Azad edilmiş löhmə - Müharibə gündəliyi - Emin PİRİ

İlk günlərimizdir. Bir az təcrübəsizlik, bir az da müharibə şəraitinə, çətinliyinə hələ tam öyrəşməmişik. Füzuli-Cəbrayıl istiqamətində Xüsusi Təyinatlı Qüvvələrin zabitləri bizi müşayiət edərək mövqelərə yerləşdirib.

Qısa müddətli müharibədə düşmənin geri çəkilməsi, daha doğrusu, geri çəkilməyə məcbur edildiyindən bəzi yerlərdə düşmən mövqelərinə iynə ucu kimi daxil olmuş olursan. Buna görə bəzən sağın da, solun da, önün də düşmən mövqeləri olur. Mövqemizin arxası isə top və minaatan mərmiləri ilə atəşə tutulur. Klassik anlamda tam mühasirə deməsək də, vəziyyət mühasirəni xatırladır. Çünki belə durumda təminat arxadan sənə gəlib çata bilmir.  Bu vəziyyət iki-üç gün davam etdi...

Saatlarla yol qət etdikdən sonra mövqeyə çatanda suyumuz bitib. Demək olar ki, heç kimdə bir qurtum su yoxdu. Əslində, hava yolu ilə hesablasaq bir neçə km yol edər. Amma təhlükəsizlik baxımdan, itki olmasın deyə, dolama yollardan, cığırlardan, təpə döşlərindən istifadə etmişik.

...Sağ cinahı mənim tağımım qoruyur. Mövqelərimizin sağı və solu, qabağı düşmən artilleriyası ilə vurulur. Arabir top atışları olsa da əsasən yenə minaatanlardan. Və mövqemizin arxası da...

Səngərin dərinlik ölçüsü çox az olduğundan məcburi uzanmışıq. Uzun yoldan sonra susuzluq və qazıb dərinləşdirməyə halımız yoxdu. Üstəgəl, gecə yuxusuzluğu, gecənin soyuğu, günorta günəşinin başımıza döyməsi halsızlığımızı daha da artırır.

Rabitə ilə əlaqəyə çıxırıq. Bu gecə təminatın gələcəyini bildirirlər. Təminat gətirən MTT rəisimiz Cəfərov şəhid olur, Əsgərim Hüseynov Rövşən və digər zabitsə yaralanıb. Demək, təminat, su arzumuz elə suya düşməli oldu.

Səhəri əsgərlər "suxoy payokda" olan nəm salfetkaları dodaqları arasında somurur ki, bəlkə susuzluğu yata. Amma bu nə vaxta kimi çəkə bilər? Mütləq çarə tapmaq lazımdır. Önümüzdə düşmən nəzarətində olan, daha doğrusu, birbaşa vizual nəzarət etdikləri kənd var. Son çarə kimi bir neçə əsgər və zabit su əldə etmək ümidilə ora doğru irəliləyir. Bunu sezən düşmən ordusu dərhal minaatanları işə salır. Məcburi olaraq bu addımımızdan vaz keçməli oluruq.

Nədənsə, bütün olanlardan sonra Kərbəla müsibəti yadıma tez-tez düşür. Ətrafında düşmən və susuzluq... Yezidin və Hüseynin ordusu...

Əsgərim Cabbarovla səngərdən çıxaraq cəld təpənin arxasına keçirik. Cəld dediksə, təpənin arxası bizdən təxminən 500 metr geridədir. Su axtarışına çıxırıq, bəlkə bulaq və s. tapaq. Nə minalanmış yerləri bilirəm. ...Arada ətrafımıza düşən minaatan mərmilərindən ya vaxtında yerə yatmaqla, ya da bəxtimizin gətirməyi ilə yayına bilirik...

İki gün əvvəl yağış yağmışdı. Erməni meyitinin bir qədər aralığında düşmən silahı PK sinkinə azca yığılmış suyu görəndə gözümüzə işıq gəlir. Amma bu kimə bəs edər ki?!

Bir qədər irəlidə ermənilərin saxladığı inəkləri görürük. Yolda yağış suyundan yığılmış su var. Su dediksə, löhmə. İnəklər löhmədən su içir. İndi bu löhmə fəth edilməli birinci məqsəddir. Təbiətin növlər arasındakı yaşamaq uğrunda mübarizəsi. İnəklərlə biz...

Onları qovub uzanıb löhmədən su içirəm. Bir növ bura daha bizim löhməmizdi. Azad edilmiş löhməmiz.

Ağzım, boğazım palçıq olsa da, susuzluğu azca yatırmağa bəs edir. Amerika filmlərindəki ağzı qaralmış zombilərə oxşayıram desəm, yanılmaram.

Aralıda mənə nifrətlə baxan inəklər...

İndi bu müharibənin ən böyük acısını onlar yaşayır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!