Bəşəriyyət tarixində ordunun nə vaxt yaradıldığını heç kim bilmir. Bu barədə kim nə söyləsə də, bütün deyilənlər mifologiyanın mövzusudur. Bizim bildiyimiz odur ki, nə qədər insan cəmiyyəti var, həmişə ordu da lazım olacaq. Biz türklərdə ordu günüylə bağlı artıq daşlaşmış bir tarix var - bu, Çin mənbələrində Hiung-nu adlandırılan və Mode hakan tərəfindən miladdan öncə 209-cu ildə elan edilən dövlətin qurulma tarixidir. Modenin (biz ona Mete də deyirik) qurduğu dövlət məhz ordu dövlətiydi. Yəni bütün xalq bir orduydu. Ordu termini də elə zamandan qalıb, mərkəzdə xan çadırı Orda qurulurdu, onun ətrafında isə bütün El. Cəmi millət bir ordu - bax budur türk adlanan bir qövmün mahiyyəti, əgər elə deyilsə, demək onlar, həqiqi türk deyil...
İndi bu gün mən, Ordu günündə doğulan şair, iyun ayının 26-da, Azərbaycan Respublikasının Ordu günündə həmin tarixi xatırlayıram. İnternetdə bir qəhrəman barədə oxuduğum informasiya içimdə bir təlatüm yaratdı - Kəngərlilər nəslindən olan qıvraqlı tankçı zabit Əhməd Mehbalıyev 1993-cü ildə, iyunun 26-da Ağdamın Qızıl Kəngərli kəndində şəhid olub.
Bu informasiya düşüncəmi çox əskilərə apardı, Kanqlıların formalaşdığı zamanlara. O zamanlar, Mete xanın (böyük tarixçı Rəşidəddin onu Oğuz xan kimi təqdim edir) ətrafinda toplaşan tayfalardan biri kanqlılar adlanırdı. Bu ad onlara mahir araba ustaları olduqlarına verilmişdi və bu araba ustaları həm də mahir döyüşçülər idi. Kanq qədim türkcədə dörd təkərli araba deməkdir. Bu arabalar, uzun əsrlər uzunu hərb tarixinin gedişini dəyişdi. Müxtəlif türk xaqanlıqlarının tərkibində fəaliyyət göstərən bu mobil dəstələr orduların Avrasiyanın nəhayətsiz ərazilərində böyük məsafələri sürətli bir atılışla qət etməsində böyük rol oynayırdılar. Kanqlı dəstələri o zamanın bir növ motorlaşdırılmış hərbi hissələri idi. Onlar özlərində müxtəlif türk tayfalarını birləşdirirdilər. Hunlar, Göy türklər, Xəzərlər, Səlcuqlar, Kayılar, Peçeneqlər, türklərin qurduğu saysız-hesabsız dövlətlərin tarixində Kanqlıların adı keçir. Hər tayfa birliyi öz ləhcəsinə uyğun adlandırırdı - Kanlı, Kanqlı, Kəngərli, Kangüy, Kanqeres... Böyük çölün böyük ərazilərinə yayılmış, özündə müxtəlif tayfaları birləşdirən Kanqlı dəstələri, fərqlənmək üçün başçıların arabasının çadırına uyğun adlandırılmağa başladı - ağ kanlı, qara kanlı, qızıl kanlı, sarı kanlı və s. Çingiz xanədanı da, xanların çadırının rənginə uyğun olaraq Ağ orda, Mavi orda, Qızıl orda kimi ərazilərə bölünürdü. Bu gün bütün Avrasiya coğrafiyasında Kanqlıların izlərinə rast gəlmək olar. Çin, Orta Asiya, Qazaxıstan, İran, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Bolqarıstan - saymaqla bitməz. Kanqlılar bugünkü qazax millətinin əsasını təşkil edən tayfalardan biridir. Onların geniş məskunlaşdığı ərazilərdən biri də Azərbaycandır. Azərbaycanın demək olar ki, bütün bölgələrində kanqlıların izlərinə rast gəlmək olar. Bizdə onları daha çox Kəngərli adlandırırlar. Və mən kanqlılardan olan Əhməd Mehbalıyev haqqında informasiyanı oxuyanda bu tarix düşdü yadıma. Taleyin qəziyyəsinə bax, kanqlı Əhməd Mehbalıyevin qızıl qanı, ordu günündə Qızıl Kanqlı torpağını suvardı. Bu gün Azərbaycan xalqının Ordu gününü, Elxan Zal sevərlərin mənim doğum günümü rahat kutlaması üçün canını verdi və Tanrıdağa, Ulular uçmağında əbədi mənzilinə yollandı. Bir türk kimi, bir kanqlı kimi, bir qəhrəman kimi. Qəhrəmanlıq isə göydən gəlmir, gendən gəlir, qandan gəlir...
