Təbriz, XVI əsr
Karvan ağır-ağır şəhərə yaxınlaşırdı. Dünəndən bəri bu tərəflərdə görünməmiş istilər düşmüş, şəhər qaynar qazana dönmüşdü. Bir-iki gün əvvələ qədər civiltilərindən qulaq tutulan quşlar birdən-birə havanın sərt dəyişməsindən qanad salırdılar. Hərə özünü bir kölgəyə vermişdi. Belə istilərdə susatanların alveri yaxşı gedirdi. Çatana su təklif edirdilər. Şəhər qapısı ağzında uzun növbə yaranmışdı. Kim şəhərə girmək istəyirdisə torbaları, arabaları, xurcunları hökmən yoxlanılırdı. Darvaza qorçiləri heç kimin xahişinə, minnətinə fikir vermədən hər şeyə diqqətlə baxır, sorğu-sual edir, əgər şübhələnirdilərsə bir də yoxlayırdılar.
Arada qorçilər əllərindəki nizələri şübhələndikləri çuvallara, tuluğlara batırır, içindəki ləvazimatların nə olduqlarını bildikdən sonra qışqırırdılar:
- Keç içəri, sıxlıq yaratma. - Arada hədə-qorxu da gəlirdilər. - Ləngimə, yoxsa geri qaytararam.
Şəhərə girmək istəyənlər tez-tələsik əşyalarını yığışdırıb dua edə-edə içəri daxil olurdular.
Şahın xüsusi mühafizəsi olan bu qorçilər yalnız onun fərmanını icra edirdilər. Şahdan başqa heç kim onlara əmr verə bilməzdi. Əynindəki geyimlərdən bəlli olurdu ki, bu gün növbədə hansı tayfadandır. Yalnız başlarındakı qırmızı rəngli on iki sarıqlı çalmaları dəyişmirdi. Hər adam bu mühafizəyə düşə bilməzdi. Say-seçmə igidləri şah şəxsən özü seçirdi. Qorçilərin şaha sədaqətləri sonsuz olurdu. Onlara məhz çalmalarına görə qızılbaşlar deyirdilər...
Karvan sahibi Varpet Heratdan gəlirdi. Tərini əlindəki qara çitlə silə-silə öz-özünə deyinirdi:
- Bu zəhrimar isti bizi lap əldən saldı. İsfahanda heç dincələ bilmədik. Hamama girib-çıxmağımız bir oldu. - Katalikosun qarasınca deyindi. - Bu zalım oğlu da gündə bir tapşırıq göndərir. Öz ticarətim qalıb bir yanda, onun göstərişlərinə əməl etməklə məşğulam. - Arxaya çönüb İsfahanda karvana qoşulan qızlara baxdı. Dəvə üstündə oturanların üzləri açıq idi. Gözlərindən od yağırdı. Arada ona da göz-qaş eləmişdilər, ancaq indi belə işlər heç yadına da düşmürdü. Həm də qızları saray divanbəyinə çatdırmalı və katalikosun məktubunu ona verməliydi, üstündə də qiymətli hədiyyələr.
Nökəri atını çapıb ağasının atının bərabərliyinə gəldi, tərini silib dilləndi:
- Ağa, Təbrizə az qalıb. Bir az qorxuram.
Varpet acıqlandı:
- Sənə min dəfə demişəm, ikimiz olanda məni "dayı" deyə çağır. "Ağa" sözünü türklərin yanında de, qoy bilməsinlər bacım oğlusan. Heç bilirsənmi, sənin ananı o türk olan "eşşəyə" necə bəh-bəhlə ərə vermişik. - Diqqətlə bacısı oğluna baxdı. - Dediklərimizə əməl etsən, sənə də bir türk qızı alarıq.
Bacıoğlunun üzünün ifadəsi dəyişdi:
- Hə dayı, düz deyirsən. Onsuz da anamın erməni olduğunu heç kim bilmir.
2
Hər yerdə özünü müsəlman qadını kimi aparır, amma sənin adını eşidəndə az qalır özündən getsin. Hər dəfə mənə deyir ki, dayının sözünə qulaq as.., - sözünü bitirə bilmədi...
