Dəvə oynayanda qar yağar...
El sözü
Qapının zəngi çalınanda əlindəki zərləri nərdin içinə qoyub qalxdı, eyvandan qonaq otağına, ordan da dəhlizə keçib qapını açdı. Rəqibi də ərinib eləmədən ayağa durub onun ardınca gəldi. Qapının ağzında üzünə tük çıxmamış cavan, ucaboy, başında deşik-deşik yay kepkası olan bir oğlan dayanmışdı.
- Salam, dayday... - kepkalının ağzında nəsə vardı, deyəsən, saqqız çeynəyirdi.
- Əleykim... - oyunu yarımçıq saxlayan hövsələsizliklə dilləndi. - Nolub?..
- Buyurun... - oğlan əlindəki kağızı ona uzatdı.
- Bu nədi? - yazılı-möhürlü kağızı alıb oxumadan soruşdu.
- Bələdiyyədəndi... - oğlan rəsmiyyətlə izah elədi. - Siz mənzilinizin əmlak vergisini ödəməlisiz...
- Bu mənzil mənim deyil ki, a bala... Dostumundu... Arvad məni evdən qovub, hələlik burda qalıram...
- Onda, bu kağızı verərsiz evin yiyəsinə... - cavan gülməyini güclə saxladı.
- Ev sahibi xaricdədi. Moskvada...
- Nolar... Gələndə verərsiz... - kağız gətirən tez-tələsik canını qurtarmaq istədi. - Sağ olun...
- Yaxşı yol... - deyib qapını örtdü.
Qapını bağlayan kimi də arxada dayanmış rəqibi onu məzəmmətlədi:
- Sənə kim deyirdi ki, tanımadığın adama hesabat verəsən?.. Arvad məni evdən qovub... Bu mənzil mənim deyil... Ev yiyəsi Moskvadadı, mən nə bilim nə... Bəlkə bir tərcümeyi-halını da əvvəldən axıracan danışaydın ona? Harda doğulmusan, haçan məktəbə getmisən... Sənnən oğurluğa getmək olmaz... Ağzın yırtıqdı, adamı ələ verərsən... Öz sirrini saxlaya bilməyən mənimkini saxlayacaq? - elə dedi ki, guya, həqiqətən də oğurluğa getməyə hazırlaşırdılar. - Gördün kağız gətirən oğlan sənə necə qəribə, mat-məəttəl baxırdı?
- Necə baxırdı ki?.. - o, rəqibini yamsılamaq istədi.
- Belə... - qaşlarını oynadıb gözlərini bərəltdi rəqibi. - Dəliyə baxan kimi...
- Bəs nə deyəydim?
- Deyəydin ki, cəhənnəm ol burdan!..
- Bacı-qardaş sizin ağzınızdan qan iyi gəlir, boş yerə cavan uşağın xətrinə niyə dəyim, hə?..
Keçib yenə eyvandakı masanın arxasında əyləşdilər qabaqlarında da nərd.
- Sən düzələn deyilsən... Canından iraq, qozbeli düzəldən qəbir də səni düzəldə bilməyəcək...
- Bəs, bu kağızı neyləyim? - o, cavanın verdiyi kağızı göstərdi.
- Neyniyəcəksən, çır at getsin o yana... - rəqibi əməlli-başlı əsəbiləşmişdi. - Bu kağızdan hamıya gətirirlər... Kimi həriflədilər qənimətdi...
- Yox... Əmanətə xəyanət eləmək olmaz... Saxlayım, evin yiyəsi gələndə verərəm özünə, istəyər cırıb atar, istəyər pulu ödəyər... - o, kağızı səliqə ilə qatlayıb köynəyinin döş cibinə qoydu. - Əşi, həvəsim yoxdu e, oynamıram... - nərdin daşlarını qarışdırdı. - Gəl səni ötürüm, çıx get, özüm də düşürəm həyətə, bir az gəzişəcəm, maşını da yuduzduracam...
