Bu müharibədən qabaq mən elə xoşlayırdım ki, qaranlıq səmada şimşək çaxmasını. Belə hallarda balaca evimizin kiçik açıq eyvanına çıxıb, masa arxasına düzülmüş kətillərin birinə əyləşib səmaya baxırdım - şimşək çaxırdı, ildırım guruldayırdı. Sanki göylər səadət anı yaşayırdı. Sonra leysan yağışı yağırdı - üzüm, saçlarım islanırdı...
İndi şimşək çaxmasından qorxuram. Elə bilirəm ki, yenə düşmən bomba atır vətənimə. Mənə elə gəlir ki, indi bomba səsini eşidən bütün qadınlar mənim kimi qorxurlar, lakin bombalar altında mərdi-mərdanə ölümü qorxaqlıqla yaşamaqdan üstün tuturlar.
Mən müəllimə Brilliant Nağıyevanı gözlərim önünə gətirirəm. 44 günlük müharibədə şəhid oğlu haqqında deyir: - Mən Raufa dedim ki, ay bala, bu körpə uşaqlarını başsız qoyub hara gedirsən? - Şəhid olmağa, ana.
Söhbət şəhid Hacı Raufdan gedir.
Brilliant müəllimə: - Bir söz deyin, Nüşabə xanım. Bir... söz... deyin.
- Balan torpağı vətən eyləyən oğullardandır.
Yadıma düşür ki, Birinci Qarabağ müharibəsində Brilliant müəllimə yaralılara, şəhid ailələrinə, qaçqın və köçkün ailələrinə nə qədər kömək edirdi. Evinin təzə, işlənməmiş əşyalarını ehtiyacı olan, evləri itirilən, həyatları tarı-mar olmuş insanlara paylayırdı.
Sonra İlqar Bürcəliyevi xatırlayıram. Babası və nənəsi respublikanın Xalq artistləri Məmməd Bürcəliyev və Sədayə Mustafayeva, əmisi tanınmış teatrşünas Anar Bürcəliyev...
İlqarın 19 yaşı vardı. Ordudan tərxis olunmasına lap az qalmışdı, bəlkə də 44 gün qalmışdı... Ancaq müharibədə düşmən gülləsi ondan yan keçib dostuna dəydi. İlqar özünü yıxılan dostunun üstünə atdı, qucağına aldı ki, ona kömək eləsin, o, ölməsin. Növbəti cnayper gülləsi İlqarı yıxdı. Dəfn mərasimində nənəsi Məleykə xanım əllərini başına, dizinə çırpırdı: - Ölüm mənim idi, bala, - deyirdi.
Mənimlə üzbəüz əyləşən, mavi gözləri elə bil boşluğa zillənən cavan bir qız Məleykə xanımın qabağında diz çökdü.
- Bax, özünü döymə, çırpma özünü, mən də özümü çırpa bilərəm. Ancaq dözürəm. Qoy balamın ruhu narahat olmasın...
Şəhid İlqarın anası idi bu mavi gözlü gənc qadın.
İnzibati orqanlarda çalışan gənc Yüksəl Əlizadəni xatırlamamaq olmur. Bu yaraşıqlı hüquqşünas oğlanı irəlidə böyük karyera, irəliləyiş gözləyirdi. Ancaq o da torpağımızı öz qanı ilə suvardı.
Gəncəyə bombalar atılanda, ölənlər içində anası erməni olan Artur adlı bir məktəbli də vardı. O, atasını körpəlikdə itirmişdi. Uşaq atasının valideynləri ilə qalırdı. Gəncədə 29 saylı məktəbdə oxuyurdu. Onun ölümünü eşidən anası son dəfə oğlunu görə bilmədi. Elə yaşadığı yerdən bütün dünyaya car çəkdi ki, balası erməni bombasından həlak oldu. Bu, bütün dünyaya çağırış idi ki, Ermənistanı ram etsinlər.
Bu 44 günlük Vətən müharibəsində yeni bir termin yarandı - nurüzlü general. Heç bir dünya müharibəsində heç bir generalın üzündən nur yağmayıb -ancaq bizim Polad Həşimov haqqında danışılanda deyilir: - Nurüzlü generalımız. Polad Həşimov müharibədə göstərdiyi rəşadətə, qəhrəmanlığa rəğmən, əsgərlərlə özünü bərabər hüquqlu aparırdı. Hətta əsgərlərdən biri danışırdı ki, kazarmanın yeməkxanasında hamıya yemək və kompot veriblər. Ancaq ona kompot çatmayıb. Polad Həşimov əsgərə yaxınlaşıb soruşub ki, nə lazımdır.
- Cənab mayor, mənə kompot gətirməyiblər.
General gedib öz masasının üstünə qoyulmuş bir stəkan kompotu gətirib əsgərin qabağına qoydu.
- Tərxis olunandan sonra dostlarına deyərsən ki, general özü mənə kompot gətirdi.
Polad Həşimov həmişə əsgərlərlə birgə yemək yeyirdi. Onun ölümü vətən dərdindən xali olan min-min cismən sağ, ruhən ölü olan insanları oyatdı, vətən uğrunda müqəddəs savaşa qaldırdı. Azərbaycanın bu müharibədə 3 mindən artıq şəhidi oldu, onlar öz qanları ilə 30 ildir, isğal altında olan torpaqlarımızı suvardılar ki, bu torpaqlar əbədi vətənimiz olsun. Bu üç min insan müxtəlif peşə sahibləri idi, lakin onlar şəhidlik qardaşlığında birləşdilər. Onların hamısının bir adı var, bütün adlardan uca - Şəhid.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan soruşdular ki, Türkiyəni dağılmaqdan kim xilas etdi. - Atatürk və şəhidlər, - dedi.
Mən onun sözlərini perifraz edib deyirəm ki, bizə bu möhtəşəm, hətta 100 illərlə ölçülən tariximizə qızıl hərflərlə yazılan bu qələbəni Ali Baş Komandan, Prezident İlham Əliyev və şəhidlərimiz bağışladı.
...Müharibədən artıq 7 ay keçir. Mən indi qaranlıq səmada şimşək çaxmasından qorxuram. Biixtiyar qulaqlarımı tuturam. Bəlkə də, qaranlıq səmanın səadət anını - şimşək çaxmasını bir də görmədim. Ancaq mən, görünür, Allahın istədiyi insanlardanam - mənə böyük səadət anı - 44 günlük müharibədə qələbəmizi göstərdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!