O zəfər günləri Günəş də bizimləydi - Hekayə - Mənzər NİYARLI

 

Gözlərini hərbi hospitalın palatasında açanda ayağının birini havaya sallanmış vəziyyətdə gördü. Diz tərəfdən amputasiya olunmuş sağ ayağını yuxarıya qaldırıb millərlə pərçimləmişdilər. Əvvəlcə dərk eləmədi bu nədir, ayağı niyə yuxarıda nəyəsə bağlanıb. Halsızlıqdan gözünün qabağında qara-qura şeylər fırlanırdı. Yavaş-yavaş özünə gəldi və gördü ki, ayağının biri... Dişlərini qıcayıb qışqırmaq istədisə, özünü zorla saxladı. Dərmanların təsirindən keyləşmiş ayağı ağrısaydı bu qəfil görüntünün əzabını çəkməzdi. Bəs bunlar kimdilər yanında dolaşırlar. Elə bil birdən-birə sevdiyi qızın - Dilarənin, neçə illərdi dünyasını dəyişib onu tək qoyan Gülgəz nənəsinin, dostu Nailin surətlərini gördü. Nənəsi ilə Nailin yoxluğuna alışmışdı. Bəs Dilarə? Göz qapaqlarını qaldırıb təzədən millərə salınmış ayağına baxdı, "Dilarəni də itirdim" deyib inildədi. Bir xeyli gözünü tavana dikib durdu. Bir saatmı, iki saatmı çəkdi, hiss etmədi. Sonra yavaş-yavaş özünə gəldi. Cəbhədə döyüşdüyü anları yadına salıb kövrəldi. Gözləri yaşardı. Bu göz yaşı ayaqdan şikəst qalmağının əzabına görə deyildi, uğrunda vuruşduqları torpağının, vətəninin azad olunmasının sevinci idi. Necə ağlamaya bilərdi. Yaralanmamışdan qabaq Füzuli şəhərini düşməndən azad etmişdilər. İsmayılovun - komandirlərinin rəhbərliyi altında hücuma keçdiyi anlar bir-bir gözünün qabağına gəldi. Ağır döyüşlər gedirdi. Ya ölüm, ya qələbə. Geri çəkildi yoxdu. Onsuz da biz zəfər çalacağıq. Ya vətəni azad etməliyik, ya da vətən yolunda şəhid olacağıq. Həmin döyüşdən əvvəl əsgərlərin əhval-ruhiyyələri əlaydı. Şəhid versələr də əməliyyat uğurla keçdi. Ermənilərdən qırılanı qırıldı, qırılmayanlar da silah-sursatlarını atıb qaçdılar.

Yaralandığı günü yadına saldı. Füzulidən ermənilər çıxarılsa da, uzaqdan adda-budda silah səsləri eşidilirdi. Əsgərlər artıq şəhərə girmişdilər, qələbə sevincini yaşaya-yaşaya, yorğunluqlarını hiss etmədən səngərdə dincəlirdilər.

Səngəri külək tutmurdu. Komandirləri İsmayılov açıqlıqda dayanıb bir evi də salamat qalmayan, qapısız, pəncərəsiz, divarları uçulmuş şəhərin daş yığnaqlarına baxır, köksünü ötürürdü. Səid ondan bir az aralıda daşın üstündə oturub əlindəki silahını təmizləyirdi. Birdən komandirinin durduğu yerdə gurultu qopdu. Düşmənin uzaqdan atdığı mərminin təsirindən torpaq havaya qalxdı. Torpağın tozundan, tüstüsündən göz-gözü görmürdü. Səid çevrilib İsmayılovun böyrü üstə yıxıldığını gördü. Komandiri mərmi qəlpəsindən yaralanmışdı. Yaxşı ki, atılan mərmi düz istiqamətini götürməmişdi. Yoxsa İsmayılovun cəsədi də ələ keçməzdi. Səid qaça-qaça özünü komandirinə çatdırdı. İsmayılov gözlərini açıb əl işarəsiylə ona get, dedi, get. Sonra ağır-ağır nəfəs alıb xırıltılı səslə: - Sənə əmr edirəm, səngərə... səngərə! - Ağrıdan üz-gözünü qırışdıran komandir: - Əclaflar buranı təzədən... - deyib huşunu itirdi.

Səid komandirin əmrinə fikir verməyib əllərini onun iki qoltuğunun arasına keçirib sürüyə-sürüyə səngərə tərəf apardı. Elə İsmayılovun yaralandığı yerdən təzəcə uzaqlaşmışdı ki, mərmi həmin yerə bir də atıldı. Səid sevinə-sevinə komandirinə baxdı: - Yaxşı qurtardıq, - desə də birdən ayağından küt ağrı ilə bərabər isti mayenin də axdığını hiss elədi. Səidin ağrıdan elə bil ürəyi dayandı və o üzüquylu komandirinin üstünə yıxıldı. Bir an keçmədi ki, əsgərlər səngərdən çıxıb özlərini komandirlə Səidə çatdırdılar. Yaxşı ki, təcili maşın yaxınlıqdaydı. Döyüşə könüllü gələn həkim briqadası hər ikisini maşına qoyub hospitala çatdırdılar.

Döyüşçülərimiz hərəkətə keçdi. Bir göz qırpımında şəhərdən çıxa bilməyib mühasirədə qalan terrorçuları zərərsizləşdirdilər.

 

***

Başını pəncərəyə sarı döndərdi. Hava sakit idi. Sərin meh pəncərədən görünən ağacların yarpaqlarını asta-asta tərpədirdi. Günəş isti, qızılı telləriylə pəncərədən ona sarı boylanırdı. "Kaş torpaqlarımız azad olana qədər havalar belə günəşli, xoş keçəydi. Möcüzəyə bax, Günəş də bizimlədi". Qarlı, şaxtalı havada hücuma keçməyin öz çətinlikləri vardı.

İkinəfərlik palatada hələ ki tək idi. O biri çarpayı boş idi. Görünür, bu gün- sabah o çarpayıda yaralı əsgərlərdən birini yerləşdirəcəkdilər. "Kaş həmişə boş qalaydı".