Qala divarlarına çatanda qorçinin səsini eşidən kimi söhbəti kəsdilər. Qorçi durmadan qışqırırdı.
- Dur! Atlardan, dəvələrdən, eşşəklərdən düşün. Karvanbaşı qorçibaşının yanına!. Şəhərə girmək üçün torpaqbasdı haqqını hazırla.
Dəvələri "xıx" deyib yerə otuzdurdular, yükləri düşürdülər. Karvanbaşı özünü kölgəyə verən qorçibaşına yaxınlaşdı. Onu çoxdan tanıyırdı. Salam verdi:
- Hər vaxtınız xeyir olsun, Natiq bəy! - Təəccüblə salamına əlavə etdi: - Bu nə hay-küydür, bəy? Heç Təbrizdə belə şey görməmişdim. Nə olub?
Qorçibaşı onun salamını aldı, amma sualına cavab vermədi, əvəzinə özü soruşdu:
- Hardan gəlib, hara gedirsiniz, yükləriniz nədir, kimindir?
Karvanbaşı sualına cavab almadığı üçün tutuldu, amma dərhal cavab verdi:
- Karvan mənimdir, yüklər isə erməni taciri Varpetindir. Yüklərdə nə var az-çox məlumatlıyam, ancaq tam dəqiqini o bilər. Heratdan gəlirik, yolda İsfahanda dincimizi aldıq.
Natiq bəy gülümsündü, sonra soruşdu:
- Şah Təhmasibin fərmanı Herata, İsfahana gəlib çatmayıb? - Əsgərinə göstəriş verdi: - Erməni tacirini tez çağır bura.
Qorçi tələsik düşərgə salan karvanın içinə girdi, bir azdan Varpeti qabağına salıb gətirdi. Varpet onu görən kimi üzünün ifadəsi dəyişdi, yaltaqcasına başını aşağı əydi, təzim edərək dedi:
- Hörmətli bəyə salam olsun. Biz torpaqbasdımızı həmişə artıqlaması ilə vermişik. Bilirsiniz ki, divanbəyinin bizim haqqımızda xüsusi tapşırığı var, vergidən də azadıq.
Qorçibaşı onun dediklərini bilsə də bir söz demədi. Ayağa durub tökülmüş yüklərə tərəf addımladı. Qorçilərdən dörd nəfər, karvanbaşı və tacir Varpet də onun ardınca getdi. O, yüklərin arasında gəzə-gəzə gəlib iki erməni qızının yanında dayandı, onlara diqqətlə baxıb, üzünü tacirə tərəf tutdu, baş barmağını qadınlara tuşlayıb soruşdu:
- Bu qızların üzləri niyə açıqdır? Məgər cəzalanmaqdan qorxmursan?
Tacir yenə şirin dilini işə saldı:
- Ağa, bizim dinimiz buna icazə verir. Həm də... - bir qədər duruxub əlavə etdi, - bu cariyələr xüsusi olaraq divanbəyi üçündür. Şəxsən katalikos özü bu cariyələri divanbəyinə peşkəş göndərib.
Bəy atmaca atdi:
- Məgər katalikos İsfahanda oturur?
Varpetin dili topuq vursa da güclə dilləndi:
- Yoox, ancaq İsfahandakı erməni qızları çox gözəl olur. Bu səbəbdən cariyələri İsfahandan aldım. - Daha demədi ki, bunlar xüsusi hazırlanmış qızlardır və heç də cariyə deyillər. - Bir ətək pul verdim.
3
Qorçibaşı divanbəyilə üz-üzə gəlməmək üçün bir söz demədi, göstərişini də verməyi unutmadı:
- Qızlara çadra verin başlarını örtsünlər, yoxsa təbrizlilər belə şeylərə yaxşı baxmırlar. - Qara rəngli uzunboğaz çəkməsinin böyründən qırmancını çıxardıb sağ ayağına vuraraq şaqqıldatdı. Bu zaman Varpet bacıoğluna göz elədi ki, bəs qızlara çadra ver. O da tələm-tələsik yüklərin arasından bir cüt çadra götürüb qızlara tərəf qaçdı. Bütün olanları müşahidə edən Natiq bəy əsas məsələyə keçdi.
