Həyat yoldaşı - Hekayə - Fantastikada yeni imza: Sənan İSMAYILOV

 

Fantastikada yeni imza

Azərbaycanda fantastika janrı bir o qədər də populyar deyil. Bu janrda yazılan əsərlərin oxucusu kimi, yazıçısı da azdır. Ona görə də hekayə və povestlərini rus dilində qələmə alan Sənan İsmayılov əsərlərini oxumaq üçün təqdim edəndə təəccübləndim. Amma təəccübümü yaxşı mənada artıran cəhət bu fantastik hekayələrin lirik duyğuların ifadəsindən və ən əsası, inandırıcılıqdan uzaq olmaması idi. Müəllifin aydın təhkiyəsi, obrazlarının və yaratdığı vəziyyətlərin orijinallığı, təbiiliyi istər-istəməz oxucunu da o dünyanın "reallığına", yaxınlığına inandırır. Həm inandırır, həm təsirləndirir, amma eyni zamanda da dünyamızın gedişatı ilə bağlı qorxudur.

Sənan İsmayılov ən kiçikhəcmli hekayələrində belə çox qlobal problemlər qaldıra bilir. Görür, göstərir, düşündürür, narahat edir. Bu, yazıçı üçün çox vacib xüsusiyyətdir. Düzdür, bəzən onun yaratdığı qəhrəmanlar insanın gözü qarşısında dəqiq canlanmaya, bəzən hətta simasızlaşa da bilir. Lakin bu belə, onun hekayələrinin dəyərini aşağı salmır.

Sənan İsmayılovun bu yaxınlarda Belarusda kitabı çap ediləcək. Belarus Yazıçılar Birliyinin katibi Anatoli Matviyenkonun kitaba verdiyi rəyi oxuduqdan sonra bizim oxucuların da bu hekayələrdən bəziləri ilə tanış olmasını xüsusi olaraq istədim. "Belarusda çox az fantastik əsərlər dərc edilir. Bu kədərli fonda Sənan İsmayılovun rusdilli toplusu üstün təsir bağışlayır. Halbuki bu kitab Rusiya və Belarusun daha güclü kitab bazarlarında da itib-batmazdı", - yazan Matviyenko müəllifi ABŞ klassik fantastikasının "kəskin" ənənələrinə sadiq qaldığını düşünür. Lakin bir maraqlı məqamı vurğulamaq istəyirəm ki, klassik ənənələrə sədaqət bu hekayələrdə müəyyən koloritli xüsusiyyətlərin görünməsinə mane olmur. Məsələn, müəllifin qəhrəmanlarına seçdiyi adlar belə, təmiz Azərbaycan dilində və dərin altməna daşıyan adlardır. Rəydə özümün də çox bəyəndiyim "Həyat yoldaşı" hekayəsi haqqında yazılan qeydlər çox dəqiqdir: güclü, təsirli, dərin... 

Nərgiz Cabbarlı

 

 

 

 Sənan İsmayılov

 

yat    yoldaşı

- Əzizim, mən gəldim, - yaşlı adam sevinə-sevinə yataq otağına tərəf səslənib əlindəki iki kiçik torbanı mətbəx masasının üstünə atdı. Sonra qonaq otağına keçdi. Qəhvəyi çantasını kreslonun yanındaca yerə buraxdı. Əlindəki bir dəstə çiçəyi isə ehtiyatla kitabların səliqə ilə yığıldığı dəyirmi masanın üstünə qoydu.

- Axşamın xeyir, əzizim. Yenə də gecikmisən... Başqaları bu vaxt yatmağa hazırlaşır, - yataq otağından qadın səsi eşidildi.

- ...Özün bilirsən də... evdə işləyə bilmirəm, universitetdəki kabinet mənim üçün daha rahatdır. Evdə isə - ancaq gecələr...

- Əlbəttə, başa düşürəm, - qadın astaca cavab verdi. - Yemək mətbəxdə, masanın üstündədir. Tap görüm, bu gün sənin üçün nə hazırlamışam?

- Ətrindən hiss edirəm... Tərəvəzlə bişirilmiş yupyumşaq qoyun əti... Həm də öz reseptinlə... Misli-bərabəri yoxdur da sənin yeməklərinin...

- Düzdür. Ancaq məni bağışla, qalxa bilməyəcəyəm.

- Narahat olma. Özüm yeyərəm, sonra da, əgər etiraz etmirsənsə, yeni tələbələr üçün hazırladığımız mühazirənin mənə aid olan hissəsini sənə də oxumaq istəyirəm. Hə... az qala, unutmuşdum... Sənə gül gətirmişəm. Masanın üstündədir.

