Xilasetmə əməliyyatı - Müharibə gündəliyi - Emin PİRİ

Emin PİRİ

 

Füzuli istiqamətində mövqelərdə yerləşmişik. Bəzən qeydlərimdə kənd adlarını qarışdırdığım olur ki, bu da kənd ərazisinin sırf xəritə yönümdən yanaşmasına görə ola bilər və həmin anda qeydlər apararkən kiçik səhvlərə yol vermək də anlaşılandır. Çünki əsas məqsədim adlar deyil, detallar olub. Hər halda Kürdlər, Dörd Çinar, Yuxarı Əbdürrəhmanlı kəndlərində olduğumuzu söyləyə bilərik. Məqsəd bu kəndlərin qarşısındakı mövqeləri düşməndən təmizləməkdir.

Tağımı manqalarla mövqelərə yerləşdirmişik. Tək mənim tağımım deyil, bölük, batalyon, digər hərbi hissələrin taborları da düşmən qarşısında səpələnmiş formada mövqe tutub.

Arxa tərəfimizdə isə ordumuzun artilleriya bölmələri düşmən postlarını ardıcıl mərmi atəşinə tutur. Bu atışlardan, düşməni müəyyən qədər sarsıdandan sonra həmin mövqelərə irəliləmək nəzərdə tutulub. Həmlə taborları isə ardıcıl hücumları ilə düşməni sarsıtmağa çalışır.

Ermənilər sözün əsl mənasında minamyotla şahmat oynayır. Minamyot atışlarında bu qədər peşəkar olmalarını gözləmirdik. Deyilənə görə, önümüzdə onların gücləndirilmiş əsas postları və bu kimi mühəndis istehkamları var. Bir növ, son qırılma nöqtələrindəndir bu istehkamlar.

Dəhşətli gündü... Minamyot mərmiləri yağış kimi yağır. Mərmilərdən qorunmaq üçün səngərdə uzanmışıq. Bir növ, ardıcıl atılan mərmidən biz xilas olsaq da, kəhriz tərəfdə rabitə tağımının mövqeyinə mərmi tuş gəlir. Üç rabitəçimiz şəhid olur, ikisi yaralanır. (Sonradan öyrəndiyimə görə, şəhid olan rabitəçilərdən biri yazıçı Azər Abdullanın bacısı nəvəsi, yazıçı Alpay Azərin bibisi nəvəsi Mürsəl Kazımlıdır).

Bizim tağımdan sol cinahda, təxminən, 300-400 metrlikdə digər bölüyümüz yerləşib. Həmin istiqamətdən hücum edilməsi nəzərdə tutulub. Ardınca  isə bizim bölmənin atəş dəstəyi ilə irəliləməsi planlaşdırılıb.

Ermənilər indisə sol cinahımıza minamyot mərmiləri yağdırır. Səkkizinci bölüyün mövqeləri mərmilər nəticəsində dağıdılıb. Can bazarı yaşanır. Biçilmiş taxıl zəmisinin yeri, açıq ərazi və səpələnmiş yaralı, şəhid yoldaşlarımız...

Gözümüzün qabağında ondan artıq yaralı və şəhid ərazidə qalıb. Həm də açıq ərazidə... Nə xilas edə bilirsən, nə də başqa cür yardım göstərə...

Onları 300 metrlikdən görüb dözə bilmirəm. Amma izləyirik. Bu "hollivud"  filmi deyil ki, baş verənləri sadəcə can qorxusu ilə elə səngərdən izləyəsən...

Kim gedə bilər? Amma əraziyə də mərmilər düşür. Bacarmıram... Qərar vermək lazımdır. Düzü, bu nə mənim, nə tağımımın, nə də bölüyümün işi deyil. Nə də belə bir əmr verilib.  Bəs, sonradan onları mərmilər altında qoymağa görə çəkiləcək vicdan hissi? O hisslə bir ömür boyu yaşamaq olardımı? Əgər yaşamaq demək olarsa...

Mütləq o əraziyə girməliyik. O yaralıları çıxarmalıyıq. Onları çıxararkən, şəhid olsaq da, yaralansaq da, lap yaralı kimi ərazidə qalsaq, kimsə xilas etməsə də.. Amma bunu etməliyik. Onları çıxarmalıyıq.