- İndi de görüm, yüklərin nədən ibarətdir? Şah Təhmasibin xüsusi fərmanı var. Bu fərmana görə, səltənətdə şərab, tiryək, nəşə, bir sözlə, bihuşdurucular qadağan olunub. Kim padşahımızın əmrini pozarsa, ciddi cəzalanacaq, hətta bu onun edamına qədər gedib çıxa bilər.
Tacirin canına titrətmə düşdü, bədənindən soyuq tər axmağa başladı. Karvanbaşıya baxdı, onun da vəziyyəti Varpetin vəziyyətindən heç də yaxşı deyildi. O da cəzalana bilərdi. Canını qurtarmaq üçün tez dilləndi:
- Bəy, bayaq sizə dedim axı, doğrusunu tacir bilər, tam dəqiqliklə məlumatım yoxdur. Qoy özü söyləsin. - Bu sözləri deyəndən sonra dərindən nəfəs aldı və nəzərlərini tacirdən çəkmədi.
Qorçibaşı bir qədər əsəbləşdi:
- A kişi, nə ötür-ötür oyunu oynayırsınız? Soruşdum ki, yükün nədir. Tez dillən, yoxsa əmr edərəm, sizi yaxşıca şallaqlayarlar.
Varpet əlindəki qara dəsmalla boynunu, boğazını, üzünü sildi, özündə təpər tapıb dilləndi:
- Nə olacaq ki, ağa? Qumaş, sabun, küplərdə yağ, daha nə bilim, xırım-xırda şeylər. Təbrizdə nəyə tələbat varsa, onu da gətiririk.
Qorçibaşı divanbəyinin adını eşidəndə əvvəl istəmişdi ki, karvanı şəhərə buraxsın, çünki onun məkrlərindən sarayda çox danışırdılar. Hamını bir-birinə vurmağı, dalaşdırmağı, küsdürməyi bacarırdı. Axırda da özü hakim sifətində məsələləri yoluna qoyurdu, guya o, yaxşıdır, ədalətlidir. Şahın da yanında bu səbəbdən etimad qazanmışdı. Düşünmüşdü ki, ağrımayan başına niyə dəsmal bağlasın. Bunlarla rəftarını onsuz da gedib ona çatdıracaqlar. Bir halda ki, erməni qızlarını aparıb divanbəyiyə təhvil verəcəklər, o zaman bu yoxlamanın da nəticəsini ovcuna qoya bilərlər. Bu isti də zəli kimi canımızdan yapışıb, qılınc kimi başımızın üstündə durub. Sonra baxdı ki, bunlar özlərini şübhəli aparırlar. Axtarışa qərar verdi. Fikirləşdi ki, bir şey tapsam, divanbəyi yanımda gözükölgəli qalacaq, yox, heç nə tapmasam, deyəcəm ki, şahın əmridir ki, pozsam cəzalanaram, qorçilərə qəti qərarını verdi:
- Bütün yüklər diqqətlə, bir-bir yoxlanılsın. Özü isə göz altından karvanbaşıya və tacirə diqqətlə baxır, hər hərəkətini izləyirdi. Karvanbaşı özünü sakit aparırdı, görünür, çox şeydən xəbəri yox idi. Tacir isə hiss edirdi ki, özünə yer tapa bilmir, gah karvanbaşıya, gah da ona baxır, şübhələri daha da artırırdı.
Qorçinin biri daha dörd nəfəri qaladan çağırdı. Onlar gələnə qədər tacir Natiq bəyi ələ almağa bir də cəhd etdi:
4
- Ağa, bəlkə razılığa gələk, hə? Havanın bu istisində biz yol gəlib yorulmuşuq, siz də...
Qorçibaşı onun sözünü kəsdi, həm də "razılığa gələk" deyirsə, deməli, torbada pişik vardı. Tam əmin olmaq üçün dilləndi:
- Razılığa necə gələ bilərik, - səsini yumşaltdı, - nə təklif edirsən, tacir ağa?
