II yazı
Şəhrizadı hamımız tanıyırıq. O, "Min bir gecə"nin qəhrəmanı və Şərqin xəyali də olsa, ilk qadın müəllifidir. Bu qadın öz sevimli hərəminin xəyanətindən sonra hər gün bir qızla evlənib, hər gecə o qızı öldürən psixi travma almış Şəhriyar adlı hökmdarın növbəti potensial qurbanıdır. Lakin ölüm qorxusu Şəhrizadın iti və kübar ağlı ilə birləşəndə qadın həm özünün, həm də özündən sonrakı bütün potensial qurban olacaq qadınların xilaskarına çevrilmiş olur. O, hər gecə hökmdar üçün maraqlı bir nağıl danışır. Nağılın ən maraqlı yerində isə səhər açılır və hökmdar öz əyan-əşrəfinin yanına, iş başına dönməyə məcbur olur. Şəhrizad yarıda qalmış nağılın davamını danışmalıdır deyə, hökmdar onun ölüm fərmanını növbəti günə qədər təxirə salır. Gün bitib gecə başlayanda isə hökmdar Şəhrizadın yanına tələsir ki, dünən gecə o ən maraqlı yerində yarımçıq qalmış nağılın ardını eşitsin. Və Şəhrizad yarımçıq nağılı bitirər-bitirməz daha bir maraqlı əhvalatı nəql etməyə başlayır. Yenə də təzə nağılın ən maraqlı yerində səhər açılır və hökmdar yenə də ölüm fərmanını təxirə salmağa məcbur olur...
Tanış mənzərədir.
Hər gün qadınlı-kişili milyonlarla adamın öz həyat ritmini və işlərinin ardıcıllıq planını başlanma dəqiqələrinə kökləməyə çalışdığı televiziya serialları gəlir gözümüzün önünə.
Siz teleseriallara dodaq büzüb, etinasızlıqla "sabun köpüyü" deyə bilərsiniz, amma mən məhz sabun köpüyünün elə bir hikmətini görmüşəm ki, sizə söyləməsəm olmaz.
Lənkəranın mərkəzi parkının təmizlik işlərinə baxan bir-birindən qoca nənələr olur, o nənələr günəşli ilıq günlərdə işlərini bitirib parkın skamyalarında dinclərini almağı sevirlər. Bir dəfə mən də onlarla üzbəüz skamyada oturmuşdum. Bu yorğun, əzgin, gündəlik məişət problemlərindən, ev və ailə qayğılarından bir-biriləri üçün danışan qadınlara baxırdım, görəsən onların gülümsədikləri, pozitiv və qayğısız göründükləri məqamlar da olurmu deyə, özümdən soruşurdum. Yaxınlıqda isə balaca uşaqlar vardı. Əllərindəki plastik qabların içindən ucu halqalı çubuq çıxarıb halqaya üfürür, göyə uçuşan rəngbərəng köpüklərin ardınca gülüb hay-küylə qaçır, oynayırdılar. Uşaqların qəhqəhələri parkı bürümüşdü. Gün işığı altında göy qurşağının bütün rənglərində parıldayıb uçuşan sabun köpükləri isə bu şən qəhqəhələrə daha gözəl ovqat qatırdı. Dodaqlarım qaçdı, bu gözəl mənzərəni göz dolusu izləməyə başladım. Və birdən bayaqkı nənələrin skamyalardan durub uşaqların üstünə sürətlə getdiklərini görəndə qanım dondu. İndicə bu qadınlar bu uşaqları danlayıb qovacaqlar, düşündüm və əhvalım korlandı. Uşaqları müdafiə etmək üçün yerimdən durub qadınlara baxa-baxa onların ardınca addımladım.
Və... və birdən üzümə elə bir təbəssüm qondu ki, hələ də həmin məqamlardan bəhs edirəm deyə, o təbəssümü üzümdə hiss edirəm.
İlahi! Nənələr deyə-gülə, qaça-qaça o uşaqlara qoşulmuşdular. Əlləri ilə havada uçuşan rəngli sabun köpüklərini tutmağa, partladıb qələbədən sevinməyə çalışırdılar. Uşaqlar daha ucadan gülürdülər. Bir də ayıldım ki, gözlərim dolub və mən də ümumi psixosahədəyəm deyə, gülürəm...
