Başdaşın – dəyirman daşı - QARDAŞXAN

İçəri "şəhər"dən başlar hər ömür yolu, "sahil"də bitər.

Ağlı-qaralı hər şey "gömgöy" olar bir gün.

Yamyaşıl vaxtlarım idi. Qısa məsafəyə yol yoldaşı olduq bir kərə,- "İçərişəhər"dən "Sahil"ədək.

- Bilmirəm, yadınızda qalmışam, tanıyırsınız, ya yox?

-  Niyə tanımıram, sənin bir "Gömgöy" şeirin də var.

İki misrasını da söylədin.

Öz-özümə, sevdiklərimə Sənin (O qədər mehribandı ki, "Siz" deyilməyir Allaha) onlarca misranı yüz dəfələrlə dedim, şair! Duya-duya, yaşaya-yaşaya dedim.

Bir görüşümüz 2016-nın 11 mayında Yazıçılar Birliyində Sənə həsr olunmuş tədbirdən sonra oldu, bir görüşümüz də Aktyor evində 80 illik yubileyində.

Ən çox sevdiklərimdən ən az gördüyüm şair!

Məmməd Araz Poeziya gününün açılışına dəvət etdim.

- Kənddəyəm, elə şəhərdən təzə qayıtmışam.

Amma gəldin. Gəlişində "Göyərməz"in "Göyərdi".

Xəstə yatdığını Qorxmaz Şıxalıoğlunun şeirindən bildim. Yaradıcılığından söz açdığım dərsdə könlünü şad etmək üçün zəng etdim. Zəif gəlsə də, səsin auditoriyanı işığa bürüdü, - "Un işığı"na.

Kəndə Səni görməyə gəldim, amma oğlun Şəhriyarla görüşdüm. Bir xeyli heyranlıqla cəh-cəhi, pıçıltısı ətrafı bürüyən "şeirləri"ni dinlədim.

Bu dəfə dəyirman daşı ilə görüşəcəyəmmi? "Bu dünyanın qara daşı göyərməz", bəlkə dəyirman daşı göyərdi?!

"Və başqaları"nda adın itməyəcək, şair!

Artıq nəinki bir ovuc torpağı artdı, ruhunla vətənin göyləri genişləndi. Şeirlərinlə isə, - ən azı bütün ömrüm boyu, - İçəri "şəhər"dən sahilədək yol yoldaşıyam.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!