***
Arvadı evdən qovanla nərd oynayan masa arxasında sakitcə əyləşib dilxor-dilxor siqaret tüstülədirdi. Divandakı qadın da susub əlləri ilə üzünü örtmüşdü, araya uzun və cansıxıcı sükut çökmüşdü. İri divar saatının kəfkirinin ritmik çıqqıltısı sükutu pozurdu, bir də həyətdə oynayan uşaqların hay-harayı.
- Dedi ki, evə qayıtmayacaq? - nəhayət, qadın dilə gəldi.
- Yox... Qırımından belə anladım ki, məsələ ciddidi, qayıdana oxşamır... Yəqin, çoxdan qərar veribmiş... Beş-üç günün söhbətinə də oxşamır... Çox arxayın idi e, özündən... Elə bil qanqaraldıcı heç nə baş vermiyib, əksinə, deyib gülürdü, kefi göyün yeddinci qatında idi... Söz arası dedi ki, mən nə qədər bacarırdımsa dözdüm, bundan o yanası mənlik deyil...
- Cəhənnəmə qayıtsın, gora qayıtsın! - qadın qeyzləndi, tez də köpü yatdı, səsini yavaşıtdı. - Bəs harda, kimin yanında yaşayır? Yeri yaxşı olmasa dizin-dizin sürünə-sürünə qayıdar...
- Deyəsən, tək yaşayır. Təzə tikilmiş binada... On üçüncü mərtəbədə... Deyir ki, guya, hansısa dostunun mənzilidi, hələlik ona verib... - kişi nagüman-nagüman cavab verdi.
- Yalan deyir, onun dostu nə gəzir, yəqin, o mənzil də özününküdü...
- Mən də elə başa düşdüm... Deyəsən, qəsdən qıy-qışqırıq salırdı həmin mənzildən söz düşəndə...
- Həlbət ki, elədi... O, bilirsən nə hiyləgərdi... - qadın razılıqla başını tərpətdi. - Sən də araya söz qatıb otaqda siqaret çəkmə... Öz evinizdə tüstülətsən arvadun sənin ciyərini çıxardar... Söndür o zəhrimarı... - çımxırıb mətləb üstünə gəldi. - Ayrı nə dedi? Əməlli-başlı boşanacaq, ya küsəyən təzə gəlin kimi dədəsi evinə gedib qiymətini artırır?.. Qarnının ağrısı nədi görəsən, torbaya pişik hardan girib?
- Orasını dəqiq bilmədim, - kişi itaətlə siqareti külqabına basıb söndürdü. - Deyəsən, yox... Amma kəbinli qalsaz da, bu heç nəyi dəyişməyəcək. Mənə belə gəlir, adicə kağız parçasıdı o zaqs kağızı... Hələ mal-mülk bölgüsü də elədi mənnən nərd oynaya-oynaya... Özü də tamam ciddi, zarafatsız-filansız... Bilirsən axı, o, baməzədi...
- Necə yəni? Deyirsən, mənim ağlım çaşıb? Bu boyda zarafat olar? - qadın əsəbi-əsəbi yerində qurcalandı. - Mal-mülk bölgüsündən nə dedi?
- Dedi ki, maşını mən götürmüşəm, qoy ev ona qalsın... Ürəyin istəyəndə bağa gedib gələ bilərsən, bağın açarı hər ikinizdə var... Yəni bağ hələlik ümumidi, hər ikinizindi... Elə bağ məsələsindən də ağlım bir şey kəsmədi. Şərikli malın olunca, şərikli arvadın olsa yaxşıdı...
- Bəs, rayondakı mülk?
- Sənin o mülkdə də gözün var? Dedi ki, o mülk bizim ata-baba ocağımızdı, oranın sənə dəxli yoxdu, o ev müqəddəsdi... Müqəddəslərin ruhu gəzir o ocaqda...
