Xalq və tarix qarşısında cavabdehlik - ANAR

Sabir Rüstəmxanlı - 75

 (ixtisarla)

Xalqın düşünən beyni, döyünən qəlbi onun ziyalısıdır.

Sabir Rüstəmxanlı çoxminli izdiham qarşısına çıxmağa haqqı, ağlı-məntiqi, bəlağəti və cəsarəti çatan ziyalıdır, eyni zamanda, onun Tariximiz qarşısında başını uca tutmaq, gələcəyin, haqq-hesabına, sorğularına mərd-mərdanə cavab vermək imtiyazı var.

Sabiri bir şair kimi tanıyır və sevinirdim. Hələ çox gənc olarkən yazdığı misraları onun, bir növ, poetik manifesti kimi qavrayırdım:

"Dilimdə təzə söz bitirməsəm də,

Şadam ki, köhnənin qoruqçusuyam".

Əlbəttə, bu misralarda təvazökarlıqdan doğan bir mübaliğə var. Geniş anlamda Sabir şeirimizə Təzə Söz də az gətirməyib. Amma onu doğru deyir ki, həmişə köhnə sözün, yeni poetik irsimizin, mənəvi dəyərlərimizin, millət ruhunun əsrlərdən keçən ənənələrinin qoruyucusu olub və qoruyucusudur.

Məşhur "Ələk" şeirində, anasına həsr etdiyi kövrək misralarda, böyük vətəndaşlıq amalıyla qələmə alınmış "Cavad xan" poemasında, "Salam, Gəncə qapısı", "Şaman duası" və onlarla, yüzlərlə dəyərli əsərlərində Sabir ilk növbədə həssas şair, vətəniylə öyünən, onun ağrı-acılarını yüksək poeziya diliylə ifadə etməyə qadir olan sənətkardır. Sabirçün vətən onun şanlı tarixi, böyük şəxsiyyətləri, qədim əlyazmasıdı, Ələsgərin sazı, Koroğlunun Misri qılıncı, Nəsiminin "Ənəlhəq" harayıdır, Mirzə Ələkbər Sabirin "Fəxriyyə"sidir, amma bu xrestomatik örnəklərlə bir yerdə şeiri yüksək sənət nümunəsi edən də budur: Bir əlçim buluddu, Bir ömür umuddu, Bir içim sudu, Yandıqca odlanan ocaqdı, Daddıqca dadlanan arzudu, bir dərə bahar leysanıdı

Dağları dumanda itən Vətən... Vətən...

Sabirin ən çox sevdiyim əsərlərindən biri "Sağ ol, ana dilim!" şeridir. Vətənimizin bölünməsi, parçalanması haqqında Azərbaycan ədəbiyyatında az yazılmayıb. Sabir bu bölünmə faciəsinin içində bir bölünməzlik simvolunu - ana dilimizi vəsf edir. "Torpağım ikiyə bölünən zaman, Bu dil bölünməyən torpağım oldu" - deyir.

Xatırladıram ki, "Vətən" şeiri də, "Sağ ol, ana dilim" şeri də sovet dövründə, yəni bu mövzular tam yasaq olmasa da, şairin öz təbirincə desək, "qapılar dalına qoyulan" illərdə yazılıb. Müstəqillik illərində isə Sabir Rüstəmxanlı poeziyasının vətəndaşlıq pafosu daha gur səsləndi. Qarabağ faciəsini, Qara yanvar müsibətini qanayan və yanan qələmlə yazdı. Doğma Azərbaycanın tarixini dərindən bilən, bu gününü bütün varlığıyla yaşayan, gələcəyini daima düşünən şair yaradıcılığında eyni zamanda bütün türk dünyasını əks etdirir. Şəxsən gedib gördüyü Orxan yazılarından çağdaş Türkiyəyə qədər, Krım təəssüratlarından Kipr, Kərkük intibahlarına qədər böyük türk aləmi Sabir poeziyasının coğrafi və poetik xəritəsidir.

Mən Sabir Rüstəmxanlıdan ilk növbədə şair kimi söz açdım, çünki bütün çoxyönlü fəaliyyətində mənimçün onun poetik istedadı ən əsas cəhətdir. Amma yadımdadır, hələ çox-çox illər bundan əvvəl, sovet dönəmində Yazıçılar İttifaqından (o vaxt hələ Birlik yox, İttifaq adlanırdı) Sabir bir məruzəylə çıxış etdi. Bu məruzədəki fikirlər mənə o qədər yaxın idi ki, onu ürəkdən təbrik etdim, "İllər boyu rəhmətlik atamın da, mənim özümün də ədəbi-ictimai mövqeyimiz sənin  bu məruzəndə dediklərinlə necə də həmahəngdir" dedim.

Mənə elə gəlir ki, Sabir Rüstəmxanlıyla mənəvi doğmalığımız elə bu məruzədən başladı. Sonra Sabir də məruzədəki fikirlərini daha da genişləndirərək, daha böyük materialı əhatə edərək "Ömür kitanı"nı yazdı və bu kitabın xalqımızın milli şüurunun formalaşmasında müstəsna əhəmiyyətə malik olduğunu desəm, yanılmaram...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!