlliyi, xoş rayihələri yuyub yer üzündən silirdi. Keçdikləri hər oylağı quru çölə çevirən göz yaşları yavaş-yavaş bütün insanların mənəvi keyfiyyətlərini də özü ilə qeybə doğru çəkib aparırdı... Qrenyun keçdiyi ellərin zümrüd yaşılı oylaqlarını boş, çöllərini quraq görürdü. İnsanların üzündən xoşbəxtlik yerinə narazılıq yağırdı. Hər kəs qaçışır, dayanmadan çalışırdı. Mal-mülk toplamaq, hərislik yağırdı bütün insanlardan. Bu yaxşıdırmı? - düşündü Qrenyun... Bibl ellərinin torpaqları Qrenyuna cəhənnəmi xatırlatmağa başlamışdı. Qrenyun necə olmuşdu ki, bu elə gələndə bunları görməmişdi. Bunun səbəbini öncəliklə hədəfinə çatmağa konsantre olmasında görürdü. Artıq hər şeyi əldə etmişdi. Bəlkə də ona görə Bibl elləri ona belə sıxıcı gəlirdi. Bəlkə bu iki gözələ görə gözəl gəlmişdi, ya da diqqətindən yayınmışdı buralar, bilmirdi. Bildiyi və əmin olduğu tək gerçək o idi ki, bu qızlar artıq Ya elinin idi. Ya elinə çatanda kral qızları hərəm ağasına tapşıracaq, özü isə qalibiyyətini qutlayacaqdı. Onun göstərişi ilə qızlar kralaməxsus hazırlanmalı idilər. Ya elinə çatan kimi kral düşündüklərini icra etdi...
Hərəmağası gözlərindən bənövşəyi rəngdə incilər tökülən Yas və Mini görəndə, öncə bu gözəlliklər qarşısında bihuş oldu, dizləri titrədi, sonra bütün mənəvi keyfiyyətlərini itirdi, qəlbi Böyük səhraya döndü. Yas və Minin ayaq qoyduğu hər torpaq, könül səhralaşırdı. Adətə görə, Yas və Min kralla görüşdən öncə 7 gün paklanmalı, Ya ellərinin adət-ənənəsinə uyğun təlimləndirilməli idilər. Bu 7 gün içində vaxtını eyş-işrətdə keçirən kral fərqində deyildi ki, bütün Ya elləri və könülləri səhralaşmağa başlayıb. Artıq söz-söhbət hər yeri bürümüşdü. Bibl elinin iki gözəli gecə-gündüz inci kimi göz yaşları tökürdü. Bütün güllər solurdu, quşlar bala çıxarmır, bülbüllər cəh-cəh vurmurdu. Xalq ayağa qalxmışdı. Qrenyundan onları geri göndərməyi, ya da öldürməyi tələb edirdilər. Bibl elində də vəziyyət eyni idi. İnsanlıq getdikcə məhv olurdu. Qrenyun bütün bunlara o qızların səbəb olduğuna inanmırdı. Xalq qızları cadugər adlandırırdı.
Qrenyun gecə olanda hərəm ağasını yanına çağırdı:
- Mənə qızları gətir - dedi.
Hərəm ağasının sir-sifəti eybəcər hal almışdı. İlk dəfə idi ki, Qrenyun bundan narahat olmağa başladı. Bəlkə də, bu qızlar həqiqətən də cadugər idilər... Sonra bu düşüncəsini özündən uzaqlaşdırmağa çalışdı. Dəqiqələr sonra, yenidən hərəm ağasının qapını taqqıldatması Qrenyunu gerçək dünyaya qaytardı.
Yas və Min kralın çəhrayı yaqutlarla bəzədilmiş otağına daxil olanda Qrenyunun gözləri qamaşdı. Bir müddət göz bəbəkləri ağrıdan sızıldadı. Yavaş-yavaş gözlərini açdı. Qarşısında elə bil iki pəri qızı dayanmışdı. Bunlar, nadir gözəlliyə məxsus Bibl gözəlləri idilər. Qrenyun hiss etdi ki, axtardığını tapıb. Yas və Minin xoş rayihəsi bütün qoxuları əsir edirdi. Gözəlliyi bütün gözəllikləri qurudurdu. Qrenyun tez boynundakı ametist daşını sığalladı. Bunu ona atası hədiyyə etmişdi. Bu daş onu hər şeydən qoruyacaqdı. Qrenyun yavaş-yavaş sehrləndiyini düşünməyə başlayırdı. Bir könüldən min könülə bu iki gözələ aşiq olmuşdu. Qızlar da ilk dəfə idi ki, belə yaraşıqlı kişi görürdülər. Qul və kəniz kimi gətirildiklərini düşünən gözəllər kralın sevimlisi olacaqlarını gördükdə, bütün qadınlarda olduğu kimi, onların da kralla birgə olduqda üzlərində güllər açmağa başladı. Təklikdə isə yenə qan-yaş tökməyə davam etdilər.