- Pah! Yavaş yeri yıxılarsan... Gündə bir vedrə araq içirdi, indi molla olub mənimçün... Müqəddəs ocaq e... Evlərinin arxasında, hündür ağacların arasındakı bir qaya parçasının üstündə qapısız-pəncərəsiz məqbərəfason bir şey tikiblər, sayiə də buraxıblar ki, guya, həmin seçilmiş günlərdə, bəzi dindar adamların yanında həmin daşın ətrafını öz-özünə xəfif bir alov bürüyür, od qaya parçasına bənzəyən üstü qara parçalı daşı haləyə alır... Ancaq nə hikmətdisə daşın üstündəki qalın parça yanıb eləmir. Mən neçə dəfə, neçə gün qaldım o evdə, amma o daşın yan-yörəsində od-alov-filan görmədim. Hamısı fırıldaqdı, mövhumatçıların başını bişirməkdən ötrüdü... Xurafatçılardan pul qoparmaq tələsidi. Hamısı müftəxordu, heç biri heç yerdə işləmir, elə Allah-Allah deyə-deyə şarlatanlıqla pul qazanırlar, yalansa Allah onların belini qırsın... O cür kələkbazlıqla qazanılan pulu rahat xərcləmək olar? Oların yeri cəhənnəmdəki qır qazanında bişmək deyil ki... Elə bu dünyada da burunlarından gələcək o haram pullar... Mən qarabaxt da hərdən dilimi saxlaya bilmirəm oluram pis... Bu şarlatanlar təkcə yazıq, fağır, əlacsız camaatı aldatmırlar ki... İraq-iraq guya, öz aləmlərində Allaha, peyğəmbərə, bütün müqəddəs sayılanlara kələk gəlirlər... Məqbərə, türbə qəbrin üstündə tikilər... Daşa da məqbərə tikərlər?..
- O adi daş deyil. Müqəddəsdi... Çox yerdə müqəddəs şeylər, ağaclar, daşlar, mən nə bilim, balaca heykəllər qorunmaq üçün əhatəyə alınır... O həyətdəki daşın üstündə olan tikili də yəqin, buna görədi...
- Daş, əşya haçandan müqəddəs sayılır?
- Bəs sən haçandan molla olmusan?
- Nə mollabazlıqdı, mən məktəb-zad oxumamışam bəyəm? Məqbərə, türbə deyil e, o həyətdəki daşın üstündəki, pul, var-dövlət dağarcığıdı... Bu, Allaha kələk gəlmək deyil, bəs nədi? Görüm Allah oların başına elə o türbədəki boyda bir daş salsın...
- Az, bəsdi ona-buna qarğış elədin... Ateistliyin başına bəla açacaq sənin... Oların sənə nə pisliyi keçib? Qorxmursan seyid-peyğəmbər övladlarının cəddindən?
- Nə qarğış, nə ateistlik e, mən ateist-zad deyiləm. Seyid də araq içib min hoqqadan çıxar? Qoy piyanıskalıq eləyənlər qorxsun Allahdan... Yadındadı atası toyumuza gəldi rayonnan, içib piyan oldu toyda, nə həngamə çıxartdı, heç kəs sakitləşdirə bilmirdi o seyidi, hərəyə bir kəllə gəlirdi. Çünki özündə-sözündə deyildi, arağı su kimi içmişdi seyid... Deyirlər, toyumuzda içib altını batırmışdı da... Belələrinin ətəyində namaz qılmaq istəyirsənsə, get qıl, sənin qabağını kəsən yoxdu... Sən onsuz da ingilis bayrağısan, külək hayana əsdi, ora yıxılmağa öyrəşmisən...
- Qızışıb başlama yenə... O sənin ərindi, başa düş! Özü də pis adam deyil... Atasının toyda keflənməyini adamın başına nə qədər qaxmaq olar? O da dəmirdən deyil ki, nə qədər dözsün? O adamların sənə nə pisliyi dəyib? Sənə az qala özün ağırlığında qızıl-gümüş bağışladılar mənnən ora qonaq gedəndə... Mən də çörək kəsmişəm onun ata evində... Az qala ayağımızı yuyacaqdılar, day adama necə hörmət eləyərlər?.. Bir hüquqşünas kimi deyirəm ki, o evdən gözünü çək, ordan sənə heç nə düşmür, o ev sənnən qabaq tikilib...