Varpet işi düzüb qoşmaqda usta idi. Gözlərində ümid işığı parıldamağa başladı, canından titrəmə çəkildi. Şirin dilini işə saldı:
- Ağa, bax, bayaq gördüyün o cariyələrdən birini verirəm sənə. Divanbəyinə deyərəm biri düzəldi, ikincisini də gələn dəfə gətirərəm.
Natiq bəy başa düşdü ki, bu erməni taciri onu yaxşıca tələyə salmaq istəyir.
Buraxacam, gedib divanbəyinə çatdıracaq ki, bəs qorçibaşı cariyənin birini əlimdən aldı, özü də ən gözəlini. Di gəl, bunun vəbalını şahın qarşısında yu görüm, neçə yuyursan.
Üzünə ciddi görkəm verib dedi:
- Ay erməni, bu boyda cariyəni çuvalda gizlətmək olar? Sən nə danışırsan? Yox, aşna, keçəl suya getməz! Qonşuya ümid olan şamsız qalar.
Sövdələşmə baş tutmurdu. Tacir türklərin zəif yerinə keçdi:
- Bəlkə qızılla razılığa gələk? - Qurşağından bir kisə çıxardıb əlindən bir qədər yuxarı atdı. Kisə sehrbazın əli kimi qayıdıb öz ovcuna düşdü. Fəxrlə dilləndi: - Hə, buna nə deyirsən? Qorçilərin pul alması heç günah deyil. Eşitmişəm ki, şah həzrətləri bəzən aylarla maaşlarınızı vermir. - Arxayın şəkildə soruşdu. -Razılaşdıq? Sən bunu götürürsən və Təbrizin qapılarından bizi sərbəst içəri buraxırsan.
Qorçibaşı tam arxayın oldu ki, bu işdə qaranlıq məsələ var. Bu erməni taciri ya onu tuzağa salıb, sonra özünə işlətmək istəyir, ya da şahın qadağa etdiyi şeylər var. Əminliklə hər iki əlinin baş barmağını kəmərinə keçirdi. O biri barmaqları ilə kəmərini üstdən döyəcləyərək soruşdu:
- Bilirsənmi, mürsidi kamilimiz, şahımız sənin kimilər haqqında nə söyləyib? - Tacir qeyri-ixtiyari olaraq "yox" dedi. - Söyləyib ki, "Allahın yandırdığı çırağı püfləyib söndürmək istəsən saqqalın alışıb yanar". - Səsini qaldırıb ötkəm səslə qışqırdı. - İndi sən istəyirsən ki, mən həm Tanrının, həm də şahın əleyhinə gedim? Hər ikisinin də mənim üçün yandırdığı çırağı püfləyib söndürüm? - Qorçilərə əmr verdi. - Başlayın. Şahın əmrindən çıxmaq Allahın əmrindən çıxmaq deməkdir. Qorçilər dərhal yükləri ələk-vələk etməyə başladılar.
Özünü itirən Varpet göz-qaşla karvanbaşıya işarə etdi ki, nəsə et. Yoxsa batdım, əlli-ayaqlı gedəcəm. Karvanbaşı çiyinlərini cəkdi, yəni "mən nə edə bilərəm, özün gördün ki, zalım oğlunu satın almaq mümkün olmadı". Erməni tacirinə yalnız hadisələri izləmək qalırdı. Amma o, işin belə getməsinə biganə qala bilməzdi. Göz-qaşla, him-cimlə bacısı oğlunu yanına çağırdı. Bacıoğlu sakitcə, heç kim hiss etmədən dayısına tərəf addımladı.
Varpetin yanına çatanda sakitcə böyründə dayandı. Erməni taciri yavaş səslə dedi:
5
- Sən sakitcə, nə qədər ki, bunların başları axtarışa qarışıb, aradan çıx. Get birbaşa divanbəyinin sarayına, olanları danış. De ki, əl mənim, ətək onun. Ölmüşəm yerdən qaldıranım yoxdur.
Bacıoğlu başını sakitcə yellədi. Bir azdan əhali arasında görünməz oldu.
