Səhər Günəş doğmamışdı. Kimsə axşam Günəşin batdığını da deyə bilməzdi. O, bütün şəfəqlərini alıb sanki dünyadan üz döndərmiş, insanlığı öz nurundan məhrum buraxmışdı.
***
Kəndin daşlı-kəsəkli nahamar yolu ilə insan axını bir istiqamətə doğru hərəkət edirdi. Hər kəsin sifətində donuqluq hakim idi, heç kəs danışmırdı. Üz tutub bir yönə hərəkət edən bu insan selindən ətrafa yalnızca ayaqlarının daşlarla təmasından yaranan səs yayılırdı. Bu vahiməli və ürpərdici səssizliyi pozan ayaq-daş cınqırtısı isə ölü bədənlərin torpaq üstündə süründüyünü xatırladırdı insana. Səs həmin səs idi.
Bu insan axınının nə başlanğıcı var idi, nə də sonu. Haradan gəlib, hara getdiyi bəlli olmayan bu sel öz səssizliyi ilə çağlayır və sanki üsyan edirdi.
***
Gecə ölmüşdü. Dörd gün əvvəl gecə yuxuda ikən səssiz-sədasız bu dünyadan ayrılmış və bilinməzliyə doğru addımlamışdı. Heç kəs də onun artıq bu dünyada olmadığından 4 gün boyunca xəbər tutmamışdı. Soruşsan, kənddə onun adını da bilməzdilər. Necə gəlib düşmüşdü buralara, kim idi, nəçi idi, heç kəs bilmirdi. Kimsə maraqlanmamışdı da.
O qədər vurdum-duymaz insanlar idi ki bu kənddə yaşayanlar, görən deyərdi ki, insan heçmi bir şeylə maraqlanmaz?
Artıq dördüncü gün idi. Onun ölü bədəni çarpayı ilə bütünləşməyə başlamışdı. Saat irəliləyir, zaman keçir, bədənin uzandığı çarpayıdan səslər gəlməyə başlayır. Səs getdikcə artır.
Bu nədir? Deyəsən, yorğan tərpənir. Hə, düzdür, yorğan əməlli-başlı tərpənir. Siçan? Ola bilməz. Axı buralarda heç vaxt gəmiricilər yaşamayıb. Bu torpaqlarda ömür boyu nə bir siçan olub, nə də başqa ziyanverici bir şey. Bəs onda bu nədir?
Yorğanın altında nəsə hərəkət edir... hələ də hərəkət edir.
Dayan, deyəsən, yuxarı çıxır... Hə, budur, çıxdı.
İlan.
Qəribədir, yorğanın altında olanda onun uzunluğu heç gözə çarpmırdı. İndi isə budur, qapqara bir ilan onun sinəsinin üstündən çıxdı.
İlan dairə yaradıb yığıldı o dairənin içinə. Yenə səssizlik. Amma bu dəfə uzun çəkmədi tükürpədən mənzərə qarşısındakı ürək titrədən bu səssizlik. İlan hərəkətə gəldi. Buruldu, buruldu, buruldu... Nəhayət, başını onun açıq ağzından boğazına keçirdi və beləcə qızıl zəncir təki sürünüb mərhumun içinə girdi. Cəsəddə bir az tərpəniş oldusa da, sonra o tərpəniş də çürüməkdə olan bədənin və ilanın fısıltıları ilə bir ahəng təşkil edirmişcəsinə kompozisiya yaradaraq yavaş-yavaş son notlara doğru irəlilədi...
***
Ucu-bucağı görünməyən o insan seli artıq yox idi. İnsanlar qeybə çəkilmişdi. Heç o kənd də yoxdur artıq. Bəs bir dünya insan hara yoxa çıxmışdı birdən-birə?
Bir dünya insan.
***
Günəş buludlardan aşağı enmişdi. Amma Yer yox idi.
20.03.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!