Uzun günlərin yorğunluğu bronjiletlə getməyimə, cəld hərəkətimə əngəl ola bilər. Dərhal onu çıxarıb səngərə atıram. Çünki ağır yüklü bronejiletlə yaralı daşımaq, onları ərazidən çıxarmaq çətin olardı. Hə, bronejiletsiz özümüzə nəsə olardı? Nə olar, olar... Əsas odur, vicdan əzabından xilas olaq.

Bronejileti akopa atıb, bircə kaskanı taxıb kimsəyə nəsə demədən əraziyə qaçıram. Gözlərimə inana bilmirəm. Sevincmi, qürur hissi, yoxsa nə? Bilmirəm. Əsgərlərim Nəsirov Taleh, Həsənov Mansur ildırım sürətilə məni keçərək əraziyə doğru irəliləyir. Daha sonra gözümə ikinci tağımdan Bayramov Füzuli görünür. Bölüyümüzün digər əsgərlərini də görürəm, amma simalar elə də yadımda qalmayıb.

Demək ki, vicdan hissi bu gün o ərazidə doğulmuşdu. Yağmurluq götürmüşük. Yaralıları çıxarmaqçün. Amma öncə şəhidi çıxarmaq lazımdır. Hər halda şəhidin mövqelərin arasında qalması, düşmənin bunu müşahidə edə bilməsi min ölümdən betər olardı. Elə də olur. Digər tağımdan və bölükdən olan əsgərlərlə onu çıxarmağa gedirlər.

Mənsə bölüyün əsgərləri Bayramov, Nəsirovla yaralını yağmurluqda daşıyırıq. Əsgər dizindən qəlpə yarası alıb. Qan itirib. Yuxarı hissədən daha artıq qan itirməsin deyə, rezinlə bağlanıb.

Ermənilərsə sırf  bu ərazini minaatanlarla ardıcıl vurur ki, kömək edə bilməyək. Həmçinin, bizi də məhv etməkçün. Ərazidə yaralılarımızın qalması, bizim köməyə getməyimiz daha çox canlı kütləsini məhv etməkçün düşmənə əla fürsətdir. Ətrafımıza mərmilər düşür. İkinci tağımın əsgəri qolundan yaralanır. Yaralı daşıyarkən, köməyinə gedərkən özün yaralanmaq....

Bu an mərmi bir neçə metrliyimizə düşür. Yaralını qaça-qaça apardığımızdan bir növ təngnəfəs olursan ki, ağız açılıb yumulur, mərmi valı zamanı beyin zərbəsi almaqdan qoruya bilir. Amma mərmiyə tuş gələrsənsə...

Mərminin təzyiqi bizi kənara tullayır. Dizim və əlim yerə bərk dəydiyindən sivrilib. Əsgərin biri bu partlayışdan sonra kontuziya alacaq ki, onu da sonradan biləcəyik. Amma birgə yaralı daşıdığımız əsgərlərdən biri də qəlpə yarası alır. Belə məsafədən qəlpənin hamımıza dəyməməsi... Yaralını ərazidən çıxarırıq. Sonra digərlərini. Mövqeyin yaxınlığına "sanitarka" dediyimiz tibb maşını özünü yetirir. Əslində, bu özü də qəhrəmanlıqdır. Tibb maşınını mərmilər düşə biləcək qədər yaxınlığa sürmək... Minaatan mərmisinin düşdüyü yerdən keçərkən tibb maşınının təkəri həmin mərmi quyuya düşür. Digər əsgərlərsə maşını köməkləşib çıxarır.

Ardınca digər hərbi hissənin həmlə taboruna hücum əmri verilir. Günün günorta çağı biçilmiş taxıl zəmisiylə həmlə taboru erməni postlarına qaça-qaça, bəzənsə, qaz yerişi ilə irəliləyir. Və 20-25 şəhid olduğu bildirilir.

Mövqedəyik. Əsgər Həsənov və digər tağımdan Quliyev "Quran" ayələri oxuyur. Sükutdu.

Bu gün bitsə də deyirəm...

 

İllüstrasiya: Pablo Pikasso "Müharibə" (La Guerre) 1952


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!