Alpay AZƏR
Zövq və kriteriya məsələsində həm peşəkar oxucu, həm də tənqidçi bəzən çıxılmaz vəziyyətə düşür, mətnə qiymət verəndə zövq kriteriyanı formalaşdırmağa mane olur. Yəni kimsə deyəndə ki, filan mətn zəifdir, o dəqiqə bu fikrə opponentlik edən əks fikri söyləyir: sən məsələyə zövqlə yanaşırsan, yəni "xoşuma gəlmədi" fikrinin əsasında ilk növbədə zövq kateqoriyası durur. Bəs onda kriteriya nədir? Buna belə maksimalistcəsinə cavab verəcəm: "Lev Tolstoyun "İvan İliçin ölümü" povestinə kimsə zəif əsər deyə bilməz, çünki ən minimal kriterilərə (ideya, ideyanın bədii həlli, süjet xətti, dramatizm və s.) belə cavab verir və burda zövq məsələsi keçir lap arxa plana".
***
Üç tipli yazıçı var. Mütəfəkkir, üslubçu və süjetçi yazıçılar. Mütəfəkkir yazıçılar, Tomas Mann, Herman Hesse, İsa Hüseynov ağır yüklü fəlsəfi fikir yaradanlardır. Üslubçular bədii, estetik dil yaradanlardır, Marsel Prust, İvan Bunin, Mövlud Süleymanlı, Əkrəm Əylisli. Süjetçi yazıçılar sırf axıcı, maraqlı, dramatik süjetə üstünlük verənlərdir, - Fyodor Dostoyevski, Ceyms Oldric... Əlbəttə, bu cür kateqoriyaya bölünmələr heç də o demək deyil ki, adları çəkilən yazıçılar özlərini ancaq təfəkkür, üslub və süjet kontekstlərində təsdiq ediblər, yəni süjetçi müəyyən üslub bacarığı və ya mütəfəkkir yazıçı həm də gözəl süjet qura bilər.
***
Arada ədəbiyyat adamları yazıçının ilk cümləsinin möhtəşəm effekt yaratmalı olduğu vacibliyini vurğulayır. Dini terminologiya elə belə demək olar: ilk cümlənin, ya abzasın uğurlu olması müstəhəbdir (məsləhətlidir), amma fərz (vacib) deyil.
***
Ədəbiyyat adamlarından kimsə deyib: "Ad əsərin az qala yarısıdır". Ola bilsin, bu, şişirtmədir. Ancaq uğurlu ad əsərin cəlbedici olmasının əsas şərtlərindən biridir. Bayağı ad (tutaq ki, "Xoşbəxt günlər" və ya "Göydəki ulduzlar") səviyyəli oxucunu birmənalı itələyir, nəzərə alsaq ki, oxucuların əksəriyyəti aldığı kitabı səhifələməyə başlayanda öncə mündəricata baxır. Amma eyni zamanda uğurlu adın altında həm də uğurlu mətn olmalıdır, yəni oxucu mətni oxuyandan sonra deməməlidir ki, heyif əsərə verdiyin o ada, ay yazıçı.
***
Yazıçı prototiplə üz-üzə gəlməkdən, hətta onun tərəfindən hücuma məruz qalacağından qorxub ona ani olaraq ölüm arzu edir. Yalnız içindəki əxlaq bu arzunun anilikdən çıxıb daimi olmasının qarşısını alır.
***
Ədəbiyyatda dəstəbazlıq, qrupbazlıq əgər istedadın üzə çıxmasına, inkişafına və təbliğinə xidmət edirsə, niyə də olmasın. Amma bunun da bir əmması var: bəzən dəstəbazlıq tənha istedadlıların kənarda qalmasına aparıb çıxarır.
***
Prototip yazıçının beynində ilkin variantda plastilin formasında olur, obraza tam çevrilənə qədər yazıçı mətndə onu istədiyi formaya salır. Obrazın onu tam qane etməsi isə plastilindən düzəldilmiş fiqurun soyuducunun buz gözünə qoyulub heykəl halına salınmasıdır.
***
Tənqidçi mətni çapa getməzdən öncə onu müayinə edir, diaqnoz qoyur (zəifdi, ortababdı və s.), lazımsa, əməliyyat olunmağı məsləhət (mətnin filan-filan yerlərini kəs at), ya əlavə orqan köçürməyi (mətnə yeni detal əlavə etmək) məsləhət görür. Hazır mətni oxuyub resenziya yazan tənqidçi bir növ, həkim-anatomdur, mətnin ölüm (tam fiasko) və ya yaşaması üçün epikriz yazır.