- Nə qızışmaq e, düz demirəm?!. - qadın onun son kəlmələrini qulaqardına vurdu. - Orasını yaxşı yadıma saldın, sən özün də olmusan axı, onun ata-baba mülkündə, yadımdadı hələ o yumru məqbərənin içinə də girmişdin, ordakı daşı da sığallamışdın qorxudan əlin titrəyə-titrəyə, deyəsən, gözündən yaş da gəlirdi daşa sığal çəkdikcə... Hə, hə, yaxşı yadımdadı, diz çöküb əməlli-başlı ağlayırdın sən dodaqaltı nə isə pıçıldaya-pıçıldaya... Deyəsən, çörəkli bir vəzifə keçirdi sənin könlündən...
- O məqbərənin qapısı yoxdusa, mən içəri necə girmişdim? - qadının istehzasını qulaqardına vurdu.
- Qapı yeri var e, olmağına, tağlı qapı yeri, qapının özü yoxdu, boşdu yeri...
- Görürsən nahaq danışırsan...
- Sözü fırlatma, o, rayondakı mülkə: "müqəddəs" deyib forslananda sən də ağzına su alıb durdun? Ya bacını qoyub onun tərəfinə keçmisən? Yadımdadı onun əmisi öləndə doğmaları qalmışdı bir tərəfdə sən gözünün qorasını tökürdün, yaxanı çırırdın. Ölü yaddan çıxmışdı, camaat bilmirdi səni necə kiritsin...
- Köhnə palan içi eşmə... Dava-dalaşa, razborkaya getmişdim ora? Onun əmisi öləndə də mən sənə görə ağlayırdım. Bilirdim ki, itlə-pişik kimi yola getmirsiz bir evin içində. Ağlayırdım ki, mehribançılıq salam araya, sizin evliliyin ömrünü uzadam. O boyda mal-mülk, var-dövlət əlimizdən çıxmasın. Yoxsa onun bütün nəsli bir gündə qırılsın, mənim nə vecimə?..
- Onsuz da qırılıblar, bir kişiyəoxşayan, bığlı-saqqallı, qarımış, ifritə bibisi qalıb, bir də özü...
- Ona görə gərək səbirli olaydın... İndi durub hay-küy salaram deyər ki, vapşe, boşanıram, nə sözün var? Hələsə, heç olmasa rəsmi ər-arvad sayılırsız. Belə məsələdə dərinə getmək olmaz, işi pişim-pişimlə, sığallaya-sığallaya görmək lazımdı...
- Qorxaq! Sən mənim qardaşımsan, ya onun?
- Bir quranlıq söz danışıram, kor kimi hələ də tutduğunu buraxmırsan... Düzü, mən onda bir günah görmürəm... Sən... dilini bir az şirin elə də...
- Dilin məsələyə dəxli yoxdu... - qadın səsini yavaşıtdı. - Mənim uşağım olmadığına görə bu həngamə baş verir...
- İnanmıram... Yox... - kişi etinasızlıqla əlini yellədi. - İndi təbabət elə inkişaf eləyib ki, doxsan yaşında qarını da doğuzdururlar. Sən üstünə düşsən istədiyin vaxt ana ola bilərsən. İntəhası, sən də barmaqarası baxmısan övlad məsələsinə, o da... Vecinizə olmayıb övlad-zad... O başqa söhbətdi ki, indi arvadlar ərə gedən kimi uşaq doğub kişilərin başında qoz sındırırlar. Yazıq kişilər də oğul-uşaq xətrinə səslərini çıxarda bilmirlər...