Qrenyun qızlarla yeddi il keçirdi. Yeddi il saraydan çıxmadı. Bu yeddi ildə 14 övladı oldu. Hər biri elə bil bir Ay parçası idi. Qrenyun 7 ilin sonunda saraydan çıxanda, Ya elini viran qalmış gördü. Elə bil şəhəri qurdlar yemişdi. Hər yer deşik-deşik idi. İnsanlar xəstəliklərdən əziyyət çəkirdilər. Bir-birlərinə gülmür, danışmır, xeyirxahlıq etmirdilər. Qrenyun hiss etdi ki, artıq kral olmağın belə elə bir əhəmiyyəti qalmayıb. Xarabalıqlar içində qalan Ya elinin xalqı Qrenyunu söyüb, daşqalaq edirdi. Atılan bozumturaq kasıb daşlarının təsirindən, bahalı Ametist ovulub yerə tökülmüşdü... Canını zorla xilas edən kral atasına, elinə xəyanət etdiyini anlayıb sarsıldı. Bütün günahı onu bu qəflətə sürükləyən gözəlliklərdə gördü. Yas və Mini öldürməyi qərara aldı. Bütün Ya eli kimi, kral da getdikcə vəhşiləşirdi. Kralın əmri ilə, "cadugərlərə ölüm!" deyə-deyə küçədə böyük tonqal qurmağa başladılar. Elə tonqal ki, hələ yer üzü yer üzü olandan belə şey görməmişdi. Yas və Min anladı ki, bundan qurtuluş yoxdur. Kral onları məhv edəcək... Gözlərindən qan, yaş tökməyə başladılar. Göz yaşları sel-su olub tonqalı söndürdü. Bütün Ya eli su altında qaldı. Qrenyun daxil, bütün Ya əhalisi tələf oldu. Övladlarını və Qrenyunu itirən Yas və Min özlərini selə buraxdılar.
Ya elinin məhv xəbəri Bibl elinə çatdıqda, özlərini tələsik kömək üçün ora çatdıran xalq təəccübdən yerindəcə donub qaldı. Ya elinin yerində xoş rayihəli bənövşəyi güllərlə dolu ağaclar ucalmışdı. Bu güllər elə gözəl idi ki, qoxuları elə möhtəşəm idi ki, Bibl eli bir də yurd-yuvasına qayıtmadı. Ömürlərini bu ağaclara qulluq etməyə həsr etdilər. Bu çiçəklərə yasəmən deməyə başladılar. Bütün gün o ağacların altında oturub, uzaqlara zillədilər gözlərini. Əkin-biçin olmadı. Evlərdə yemək bişmədi. Kotanlar işləmədi, mal-qara sağılmadı... Nəhayət, Bibl və Ya yox oldu...
- Yasəmən lənətli çiçəkdir. O deyir ki, ya sən, ya da mən!
- Bu nə cəhalətdir belə? Necə yəni, ya sən, ya mən? Bu, inancdır axı, özü də batil... Bunun heç bir elmi sübutu yoxdur.
- Gümüş 1: Bəli, elə düşünürsən. Ona görə ki, o sənə mifologiyadan danışdı. Əslində, Bubu planetinin sakinləri gözəlliyin faciələrə, tənbəlliyə, ətalətə səbəb olduğunu elmi-nəzəri cəhətdən sübut ediblər. Hər gün ortalama neçə qadın öz gözəlliyinə vaxt ayırır, bilirsənmi? Buna həm vaxt, həm də maliyyə gedir. Gözəllik, sadəcə, hiss edilir. O, insanı yaşatmır, qidalandırmır.
- Belə düşünmürəm, gözəllik ruhu qidalandırır. Auranı kamilləşdirir...
- Gümüş 1: Harada yazılıb bu?
- "Misirin ölülər kitabında"...
- Gümüş 1: Ölülər, ehhh... ölülər?
- Gümüş 2: Bəs bunu kim deyib sənə? Gözəlliyin ruhu qidalandırdığını?
- Müqəddəs kitablar...
- Gümüş 1: Axı biz artıq öz kitablarımızı yaratmışıq.
- Hansı kitablardır onlar?
- Gümüş 1: "Transhumanologiya", "Tanrılogiya"...
- Anlayıram...
- Gümüş 1: Anlaya bilmərsən. Bunu bilmək üçün gizli Gümüş əlifbasını öyrənməli, kitabı xüsusi kodlarla beyninə ötürməlisən. Bu isə sizin kimi insanlara açıqlanmayıb.
- Bizim kimi? İnsanları, məncə, çox aşağı görürsünüz...
- Gümüş 1: Görmürük. Sadəcə, artıq kainat dəyişib...
- Bəs Tanrılogiya nədir?
- Gümüş 1: Bunu mən izah edə bilmərəm... Bu, Tanrının əlindən tanrılığını almaq elmidir. Bir növü öz planetlərimizin tanrısına çevrilmək amalıdır. Nəyə görə öz evimizin ağalığını başqasının əlinə verək? Niyə başqasının qanunları ilə idarə olunaq? Onun verdiyi qədərlə kifayətlənək? Tanrının yaratdığı ilğımlarda sürüklənək?
- Tanrıya qarşı gəlməyin nəticəsi ağır olar. Bu, müqəddəs kitablarda açıqca bəyan olunub.
- Gümüş 1: Öz müqəddəs kitablarımızın varlığından danışdım axı... Görürsənmi, gözəllik vaxt itkisidir? Bayaqdan sənə nələrisə izah etməyə saatlar ayırmışam. Sənsə heç nə anlamamısan... Beynini məşğul edən bircə məsələ var, o da yasəmənlərdir...
- Saatlar? Biz cəmi 10 dəqiqədir ki, söhbət edirik...
- Gümüş 1: Yox, 10 dəqiqə deyil, artıq 10 saatdan artıqdır. Siz, köhnə nizamın insanları, zaman anlayışının əks olunmalarını duyursunuz. Biz isə zamanın özünü idarə edirik.
Tələsik saata baxdım. Doğrudan da, 10 saata yaxın idi ki, söhbət edirdik. Hiss edirdim ki, halsızlaşıram... Hiss etdim ki, yüz faiz acından təzyiqim düşüb...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!