Amputasiya olunmuş yarasının ağrıları get-gedə artırdı. Yaxşı ki, tibb bacısı saatına baxa-baxa özünü vaxtında çatdırdı. Yarasının tənzifini dəyişdi. Ağrıkəsən iynəsini vurub, yuxu dərmanını içirtdi. Tibb bacısı:

- Yat, Şirinov. - dedi. - Nə qədər çox yatsan, bir o qədər ağrılarını hiss etməzsən, - deyərək Səidə ürək-dirək verib getdi. Dərmanlar öz təsirini göstərirdi. Ağrıları azalsa da yata bilmirdi. Qoy lap ağrı hiss etsin. Dözər. Axı onlar böyük bir qələbənin bünövrəsini qoydular. Zarafat deyildi, o boyda şəhəri düşmən tapdağından qurtarmışdılar. Görən, indi cəbhədə vəziyyət necədi? Füzulini ki, aldıq, demək, erməninin belini sındırmağa doğru gedirik. Dostu Nail yenə də yadına düşdü. Gözləri doldu. Aprel döyüşündə qəhrəmancasına vuruşub şəhid olan Nailin ölümünə dözə bilmirdi. Nailgil o vaxt bir neçə yüksəkliyi, Lələtəpəni düşməndən azad etdilər. Həm də Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdilər. Üç-dörd günlük döyüşdə Nail, Nailin tağım komandiri, əsgərlərin bir neçəsi şəhid oldusa da, düşmən ordusunu əməlli-başlı sarsıtdılar. Nailin arzuları çox idi. Ürəyini həmişə Səidə açardı. Ən böyük arzusu doğulduğu torpaqda vuruşmaq, doğulduğu torpağı görmək idi. "Nə vaxt olsa gedib evimizi görəcəyəm Dədəm bilirsən, həyətimizdə nə qədər ağac əkmişdi. Tut ağacımızı, bütün ağaclarımızı özüm sulayacağam", - deyərdi. Naillə keçirtdiyi hər günləri, hər saatları söhbətləri vətən idi, Qarabağ idi, itirilmiş torpaqlar idi, bir də qətlə yetirilən, girov götürülən doğmaları. Səid öz-özünə pıçıldadı. "Eybi yox, qardaşım, indi sənin əvəzinə də, öz əvəzimə də ermənilərin dərsini verdik. Sən kaş sağ olaydın, görəydin döyüşçülərimiz güllə qabağına necə atılırdılar. Mənim vuruşduğum bölükdə hər millətdən var idi. Ləzgi də vardı, talış da, yəhudi də, rus da, lahıc, malakan, udin, hamımız bir yumruq kimi birləşmişdik. Nail, millətlərimiz ayrı olsa da, çoxusu könüllü yazılmışdı hərbi xidmətə. Biz Azərbaycanlıyıq, deyirdilər, biz bu torpağın çörəyini yemişik, suyunu içmişik. Biz bu torpaqda böyümüşük. Bura bizim vətənimizdi", - deyirdilər.

Nail ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunanda bir yaxın dostu kimi onu da tədbirə çağırmışdılar. O gün sevindiyindən Səid özünə yer tapammırdı.

 

***

Səid müharibə başlanandan yuxusunu qarışdırırdı. Səngərlərdə əsgər yoldaşları ilə növbəylə bir-iki saatlıq gözlərinin acısını aldıqları vaxt yuxuda gah nənəsini, gah Dilarəni, gah da Naili görürdü. Hərdən uşaqlıq illərində yaşadıqları Çadır şəhərçiyi də yuxusuna girərdi.

İndi də yuxu görürdü. Bu dəfə Dilarə danışmırdı. Elə-beləcə Səidə küskün-küskün baxıb, harasa qeyb olurdu. Gülgəz nənəsi başılovlu, ağlaya-ağlaya onu silkələyirdi. Ay bala, baxım görüm sağsan. Ayağun, başun yerindədi. Qadoyu alım sənün, yox, şükür, sağ-salamatsan. Sonra Naili görürdü. Dostu gülə-gülə ona tərəf qaçırdı. Özünü Səidə çatdırıb boynunu qucaqlayırdı: - Noldu, Səid, mənim doğulduğum kəndi ala bildinizmi? - soruşurdu.

- Aldıq, qardaşım, aldıq.

- Aldınız? And iç.

Səid and içəndə Nail sevindiyindən hönkür-hönkür ağlamağa başladı. - Afərin, qardaşım, de görüm evimizi tapdınmı? Sənə həmişə danışırdım axı, arxın yanında, Əliş əminin dükanının arxa tərəfində göy darvazalı evimizi. - Səid susurdu. Dostuna nə desin. Necə desin axı şəhəri ermənilər viran qoyublar. O cür şəhərdə daşı daş üstə qoymayıblar. Məscidə kimi söküb aparıblar. "Əliş əminin dükanı yerində qalıb ki, sizin evinizin yerini tapım".

- Niyə dinmirsən? Tapa bilmədin? Hə? Qabağında da iri tut ağacımız vardı ey. Onu da görmədin?

- Yox, Nail, tapa bilmədim. Qoy şəhərdə təmizlik işləri qurtarsın. İkimiz bir yerdə gedərik. Əclaflar hər tərəfi minalayıblar.

Nail incimiş kimi Səiddən aralanıb: - Eybi yox. Özüm gedərəm - deyərək dumanın içiylə yox olur. Nailin gedişindən sonra nənəsinin ağlar səsi, silah səsləri ilə qarışıq əsgər yoldaşlarının hay-küyləri eşidilirdi.

Qan-tər içində ayıldı. İndi də ikinci növbənin tibb bacısı başının üstünü kəsdirmişdi. Şprislərə dərman keçirə-keçirə Səidə baxırdı: - Qardaş, deyəsən, yuxu görürdün.

Səidin kürəyi arxası üstə uzanmaqdan keyləşmişdi. Dönmək istədi. Tibb bacısı: - Olmaz, hələ ki belə uzanmalısınız, - dedi.

- Yaxşı. - Narahat-narahat qıza baxdı. - Cəbhədə vəziyyət necədi?

Qız gülümsədi. - Bəs bilmirsiniz? Əla, əladan da əla. Sənə şad xəbər verəcəyəm. Zəngilanı da aldıq.

Səid dikəldi. Sevincindən gözləri yaşardı.

- Belə gözəl xəbərə görə çox sağ ol, bacım.

- Sən də sağ ol.

- Axşam Prezidentimiz dedi. Heç bilirsən camaat necə sevinir. Hamı küçəyə axışıblar. Toy-bayram edirlər.