- Mühazirənin sənə aid olan hissəsini böyük məmnuniyyətlə dinləyərəm. İndi isə nuş olsun. Güllərə görə də çox sağ ol. Qoy qalsın, onları özüm güldana qoyaram.

Kişi paltarını dəyişmədən tələm-tələsik mətbəxdəki kiçik masanın arxasına keçib əyləşdi. Qazandakı yeməyi qaba çəkdi. Dizinin üstünə dəsmal salıb iştahla gecikmiş şam yeməyinə girişdi.

Bərk acmışdı. Bu gün də naharı ötürmüşdü. Son zamanlar nahar etməməyi lap vərdişə çevirmişdi. Xeyli vaxt idi ki, lap azacıq yemək belə aclığını tamam-kamal yatırırdı.

O, hər zaman arvadının hazırladığı ev yeməklərinə üstünlük verirdi. Hərçənd qadını hər dəfə onun bu fikrinə qarşı çıxıb: "Yaxşısı budur, naharın vaxtını ötürməyəsən. Ziyandır. Zamanında yemək lazımdır. Hətta yemək evdə hazırlanmamış olsa belə", - deyidi.

Axşam yeməyi onun cəmi beş-on dəqiqə vaxtını aldı. Bütün bu müddət ərzində arvadı, bir kəlmə də olsun danışmadı, ona mane olmadı, işləri ilə bağlı suallar vermədi.

Yemək, həqiqətən də, çox dadlı idi. O, şam yeməyini başa çatdıraraq dizinin üstündəki dəsmalı kənara atdı. Rahatca stula yayxandı, əllərini yanına saldı, gözlərini yumdu. Kənardan elə görünə bilərdi ki, guya mürgüləyir. Amma belə deyildi. O, hələ də yediyi yeməkdən ləzzət alırdı və bu cür oturmaq xoşuna gəlirdi.

Arvadı əvvəlki kimi yenə də susurdu. Çünki yaxşı bilirdi: əri yeməyini yeyib qurtarmış olsa belə, yenə də sözə birinci o başlamamalıdır. Bu vəzifəni həmişəki kimi böyük məmnuniyyətlə ərinə həvalə edirdi.

Bir neçə dəqiqədən sonra kişi gözlərini açdı.

- Əzizim, gör neçə müddətdir sənin hazırladığın yeməkləri yeyirəm. Ancaq hələ də heyrət edirəm... Necə bu qədər ləzzətli bişirə bilirsən? Mənim üçün bu o qədər ağlasığmazdır ki...

- Ürəklə hazırlayıram, ona görə dadlı alınır, - arvadı güldü.

Kişi bir anlıq duruxdu, sonra sanki nəsə xatırlamış kimi soruşdu:

- Sən məruzənin mənə aid olan hissəsinə qulaq asa biləcəyinə əminsən? Darıxmayacaqsan ki?

- Qətiyyən, - arvadı əminliklə cavab verdi.

- Yaxşı. Hə, yadımdan çıxmamış deyim, ehtiyac hiss etdiyin yerlərdə düzəliş verə bilərsən. Ya da replika at... Adətən, tələbələr belə edirlər. Mənim bu cür məşqlərə ehtiyacım var. Əgər mühazirə üzərində evdə işləyə bilsəydim, sənin köməyinə daha tez-tez müraciət edərdim. Əvvəllər olduğu kimi, - kişi dalğın halda sözünü tamamladı.

Qadın susdu...

- Hə, nə isə... Başlayıram. Yataq otağından səsim yaxşı eşidilir? - kişi qəhvəyi çantasından kağızları çıxarıb dəyirmi masanın arxasındakı kresloda yerini rahatladı.

- Lap yaxşı eşidilir.

- Mühazirənin mənə aid olan hissəsinin adı "Əks-inqilab: maşınlardan insanlara"dır: "Bütün dövrlərdə insanlar öz həyatlarının daha rahat olmasına çalışıblar. Əvvəllər rahatlıq dedikdə əmək alətlərinin təkmilləşdirilməsi, ya da sağ qalmaq üçün lazım olan qida ilə təmin edilmək nəzərdə tutulurdusa, sonrakı dövrlərdə komforta canatma insanlar arasındakı münasibətləri yenidən formalaşdırmağa başladı. Təəccüblü deyil ki, bu zaman bəzən düşmən dosta çevrilir, ən yaxın insan isə düşmən olurdu. Məhəbbətsə bir anın içindəcə nifrətə dönə bilirdi. Hərçənd, başqa cür də ola bilərdi. Məsələn, ömürlük məhəbbət kimi...".

Yataq otağından gülüş səsi eşidildi.

