Bircə mən islanırdım - Hekayə
Dolu yağırdı.
Bir it dörd yolda, piyada zolağından axsaya-axsaya keçirdi.
Amma küçələr, divarlar, dilənçilər, hətta o axsayan it belə islanmırdı.
"Yağış altında bircə mən islanırdım... Bircə mən!" - bu sözləri o deyirdi!
Darıxmaq dağ başında duran əsgərin telefon arzusuydu, darıxmaq həmin "niyə yoxsan" sözüydü!
Sıra bizə çatanda çətirlər açılmadı!
Sıra bizə çatanda "Sevgi" teatrında biletlər qurtardı!
Biz divarın bu tərəfindəydik... Yağışlı tərəfində!
Bu şəhərdə işsizliyimiz belə vecimizə deyildi, əllərimizi ciblərimizdə boğurduq!
Xoşbəxtlik "Gənclik" küçəsində bağlı bir mağazaydı, qapısı qıfıllı.
Müştərisizlikdən pəncərələrini toz basmışdı.
Mən isə qaranlıq evdə oturub işıq pulunu ödəməkdən yorulmuşdum,
Sən demə, gecələr ulduzlar da bizim evdən elektrik alıb yanırmış... - Bu sözləri o deyirdi!
Həyatımız acı bağırsaq kimi, acı... həm də uzun!
Günahımız isə bizdən neçə yaş böyüküydü. Keçilməz olmuşdu.
Lap duz-çörəyi ayaqlamış kimi, lap ananı ağlatmış kimi, ya da atanın üzünə ağ olmuş kimi!
Biz hələ də divarın bu tərəfindəydik... Yağışlı tərəfində! - Başı çiynimdə, bu sözləri o deyirdi.
Biz yox ikən, ölüm payızda gəlmişdi. Ölümün ayaq izlərini görmüşəm deyib, and içirdi o.
Dünya bir palıd ağacıydı, baltalandı. Bu şəhərdə qapımız tapılmadı, biz kimsəsizlikdən öncə küçəsizlikdən yorulmuşduq.
Mənim əllərim, qollarım paltar sərmək üçün zivə ola bilərdi. Qollarım qoyun sürmək üçün bir dəyənək, ya da bir qocanın qoltuğunda çəlik ola bilərdi. Mənim qollarım təkcə qol ola bilməzdi ki, kimsəni qucaqlaya bilsin!
Nə yazıq ki, özümüzü itirməyə davam edirdik. Hər gün bir parçamızı, hər gün bir tikəmizi salıb itirirdik və sonralar öz itirdiyimiz tikələrimizi küçələrdə yeridikcə görürdük.
Gündən-günə dilənçilərin ovucları qədər yaşlanırdıq!
Bilirsənmi? Biz od tutmayaq deyə, su içirik! - Bu sözləri o deyirdi. Avtobusda yanımda oturan qızı deyirəm!
Biz divarın bu tərəfindəydik... Yağışlı tərəfində!
Yağış durmadan yağırdı, amma nə avtobus, nə oturacaqları, nə küçələr, hətta dörd yoldan axsayaraq keçən it belə islanmırdı. Yalnız o qız islanırdı, bir də mən!
Nəhayət, avtobusun son duracağında hamı iyirmi qəpiyini ödəyib düşürdü.
Amma yalnız o qız enmədi, bir də mən!
Bütün bu sözləri deyən qız, qollarımda dünyasını dəyişdi.
O qızın axirət evi qollarım oldu. O qız qollarımla birgə öldü!
"Görmək alma ağacıdır"
Dedi:
- Evin hardadır? Haralısan?
- Evim göy üzünün altında olar, - dedim!
Gülümsəyərək:
- Elə de ki, evim yoxdu da...
- Düz tapdın... Sən deyən evlərdən yoxdur məndə. İnsanların dörd divarlı, daşdan... kərpic-kərpic yalanlardan üst-üstə düzdüyü evlərdən... doğrudur mənim heç "kupça"da adım getməz... Bizim evlərin taxçası yoxdur ki, güldan qoyaq!
- Dediyin Göy üzünün yağışı var, boranı var, şair... Çətirin varmı heç olmasa?
- O başı asimana yüksələnləri görmüsənmi? O ayaq üstə qalmaqdan bezməyənləri deyirəm!
Fəsilləri yaradanları,
Ağacları deyirəm!
Gülümsəyərək:
- Görmüşəm, şair... görmüşəm...
- Görməmisən, bilirəm!
Gözlərini süzdürərək "görmüşəm" - dedi.
- Bəs əlindəki baltanı niyə görmürsən?
Ağ əllərinə gözlərini dikib "Əlimdəki çantamdır, şair", - dedi!
- Bu göy üzünün altında budaqlarımdır daşıyırsan əllərində, baxışınla yarpaqlarıma payız gəlir. Şaxələrimdən quşlar köçür...
- Sən yuxu görürsən, şair, yuxu, - dedi.
- Doğrudur, görürəm! Görmək hər dirinin peşəsi olmadı!
- Görmək nəyə deyirsən sən?
- Yağışdan sonra alma ağacını görmüsənmi? Yarpaqları islaq... Əllərində qırmızı alma...
- Yox, yağışdan sonra alma ağacına fikir verməmişəm.
- "Görmək" həmin o alma ağacıdır! Ətrinə görə əllərinə quşlar qonar.
- Bilmirəm, nə deyirsən, şair?..
- Şair yuxu görər həmişə! Mən indi bir yağışdan sonra alma ağacı ilə danışırdım!
- Mən yəni alma ağacıyam? - soruşdu.
- Çox çalışdım görəsən, amma görmədin! - dedim...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!