Tibb bacısı Səidə dərmanlarını içirtdi, iynəsini vurdu, ayağının sarğısını dəyişib getdi. Bir az keçmədi qapıda sanitar qadın göründü. Əl arabası ilə Səidin yeməyini, çayını gətirmişdi.

Səidin iştahı olmasa da, sanitar qadının təkidi ilə yeməkdən bir-iki qaşıq ağzına aldı.

Qadın: - Ye, bala, ye. - dedi. - Yeməsən haldan düşərsən. Səidin ayağına baxıb ah çəksə də ona ürəl-dirək verdi. - Ananın südü sənə halaldı, vallah, heç fikir-zad eləmə. Sən vətən yolunda döyüşmüsən, bala. Sən gözüyaşlı analarımızın intiqamını o it südü əmənlərdən aldın. Elə mənim qardaşımın balasının da. - O da şəhid olub. Anasının nə gecəsi var, nə gündüzü. Ahı, naləsi göyləri deşir. - Səidin Nailin anası Təranə xala yadına düşdü. Təranə xala da hər cümə axşamı oğlunun qəbrinin üstünə gedirdi. Yorulana qədər Naili oxşayıb ağlayardı. Səid oxumağa gedəndə də onun xeyir-duasını doğma anası kimi Təranə xala vermişdi.

 

***

Səidlə Nailin uşaqlığı Çadır şəhərciyində keçmişdi. Onlardan başqa, çadırda doğulan uşaqlar da vaxtlarını köhnə, nimdaş paltarlarda, nazik, rezin çəkmələrdə susuzluqdan cadar-cadar olmuş torpaqların üstündə keçirərdilər. Uşaqların çoxuna, xüsusən bu çadırın içində doğulan uşaqlara elə gəlirdi ki, bütün evlərin hamısı onların yaşadıqları çadıra oxşayır. Qapısız, pəncərəsiz, qışı buz kimi soyuq, yayı tonqal kimi isti, bürkülü. Ancaq ağılları kəsdikcə, gözlərində qəm-qüssə yağan, gecə-gündüz ah-nalələri od püskürən qadınların, üzləri tük basmış naümid-naümid gözləri yol çəkən, torpaqları, ev-eşikləri talan olunan kişilərin danışıqlarına qulaq asdıqca niyə çadırlarda yaşadıqları onlara aydın olurdu.

Sən demə, əsl evlər heç də çadır şəhərciyindəki çadırdan deyil, daşdan, kərpicdən tikilmiş, qapısı, pəncərəsi olan, hasarlı, hasarsız, həyət-bacası yaşıllığa bürünmüş evlər imiş. Onların da qapılı, pəncərəli evləri varmış. Sən demə, uşaqların çoxu, Səid də onların içində o daşdan tikilmiş pəncərəsi, qapısı olan o evlərdə doğulubmışlar. Qan içən ermənilər kəndə girəndə Səid üç yaş yarımlığında imiş. Onun yaddaşına güclə həkk olunan o qaranlıq meşədə Xocalı yerlə-yeksan edilən vaxt ata-anasını qətlə yetiriblər, sonra Gülgəz nənəsini, onun özünü, altı yaşlı, qardaşını girov götürüblər. O girovluqda nənəsinin gözünün qabağında əmisini işgəncəylə öldürüblər, o girovluqda qardaşı Fəridi də nənəsinin əlindən alıb harasa aparıblar. İndiyə kimi yeri-yurdu da bəlli deyil. Nənəsi yanıqlı-yanıqlı danışardı ki, uşağın yeri-yurdu bəlli olmadı. Çox müsibətlər gəldi başımıza, bala. Qız-gəlinlərimizin başına oyun açdılar. Əli silahsız igid oğlanlarımız o qansızların qabağını kəssələr də köməyimizə gələn olmadı. Bir tərəfdən də o kafirlər, Qorbaçovun qırılmışları ermənilərə silah verirdi ki, bizi qırsınlar. Xocalını, başıbəlalı Xocalını yerlə-yeksan elədilər, tanklarla, top-tüfənglə üstümüzə gəldilər. Hamımız meşəyə qaçdıq ki, canımızı qurtaraq. Bax, bala, onda vəhşilər pusquda durub bizi gülləbarana tutdular. Dədəni də, ananı da ordaca öldürdülər. Sən ananın qucağında, anan bədbəxt gördü ki, güllə sənə dəyəcək, kürəyini güllənin qabağına verdi. Güllə kürəyinin düz ortasına dəydi. Elə ordaca canı çıxdı. Gördüm sən ölməmisən, tez bala səni ananın qucağından çıxarıb bağrıma basdım. Sonra o qansız ermənilərdən biri üstümə şığıdı. Əlindəkiynən kürəyimə necə vurdusa nəfəsim kəsildi. - Nənəsi danışdıqca dodaqları əsərdi, üzü səyrilərdi. Sonra lal-dinməz nəvəsinin üzünə baxardı. Deyəsən, o gördüyü dəhşətlərdən halı pisləşərdi. Oğlanlarının, Fərid nəvəsinin adını çəkə-çəkə huşunu itirərdi.

Görən, qardaşı sağdırmı? Ermənilər onu hara apardılar? Öldürdülərmi, yoxsa hardasa qul kimi işlədirlər. İndi qardaşının neçə yaşı olar?

Məktəb yaşı çatan kimi Gülgəz nənə onu qonşu qəsəbədə yerləşən məktəbə yazdırdı. Oxuduğu məktəbdə sinifdən-sinfə adladıqca ona çox şeylər agah olurdu. Onlara tarixdən dərs deyən Elşad müəllim tarixi həqiqətləri açıb tökərdi. Sən demə, heç erməni dövləti olmayıb. Ermənilərin ağız dolusu paytaxt adlandırdıqları Yerevan şəhərinin adı əvvəllər İrəvan olubmuş. Həmin şəhəri Azərbaycan xanlıqları idarə edərmiş. Keçən əsrin əvvəllərində Sovet hakimiyyəti qurulanda başçımız Leninin qərarı ilə Ermənistan dövləti yaradılır. İrəvanın adı dəyişilib Yerevan qoyulur. Azərbaycanın qədim torpağı Zəngəzur Ermənistana verilir ki, əraziləri böyüsün. Bu mənfur qonşumuz da Sovet hakimiyyətinin tərkibində on beş respublikadan biri olur. Onlara da elə bu lazım imiş. Zəngəzur kimi səfalı yeri ələ keçirəndən sonra çox keçmir ki, orda yaşayan azərbaycanlıları öz doğma yurdlarından Azərbaycanın isti, aran rayonlarına sürgün edirlər. Necə ki, bir neçə il bundan qabaq Səidgili də öz isti ocaqlarından, yurd-yuvalarından məhrum etmişdilər.

