Balıq da bilməsin, Xaliq də! - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

 

Günlərin bir günü bir atlı yolda piyada adam görür. Piyada çox yorulub əldən düşübmüş, yeriməyə taqəti yoxmuş. Atlı atını saxlayır, uzun yola piyada çıxan yorğun adamı da atının tərkinə alır, yola davam edir.

Bir az yol gedəndən sonra piyada namərdcəsinə, gözlənilmədən atın sahibini itələyib atdan salır, sürətlə irəli çapır.

Yerə yıxılan at sahibi atının ardınca qaçaraq ucadan oğrunun dalınca qışqırır:

- Ay əclaf, madam ki, atı aparırsan, apar, halal eləyirəm. Ancaq nəbada bir adama bu barədə söz edəsən. Yoxsa bundan sonra heç kim yolda qalan bir adama kömək etməyəcək!

Bu əhvalatı bilmirəm nənəmdən eşitmişəm, ya babamdan. Bəlkə də hardasa oxumuşam, yaxud televiziyadan dinləmişəm. Axır ki, yaddaşımda ilişib qalıb. Tez-tez yada salıram.

Bir neçə gün bundan əvvəl qaça-qaça bankomatlardan birinə çatmağa çalışarkən, dikdaban ayaqqabımın bir tayı ayağımda paralandı. Səhər saat doqquza işləyirdi, küçə demək olar, bomboş idi. Evimdən hardasa 8-9 km uzaqlıqdaydım, çantamda da cəmi 3 manat yolpulu vardı. Bankomata çatıb kartı yoxlayıb texniki səbəblərdən pul çıxara bilməyəcəyimi öyrənəndə qanım lap qaraldı. Uşaq məktəbdəydi, onu atıb gedə bilməzdim. Ancaq məktəbə qədər yarım kilometr yolu piyada getmək lazım idi. Bu cırıq ayaqqabıyla nəinki yerimək, heç addım atmaq mümkün deyildi.

On il əvvəl olsaydı, ayaqqabılarımı çıxarıb əlimə alar, mahnı oxuya-oxuya ayaqyalın yola düzələrdim. Ah, gözəl gənclik!

Bir dəfə Tarqovının ortasında başıma gəlib. Ayaqqabılarım vururdu, çıxarıb əlimə aldım, isti daşın üzü ayaqlarımı yandırmağa başladı, hoppana-hoppana yola düzəldim.

Küçəboyu mağazaların çoxu bağlı idi. Yeganə açıq ayaqqabı mağazasına girdim, məlum oldu ki, bu mağazada kartla alış-veriş etmək mümkünsüzdür. Onda  başıma gələnləri satıcı xanıma danışdım, dedim ki, mənə bir ayaqqabı ver, ilk bankomatdan pul çıxaran kimi gətirib verəcəm. Şəxsiyyət vəsiqəmi də girov götürməsini istədim. Xanım qətiyyən razılaşmadı. "Olmaz, birdən vəsiqəniz sizə lazım olar. Mən sizə inanıram, hansı ayaqqabını ürəyiniz istəyir seçib götürün" - dedi.

Bir ayaqqabı seçdim və məktəbə, uşağın dalınca tələsdim. Hardasa iki saata yaxın ləngimişdik məktəbdə, bu vaxt ərzində çox narahat oldum. Birdən xanım gec gəldiyimi görüb heç geri qayıtmayacağımı, onun pulunu qaytarmayacağımı düşünər deyə. Tikan üstündəydim, bir an əvvəl mağazaya qayıdıb xanımın pulunu ödəmək istəyirdim. Məktəbdə oğlumun məzun törəni bitən kimi bankomat axtarıb tapdım, pul çıxardıb mağazaya tələsdim. Xanım məni görcək çox xoşbəxt oldu. Hətta Allaha şükür etdi. Görünür, gecikdiyimi görüb istər-istəməz narahat olubmuş.

Xanımın yanına tələsərkən yolda yuxarıda danışdığım əhvalatı xatırladım. Heç unuda bilmədiyim əhvalatı. Xanımın pulunu bacardıqca tez çatdırmaq istəyirdim. O əhvalatdakı atlının oğruya dediyi sözləri yada salırdım: məni aldatdığını heç kəsə demə! Birdən daha başqalarına kömək etməzlər.