Qoca bir az pərt oldu və şübhə ilə boylandı:

- Səncə, gənclər son sözlərimin səmimiyyətinə inanmayacaqlar? Bəlkə silim?

- Yox, məhəbbət haqqında sözləri hər yerdə və bütün ömrümüz boyu saxlamaq lazımdır. Qoy tələbələr özləri qərar versinlər. Hər halda, onlar daha yaxşı bilərlər. Bundan başqa, maşınlar özləri də münasibətlərə dəyişikliklər edir. Bu, qaçılmazdır. Sən narahat olma, gənclər özləri baş çıxaracaqlar.

- Hə, onda davam edirəm. "Zaman keçdikcə insanlararası münasibətlərdə də komforta ehtiyac yarandı. Özünüz düşünün, axı insan ev robotunu təkcə təmizlik işlərinin aparılması, paltarların yuyulması üçün yaratmayıb...".

- ...Dadlı yeməklərin bişirilməsi üçün də... - qadın yataq otağından əlavə etdi.

- O, bu cür bacara bilməzdi, - kişi güclə eşidiləcək tərzdə dedi.

- Nəyi bacara bilməzdi? - arvadı şıltaqcasına soruşdu.

- Sənin kimi yemək bişirməyi, - kişi, az qala, pıçıltı ilə cavab verdi. Və bir qədər susduqdan sonra yenə də sözünə davam etdi: "Ev robotunun hazırlanmasında məqsədlərdən biri, hətta bəlkə də, ən başlıcası insanlar arasındakı münasibətlərin şəklini dəyişməkdir. İnsanlar özləri kimi olanlarla münasibətləri azaltmaq arzusundaydılar. Tarix bizə bir çox analogiyalar təqdim edib. Məsələn, XX və XXI əsrlərdə insanlar getdikcə daha çox ev heyvanı saxlamağa başlayıblar... İt, ya da pişik...".

- Bizdə bunların heç biri olmayıb, - yenə də yataq otağından həyat yoldaşının səsi eşidildi.

- Sən istəyərdin ki, olsun? - kişi soruşdu.

- Bilmirəm, - qadın dalğın halda cavab verdi.

- Yaxşı, mən davam edirəm, - kişi də eyni cür dalğın səslə dilləndi. - "Ev heyvanlarının saxlanması, adətən, ucuz başa gəlmirdi. Amma insanlar yenə də bunu edirdilər: pişiklərin qabını təmizləyir, itləri gəzməyə çıxarır, onlar üçün xüsusi yem və vitamin alırdılar. Amma bunu ona görə etmirdilər ki, heyvanlar da eyni şəkildə onlara qarşılıq versin. Onlar, sadəcə, yanlarında təmənnasız sevən, üzlərini çevirdikdə, ən yaxın insanların belə etdiyi kimi, fitnə-fəsad törətməyən birinin olmasını arzulayırdılar. Ev heyvanları ilə müqayisədə robotlar nəinki qulluq tələb etmir, əksinə, özləri sahiblərinin xidmətində dururlar. Ən başlıcası isə robotlar və ümumiyyətlə, maşınlar insanlardan xüsusi reaksiyalar, insani münasibətlər gözləmirlər. Onlar ağlamır, hirsləndirmir, oğurlamır, xəyanət etmirlər. Və ev heyvanlarından daha böyük bir üstünlüyə malikdirlər: heyvani instinktlərdən məhrumdurlar. Onlar pişiklər kimi miyoldamır, səhər tezdən öz sahiblərinin yuxusuna haram qatmırlar. İtlər kimi yaxınlıqdan ötüb keçən velosipedçinin üstünə hürmürlər".

- Sən robotlarda instinkt və hisslərin olmasını tamamilə istisna edirsən? - arvadı soruşdu. - Hətta gələcəkdə də?

- Hə, - kişinin səsində bu dəfə əminlik çox deyildi, o, cavab gözləmədən sözünə davam etdi: "Bəşəriyyət mövcud olduğu bütün tarix boyu böyük və dəyişməz bir ibrət dərsi alıb: insan yer üzündə ən etibarsız məxluqdur. Ona görə də mümkün olduğu hər yerdə insani münasibətlərdən qaçmaq və onları robotlarla əvəz etmək lazımdır. Robotlardan və maşınlardan istifadə əvvəllər elm sahələrində tətbiq edilirdi...".

Həyat yoldaşının səsi gəlmirdi.

- Əzizim, yatmamısan ki? - kişi soruşdu.

- Yox, əlbəttə ki...

