"Surətin gördükdə lal eylər məni"
Elə dahi Füzulinin sözü ilə də sözümü başlamaq istəyirəm. "Surətin gördükdə lal eylər məni". 63 yaşım var, hələ heç nəyə heyrət etməmişəm, hər şeyi alim zəkası ilə qəbul etmişəm: məni nə böyük vəzifə, nə əzəmətli villa, nə cah-cəlal heyrətləndirib. Gəncliyimdə əsrarəngiz ana təbiətə, bir günlük ömrü olan xallı kəpənəyə, gözəl bir qızın özündən xəbərsiz gülüşünə, körpə uşağın dodağını büzməsinə, bir də, bir də ki, doğulduğum Qubanın İspik kəndindən görünən başı qarlı Şah dağına baxıb kövrəlmişəm. Bizim yerlərdə gəlinlər dağları görəndə qayınatasını görübmüş kimi tez yaşmaqlanırdılar.
Bu qocaman vaxtımda - Peyğəmbər yaşımda ilk dəfə SÖZ-ə baxıb heyrətlənmişəm. Ətəyində namaz qıldığım dahi Füzuli "Heyrət, ey büt..." deyib, mən "Heyrət, ey söz..." deyirəm. Mən SÖZ-lə söhbət edirəm. Söz mənim ən əziz, ən etibarlı dostum, sevgilim, məşuqəmdir. Mən SÖZ-ü dinləyib SÖZ-ün böyüklüyünə, dərinliyinə, gözəlliyinə, sədaqətinə heyrət etdim. Mənə SÖZ-ün qəlbinə gedən yolu "qəlb şairi" Füzuli nişan verdi. O böyük cadugər mənə anlatdı ki:
Sözə xor baxmaq olmaz, hər bir söz
Ərşdəndir gəlib hədiyyə bizə.
"Söz yaradanın mədhi-sənası, nəğməsidir",
"İlahi feyzdən bir xəzinədir söz".
Dahi Füzuli mənə "söz gözəlinin nazını çəkməyi" öyrətdi. İndi mən dünya feyzindən əl çəkib söz gözəlinin nazı ilə oynayıram və heyrətim getdikcə artır...
"Hər sözüm bir pəhləvandır kim bulub təyidi həq"- deyirdi Füzuli! Dahi şair bizə "Sözə ehya verməyi" öyrətdi, "söz candır" - dedi.
Allahın iradəsi ilə bütün canlılar, hətta cansız təbiət - külək, yağış, çay, dəniz, şimşək, vulkan, zəlzələ... səs çıxarır. Lakin insan mənalı səs çıxardı və bu səsi itməyə qoymadı, gələcək nəsillər üçün qoruyub saxladı. Səsin obrazını tapdı, onu əbədiləşdirdi, səsi ifadə edən işarəni- hərfi yaratdı. Hərflər səslərin mənasına görə birləşib söz əmələ gətirdi. Səsin obrazının - hərfin tapılması - SÖZ-ün yaranması bəşəriyyətin nadanlıqdan insanlığa doğru təkamülündə ən böyük mərhələ idi.
Klassiklərimiz SÖZ-ün dərgahını həqqin dərgahı biliblər. SÖZ deyəndə poeziyanı nəzərdə tutublar, ümumən ədəbiyyatı fəhm ediblər. Bizim ədəbiyyatda SÖZ insanı Allah dərgahına ucaldan qüvvəyə misalındadır.
"Ver sözə ehya ki, tutduqda səni xabi-əzəl
Edə hər saət səni ol yuxudan bidar söz"
- deyirdi Füzuli. SÖZ-ə ona görə ehya-can (ruh!) verirdilər ki, o insanı "xabi-əcəldən" - ölüm yuxusundan ayıltsın.
SÖZ sıxılmış dünya modelidir, hərflərlə kodu alınmış insan beynidir. SÖZ əslində İlahinin insan dili ilə danışan səsidir. Allah əmanəti olan İnsan ruhunun tərcümanıdır SÖZ! İnsan qeyb aləmindən (görünməyən aləmdən!) eyn aləminə (görünən aləmə) SÖZ vasitəsilə keçir. SÖZ Allahın hökmü ilə insanın yaratdığı elə bir möcüzədir ki, hər iki dünyanın hikmətləri cadugər qarının saçları kimi onu əmələ gətirən hərflərə dolaşıb. Dünyanın ən müəmmalı bədii-fəlsəfi təriqəti olan hürufizm hərf mistikasından yaranmışdı. Ona görə də Nəsimi yazırdı:
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz.
Bu quş dilidir, onu Süleyman bilir ancaq.