 

Doğulduğu kənd, evləri heç yadına gəlmirdi. Evlərini unutsa da qaçaqaç düşəndə anasının qucağında qaranlıqda qarlı, şaxtalı meşədə bir dəstə adamla tövşüyə-tövşüyə qaçdıqları gün bir yuxu kimi gözünün qabağından çəkilmirdi. O gecə ata-anası, qonşuları düşmən əlinə keçməsin deyə ayaqyalın, başıaçıq ağaclara, kol-koslara ilişə-ilişə özlərini ora-bura vurur, meşədən çıxmağa yol axtarır, güllə səsindən, adi bir xışıltıdan hürküb yerə çökür, qarın üstündə büzüşüb otururdular.

Nədənsə, Səidin bircə o gecə, o vahiməli gecə yaddaşına həkk olunmuşdu. Anasının isti qucağı yadındaydı. Atası ondan üç yaş böyük olan qardaşının əlindən tutmuşdu. O biri əlində silah vardı. Nə oldusa anası qışqırdı, az qaldı Səidi qucağından yerə salsın. Güllə səsləri, yad dildə danışıqlar, bağırtılar... Səidin daha heç nə yadına düşmürdü. İndi Səid nənəsiylə köçkünlər üçün qurulan çadırların birində qalırdı. Həyətdə bir yerdə oynadıqları qonşu uşaqların ya anası sağ qalmışdı, ya da atası. Nənəsi gecələr bir-birinin ardınca oxşamalar deyib zülüm-zülüm ağlayardı. Hamını dərd üzürdü. Çadırların içi qəm-qüssəylə doluydu. Qarabağdan didərgin salınan bu insanları itkin düşənlərinin, gözlərinin qabağındaca qətlə yetirilənlərin, girov götürülən doğmalarının dərdi üzürdü. Səidin bir əli nənəsinin ətəyində, bir qulağı qonşu arvadların söhbətlərində ona məlum olurdu ki, onun bilmədiyi çox hadisələr olub. Bir tərəfdən də Elşad müəllimin bir-birindən maraqlı dərsləri. Ermənilər tək Qarabağla kifayətlənməyiblər. Azərbaycanı köməksiz görüb Qarabağın ətrafdakı rayonlarını da ələ keçiriblər. O, rayonlardan biri də Füzuli olub. Hansı ki, dostu Nail o rayonda doğulmuşdu. Nailgil Səidgilin qaldığı Çadırın lap yaxınlığındakı çadırda olurdular. Nail Səiddən bir neçə yaş böyük olsa da söhbətləri tuturdu. Yaşa dolduqca onların bu yaxınlığı dostluğa çevrildi. Hər ikisi bir-birini görməyəndə darıxırdılar. Nailin atası Birinci Qarabağ müharibəsində vuruşanda yaralanmışdı. İkinci qrup əlil idi. Hələ də bel sümüyündə düşmən qəlpəsini gəzdirirdi. Onların da itkiləri çox idi. Dayıları, əmisi uşaqları müharibədə qətlə yetirilmişdi. Bibisini girov götürmüşdülər. Nailin də valideynlərinin üzü gülməzdi. Günlərini qəm-qüssə içərisində keçirərdilər.

Çadır şəhərində yerləşənlərin yanına gəlib-gedənlər çox olurdu. Xarici ölkələrdən, Qırmızı Xaç Cəmiyyətindən, yerli hökumət nümayəndələri. Onlarla sorğu-sual aparanlara dərdlərini danışsalar da, itkin düşən, girovluqda saxlanılan doğmalarını soruşsalar da bir şey çıxmırdı. Yardım payı gətirənlər də undan, şəkərdən, yağdan, çaydan paylayıb bir göz qırpımında aradan çıxırdılar. Gülgəz nənə Qırmızı Xaç Cəmiyyətindən gələnlərin qabağına qaçıb az qalırdı onların ayaqlarına düşsün. Mənim Fərid nəvəmi, mənim şirin nəvəmi görməmisiniz. Uşağı əlimdən alıb qansızlar apardılar, o vəhşilər apardılar. - Qırmızı Xaç Cəmiyyətinin nümayəndələrindən biri başını bulayırdı.

- Belə bir adda uşaq bizim siyahıda yoxdu, - deyirdilər.

Gülgəz nənə onda halbahal olurdu. Durduğu yerdə əsməcə tuturdu arvadı. Gülgəz nənə yaşamırdı, onun ancaq kölgəsi yaşayırdı. O cür müsibətlərin şahidi oldu, doğmaları, gəlini gözünün qabağındaca qətlə yetirilən, körpə nəvəsinin öldüsündən-qaldısından xəbəri olmayan Gülgəz nənə necə rahat nəfəs ala bilərdi? Gülgəz nənəsi çadırın içində, çölündə sürünə-sürünə gəzirdi. Adama elə gəlirdi ki, onun quruca nəfəsi gedib-gəlir. Onu bu dünyada yaşadan bircə Səid idi. Onu böyüdə bilsəydi, əməlli-başlı oxuda bilsəydi, ağzını çörəyə çatdıra bilsəydi, uşağın başını salmağa bircə daxması olsaydı ölüb gedərdi. Gülgəz nənə çəkdiyi dərdlərin ağırlığına tap gətirə bilmirdi. Səid uşaq ağılı ilə nənəsinin necə əzab çəkdiyini görürdü. Səidin uşaqlığı uşaq olmadı ki... Səid iyirmi yaşının fikirlərini, hissini, ağrılarını içinə çəkirdi.