***
Nostalgiyanın həm energetikası, həm də mifi. Keçən əsrin 80-ci illlərində eyni sinifdə oxuyan dostumla 30 il sonra görüşürəm. Deyir, alə, o vaxtın korjikinin dadı da başqa cür idi. Yalandan təsdiq kimi başımı tərpədirəm, qoy bu mifdən ləzzət alsın. Eyni vaxtda səkkiz manata "altdan satılan" defisit "Abşeron" tortu, piştaxtada satılan dadsız marqarin yağından hazırlanmış "Skazka" tortu yadıma düşür.
***
Yeni hekayəni yazmaq ən böyük ləzzətdir. Onu ilk dəfə redaktə etmək başqa ləzzətdir. Sonra onu dəfələrlə redaktə etmək, detalları, süjet xəttini qısaldıb yenilərini əlavə etmək isə bala-bala ləzzət almaq deməkdi. Qastronomik müstəvidə - birincisi, dağ meşəsində döymə kabab yemək, ikincisi, dağ meşəsində samovar çayı içmək, üçüncü(lər)sü isə şəhərdə bulvarda, çayxanada çay içməkdir... "Yaradıcılıq qastronomik müstəvidə" silsiləsindən.
***
"Ədəbiyyat gözəl yalandır" sözlərini eşitmək çox kədərlidir.
***
Tək şeir yox, bəzən hekayə də baş verir. Hadisəni görürsən, qeyri-ixtiyari kulminasiya şəklində gəlir oturur beynində, iki dəqiqənin içində isə mətn özü beynində hazır olur, qalır qələmi götürüb yazmağa.
***
"Mətni isti-isti döyərlər"... Düzdür, ədəbi mühitdə əsərlərin yazılması ilə bağlı məlum bir resept var, yazdığın mətni dəmə qoy soyusun, bir müddət keçsin, onda başqa gözlə baxacaqsan mətnə, əskikliklər-filanı daha iti gözlə görəcəksən və yenidən işlədiyin əsərin son variantı daha mükəmməl alınacaq. Bu reseptdə, sözsüz, həqiqət payı var. Amma bu, heç də bütün hallarda keçərli olmur. Bəzən mətni isti-isti döymək lazım olur, çünki onu qırağa atanda o dərəcədə soyuyur ki, soyuqluğundan ona heç yaxın durmaq belə istəmirsən.
***
Yeni kompleks növü, - səsli mesajdan qıcıqlanma. Bu yaxınlarda bir şirkətdə çalışan dostum mənə danışdı ki, bəs xaricdə tərəfdaş şirkətin bir nümayəndəsi ilə votsap yazışması zamanı səs mesajı yollaması tanışımın müdirinə məlum olub. "Məni çağırıb nə desə yaxşıdı - tanışım deyir. - Ayıbdı, bir də Cona səs mesajı yollama. Deyirəm, ay Nizami müəllim, burda nə var ki, ya hərflə yazmaq, ya da səsli mesaj yollamaq, əsas odu fikrimi mədəni şəkildə çatdırıram, kobud, ya qeyri-etik biz söz ağzımdan çıxmayıb axı. Qayıdasan ki, mənlə mübahisə eləmə, nə deyirəmsə, ona əməl et".
Dostumun bu sözlərindən sonra istər-istəməz fikirləşirsən ki, axı məna, informasiya səslə ötürülürsə, bu, niyə telefonun o başındakının əsəblərinə toxunmalıdı? Tutaq ki, kimsinsə mobil telefonu var, amma votsapdan istifadə etmir, bu yenə başadüşüləndir. Amma mobil telefonu olanda həmin məntiqlə gərək hamıya desin ki, mənə zəng etməyin, sözünüz varsa, mənə sms yollayın. Yəni votsapla yazı kimi göndərilən xahiş, xatırlama, dəvət və s. tipli informasiya da sonucda sonuncunu alanın əsəblərinə toxuna bilər. Bəlkə səhv deyirəm?
***
Əşyanın onu alana qarşı mazoxist, yoxsa hücum taktikası?.. Axırı, qızdırma-üşütmə olanda evdə bəzən isti su olmadığına görə əlimi soyuq suya vurub ayaqlarıma məsh çəkməyim deyə, dini mallar satılan mağazadan iyirmi manata dəri məsh corabları aldım. Seçdiyim hənəfi məzhəbinə görə, xəstələnəndə bu corabları geyinib rahatca üstündən məsh etmək olar. Təzəlikcə ağır keçirdiyim coviddən müalicə olunub sağalsam da, məsh corablarını alandan sonra istər-istəməz içimdən bir gizli arzu keçdi: Covidsiz bir-iki günlük qızdırmam ola, mən də iki gün məsh çəkməkçün bu corabları geyinəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!