Mən onun doğulduğu Qıvraq kəndinə ilk gəlişimi xatırlayıram. Bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun mərkəzi olan Qıvraq o zamanlır İliç rayonunda (indiki Şərur) kənd idi və orada Sovet ordusunun moto-atıcı hərbi hissəsi yerləşirdi. Kiçik qardaşım Rövşən öz əmək fəaliyyətinə həmin hərbi hissənin klub müdiri kimi başlamışdı. Bu klub dəbdəbəsinə görə respublikanın əksər rayonlarındakı mədəniyyət evlərindən heç də geri qalmırdı və hərbi hissənin də, Qıvrağın da mədəni həyatında önəmli rol oynayırdı. Qıvraq camaatı, genlərində kanqlıların əzəmətini daşıyan bu insanlar hərb işinə qandan bağlı idilər. Kəndin dəliqanlılarının böyük hissəsi orduda xidmət edirdi. Xidmət etməyənlər də daxilən orduya bağlı idilər. Kanqlıydılar axı. Bütün türk imperiyalarının kanq qoşunlarının varisləri. Yəqin ki, böyük Tanrı motorlu hərbi hissəni Qıvrağa elə belə salmamışdı. Mən həmişə demişəm, dünən, bu gün, gələcək yoxdur, bunlar həmişə iç-içədir. Bu iç-içə tarixin bir günündə mən Qıvrağa gəldim. Oradakı hərbi hissə ilk gördüyüm hərbi hissə olmasa da, buna qədər mən Naxçıvanın Əliabad kəndində yerləşən hərbi hissədə iki aylıq təlimlərdə olmuşdum, ilk gördüyüm andan çox xoşuma gəldi. Qıvraq polku bir sovet hərbi hissəsi olsa da, orada bir türk ruhu hiss elədim. Qardaşım Rövşən klub müdiri gələndən hərbi hissədə Qıvraq camaatı üçün davalı kino seansları təşkil etmişdi. Ona qədər belə şeylər olmamışdı, 1985-86-cı illər idi, amma Qıvrağın genetik ruhu bunu qəbul elədi, yəqin ki, Rövşənin ana babasının kanqlı olması burada öz sözünü dedi. Onlar kənd sakini İsfəndiyar kişi ilə hərbi hissənin klubunda davalı kino seanslarına başladılar. Filmlərə baxmağa əsgərlərlə bərabər kənd cavanları da gəlirdilər. Kanqlıların varisləri, ruh döyüşçüləri. Qəribəsi nədir, İsfəndiyar kişi tariximizin ən mistik qəhrəmanlarından olan Əhməd Mehbalıyevin yaxın qohumu idi. Buna görə hələ o zamandan qəhrəman Əhmədi də, qardaşı Faiqi də, onun yaxın qohumlarını da yaxından tanımaq imkanı olmuşdu. Yəni mən bu kəndi tanıyıram. Bu insanların içini bilirəm. Bunlar kəngərlidir, savaşı genlərində daşıyan adamlardır, canları savaşa bağlıdır, türk törəsinə bağlıdır. Vətən, millət, savaş eşqi onların canına ana südüylə hopub. Mən bunu elə-belə demirəm, gördüklərimi, duyduqlarımı deyirəm. İllər sonra, Qarabağ savaşı başlayanda, bizim Tovuz çox pis vəziyyətə düşmüşdü. Ermənilər hücum edirdi, Tovuzda isə heç polislərin də tapançadan başqa silahları yox idi. Rayonda silah almaq adına yığılan pullar müəmmalı şəkildə yoxa çıxmışdı. Təşviş və şübhələr təlatümündə çırpınan insanlar çox yerlərdə olduğu kimi, çarəni qaçmaqda axtarırdılar. Bax onda, Qıvraq düşdü yadıma. Qardaşım hələ də Naxçıvandaydı. Rayonda böyük çaxnaşma varıydı, düşündük ki, biz Naxçıvana getsək vəziyyətdən çıxa bilərik. Düşüncələrimizi gedib rayonun rəhbərinə bildirdik, razılaşdı əlbəttə, heç ayrı yol da yox idi. Camaat arasında artıq isterika başlamışdı. Silahsız türk, araqsız erməni kimidir. Nə isə... Yollandıq