Qorçilər isə əvvəlcə qumaş topalarının içini diqqətlə yoxladılar, sonra bir neçə sandığa əl gəzdirdilər. Hələ ki bir şey tapılmamışdı. Qorçilərdən biri dəvələrdən endirilmiş bir neçə iri küpə yaxınlaşdıqda Varpet gözlərini ondan ayırmadı. Qorçi ağzı kip bağlanmış küpün lehimlərini qırdı, qapağını qaldırıb yerə qoydu. Küpün içinə baxdıqda orada öz əksini gördü, amma diksinmədi. Çeçələ barmağını mayeyə batırıb ağzına aparandan sonra qışqırdı:
- Yağdı, bəy.
Qorçibaşı eyni səslə qısqırdı:
- Qarmağınla küpün dibini yoxla.
Özləri ilə həmişə belə işlər üçün gəzdirdiyi uzun qarmağı küpün içinə salmamışdan öncə çöldən onun dərinliyini ölçüb işarəsini qoydu. Sonra qarmağı küpün içərisinə saldı. Qoyulan işarə ilə bu, düzgün gəlmirdi. Qarmağı axtarışa buraxdı. Bu zaman qarmaq nəyəsə ilişdi. Qarmağı yuxarı qaldırdı. Bu kiçik bir küp idi.
Bu küp yuxarı qalxdıqca yağ damcıları sürətlə üstündən süzülüb əsas yağ kütləsinə qayıtmağa can atırdı. Yağ damcılarının səsinə fikir vermədən qorçi qışqırdı:
- Natiq bəy, nəsə tapdım.
Qorçibaşı küplərə tərəfə addımladı:
- Taciri və karvanbaşını bura gətirin.
Qorçilərdən biri dərhal adları çəkilən şəxslərin başlarının üstünü aldı:
- Hə, tərpənin...
Dünyadan əllərini üzən hər iki nəfər ayaqlarını sürüyə-sürüyə bəyin arxasınca getdi.
Natiq bəy qorçiyə yetişən kimi onun əlindən nümayişkarcasına tutduğu kiçik küpü aldı, bir qədər silkələdi. Küpü çalxaladıqca içindən maye səsi gəlirdi. Lehimləri qırıb qapağı qaldırdı. Burnuna kəskin şərab iyi dəyəndə başını geri çəkdi.
- Bu ki şərabdır, - dedi və qorçiyə əmr verdi, - sındır bu küpü.
Əsgər qılıncın bir zərbəsinə az qala özü boyda olan küpü yarıya böldü. Küpün içindəki qara yağ bir andaca isti torpağın canına hopdu. Ortada isə on ikiyə qədər kiçik küp qaldı. Hər şey göz qabağında idi.
Natiq bəy əmr verdi:
- O biri küpləri də qırın!
Qorçilərdən kimisi qılıncla, kimisi döyüş baltası, kimisi də nizəsilə bir andaca qalan küpləri qırdılar.
Maraqlı mənzərə yaranmışdı. Bütün küplərin içindən birincidəki kimi kiçik küplər çıxdı.
O dönüb tacirə baxdı.
6
- Bəs deyirdin şəhərə yağ gətirmisən? Bu şərablar nə üçündür, yaxud kimin üçündür?
Varpet ayaq üstə sanki ölmüşdü. Dili-ağzı qurumuş, boğazı tutulmuşdu.
Onun cavabını gözləmədən növbəti göstərişini verdi.
- Axtarmaqda davam edin. Əminəm ki, hələ başqa şeylər də tapacağıq...
Bacıoğlu şəhərə daxil olan kimi soraqla-soraqla divanbəyinin sarayını axtarıb tapdı. Böyük bağın qapısında iki mühafizəçi dayanmışdı. Onlara yaxınlaşıb baş əydi:
- Divanbəyinin sarayı buradır?
Mühafizəçi paltarının tozu tərinə qarışmış adama yuxarıdan aşağı baxdı, ötkəm-ötkəm dinləndi:
- Sən kimsən? Çıx get burdan. Bircə bu qalmışdı ki, divanbəyini miskin adam soruşsun. Get bazara, ancaq əvvəlcə hamama gir, kirini, pasını tök, yoxsa darğa da səni bazara buraxmaz.