 

***

Günlər sürətlə bir-birini əvəz edirdi. Səidə də, elə dostu Nailə də bu lazım idi. Düşməndən intiqam almaq, vətəninin, valideynlərinin, doğmalarının qanını yerdə qoymamaq. Hər iki dost ancaq intiqam hissilə yaşayırdı. Nail də dostu kimi mən də hərbçi olacağam. Bibimin, əmilərimin intiqamını alacağam, - deyirdi. Bəlkə də, Nailin girovluqda qalan Səma bibisi sağdı. Kəndin ən gözəl-göyçək xoşbəxt gəlini idi. Müəllimə idi. Məktəbdə biologiyadan dərs deyirdi. Əri Rüstəmlə öz zəhmətləri bahasına ev-eşik qurmuşdular. Ermənilər kəndə basqın edəndə Rüstəm əsgərlərlə birgə postaydı. Könüllü döyüşçülərə qoşulub kəndi qoruyurdu. Həmin o ağrılı gün düşmən kəndə girdi. Ermənilər evlərə od vurdular. Səma qucağında körpə balası evdən qaçanda bir neçə saqqallı kişi qadının başının üstünü kəsdirdi. Səmanı uşaq qarışıq sürüyə-sürüyə gətirib maşının arxasına atdılar. Nailin bibisi yadındaydı. Bir ala gözləri və bir də uzun qara saçlarını tez-tez xatırlayardı. Çadırda yerləşdikləri vaxt atası yollar axtarırdı ki, bacısını girovluqdan qurtarsın. Pul gücünə olsa da qohum-qonşu yığışıb pul da yığa bilərdilər. Nailin yaxşı yadındaydı. Qızıl Xaç Cəmiyyətinin növbəti gəlişlərinin birində məlum oldu ki, Səma erməni işgəncəsinə, zorlandığına dözməyərək özünə qəsd edib. Uşaq isə sağdı. Bir neçə aydan sonra dörd yaşlı Vəfanı gətirdilər. Uşağı dayısına verəndə bütün qonum-qonşu ağlaşırdı. Qızcığazsa gözlərini bir nöqtəyə zilləyib durmuşdu. Uşağı xəstəxanaya yerləşdirdilər. Məlum oldu ki, uşağın gözləri görmür. Vəhşi ermənilər Vəfanın göz hüceyrələrini zədələyibmişlər. O günü Nail özünə yer tapa bilmirdi. Bibisinin özünə qəsd etməsinə, körpənin gözlərinin görməməsinə yanıb-tökülürdü: "Baxarsınız, mən bu zülmlərin nə vaxtsa intiqamını alacağam".

Səid altıncı sinifdə oxuyanda Çadır şəhərciyində məskunlaşanlara Prezidentin göstərişi ilə ev verdilər. Köçkünlər işıqlı, təzə binaya köçürüldü. Köçən gün Gülgəz nənə əllərini göyə qaldırıb: - Şükür sənə - dedi. - Nəvəmin qalmağa yeri, yuvası oldu. Təzə binaya köçdükləri an Gülgəz nənə yatdığı yerdə heç kəsə heç nə demədən dünyasını dəyişdi.

Qonşular yığışıb Gülgəz nənəni dəfn etdilər. Balalarının dərdi, vətən dərdi evindən-eşiyindən didərgin salınan Gülgəz nənənin içini yeyib qurtarmışdı. Səid qonşular görməsin deyə, eyvana çıxıb için-için ağladı. Həyatda sığındığı doğması bircə nənəsi idi. Onu da itirdi.

Dövlətin ona verilən təqaüdlə dolansa da qonşular da uşağa əl tuturdular. Səid orta məktəbi yaxşı qiymətlərlə oxudu. Nailin atası Qeybulla kişi Səidi yanına salıb şəhərə gətirdi. Sənədlərini C.Naxçıvanski adına Hərbi Məktəbə verdi. Səid sevinirdi. Yavaş-yavaş arzusuna çatırdı. Onun arzusu hərbçi olmaq deyildimi. Gecə-gündüz oxuyur, peşəkar müəllimləri sayəsində hərbin texnikalarını, sirlərini öyrənirdi. Az qalıb. Vətən uğrunda vuruşmağın, düşməndən intiqam almağın vaxtı çatırdı. Qoy Ali Baş Komandanın əmri verilsin, hərbçi olmasaydı da müharibəyə könüllü yazılacaqdı. Səid hərbi məktəbi qurtarıb hərbi xidmətə yollandı. Onun təyinatını arxa cəbhəyə vermək istəsələr də razı olmadı, etirazını bildirdi. Mən elə doğma torpaqlarımızın yaxınlığında, sərhəddə xidmət edəcəyəm, - dedi. Hərdənbir evinə baş çəkirdi.

 

***

Günlər beləcə ötüb-keçirdi. Səid hərbi hissədə artıq zabit rütbəsini də almışdı. Bir dəfə isə yazın ilk günündə evinə gələndə eyvana çıxdı və onun eyvanı ilə bitişik eyvanda Dilarəni gördü. Onunla qızgilin eyvanını nazik arakəsmə ayırırdı. Qız əlində ovuşdurduğu çörəyi eyvanın döşəməsinə səpələyirdi. Göyərçinlər dəstəylə uçub gəlir, qorxu-hürkü bilməyərək qızın ayaqlarına dolaşa-dolaşa çörək qırıntılarını dənləyirdilər. Qız Səidin eyvanda dayanıb ona, quşlara baxdığını sezmədən təzədən içəri keçdi. İndi də əlində bir ovuc buğda dənəsiylə qayıtdı.

Səid istər-istəməz gülümsündü. - Qəribədir, quşlar heç sizdən çəkinmir - dedi.

Qız diksindi. Çevrilib hərbi paltarda dayanan adamı gördü. Üzü allandı. Sonra asta səslə, utana-utana: - Göyərçinlər mənə öyrəşiblər - dedi.

- Hiss olunur. Sizi heç görməmişəm. Siz bu evdə çoxdan yaşayırsınız?

- Yox. Bir neçə ay olar. Bu evin sakinlərini başqa yerə köçürtdülər. Buranı isə bizə verdilər. Biz də köçkünük. Qubadlıdanıq. Səidin üzünə qüssə qondu.

- Bu binanın bütün sakinlərini köçkündürlər. Adınızı soruşmaq olar?

- Dilarədir.

- Mənimki də Səid.

- Eşitmişəm. Siz nənənizlə bu evə köçmüsünüz. Sonra dedilər ki, nənəniz dünyasını dəyişib. Allah rəhmət eləsin.

Səid: - Çox sağ olun. Hardan bildiniz?