Bax, bu məqam ədəbiyyat idi. Kino idi. Hərəkətli rəsm idi. Rəngbərəng musiqi idi... həyatın özü idi ki, vardı və qarşımda sərgilənmişdi.
Və bu məqamın sütun səbəbi bizim heç vaxt ciddi şəkildə önəm vermədiyimiz sabun köpükləri idi...
İlk sabun köpükləri bizə Sovetin son dövrlərində gəlməyə başladı. "Kölə İzaura", "Varlılar da ağlayır", "Sadəcə Mariya" və s. televiziya seriallarına qapıldıq ailəlikcə. Baxmayaraq ki, biz Sovet dövründə də seriallar izləmişdik və onlar "çoxseriyalı bədii film" adlanırdı. "Əzablı yollarla", "Baharın on yeddi anı", "Kölgələr gündüzlər yox olur" və s. seriallarını yaşlı və orta nəsil adamları xatırlamaya bilməzlər.
Amma biz, yəni bütün SSRİ vətəndaşları az qala bir nəfər kimi hər axşam səbirsizliklə məhz "Varlılar da ağlayır"ı gözləyirdik. Yadımdadır, serialın aktyorlarının Moskvaya gəlməsi necə ajiotaj yaratmışdı. Bu həyəcanı, aludəliyi yaradan bircə səbəb vardı: primitivlik. Biz bu sözü indi milli serial sənayemizdə çalışan dostlarımıza xətir "sadəlik" kimi də yaza bilərik, lakin mahiyyət dəyişməyəcək. Az qala bütün yaradıcı heyətin və aktyorların intellektual, mütaliəli olduğu sovet çoxseriyalı bədii filmlərinin qarşılığında bizə sadəcə əcnəbilərin zəngin həyatları, gözəl geyimləri, seksi görünüşləri, ehtiraslı davranışları təqdim olunurdu və bu zənginlərin adam yerinə qoymadıqları kasıbların da bir gün mütləq zəngin ola bilmək şansları, eləcə də kasıb-varlı arasındakı eşq hekayəsi içimizdəki primitivliyə meyilliliyi oyada bilirdi. Bu, bir şok idi sovet adamının daim düşünməyə alışmış beyni üçün. "Sən təhsil dalınca qaçmaya da bilərsən, sən sadəcə zəngin bir oğlana (oğlansansa, qıza) aşiq olub onunla evlənə bilərsən və həyatın min universitet diplomundan daha dəyərli olar. Sən qumarda pul uda bilərsən, sən narkotikə qapıla bilərsən və bu, çox romantik, təbii haldır sənin gənc yaşın üçün, axı sən də insansan, niyə başqa ölkələrdəki yaşıdlarından fərqli və mühafizəkar, çərçivələrə, yazılan və yazılmayan qanunlara tabe olmalısan ki? Sən axı kənddəki evinizdən qaçıb şəhərin qarışıq həyatında öz xoşbəxtliyinə qovuşa bilərsən" və s. bu kimi mesajlar efirdən bütün evlərə daxil olur, bütün beyinləri oyadırdı ( oxu:yatırdırdı). Və ümumi psixosahənin təsiri öz işini görməkdə idi.
Və sözümü nəyə gətirmək istəyirəm?
Serialların ciddi filmləri kənara atmasına, telekanallarda özünə hər gün daha artıq zaman və yer zəbt eləməsinə, insanları düşünmək, analiz etmək, beyin işlətmək zərurətindən uzaqlaşdırmasına, təqdim olunan yeməyi paketi açmadan, zombiymiş kimi elə birbaşa ağzına təpib yeməsinə, ən əsas da kitabdan, mütaliədən yayındırmasına, intellektual, kübar olmaq istəyindən uzaqlaşdırmasına.
Və yazarları ədəbiyyatdan qoparmasına.
Bəli, məhz bu mövzuya gətirirdim söhbəti.
Lakin səhər açılır və söhbətimizi yarıda kəsməyə məcbur oluram.
Serial, ssenari, yazar, ədəbiyyat, oxucu, tamaşaçı, milli və şəxsi təcrübə barəsində yazımı qəzetimizin növbəti sayında oxuya bilərsiniz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!