Hər iki mühafizəçi ucadan güldü, amma Karapet özünü itirmədi, onların gülüşünə əhəmiyyət vermədən dilləndi:
- Mən heç kiməm, ancaq mənim ağam sənin ağanla curdular, yəni dostdular. Ağamdan ağana təcili xəbər gətirmişəm.
Mühafizəçi yenə inanmadı, növbəti dəfə əli ilə onun üst-başını göstərib dedi:
- Yəqin, sənin ağan da tozun, kirin içində itib batır. Hamama gedəndə ağanı da aparmağı unutma. Ağanın adı nədir?
Hər ikisi yenə gülüşdü. Bu istehzadan bacıoğlunun heç tükü də tərpənmədi.
- Ağamın adı tacir Varpetdir, karvanımız Heratdan gəlib şəhər qapısının ağzında dayanıb. Əgər belə zarafatlarla vaxtı öldürsəniz, divanbəyi sizi cəzalandıra bilər. Tez məni onun yanına aparın.
Mühafizəçilər özlərini yığışdırdılar. Deyəsən, kirin-pasın içində adam ciddi danışırdı, zarafat etmirdi.
Bu zaman darvaza açıldı, bığıburma eşikağası zəhmlə soruşdu:
- Burada nə olub, bu nə gülüşdür? - Bacıoğluya baxdı. - Bu kimdir?
Mühafizəçilər mil durdular. Biri dərhal cavab verəndə məsum olduğunu bildirmək üçün, hətta boynunu da bir qədər yana əydi:
- Ağa, - əlini Karapetə uzatdı, - tozun-pasın içində itib batan bu səfil bayaqdan dirənib durub ki, divanbəyini görmək istəyirəm, təcili xəbər var. Qovuruq da getmir.
Əslində, divanbəyi hava isti olduğundan bağçada ağacın kölgəsində xalça üstə uzanıb darvaza ağzında olan söhbəti eşidirmiş, Varpetin adını eşidən kimi eşikağasına tapşırıq verdi ki, get, onu tez yanıma gətir.
Eşikağası mühafizəçilərə tərs-tərs baxıb Karapetə əmr verdi:
- Gəl dalımca!
Mühafizəçilər heç nə başa düşməsələr də bacıoğluna dərhal yol verdilər.
Divanbəyi sağ dirsəyini mütəkkəyə söykəmiş, ayaqlarını irəli uzatmışdı. Başının üstündə dayanan cavan zənci yelpək çəkirdi:
7
Karapet xalçanın qırağına çatan kimi üzü üstə yerə uzandı. Əmirin ayaq tərəfindən sürünə-sürünə əbasının ətəyini öpdü.
- Atam-anam sənə qurban, Varpetin də ata-anası sənə qurban, elə özümüz də sənə qurban, - dedi. Ətəyi dəfələrlə öpdü. - Dayım dedi ki, əl məndən, ətək səndən, ölmüşəm yerdən götürənim yoxdur. Tez özünü çatdır divanbəyinə, əhvalatı ona danış.
Bacıoğlu bütün bunların hamısını birnəfəsə deyib susdu, həm də "dur ayağa" deyilməyənə qədər həmin vəziyyətdə qaldı.
Əmir Varpetin adını darvaza ağzında olan söhbət vaxtı eşitmişdi. Bu erməni taciri onun bir çox qara işlərini görür, onun vasitəsilə kimlərisə istəyəndə şərləyir, kimisini özünə işlətmək üçün rüşvət verdirirdi. Həm də xəbər aparıb, xəbər gətirirdi.
Divanbəyi əmr verdi:
- Qalx ayağa, bayaqdan sızıldayırsan, az qalır bütün nəslini mənə qurban edəsən. De görüm nə olub, Varpetin başına bir işmi gəlib?
Karapet ağır-ağır ayağa qalxdı, başını aşağı salıb əlini əlinin üstünə qoydu və yazıq-yazıq dilləndi:
- Olub ağa, ağamın başına iş gəlib.