- Hamını öz arşınınla ölçmə... Səni moizə oxumağa çağırmamışam, olan olub, keçən keçib, indi bir çıxış yolu göstər... Neyləyim mən, hardadı çarə, sənin onunla görüşündən hansı nəticəni çıxara bilərik? - ümumiləşdirib qardaşını da öz başına gələnlərə şərik eləmək istədi. - Sən də bir evin kişisisən, bu işi hay-küysüz yoluna qoymaq üçün neyləməliyik?
- Belə peşman olacaqdınsa, onu evdən niyə qovurdun? Neyləmişdi axı o yazıq sənə, hə?
- Kim? Mən?!. - qadın təəccüblə gözlərini bərəldib əlini yüngülcə sinəsinə vurdu. - Mən qovmuşam onu?
- Yox, mən!.. Hər halda, sənin ərin yeri gəldi-gəlmədi, hər yanda belə deyir...
- Allah haqqı, yalan deyir... Baş açmadım nədəndi, qarnının ağrısı nədi, elə durduğu yerdəcə şeylərini yığdı balaca sumkaya, qalxdı ayağa ki, mən gedirəm, biz gərək ayrı yaşayaq, istəsən boşanarıq...
- Elə səbəbsiz-zadsız?
- Allah haqqı, hə? - qadın andını təkrarlayıb qətiləşdirdi.
- Bəs, istəsən boşanarıq, nə deməkdi?..
- Bilmirəm, bəlkə mənim haçansa ərə getmək istəyəcəyimə söz atırdı?
- Nə isə... Mən gedim... - kişi yerində qurcalandı.
- Elə belə gedəcəksən?
- Nədi ki?
- Bəs, mən neyniyim? Qardaş deyilsən bir çarə tap, çıxış yolu göstər... Nə məsləhət görürsən?
- Çarə yoxdu, zəng elə mobil telefonuna, yalvar-yaxar... Bəlkə insafa gəldi, ürəyi yumşaldı... Çıxmayan cana ümid çoxdu...
- Nə?!. - qadın hirsindən dik qalxdı. - Mən yalvarıb-yaxarım? Bu nə sözdü deyirsən? Allah vurmuşdu onu!.. Gör mən kimin bacısı qızıyam? Cəfər müəllimin... Qulağının dibini görər o!..
- Əl çək Cəfər dayıdan... O rəhmətliyin sümükləri də çürüyüb...
- Hər nə... Ölkənin sayılıb seçilən prokurorlarından idi Cəfər dayım... Gözünnən gəlsin o əclafın, indi mənə dalını çevirir, mənim Cəfər dayım adam eləyib də onu, guya, sən bilmirsən...
- Heç sənin əringil də kasıb-fağır deyildi, bütün el-oba oların başına and içirdi, ətəyini öpürdü...
- Pah!.. Oların nəsli yığıla, Cəfər dayımın dırnağı ola bilməzdi, Cəfər dayım olmasaydı kim bilir hansı dərədə sülənirdi o...
- Cəfər dayı adam eləyəndi, ona-buna niyə əl tuturdu, elə öz bacısı oğlunu adam eləyərdi də...
- Kimi?
- Belə məni...
- Nolub ki, sənə?
- Nolacaq, institutu qurtarandan sonra nə illah elədim məni prakraturada balaca bir işə düzəltmədi, o vaxtdan hüquq məsləhətxanasında baş girləyə-girləyə qocaldım, amma öz yekəxana, tripaş oğlunu Xarici İşlər Nazirliyinə düzəltdi... Tak şto, çox şişirtmə Cəfər dayını... Görə-görə gəlmişəm e, adam ağzını açmamışdan bilirəm nə deyəcək. Cəfər dayım, Cəfər dayım... Mənə bir gün ağlamadı sənin Cəfər dayın... O ki qaldı sənin əringil tərəfə, onlar varlı-hallı adamlardı, o boyda rayonda hörmət-izzətləri var, onlar sənin Cəfər dayını nə hərləyir. Hələ bilmək olmaz kim-kimdən istifadə eləyib...
