Seçəcəyimiz ədəbi obrazlar - Müharibə gündəliyi - Emin PİRİ

Cəmiyyətin hisslərini anlayıram və bu hissləri  anlayışla qarşılamaq lazımdır. Müharibə  sonrası həmişə müharibədən daha dəhşətli və ağrılı olur. Savaşdan yeni çıxmış bir xalq, əzizlərini şəhid vermiş analar, bacılar... Buz bağlamış ata sığalları, başdaşından boylanan sevgilər... nələr-nələr...

Yeni bir ağrılar yaşamamaq, bu gün haqlı durumdaykən haqsızlıqda ittiham olunmamaq üçün on illər sonranı da nəzərə almalıyıq ki, daha önəmlisi də elə budur. Dünya cəmiyyəti açıq bazardı. Onlara nəyi vaxtında və keyfiyyətli formada təqdim etdinsə, onu alacaq. Eləcə də, informasiya bazarında. Həmçinin, kinosundan ədəbiyyatına kimi.

Bu şanlı Vətən müharibəsində bizə iki obraz lazımdır. Daxili auditoriya və dünya auditoriyası üçün hesablanmış obrazlar.

Hər iki obraz bu müharibədə real olaraq mövcud oldu, fəaliyyət göstərdi və nümunələri kifayət qədərdi. Eyni zamanda, ötən sayda "Müharibə gündəliyi"ndən verdiyim "Uşaqlardan uşaqlara Xocalı" yazısında bununla bağlı nümunəyə rast gələ bilərsiniz.

Daxili auditoriya üçün döyüşkən, düşmənə qan udduran, bir növ vurub-dağıdan obraz, dünya üçünsə, döyüşsə də bəşəri sevgiylə yaşayan, yeri gələndə düşmən olmasına baxmayaraq ehtiyacı olan bir dinc sakini xilas edən, heyvanları, təbiəti qoruyan, incəsənət, mədəniyyət naminə çox şeydən, eləcə də, öz təhlükəsizliyindən keçən Azərbaycan əsgəri, zabiti obrazı.

Nəzərə alsaq ki, biz Qarabağ ermənilərinin bizimlə birgə yaşayışını qəbul etmişik, bizə belə obrazlar hava-su kimi lazım olacaq.

İndi bütün hisslər, düşüncələr isti başın, həyəcanlı qəlbin döyüntüləridir deyə, fərqində deyilik. Elə etməliyik ki, on il sonra başımıza döyməyək və ya erməni kinolarına, əsərlərinə niyə uduzduq, bütün bunlar necə baş verdi-deməyək.

Bundan sonrası sözün əsl anlamında ədəbiyyat, incəsənət, kino müharibəsidir.  Zatən qalib gəlmiş dövlətik, bu sahələrdə öz humanist görüntümüzlə də qalib gəlməyi bacarmalıyıq. Əsas döyüş meydanında qələbə idi ki, bu mahiyyəti dəyişmir, istədiyimizə nail olmuşuq.

...İstər daxili, istərsə dünya kütləsi üçün ideoloji xətləri dərhal müəyyənləşdirməli və əməli fəaliyyətə keçmək lazımdı. Burda isə əsas səngərlər ədəbiyyat-incəsənət və film sahəsidir.

Dünyanın bu baxımdan kifayət qədər incəsənət nümunələri var ki, insanın düşüncələrini dəyişdirməyə bəs edir.

Məsələn, adi "Pianoçu" filmindən kiçik fraqmentə toxunaq. Bütün soyqırım, faciələrdə yada düşən, efirləri bəzəyən bir film. Yəhudi əzablarından bəhs etsə də, kiçik epizodlar alman zabiti vəhşi deyil - düşüncəsini yaradır. Ya da, hamsı eyni deyil. Baxmayaraq ki, filmdə əsas qayə nasist vəhşiliyindən bəhs etmək, soyqırıma məruz qalanların ağrı dolu həyatlarını gözlər önünə gətirməkdir. Amma kiçik epizod alman xalqı, ordusu, zabitləri haqqında formalaşmış fikirləri dağıda bilir. Onun incəsənət adamını qorumasını, geyimini, yeməyini ona verməsi...

Daxili auditoriya üçün əlavə bəhs edəcəyəm, amma bu qeyddə bizə dünya bazarında lazım olan obrazdan danışdım.

Bütün bunları edərkən istər əsərlərdə, istərsə də filmlərdə dünyanı özünə güldürməmək, pafosdan uzaq, gerçəkci və səmimi olmaq lazımdır ki, bu barədə isə yetərincə gerçək obrazlar var.

Yadıma düşmüşkən, mövzuya uyğun olaraq bir hadisəni qeyd edim. Döyüşdən yeni çıxmış bir XTQ zabitini Hadrutun Tuğ kəndində gördüm. Evlərdə yiyəsiz qalmış toyuq-cücələrə dən aparıb tökürdü.

- "Heyvandılar, günahdı, ac qalmasın. Həm onlarınki milliyyəti yoxdu..." deyirdi.

Bax belə, əzizlərim, gecikmək olmaz...

Nə qədər gec deyil, soyuq başla düşünməliyik...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!