Bu, iki cahanı insanda əridən Nəsimi SÖZ-ünün sehridir. "Həqdən qopmuş nur parçası" olan İnsan həqqin ruhunun ifadəsi olan SÖZ-ün sahibinə çevrilir. Can (ruh) Cahan və Canan üçbucağında əsas rükn insandır. O Canana - Allaha olan sevgisində Canı və Cahanı əridir. Əslində burada bəşər poeziyasında ilk dəfə makrokosmos - kainat - cahan mikrokosmosda - canda - insanda ehtiva olunur. Bununla da SÖZ-ün mahiyyəti - ruhun hər şeydən əzəmi olduğu sübuta yetirilir. Çünki ruh Qurani-Kərimin əl Əhzab surəsində deyildiyi kimi, insana verilmiş Allah əmanətidir... Əmanətə xəyanət etməməsi - sədaqət göstərməsi insanın ən böyük fəzilətidir.
...Məndə sığar iki cahan,
mən bu cahana sığmazam.
...Cism ilə can mənəm vəli,
cism ilə canə sığmazam.
Nəsimidə can (ruh!) bütün aləmlərdən böyükdür, çünki onun ölçüsü, hüdudları yoxdur.
Dahi Füzuli bunu poetik-fəlsəfi cəhətdən belə dəqiqləşdirir:
"SÖZ candır, əgər bilirsə insan".
Beləliklə, hüdudsuz, ölçüsüz ruhun-canın məkanı məkansız sözdür, SÖZ-dən qüdrətli heç nə yoxdur.
Dünyaya gəlmiş dörd müqəddəs və möhtəşəm səma kitabı - "Zəbur", "Tövrat", "İncil" və "Quran" SÖZ-lə yazılıb, insanlara peyğəmbərlər tərəfindən SÖZ-lə çatdırılıb.
Müqəddəs kitabımız "Quran"dakı ayələrin aynasıdır SÖZ. Nəsimi bu ayələri cananın hüsnünə SÖZ-lə belə köçürür:
Ey camalın "qülhüvəllahu-əhəd",
Surətin yazusu "Əllahüs-səməd".
Səs hərfin, hərf SÖZün, SÖZ kəlamın, surənin, ayənin, fikrin, duyğunun nəğməsidir. Dünyada sözlər müxtəlif cür səslənir: ərəb, fars, ingilis, fransız, alman, ispan və türk səsi ilə! Dilimizdə qədimdən-qədim bir deyim var: türkün sözü, türk demişkən. Türkün sözü dünyanın yarısını fəth edib. Bizim Quba mahalında türkün sözünə and içirlər. Uşaqlıqdan yaddaşımda ilişib qalıb ki, türkün sözü müqəddəsdir. Türk sözü doğru fikir-həqiqət ifadə edir. Bu sözdə yalan deyilməz. O çağdaş dünyanın harasında türkcə söz - türk sözü eşidirəmsə çevrilib o səmtə salavat çəkirəm. Türk sözü həm zərifdir, gözəldir, həm mənalıdır, həm də müqəddəs.
Bu SÖZ ulu Qorqudun, "Manas"ın Mövlanə Cəlaləddin Ruminin, iki cahanın SÖZ cəngavəri Nəsiminin, dünyanın beş dahisindən biri Əlişir Nəvainin, Mövlanə Məhəmməd Füzulinin... qüdrətli ilhamı ilə cilalanıb, qiymətsiz sərvətimizə çevrilib. İbn Sina, Əbu Reyhan Biruni, Bəhmənyar, Nəsirəddin Tusi bu sözlə dünyanın möhtəşəm elm və idrak abidələrini yaradıb.
Dünya ona görə gözəldir ki, orada türklər yaşayır, türkün səsi və sözü var. Türk sözünün gücü həqiqəti ifadə etməsindədir. Dünya haqqında, Tanrı haqqında, yer üzünün bəzəyi olan insan haqqında ən böyük həqiqətlər türk sözü ilə qədim türk abidələrində yazılıb. Türk sözü daşlara - Qobustan qayalarına, Orxon-Yenisey kitabələrinə yazılıb, daşlaşıb, tariximizin daş yaddaşına çevrilib.
Tarixdə başımıza çox işlər gəlib. Gözəl coğrafi məkanda, əlverişli geosiyasi durumda olan Azərbaycanımız zaman-zaman yağmalanıb, işğal olunub. Məğlubiyyətlərimiz çox olub. Bu gün də müvəqqəti məğlubiyyətə düçar olmuş xalqıq. Lakin tarixdə heç vaxt sözümüz məğlub olmayıb, həmişə üzümüzü ağ edib.
Nə yazıqlar ki, XX əsrdə bəzi faktları çıxmaq şərti ilə SÖZ urvatdan düşdü. Xüsusilə sovet dönəmində SÖZ siyasiləşdi. Öz bədii-poetik hüsnünü itirərək kobudlaşdı, codlaşdı. SÖZ vulqar-sosioloji konyunkturaya xidmət vasitəsinə çevrildi.