- Dayının haqqını itirmə, bəs niyə demirsən ki, o sənin instituta girməyinə kömək eləmişdi? Day bizim yolumuzda yazıq özünü güdaza verməyəcəkdi ki... Ölənin dalınca danışmazlar...
- Buy... Salamməleykim... - kişi əlini sinəsinə qoyub yüngülcə təzim elədi. - Sən bayaqdan öz ərinin ölü-dirisini qəbirdən xortladırsan, mən ölünün dalınca danışan oluram?.. - dərinə getmədi. - Nə isə... özün bilərsən... - uzatmayıb ayağa dursa da, yenə dilini dinc saxlaya bilmədi. - O Cəfər dayın, o sənin ərin, bir də sən... Üçünüz yığışıb bir qərara gəlin... Mənsə öz qardaşlıq missiyamı yerinə yetirdim... - çəkinə-çəkinə yavaşca təkrarladı. - Gedim mən... Görürəm ki, mənlik iş yoxdu, mən girən kol deyil bu, sən yenə Cəfər dayıdan bərk yapış, nə çıxsa, ondan çıxacaq...
- Adə, ay arvadağız, məni ələ salırsan?! - qadın qeyzləndi. - Belə asta getmə e... - qadın qapını göstərdi. - Tez ol, çıx bayıra!.. Sürüş burdan! - çığırdı. - Sənin kimi qardaşın başına yekə bir daş düşsün!..
- Bu gün ər-arvad ikiniz də məni evdən qovmusuz... Amma yenə ərin səndən mərifətli idi... Mənə deyən gərək, ay başdanxarab, buların işinə niyə burnunu soxursan? - kişi yazıq-yazıq dedi. - Yanan da mənəm, yaman da...
***
Bacı-qardaşın söz-söhbəti çəp gəlib zilə çıxmamışdan qabaq o, yaşadığı binanın qabağında var-gəl eləyirdi.
- Salam, Əhməd dayı... - diksindi səsdən.
- Əleykim, Fəxrəddin, mən elə sənin yanına gedirdim...
- Maşını yuduzdurmağa?
- Hə... Rəhmətliyin nəvəsi, day sənin yanına nədən ötrü gələrlər?
- Hardadı maşın?
- Elə həmişəki yerində... Sənin moykanın yanında... Binanın altındakı qarajda... - bircə-bircə sadaladı.
- On dəqiqəyə gəl də, ay dayı, mən də gedim, bir siqaret alım, gəlirəm...
- Yaxşı...
...Fəxrəddin maşın yuyurdu, Əli də kətildə oturmuşdu, qabağındakı balaca stolda da çay. O, armudu stəkandakı çaydan bir qurtum da almamışdı, çay da soyuyub buza dönmüşdü, hərçənd yay vaxtı buza dönmək məsələsi bir az şişirdilmişdi.
- Ay Fəxrəddin, sənin qabaq dişlərin niyə mırıqdı? - bekarçılıqdan xəbər aldı.
- O vaxt belə yaxşı vəzifəm yox idi axı... Uşaq idim, küçələrdə maşınların təkərini qaraldırdım. Tez-tez də davaya düşürdük təkər qaraldan uşaqlarla... İşləmək istəyən çox, təkər qaraldıb pul verən az... O günlərdən yadigardı...
- Bir az pulun olsaydı sənin dişini yaxşıca düzəltdirərdim...
- Diş qayıransan?
- Hə... Amma day işləmirəm.... Diş klinikamı arendaya vermişəm... Dəxli yoxdu, tapşırardım sənin dişini ucuz düzəldərdilər...
- Ucuz, yəni neçəyə?
- Sənin nə qədər pulun var?
- Heç nə qədər...
- Onda sənin üçün nə fərqi?.. Beş də yoxundu, on beş də...
- Yaman zarafatçılsan, ay dayı...
- Hə, atam da belə idi...
- Atası olmaq yaxşıdı?