- Qonşular danışıb. - Səid fikirli-fikirli köksünü ötürdü. - Nənəmdən başqa kimim var idi ki, onu da itirdim. Qohum-əqrəbam, valideynlərim doxsan ikinci ildə qətlə yetirildilər. O vaxt vəhşilər, erməni separatçıları daha nə əməllərdən çıxmadılar. - Səid valideynlərindən danışdıqca Dilarənin gözləri dolurdu. Səidə də məlum oldu ki, Dilarənin atası Birinci Qarabağ müharibəsinin veteranıdır. Həmin döyüşdə iki dəfə yaralanıb. İki qardaşı var. Biri onuncu sinifdə oxuyur, o biri cəbhəyə gedib. Anası tikiş sexində işləyir. Ata nənəsi onlarla bir yerdə yaşayır. Dilarənin arzusu həkim olmaq imiş. Ancaq imkanları olmayıb ki, Bakıya gedib oxusun. Rayondaca pedaqoji texnikumda oxuyub. İbtidai sinif müəlliməsidir.

Səidlə Dilarə belə tanış oldular. Sonra Səid hər dəfə evinə baş çəkəndə paltarını dəyişməmiş özünü eyvana salırdı. Bu alagöz, qarasaç qız üçün darıxırdı. Səid bilmədi Dilarəni nə vaxt sevdi, qız onun qəlbinə nə vaxt yol tapdı. Bircə onu bilirdi ki, Dilarə üçün darıxır. Qızın səsini eşitməyin, eyvanda quşları səsləyib onları yedizdirməyinin, ona Qarabağla bağlı suallar verərkən gözlərini qıyıb cavab gözləməyinin həsrətini çəkir. Hərdəm Dilarənin nənəsi də ayaqlarını sürüyə-sürüyə eyvana çıxardı. Səidi görüb xoş qılıqla danışdırar, onun yeməyi, içməyi ilə maraqlanardı. Nənə içəri keçən kimi Dilarə eyvanda görünərdi. Səid Dilarəni danışdırmaq üçün ya quşlardan söz salar, ya oxumaq üçün kitab istəyərdi. - Sizdə maraqlı kitab olmaz? Və yaxud göyərçinlərin görünmür? - soruşardı. - Dilarə xanım, bəlkə küsüblər səndən.

- Nə danışırsınız? - Dilarə incimiş kimi dillənərdi. - Küsmək nədi. Onlar məni görməyəndə darıxırlar. Hətta sizin üçün də darıxırlar. Siz olmayanda pəncərənizə qonub dimdikləriylə taqqıldadırlar.

- Doğrudan? Mənim üçün təkcə göyərçinlərmi darıxır? Bəs sən? - Səid özü də bilmədi "bəs sən?" sözü necə dilinə gəldi. Uşaq kimi qızardı.

- Mən? - Dilarə bu sualdan tutulsa da özünü ələ aldı. Söhbəti dəyişməyə çalışdı.

- Onlar çox vəfalı heyvanlardı. İstəyirsən çağırım gəlsinlər. - Dilarə evə keçib bir ovuc buğda dənəsiylə gəldi, göyərçinləri səslədi. Quşlar bir göz qırpımında eyvana doluşdular.

- Gördünüz.

Quşlar Dilarəyə o qədər öyrəşmişdilər ki, ondan qorxmur, hətta qızın incə, zərif əllərini dimdikləyirdilər. Quşların civildəşmələrinə, Dilarənin ana nəvazişi kimi onlara qulluq etməyinə Səid heyranlıqla tamaşa edirdi.

***

Bir gün müharibə başlanmamışdan əvvəl - Səid Dilarəyə ürəyini açdı. Dilarə onsuz da hər şeyi bilirdi. Səidin gözləri, baxışları onu sevdiyini çoxdan hiss etdirmişdi.

Səid Dilarəyə ürəyini açandan sonra: - Hərbçi ilə ailə qurmaq çox çətindi? dedi. - Onların daimi evləri olmur. Bu gün burdadırlar, sabah başqa yerdə. Bilmirəm, sizi mən xoşbəxt edə biləcəyəmmi? - Mən sizdən indi cavab almaq istəmirəm. Fikirləşməyə vaxtınız olacaq. Əgər mənə qarşı... Əgər məni... - Səidin səsi titrədi. Səid Dilarədən cavab gözləmədən içəri keçdi.

Həmin gündən daha Səid eyvanda görünmədi. Dilarə gecə-gündüz eyvanda bitib qalmışdı. Səidin evindən nə hənirtisi gəlirdi, nə də işığı yanırdı. Dilarənin xəbəri yox idi ki, Səid hissəyə qayıdan kimi hərbi təlim keçmək üçün bir neçə hərbiçiylə Türkiyəyə yola salınıb. Səid Türkiyədən qayıtdığı gün ermənilər atəşkəsi pozdu. Cəbrayıl, Füzuli istiqamətində döyüşlər başladı. Ordumuz ön cəbhədə bir yumruq kimi birləşmişdi. Geriyə yollarını özləri qapamışdılar. Ancaq irəli. Zəfər qazanmaq, ermənilərdən intiqam almaq.

Əsgərlərimizin doğmalarına hər telefon zəngləri, hər sözləri, hər kəlmələri bu sözlərlə qurtarırdı.

"Ana, mən şəhid olsam mənim üçün ağlamayın.

Ermənilərdən intiqamımızı alırıq. Onlar qabağımızda duruş gətirə bilmirlər.

Ana, sən məndən ötrü qürur duyacaqsan.

Qardaş, iki balamı sənə əmanət qoyuram. Onlara, mən qayıtmasam, ata əvəzi ol. Axıra qədər gedəcəyik.

Bu yaxınlarda qələbə xəbərini eşidəcəksiniz".

Dilarənin isə gözü yollara dikilib qalmışdı. Səiddən heç bir xəbər-ətər yox idi.

 

***

Günorta üstü Səidin qaldığı palataya bir yaralı gətirdilər. Cavan, sütül oğlan idi. Qolundan yaralanmışdı. Yarası xeyli dərindəydi. Qan dayanmırdı. Əsgərə qan vuruldu. Yarasını yuyub sarıdılar. Sonra ağrı kəsən dərman verib yatızdırdılar. Əsgər ağrıdan gecə sayıqlayırdı. Səhərə yaxın ayıldı. Səid çarpayının səsindən başını dikəldib bu cavan, bığ yeri təzə-təzə tərləyən oğlana baxdı. Əsgər qolunun qanının dayandığını və tənziflə sarındığını görüb ayağa qalxdı. Səidin amputasiya olunmuş ayağını görəndə duruxdu. Sonra yavaşca: - Harda yaralanmısan? - soruşdu.