Naxçıvana. Əlbəttə, Naxçıvanda ən çox söykənəyəcimiz yer Qıvraq idi. Sədərək döyüşlərində göstərdiyi fəaliyyətlər qardaşıma da qıvraqlılar arasında böyük nüfuz qazandırmışdı. Biz gedəndə, Rövşən artıq Naxçıvanda işləməyinə baxmayaraq, Qıvraqda böyük coşqu ilə qarşılandıq. Onda gördüm ki, qıvraqlılar qəhrəmanları sevir. Amma əsl qəhrəman elə özləridir. Bilmirəm, haradan tapdılar, yerdən gəldi, göydən gəldi, bizə lazım olan silah gəldi. Və mən Elxan Zal Qaraxanlı Türk Törə Ocağının başqanı olaraq, bütün türk dünyası adına onlara təşəkkür edirəm. Bəlkə də onlar olmasa, mənim doğulduğum Tovuz rayonunu çox çətin aqibət gözləyərdi. Hə bilim halımız necə olacaqdı. Axı onda belə ordumuz yox idi. Şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Kəngərli övladları araba göndərə bilməsə də, Kalaşnikov avtomatları göndərə bildi. Mən, 2019-cu ildə, Bakıda, qanımı axıtdığım ölkədə, kirayədə qaldığım evdə, iyunun 26-da, Ordu günündə əbəs yerə Kəngərli balasını düşünmürəm. O, qəhrəmandır, şübhəsiz. Bu qəhrəmanlıq gendən gəlir və bu kitabı böyük Tanrı özü yazıb. Əhməd Mehbalıyev, Elxan Zal Qaraxanlının doğulduğu gün Tanrı dərgahına yollanan böyük qəhrəman. Sən Göy Türk, Çingizilər, Səlcuqlar, Xəzərlər, Səfəvilər, Osmanlı kimi xanədanları qurmuş bir xalqın övladısan. Tanrımızın sevimli bəndəsi. Əlbəttə, sənsiz də Qarabağdakı savaş müəyyən bir şəkil alacaqdı, gün gəldi, qəhrəman ordumuz 44 günlük Vətən savaşında Zəfər dastanı yazdı. Amma sən, sonda qələbəmizlə başa çatan bu müharibəyə hələ ölkəmizdə kimsənin fəhm eləmədi bir şəkil verdin. Sən, 1993-cü ilin 26 iyununda Qarabağımızın Qızıl Kəngərli elində qızıl qanınla suvardığın torpağın yaddaş kitabına öz adınla yazdın bir daha - Göy çökməsə, Yer batmasa Türk törəsi pozulmaz. Ulu Tanrı kanqları tanklara çevirdi, səni bu tanklara rəhbər qoydu və sən şəhidlik zirvəsini irs qoydun bu gün Zəfər kitabını yazan Vətən gəncliyinə. Tankçı, qardaşım, biz kanqlarla Hun qurduq, Göy Türk qurduq, Çingizli qurduq, Səlcuqlu qurduq, Səfəvili qurduq, Osmanlı qurduq. İndi də Azərbaycan qururuq. Məncə, sən Azərbaycanın çox böyük oğlusan, çünki ən böyük qəhrəmanlıq kitabını Tanrı özü yazıb. Sən, kəngərlilərdən olan Əhməd Mehbalıyev Ordu günündə, Tanrı yolunda Tanrı dərgahına yollandın ki, həmin gündə doğulan Elxan Zallar türk torpağını vəsf edə bilsinlər. Axı sən ölməzlər məkanındasan artıq. Yanında elə ərlər dayanıb ki!!! Heç bilmirəm kimin adını çəkim. Yəqin ki, orada, Ulular uçmağında bir gün görüşəcəyik. Sən deyəcəksən ki, ölümün xeyir, qardaşım Elxan, mən də deyəcəyəm, ölümə qənşər, qardaşım Əhməd... Tanrıdağ Tanrı dərgahının maddi dünyada proyeksiyasıdır. Orada nə varsa burada da var. Ucalıq hissini duyuram Xan Tenqrinin göylüyünü duyuram, əbədi rahatlığını duyuram. Dünyaları birləşdirən dünya ağacını, Baytereki duyuram, tör başında oturub insanlığa törə verən Uluları duyuram. O diyarda doğal girir dondan-dona. Şükür olsun Yeri, Göyü Yaradana!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!