- Baxır ataya da... - Əhməd udqundu. - Nə mənada?
- Mənim heç vaxt atam olmayıb...
- Elə şey olmur axı...
- Atam olub e, olmağına... Ancaq atamın üzünü görməmişəm, o, mən doğulmamışdan gedib Rusyətə pul qazanmağa... O vaxtdan ölüsündən-dirisindən xəbər yoxdu... Nə bir parça kağız yazıb, nə də zəng-zad eləyib...
- Axtarmadız?
- Dayım çox axtardı, di gəl, heç yerə əli çatmadı. Elə bil belə adam heç bu dünyaya gəlməyibmiş...
- Yaşayış yerin-zadın var sənin?
- O nə deməkdi?
- Yəni evin-eşiyin var? Harda qalırsan?
- Həri... Nöş yoxdu?.. Babam öldü, onun evin satdıq. Dayım o puldan bizə düşən payla burda birotaqlı ev aldı... Mənfi birinci mərtəbədə... Evin altındakı dayanacağın iki addımlığında...
- Day orda niyə?
- Ucuzluğuna görə... Ora zirzəmi sayılır...
- Mənzilin şəraiti var? Hamam, tualet, istilik-filan?..
- Bə nədi... Əməlli-başlı evdi... Bircə balkonu yoxdu, həm də binanın altındakı, yəni burdakı dayanacaqdan çıxan maşınların səsi birbaşa evdə eşidilir. Bir də ki, qonşular yoxdu yanımızda... Bizim mənzildən başqası yoxdu axı yan-yörəmizdə... Evdən birbaşa binanın altına çıxırsan. Bura, dayanacağa, qarajlara... Ya da kefin istəyir min liftə, dırmaş kəlləçarxa, lap dama qalx...
- Qonşuların olmaması yaxşıdı...
- Hə, baş-qulağımız dincdi də...
- Anan nəçidi sənin?
- Dayım anamı da burda vəzifəyə qoydurdu... Bu binada xadimədi anam... - Dayısını tərifləməyi də unutmadı. - Dayım ağsaqqaldı, sözü hər yanda ötür, çox kömək eləyib bizə, bir əli bizim üstümüzdədi...
- Dayın sağ olsun ki, ana-bala sizi yaxşı vəzifəyə qoydurub... - mızıldadı Əhmə, deyəsən, Fəxrəddin adi işə vəzifə deməyə adət eləmişdi. - Bizim binanın əsl sahiblərisiz, belə getsə sizin qabağınızda dayanmaq olmayacaq...
- Elədi, şükür, Allaha... Əlimiz çörəyə çatıb... Hələ içi biz qarışıq bütün işçilərə günorta yeməyi də verirlər burda... Pervi, vtaroy... Ləzzət... Göz dəyməsin, dolanırıq də bala-bala... Görmüsən yəqin mənim anamı, lifti, kalidoru silib süpürəndə... Hündür, arıq, uzunsaç arvaddı...
- Dayan... - işləyən əl saxlayıb əlindəki nəm əskini sayaladı, dönüb kətildə oturana baxdı. - Ay Fəxrəddin, o gözə... - "gözəgəlimli" demək istəsə də, dəbbələdi. - Göygöz, incəbel arvad sənin anandı?
- Hə... - Fəxrəddin başını tərpətdi.
- Heç deməzsən onun sənin boyda oğlu var... İri döş... e... Həmişə də iri, uzun döşlük taxır... - dili dolaşdığından söhbəti dəyişdi. - Məktəb-zad oxumusan sən?
- Yox, altıncı sinfi güclə qurtardım... - deyib anasının çavan görünməyinə aydınlıq gətirdi. - Anam məktəbi qurtarmamış ərə gedib, yaşı azdı...
- Anan işləyir, sən işləyirsən, amma bir şey qazana bilmirsiz, deyəsən?
- Ayda üç yüz manat kredit veririk axı evə görə...