- Füzulidə. Bəs sən?

- Mən də Zəngilan istiqamətində. Yatağın yüngül olsun, qardaşım, - deyib otağa göz gəzdirdi. - Bilmirsən, paltarları hara qoyurlar? - Palataya girən tibb bacılarından biri əsgəri yerinə uzatmaq istədi.

- Paltarı neynirsən, Kərimli?

Adam paltarı neynəyər. Geyinib gedər.

- Hara?

- Vuruşmağa. Mənim yaram elə ciddi yara deyil ki, burda yatıb iylənəm.

Palata həkimini çağırdılar. O isə qəti etirazını bildirdi. - Yox, yox. Azı bir həftə burda qalıb müalicə olunmalısınız. Yaranız sağalana qədər.

Siz nə danışırsınız. Mən getməliyəm ey, mənim döyüş yoldaşlarım məni gözləyir. Hücuma keçmişik ey. Mən də burda boş-boşuna uzanmalıyam. Hə?

Səid əsgərə həsədlə baxıb köksünü ötürdü. "Kaş o da yüngül yaralanaydı".

- Olmaz. Mən icazə vermirəm. - Həkim gedəndən sonra əsgər dilxor-dilxor yerində oturdu.

Səid üzünü əsgərə sarı döndərib adını soruşdu. - Tural Kərimli. Gizir. Bəs siz?

Səid Şirinov. Zabit. Siz tərəfdə vəziyyət necədi?

- Çox şad oldum. Bizim bölükdə işlərimiz əla gedir. Mənim tağım komandirim canlara dəyən oğlandı. Onun elə bir əməliyyatı olmurdu ki, uğurla keçməsin. Nə qədər erməniləri qırdıq ey. Axırıncı dəfə hücuma keçəndə içəriyə doğru xeyli irəliləmişdik. Yaralandım. Dostlarımdan ikisi şəhid oldu. Könüllü yazılmışdıq cəbhəyə, Turalın gözləri yaşardı.

- Əclaflar top-tüfəngləri çox olsa da, dərin səngərlər qazsalar da, qabağımızdan qaçırdılar. - Gizirin indi gözləri parıldadı. - Ancaq analarını ağlar qoyduq. Mənim yaram ciddi döyül ki. Bilmirəm məni niyə buraxmırlar.

Xörəkpaylayan sanitar qapıda göründü. Səhər naharını iştahsız yedilər. Gizir Kərimli axşama qədər yerində vurnuxa-vurnuxa qaldı.

Gecənin yarısı Səid su içmək üçün ayılanda Turalın yatdığı çarpayını boş gördü. Tural yerində yox idi. Növbətçi həkimin, tibb bacılarının gözündən yayınıb hospitaldan qaçmışdı. Səhər yuxudan ayılanda dəhlizdəki səs-küydən başa düşdü ki, gizirin qaçmasından xəbər tutublar. Günortaya yaxın Turalın döyüşdüyü bölüyün komandirindən məlumat gəldi. - Gizir Tural Kərimli yanımızdadır. Narahat olmayın. Buradakı həkimlər yarasına nəzarət edəcəklər.

Xəstəxanalarda Tural kimi döyüşçülər çox idi. Əsgərlər yaraları sağalmamış təzədən cəbhəyə, döyüşməyə qaçırdılar.

 

***

Səidin yaraları get-gedə sağalırdı. Bir gün həkimi xoş əhval-ruhiyyə ilə palataya gəldi. - Şirinov, sabahdan evə buraxılırsan. Bu gün sənə qoltuq ağacı da gətirəcəklər. Siz tamam sağalmısınız. - Həkim yaxınlaşıb Səidi qucaqladı. Həkimə təşəkkür edib gülümsəsə də, gözlərindəki qüssəni gizlədə bilmədi.

Səid hospitaldan evə buraxılanda palatada bükülüb dolaba qoyulmuş hərbi paltarını istədi. Baş tibb bacısını çağırdılar. Baş tibb bacısı: - Neynirsən, Şirinov, köhnə tozlu paltarı. Biz sənə təzəsini ayırmışıq, qardaş. Onu geyinərsən. Zarafat döyül Prezidentimiz səni medalla təltif eləyib. Döyüşdə böyük şücaət göstəribsən. - Palata həkimi, tibb bacıları da Səidi təbrik etdilər.

Bilirdi təltif olunmasını. Hamıya təşəkkür etdi. - Yaxşı, - dedi. - Verin təzəsini geyinim. Ancaq köhnə paltarımı da büküb mənə verin, lazımımdı.

- Nə deyim, Şirinov, bu saat verərik.

Dünən ona dəyməyə gələn döyüşçü yoldaşları bu şad xəbəri Səidə çatdırmış, təbrik də eləmişdilər. Təltifə sevinib komandirləri İsmayılovun vəziyyətini soruşanda: - İsmayılov Bakıda müalicə olunur - dedilər. - Yaxşıdır, sağalır. Ancaq sənin əlindən yaman yanıqlıdır.

- Niyə? - Səid tutuldu.

- Deyirdi burdan çıxan kimi Şirinova töhmət verəcəyəm. Əmrimi yerinə yetirmədi.

Gülüşdülər.

Nizam-intizamı sevən, əsgərlərinə sərt qayda-qanunları əməl etdirən, eyni zamanda onları ata məhəbbəti kimi sevən İsmayılovu bütün bölüyün döyüşçüləri sevirdi.

Döyüşçü dostlarından biri Səidin sağ ayağına baxıb köksünü ötürdü.

- Komandirimiz çox əzab çəkir. Uşaq mənə görə ayağının birini itirdi, onun üzünə necə baxacağam - dedir.

Səid: - Komandirimizə deyin, üzülməsin. Əgər bu hadisə yenidən baş versəydi, mən yenə onun köməyinə çatardım. Bizim bir vətənimiz var. Hamımız vətən yolunda vuruşuruq. Hamımız bir nəfər kimi bir-birimizi qorumalıyıq.