Xanımın pulunu gecikdirmək olmazdı. O, bir dəqiqə də olsun, etdiyi yaxşılığa görə peşman olmamalı, şübhəyə düşməməliydi!

Hələ də təəccüb edirəm, o xanım məni necə tanıdı? Necə arxayın oldu ki, mən geri qayıdacam. Bəlkə sadəcə bəxtini sınadı? Bir dəfə aldansam, daha heç kimə inanmaram deyə, yoxlamaq istədi bəlkə? Bəlkə sadəcə yaxşılıq etməkdən həzz alan biriydi? Hələ də insanlara, yaxşılığa olan inamını itirməyən, qoruyub saxlayan biri? Kaş o, heç vaxt inamını itirməyəydi! Həmişə belə inana biləydi, güvənə biləydi insanlara! Bəlkə də hardasa insanlar var, onların inamlarından sui-istifadə olunsa belə, yaxşılıq etməkdən, güvənməkdən, inanmaqdan vaz keçmirlər. Bilmirəm, bəlkə də xanım o nadir insanlardan idi. Bir çoxlarının avam, mənim saf, təmiz dediyim insanlardan.

Hərə bir səbəbdən yaxşılıq etməyə can atır. Kimi fikirləşir ki, bununla günahları təmizlənir. Kimsə onun da qarşısına yaxşılıq çıxsın deyə, yaxşılıq etməkçün əlindən gələni edir. Başqa biri "Yaxşılığı at dəryaya, balıq bilməsə də, Xaliq bilir" deyir.

Bir başqası da deyir ki, balıq da bilməsə olar, Xaliq də bilməsə! Əsas odur ki, mən özüm bilirəm və bu məni xoşbəxt edir.

Son günlər sosial şəbəkələrdə kitab oğurluğu gündəm oldu. Təfərrüatına varmaq istəmirəm, məsələni çoxunuz bilirsiniz. Bununla bağlı demək olar, hər kəs fikir səsləndirdi. Məlum oldu ki, çox adam ömründə bir dəfə də olsun kimdənsə kitab alıb oxuyub, geri qaytarmayıb.

Sosial şəbəkədə gedən söhbətlərdən belə anlaşıldı ki, əvvəllər dəfələrlə aldadıldığına görə daha heç kim başqasıyla kitab bölüşmür. Halbuki çörəyi paylaşmaq qədər vacibdir kitabı paylaşmaq da.

Kitabların çox baha satıldığı, kitabxanalarda tapılmadığı bu dövrdə onları bir-birimizlə paylaşsaq, böyük yaxşılıq etmiş olarıq dostlarımıza. Görəsən, itirdiyimiz inamı necə qaytara bilərik?

Atlı ilə piyadanın əhvalatından nəticə çıxarsaq, doğru olmağı həm də ona görə istəməliyik ki, insanlar bir-birindən şübhə etməyə başlamasın. İçi yaxşılıq, xeyirxahlıq dolu əhvalatları daha çox danışmalıyıq. İnsanlar təzədən yaxşılığa, düzlüyə, xeyirxahlığa inansınlar. Yaxşılıq etməkdən çəkinməsinlər. Bir-birlərinə inana bilsinlər. Yolda qalanlara yardım etməkdən, darda qalanlara əl uzatmaqdan çəkinməsinlər. Təəssüflər olsun ki, bu gün bir çox mərhəmətli adam yaxşılıq etməkdən ona görə çəkinir ki, öz başını bəlaya salmasın, vicdanı sızıldaya-sızıldaya, ürəyinə daş basa-basa hər gün bir az daha biganələşir. Onları qınaya bilmirəm. Mən özüm də bir çox hallarda çəkinirəm, çünki. Biz kömək etmək istədiyi halda, özü bəlaya düçar olan, hiyləylə aldadılan nə qədər insan haqqında əhvalatlar eşitmişik. Cəmiyyətimiz nə zaman, niyə bu hala qaldı? Biz niyə bu vəziyyətə düşdük, oturub düşünməliyik!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!