- Hə... Moykadan qazancın az olur?
- Sən mənə on manat verəcəksənsə, onun dördü mənimdi...
- Bəs qalanı?
Fəxrəddin şəhadət barmağını rəngi getmiş uca, nəm tavana tuşladı:
- Yuxarıların...
- Yuxarılar hardan bilir ki, sən gündə necə maşın yudun, neçəyə yudun?
- Görmürsən hər yan kameradı?.. Özün bilirsən ki, bu binanın ərazisində çəkirlər hər şeyi... - ərinmədən sadaladı. - Lifti, kalidoru həyəti, dayanacağı, qarajı... Ayağın büdrədi, vəzifəni itirəcəksən, ona görə ən yaxşısı düzlükdü... Day bu yaşımda küçələrə düşüb təkər qaraltmağa halım yoxdu... - burasını qocafəndi əlavə elədi.
- Əsgərliyə getmisən sən?
- Yox...
- Bəs, sən əsgər gedəndə nolacaq?
- Məni əsgər aparmayacaqlar...
- Niyə?
- Küçələrdə təkər qaraldanlarla davaya düşüb dişlərimi sındırandan sonra dayım aparıb məni tikintidə vəzifəyə düzəltdi. Beton qarışdıranların köməkçisi... Çox üz vurdu ki, məni vəzifəyə götürsünlər. Balaca idim axı, götürmək istəmirdilər, axırda dayımdan keçməyib dedilər, biz səni yarımştat vəzifəyə götürürük, amma bütün günü gəlib işləyəcəksən... Tikintidə bəxtim gətirmədi, turba düşdü sol əlimin üstünə, çeçələ barmağımla, adsız barmağımı üzdü... - Fəxrəddin sol əlini qaldırıb əşyayi-dəlil kimi Əhmədə göstərdi. - Budu... O vaxtdan qaldım səkkizbarmaq... Mənim yaşımın azlığına baxma, başım çox müsibətlər çəkib, ay dayı...
- Heyif... - Əhməd təəssüfləndi. - Heç fikir verməmişəm...
- Hardan fikir verəsən, sol əlim olduğuna görə bilinmir... İşlək əl deyil axı... Sağ əlim olsaydı görüşəndə bilinərdi, işləyəndə incidərdi məni də...
- Bir işim var, alınsa, sənin dişlərini mən özüm düzəltdirəcəm... - sanki müsahibini inandırmaqdan ötrü əlini yüngülcə sinəsinə vurdu. - Öz cibimdən... Kişi kimi söz verirəm sənə... Mən sözümdən qaçan adam deyiləm, söz vermirəm heç vədə, ancaq söz verdimsə, dediyimi hökmən eləyirəm...
- Alınar, ay dayı, alınar sənin işin, darıxıb eləmə... - Fəxrəddin yenə maşının şüşəsini silməyə girişdi. - Həmişə fikirləş ki, sabah bu gündən yaxşı olacaq... Yoxsa yaşaya bilməzsən, ürəyin partlayar...
...Evin altından bayıra yol alan qara maşın moykanın qabağanda dayandı. Sükan arxasındakı qara eynəkli cavan başını bayıra çıxartdı.
- Ala, Faxı, buralarda ol... Yarım saata qayıdıram. Bu maşını yaxçı-yaxçı yumaq lazımdı...
- Baş üstə, burdayam... Haçan xətrindi gəl... Sən qardaşsan, sənə həmişə yaşıl işıqdı, növbə-zad yoxdu...
Əhməd gülümsündü, çünki Fəxrəddin yalandan özünü qiymətə mindirirdi, deyəsən, o, axırıncı müştəri idi, maşın yuduzdurmaq istəyən-zad yoxdu. Deməli, müsahibi cəkişə-çəkişə bərkiyib diplomatiyanı da öyrənmişdi, onun gələcəyi üçün qırxmağa dəyməzdi, həmişə çörəyi olacaqdı.
Maşın diki qalxıb gözdən itdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!