Divanbəyi yerindən bir qədər dikəldi, təəccüblə soruşdu:
- Yəni bu səltənətdə elə bir cəsarətli adam varmı mənim adamımın başına iş gətirsin?
Bacıoğlu yenə yazıq-yazıq dilləndi:
- Var ağa, var.
Divanbəyi bu dəfə ayağa durdu, gəlib Karapetin qarşısında dayandı, qəzəblə sual verdi:
- Kim? Kim cəsarət edib?
- Şəhər darvazasının qorçibaşısı Natiq bəy.
Divanbəyi qorçibaşının adını eşidəndə üz-gözünü turşutdu. Ürəyində dedi: "Bu tərs oğlu, tərs hər dəfə işimə bir əngəl yaradır. Bunun bir çarəsini qılmaq lazımdır, yoxsa özünü Təbrizin əsl sahibi kimi aparır. Əsnafa, tüccara göz verib, işıq vermir". - Neyləyib qorçibaşı?
- Yasaq olunan malları aşkarladı. Yəqin, onları müsadirə edəcək, ağamı isə barmaqlığa atacaq. - O, hər əlinin iki barmağı ilə həbsxana pəncərəsinin şəklini göstərdi:
Bu dəfə divanbəyidən qəribə, zəhmli səs çıxdı.
- Necə? Mənim sifarişimi müsadirə edən hələ anasından doğulmayıb. - Yadına nəsə düşdü. -Varpetə tapşırmışdım İsfahandan keçəndə o iki erməni cariyəsini də yanına alsın. Onları gətirdimi?
O, tez-tələsik cavab verdi:
- Bəli ağa, onlar da karvandadırlar. İstidən az qalır ürəkləri partlasın, heç rəvadırmı o cürə gözəlləri şəhər qapısının yanında ləngidəsən? Özü də qorçibaşıya deyildi ki, bu qızlar divanbəyinin hərəmxanası üçündür.
8
Erməni gözəllərinin söhbətini eşidən kimi əmirin sifətindən qəzəb yoxa çıxdı, gözlərinə işıq gəldi. Sanki qarşısında bacıoğlu deyil, erməni cariyələri durmuşdu. Onun çoxdankı arzusu idi ki, bir neçə erməni qızını özünə arvad etsin, onların vasitəsilə ticarətini genişləndirsin, başqa işlərində ona köməkçi olsunlar. Daha ləngitmək olmazdı. Ən azı ortada onun adı olduğundan hörmətinə, nüfuzuna, tutduğu mövqeyə xələl gələ bilərdi. Həm də istəyirdi ki, tez bir zamanda o gözəlləri görsün. Bunun üçün ürəyi atlanırdı. Qızlar qoy fikirləşsinlər ki, əmir özü onları qarşılamağa gəlib. Daha ləngimək olmaz. Eşikağasına baxıb əmrini verdi:
- Atları yəhərləyin, şəhər darvazasına doğru gedirik...
...Qorçilər yenidən axtarmağa başladılar. Bağlamalardan birinin kəndirlərini kəsəndə ətrafa kəskin iy yayıldı. Parçalara bükülmüş əl boyda dördkünc sabuna oxşar bir şeylərin qalağı göründü. Qorçi onlardan birini əlinə alıb ehmalca bükülünü açdı. Kəskin iydən başını geri çəkdi. Qəhvəyi-qara rəngli bükülü tiryək idi. Qışqırdı:
- Bəy, deyəsən, bu sabun əvəzinə tiryəkdir.
Qorçibaşı buna heç şübhə də etmədi, çünki tiryəkin qoxusu onun da burnuna dəymişdi.
Erməni tacirinə bir söz deməmiş qala qapısından səslər gəldiyini eşitdi. At ayaqlarının səsləri getdikcə yaxınlaşırdı. Öndə iki atlı irəlilədikcə qışqırırdı:
- Yol verin, divanbəyi gəlir, divanbəyi gəlir.
