Emin PİRİ
Əvvəlcə Sumqayıtda toplandıq. Burada şəxsi heyət siyahı üzrə doldurulur, taborlara, bölüklərə, tağımlara bölünürdü. Silahlar və əşya-əmlak verildikdən sonra hər an döyüş bölgəsinə göndərilə biləcəyimiz bildirildi. Əlbəttə ki, dediyim məsələlər cəmi bir-iki gün zaman apardı. Komandir heyəti bu qısa zaman, saatlar içində həm silahları nömrələr üzrə əsgərlərə paylayır, həm də tabeçiliyində olan əsgər heyətini tanımağa çalışır. Bu qədər şəxsi heyətin yığıldığı kiçik kazarmalarda yatmağa, addım atmağa yer yoxdur desəm, yanılmaram. Bəzənsə, iki-üç əsgər bir çarpayıda yatır. Hətta bir dəfəsində hərbi hissənin stadionunda dəmir keçidin üzərində yatmağım da yadıma gəlir. Hər halda hansısa əsgərin yata biləcəyi çarpayını özəlləşdirməyi özümə sığışdırmadım. Yalnız batalyonun həkimi, leytenant Rəşad doktor məni və bölük komandirinin müavini, baş leytenant Hüseynovla birgə öz tibb maşınında yatmağa dəvət etdi. Bütün bunlar 1-2 gün çəkəcəyindən elə də önəm vermirik. Çünki hər an müharibə bölgəsinə göndərilə bilərik. Belə qısa zaman içində çarpayı davası etmək cılızlıq olar və bizə yaraşmazdı. Həm də az-çox müharibə anlayışından bilirsən ki, orada səni palçıqlı, soyuq, yağış altında, torpaq üstündə yatmaq gözləyir. Əlbəttə, müharibədə yata da bilsən....
Bu arada bizim batalyonların əsgər heyətindən komandir heyətinə kimi hər biri səfərbərlik xidmətindən gələn və ya könüllü olanlardır. Təsəvvür edə bilirsinizmi?! Əsgərindən batalyon komandirinə kimi hər biri könüllü... Batalyon komandiri, polkovnik-leytenant Əziz Hüseynov təqaüdə çıxmış ehtiyatda olan zabit, eyni zamanda da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Batalyon komandirinin müavini mayor Xəlilov Rasim də onun kimi təqaüddən yenidən xidmətə, müharibəyə qayıdan zabitdir. Hər biri ölkənin bir rayonundan olsa da, hamısı Bakı, Sumqayıt və Abşeron hərbi komissarlıqlarından gəlib. Bir növ bu batalyona "şəhər uşaqları" demək olar.
Dediyim kimi, cəmi bu bir neçə günü bir çox zabit heyəti gecələri adətən yatmır, yatanda da 2-3 saat yatır. Həm silahlarla məşğul olmaq, həm də şəxsi heyətin sənədləriylə... Əməlli vaxt aparır.
Hər an həyəcan siqnalı ola bilər. Şəxsi heyət düzülüb. Gizir Hüseynov əlində bir torba gilizlə gəlir. Bunlardan hər əsgərə iki ədəd vermək lazımdır. Düzü, əvvəlcə məni gülmək tutur. Müharibəyə güllə yerinə boş patronlarla, gilizlərlə gedəcəyik?! Bir-birimizlə müxtəlif zarafatlar edirik. Gerçəyi anladıqca isə qəribə bir susqunluq yaşanır. Sükut...
Bu gilizlər müharibədə bizim pasportumuz olacaqdı. Əslində isə, şəhidliyin pasportu... Bunu əsgərlərə necə izah edəsən?!
Hər hansı kiçik kağıza ən yaxınının adı, soyadı və əlaqə nömrəsi yazılır. Sonra bu kağız o gilizin içinə qoyulur. Qərara alınır ki, gilizlərin biri sağ döş cibinə, digəri isə sol ayaq cibinə qoyulsun.
Əgər döyüş vaxtı həlak olarıqsa, sifətimiz tanınmaz hala düşərsə, o gilizlərin içindəkilərə əsasən kim olduğumuz müəyyənləşsin və həmin yaxınımızla əlaqə yaradılsın. Bir növ, şəhid olduğumuz xəbərini verməkçün...
Eyni zamanda sinədə və ayaqda da olması isə əgər bədənimiz hər hansı partlayış zamanı bir neçə yerə ayrılarsa, parçalanmış bədən əzalarımızın kimə aid olduğu müəyyənləşsin. Bu əzaların kimə məxsus olması, hansı ailəyə göndərilməsi üçün..
Təbii ki, hər kəs gerçəyi başa düşür. Kimsə kiməsə nəsə demir, kağızlara əlaqə nömrəsi, ad yazaraq gilizlərə yerləşdirir.
Bəs, mən kimi yazım? Atamımı? Açığı, bu ağlıma heç gəlmədi. Anamı? Əgər şəhid olsam, ilk xəbər anama verilsə, ürəyi dözməz. Bu fikrimdən də daşınıram. Dostlardan kimisə? Düzü, onlara da belə ani əziyyəti vermək istəmirəm. Dayımı yazsam, ürəyindən yeni əməliyyat olub. Bəlkə "Ədalət" qəzetindən Sübhanın adını və telefon nömrəsini? Redaksiyanı, işi buna qatmaq istəmirəm. Həm doğma, həm də digərlərinə ürək-dirək verə biləcək birinin - qardaşımın adını və soyadını yazıram...
Üzərimdə gəzdirdiyim gilizlər başqası tərəfindən açılmadı, içindəki kağız özgəsi tərəfindən oxunmadı. Özümlə müharibədən Sumqayıta, evimə kimi gətirdim. Mənə müharibədən qalan ən müqəddəs xatirədi onlar.
Çünki neçə şəhidin pasportuna çevrildi o gilizlər. Neçə parçalanmış bədən əzasının kimə məxsus olmasına şahid oldu o gilizlər. Şəhid oldu o gilizlər, şahid oldu o gilizlər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!