- O zaman davam edirəm: "Elm sahəsində təcrübə və eksperimentlər aparıldığı zaman əldə edilən müsbət nəticələri insanları iqtisadi sahələrdə də robotlardan istifadəyə təhrik etdi. Fəhlələri robotlarla əvəz etdilər və əmək məhsuldarlığı kəskin şəkildə artdı. Sərmayəçilər pula qənaət etmədilər və əvəzində böyük mənfəət götürdülər. Sonralar robotlar sosial sahəyə də soxulub insanları sıxışdırmağa başladı. Yuxarıda mən bu barədə artıq qeyd etmişdim. Və bu məqamda vurğulamaq istəyirəm ki, robotların, maşınların insan həyatına yeridilməsi ölkədən ölkəyə dəyişir. Rüşvətin geniş yayıldığı və sərvətin ədalətsiz bölündüyü ölkələr texniki münasibətlərdə qabaqcıl olan dövlətlərlə müqayisədə bu sahədə daha çox irəli gedib. Birincilərdə insanlar arasındakı münasibətlər onları vətəndaş müharibəsinə təhrik etdi. Yalnız robotların və maşınların tətbiq edilməsi gərginliyin aradan qaldırılmasına kömək oldu - robotlar sayəsində bu ölkələrdə korrupsiyanın öhdəsindən gəldilər, çünki hakim dairələrdə insanlar arasındakı münasibətlər insanlarla maşınlar arasındakı münasibətlərlə əvəz edildi.

Bəs bu gün biz nə hiss edirik? Robotlar artıq siyasi həyata daxil olmağa başlayıb".

...Biz bunun baş verməsinə imkan yaratmamalıyıq. Eyni zamanda da cəmiyyətdəki bütün münasibətləri yenidən qurmalıyıq. Bu, elə əks-inqilabdır ki var. Biz insan münasibətlərini bərpa etməliyik. Qoy lap o münasibətlər mükəmməl olmasın. Amma necə düzgün yaşayacağımızı artıq bilirik və elə bu cür də yaşamağı öyrənməliyik. Sadəcə, robotlar olmadan".

- Sən, doğrudan da, robotlardan qurtulmaq istəyirsən? - arvadı ehtiyatla soruşdu.

- Buna qurtulmaq deməzdim, sadəcə, onlardan istifadəni məhdudlaşdırmaq lazımdır. Məncə, belə daha yaxşı olacaq, - kişi inamsız halda cavab verdi, sonra da əlavə etdi: - Bəlkə, bu gecə mühazirəni işləyib başa çatdırım? Hələ ki vaxtım var.

- Tamamlayandan sonra mənim üçün də oxuyarsan? - qadın həyəcanla soruşdu.

- Hə, ancaq... Yəqin ki, sabaha qalacaq... Qulaq as, əynimi dəyişməliyəm. Sonra mühazirə üzərində işi davam etdirərəm.

Kişi asta addımlarla yataq otağına kedi.

- Mən tez... - o dedi.

- Bilirəm. Həmişəki kimi.

Kişi pijamasını geyindi və kostyumunu yöndəmsiz halda asılqana keçirdi. Şkafa doğru addım atmaq istəyirdi ki, arvadının səsini eşitdi:

- Əzizim, qoy qalsın çarpayının üstündə. Sonra özüm yığışdıraram.

- Çox sağ ol, - kişi dedi və içəri girdiyi kimi də asta addımlarla hamam otağına yollandı. - Yuyunacağam. Sonra da mühazirənin üzərində işləyəcəyəm.

Kişi hamam otağına keçdi, qapını arxadan bağladı, dəsmalı götürdü... Və... üzünə sıxaraq için-için hönkürdü...

Bir qədər sonra vanna otağından çıxaraq dəyirmi masaya yaxınlaşdı, kreslonu çəkdi, açdı və uzandı. Yatacaqdı...

Həmin an yataq otağındakı geniş çarpayıda basketbol topu böyüklükdə robot uzanmışdı. Sinəsində isə belə bir yazı var idi: "Texniki fakültənin tələbələrindən çox hörmətli professora... P.S. Biz insanlarla robotların müştərək həyatına inanırıq. Siz də inanın!".

Çarpayının sağ tərəfində, dolabın üstündə daş altlıqlı bir çərçivədən professorun arvadının - mehriban simalı, ətrafına xoşbəxtlik saçan yaşlı qadının şəkli boylanırdı. Təzə-tər güllərin qoyulduğu güldan altlığın üstündəki rəqəmlərə kölgə salmış, onları görünməz etmişdi. Ancaq ölüm ili dəqiq oxunurdu - "2125".

Gecə kişi üstünün necə örtüldüyünü, zərif dodaqların alnına necə toxunduğunu hiss etdi. O, gecəni yaxşı yatdı.

Rus dilindən tərcümə: Nərgiz Cabbarlı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!