Atlılar qorçibaşıya yaxınlaşıb dayandılar. Varpetin ürəyi yerinə gəldi. Başa düşdü ki, ölüm uçurumunun kəndarından onu xilas edəcək adam gəldi. Divanbəyi atdan düşmədən ona səsləndi:
- Qorçibaşı, məgər şahımızın əmrini bilmirsənmi? Tacirləri inçitmək olmaz. Səltənətin rifahı onların bizə çox və manesiz gəlməsində, ticarət etməsindədir. Tacirlər şahımızın görən gözü, eşidən qulağı, danışan dilidir.
Qorçibaşı divanbəyiyə baş əydi.
- Bilirəm, hörmətli əmir! Kamili-mürşidimiz, şahımız, qurban olduğum belə məsələlərdə çox həssasdır. Təbəələrinə də hər an diqqət edir, onların qayğısına qalır, özü kimi islamın bütün vacib şərtlərini hamıya tövsiyə edir ki, əməl etsin...
Əmir başa düşdü ki, qorçibaşı məsələni hara yönəldir. Odur ki, onun sözünü kəsdi.
- Bilirəm, bəy, bilirəm, ancaq sən də bil ki, səltənətimizin idarə olunması üçün bu karvanda olanlar çox vacibdirlər. Sən belə et, karvanı burax şəhərə, qoy ticarətlərini etsinlər, mən də qibleyi-aləmə sənin haqqında xoş sözlər deyərəm, vəzifə yüksəlişində yardım edərəm.
Hər şey su kimi aydın idi. Bu da erməni taciri kimi onu ələ almaq istəyirdi. Bunlar qorçiləri hələ də yaxşı tanımayıblar.
- Hörmətli əmir, bilirsənmi karvandan nə tapılıb? - soruşdu...
Divanbəyi bu dəfə də onun sözünü kəsdi:
- Hə, bilirəm...
Qorçibaşı bu dəfə doğrudan təəccübləndi.
9
- Hardan bilirsən?
Əmir özünü itirmədi, dərhal cavab verdi:
- Varpet hələ yolda olarkən yanıma çapar göndərmişdi, sarayıma gələcəyi vaxtı söyləmişdi. Gecikdiyindən mən də narahat oldum. Fikirləşdim ki, yəqin, qala qapısında başına iş gəlib. Ürəyimə gələn təsdiqini etdi. Dedim çıxıb bir şəhəri gəzim, sizlərə baş çəkim, şahımıza da hesabat edim ki, verdiyi fərmanlar necə yerinə yetirilir.
Bax, burada əmir öz dilindən işə düşdü. Natiq bəy "Şahımızın verdiyi fərmanlar necə yerinə yetirilir" kəlməsini göydə tutdu. Divanbəyini başından etmək üçün ona bu lazım idi.
- Qibleyi-aləmə çatdıra bilərsən ki, verdiyi fərmanlar ləyaqətlə yerinə yetirilir. - Əlini şərab küplərinə və tiryək tapılan yerə uzatdı. - Bax, fərmanı belə yerinə yetiririk. Əhalinin əxlaqını pozan pis şeylərdən şahımızdan xəbəri olduğu üçün, biz də mürşidi-kamilimizin müridləyirik.
Divanbəyi bu dəfə onun sözünü kəsmədi. Cümləsini bitirən kimi soruşdu:
- Deməli, karvanı şəhərə buraxmaq fikrin yoxdur?
- Niyə ki, hörmətli əmir! - O, dərhal cavab verdi. - Karvanı və karvanbaşını şəhərə buraxacam. Təhqiqatım göstərdi ki, bu işdən karvanbaşının xəbəri yoxdur, amma tapşıracam ki, gələn dəfə çox diqqətli olsun, yoxsa cəzalana bilər. Tacir Varpet isə qibleyi-aləmin əmrinə qədər həbsdə qalacaq, şərab və tiryək müsadirə olunacaq. Hə, yeri gəlmişkən, Varpet sizin üçün iki cariyə gətirib.
Divanbəyi hirsindən atının başını döndərib gedəndə yanındakıların birinə tapşırdı ki, cariyələri götürsün. - Yalnız bircə kəlmə dedi:
- Özünü uçuruma atdın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!