İctimai-tarixi keçid dövrlərində sözün də taleyi sınaq qarşısında qalır. XX əsrin 20-ci illərində bolşevik işğalı nəticəsiz çevriliş baş verəndə SÖZ də ideoloji təzyiqlərə məruz qaldı. 1920-1990-cı illərdə sovet-kommunist ideologiyasının daşıyıcısı vəzifəsini icra etmiş SÖZ, istiqlal epoxasına ciddi problemlərlə keçdi.
SÖZ öz milli simasını bərpa etməli idi. Bunun üçün sözə qüvvətli milli ideya lazım idi. Yazıçılar bu ideyanı sözün arsenalına gətirə bilmədilər.
SÖZ siyasi populyarlıqla rəqabətə girdi. İstedadsız və ortabab yazarlar, SÖZün klassik nüfuzundan istifadə edib nüfuz qazanmaq istədilər, nəticədə sözü nüfuzdan saldılar. sözdən nə istədiklərini bilməyən "şairlər" meydana gəldi. Mənə elə gəlir ki, bu gün əksər şairlər sözə yanaşa, onunla ünsiyyət yarada bilmirlər. Ədəbiyyat üçün naşı oxucu nə qədər təhlükəlidirsə, naşı şair ondan on qat artıq təhlükəlidir. Təəssüf ki, "hər şeyim var, qoy bir kitabım da olsun" prinsipi istiqlal dövrü gənc burjualarının ehtirası olaraq ədəbiyyata zərbə vurdu.
SÖZ çox ciddi problemdir, xalqın kodlaşmış milli-mənəvi yaddaşıdır, onunla zarafat etmək olmaz. Ədəbi tənqid sözün qeyrətini çəkməli, onu istedadsız şairin istehlakçı münasibətindən qorumalıdır.
Ədəbi tənqidə gəldiyim ilk vaxtlar idi. "Ulduz" jurnalına məqalə aparmışdım. Vidadi Məmmədov məqaləmi üzərinə "... və başqaları" yazılmış qovluğa qoydu. Bu 70-ci illərin sonu, 80-ci illərin əvvəlləri idi. Demək istəyirəm ki, həmişə ədəbi tənqidə ögey münasibət olub, o, inadla özünə yol açmalı olub. Bir misal gətirim: Gənc tənqidçi Dobrolyubov məşhur yazıçı İ.S.Turgenevi tənqid edir. İ.S.Turgenev "Sovremennik"in baş redaktoru, dostu Nekrasovun yanına gəlib deyir:
- Ya mən, ya Dobrolyubov. Nekrasov tərəddüd etmədən cavab verir: - Dobrolyubov!
Cəmi üç-dörd ildən sonra Dobrolyubov dahi tənqidçi zirvəsini fəth edib 24 yaşında dünyanı tərk etdi...
Ədəbi tənqid bədii ədəbiyyatın səviyyəsini əks etdirir. Beləliklə, tənqidin gücsüzlüyü ədəbiyyatdan gəlir. Uzun illər Sovet ideologiyasına xidmət etmiş tənqid nəzəri-estetik və metodoloji meyarlarını nəzərdən keçirir. Bu gün ədəbi-tənqiddə marksist-leninçi metodologiyanın milli məfkurə meyarları ilə əvəzlənməsi prosesi gedir. Tənqid ictimai fikir forması kimi axtarışlar aparır. Klassiklərə münasibət hər bir dövrdə nəzəri fikrin estetik meyarlarını müəyyənləşdirib. Klassik irs möhtəşəmliyini itirmir, ola bilsin ki, bizim ona münasibətimiz cılızlaşır. Əslində klassikin gücü, əbədiliyi bundadır ki, o, hər bir nəsillə yenidən doğulur, həmin tarixi dövrün və o nəslin suallarına cavab verə bilir. Tarix nə qədər donuq və statikdirsə, klassik irs bir o qədər canlı və diridir. Mən təkcə tənqidçi və ədəbiyyatşünas alim kimi deyil, bir insan kimi bu dünyadan bezəndə, dahi Füzulini, Sabiri oxuyuram, M.F.Axundzadənin taleyinə üz tuturam. Onlar həmişə müasirdir.
"Hophopnamə" Azərbaycan xalqının milli ensiklopediyasıdır, onda hər suala cavab var.
Alilikdən gəlmiş sözü adiliyə endirmək olmaz. sözü dillə-dodaqla, gözlə-qulaqla yox, fəhmlə oxumaq lazımdır. Yalnız bu zaman sözün məna qatları, hüsn-aləmi üzə çıxa bilər. Cilalanmış SÖZ dünyanı məftun edən bəzəkli gəlin kimdir, onun qarşısında durub yalnız belə demək olar: Heyrət, ey SÖZ!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!