 

***

Həkimiylə, tibb bacıları ilə görüşüb xudahafizləşəndə həkim: - Sizə maşın ayırmışıq evə aparmağa. - Etiraz etdi. - Məni gəlib aparacaqlar. - dedi. Qoltuq ağaclarına söykənib pilləkənləri aşağı düşdü. Əvvəlcədən sifariş etdiyi taksi qapının ağzında dayanmışdı. Taksi sürücüsü ahıl yaşında, üzünü tük basmış bir kişi idi. Onun köməyilə taksiyə oturdu. Kişinin gözləri dolmuşdu. - Başına dönüm, ay oğul, - dedi. Üzümüzü ağ eləyirsiniz. Mənim də ortancıl oğlum cəbhədədir. Üç uşağı var. Könüllü yazılıb cəbhəyə. İndi Şuşaya doğru irəliləyirlər...

- Bilirəm, Şuşanın alınması bizim böyük qələbəmiz olar. Oğlunuz da qələbə xəbəriylə qayıdar. İnşaallah.

- Allah ağzından eşitsin. İndi de görüm qəbiristanlığın hansı tərəfinə sürüm.

- Sən sür, yaxınlaşanda deyərəm.

- Baş üstə.

- Kişi maşınını işə saldı. Yol gedə-gedə söhbətlərini davam etdirməyə başladılar.

- Harda yaralanmısan, oğul?

- Füzulidə. Səid kişinin onun ayağına görə sarsıldığını görüb. - "Eh, dayı, otuz ilə yaxındı torpaqlarımız düşmən tapdağı altındadır. Bir ayağımı vətən yolunda vermək də mənim üçün azdır. Vətən bizi bağışlasaydı - dedi.

- Elə demə, oğul. Sən ki, vətənə öz borcunu ödəmisən.

- Nə deyim. Ölməz şairimiz demişkən: Vətən bizə oğul desə nə dərdimiz.

- Az qalıb, oğul. İnşaallah, qələbə xəbərini eşidərik. Onda vətənin əsl qəhrəman oğulları siz olacaqsınız.

Səid köksünü ötürdü. - Mənim valideynlərim yoxdu. Vətənim elə mənim həm anamdı, həm də atam. Onu da itirsəm, gərək, bu dünyada yaşamayam.

- İtirmərik, bala, itirmərik.

Maşın köçkünlərçün tikilən binanın yaxınlığından keçəndə ürəyi döyündü. Axı Dilarə ordaydı, o binada yaşayırdı. Üzünü kişiyə tutub: - Dayı, - dedi, - Sizdən bir şey soruşum.

- Soruş, oğul, soruş

- Buralarda kirayə ev vermirlər?

- Ay oğul, məgər evin yoxdu?

- Var. Burda deyil. - Səid istər-istəməz yalan danışmalı oldu. Ancaq hələlik bu şəhərdə qalmaq istəyirəm.

Kişi tərəddüd etmədən ürəkdən: - Kirayə evi neynirsən? Ev lazımdı, mənim evim. Özüm həyət evində yaşayıram. Oğlanlarım bina evində olurlar.

- Neçəyə verərsiniz?

Kişi pərt, incimiş kimi dilləndi. - Ay oğul, evim də sənə qurban, canım da. Neçəyə nədi. Gəl mənimlə qal. Bir özüməm, bir də arvad. Uşaq da cəbhədədir. Elə bilərəm üç oğlum yox, dörd oğlum var. Sən müharibəyə canını qoymağa getmisən. Mən də sənə bir qotur evi qıymayacağam? Ayıb şeydi ki.

- Çox sağ ol, dayı. "Kaş sənin kimilər çox olaydı".

Qəbiristanlığa çatdılar. Səid əlinin işarəsiylə nənəsinin dəfn olunduğu yerə gəldilər. Maşından düşüb qəbirə yaxınlaşdı. Fatihəsini verib nənəsinin başdaşının yanında dayanıb pıçıldadı:

- Rahat yat, nənə, düşməndən intiqamımızı alırıq. Atamın da, anamın da, o körpə qardaşımın da, bütün şəhidlərimizin intiqamını. Az qalıb, lap az qalıb. Düşmənin başını əzirik. - O, gözlərini qəbir daşından çəkmədən Gülgəz nənəni, onun dərd içində qovrulan simasını yadına sala-sala kövrəlirdi. Sonra özünü ələ alaraq qəbirdən aralanıb şəhidlərin uyuduğu xiyabana adladı, Nailin qəbrinə yaxınlaşdı. Əlindəki hərbi paltarını dostunun qəbrinin üstünə qoydu. Hərbi paltarının üst cibində dostuna çatacaq məktub da yazmışdı. Bir xeyli dayanıb Nailin şəklinə baxdı. Sonra qoltuq ağacının köməyilə çevrilib Nailin qəbrindən aralanmaq istədi. Bu vaxt Dilarənin arxasında dayandığını gördü. Bir andaca duruxdu. Qızın gözü nəmliydi. Yaxınlaşıb Səidin qoluna girdi. - Şükür, sağ salamatsan. Neçə vaxt idi səni axtarırdım. Qardaşımla. Niyə xəbər eləmirdin? Hə?

Səid tutulub qalmışdı. İstər-istəməz gözləri şikəst ayağına sataşdı. Dilarə göz yaşını saxlaya bilməyib ağlaya-ağlaya: - Sən mənim elə beləcə də qəbulumsan, Səid, ömrümün axırına kimi sənin yanında olacağam. Ömrümün axırına kimi. Səidə elə gəldi ki, bu an, bu dəqiqə ömrünün ən xoşbəxt gününü yaşayır.

 

***

Təranə xala cümə axşamlarının birində böyük oğlu Samirlə Nailin qəbrinin ziyarətinə gələndə qəbrin üstünə bükülmüş hərbi paltarı gördü. "Görən, bu nə paltardı". Özü ürək eləmədi paltarı əlinə alsın. Samirə işarə elədi ki, paltarı açıb baxsın. Oğlu hərbi paltarı o üz, bu üzünə çevirdi, əlini cibinə salanda Səidin Nailə yazmış olduğu məktubu çıxartdı. Səid yazırdı: "Nail, qardaşım, gözün aydın. Torpaqlarımızı düşməndən təmizləyirik. Az qalıb qələbəmizə. Füzulini də, sənin doğulduğun torpağı azad elədik. Bu hərbi paltarımla Füzulidə sürünə-sürünə yırtıcı, vəhşi erməniləri məhv elədik. Bu paltara o doğma torpağın ətriylə bərabər tozu da qonub. Ona görə də paltarımı qəbrinin üstünə qoyub gedirəm. Bu paltarda vətənin ətrini, torpağını qoxla və bundan sonra rahat yat, əziz qardaşım.

Sənin sadiq dostun Səid".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!