Tarixin ən qədim-qayım köşəsindən yol başlayıb əsrlərin əks-sədası kimi günümüzə çatan müasirlərimiz var. Heç fikir verdinizmi əks-sədanın zamansızlığına? Üzünü dağa tutub ünvanladığın səsin əks-sədası elə gələr ki, sanki həm gözlə qaş arasında - lap yaxınındadır, həm də ta əsrlərin, qərinələrin o tayından bəri gəlib çatmayan uzağında...
Yazıçı Anar mənim üçün məhz belə bir tarixi əks-sədadır. Zaman rakursundan baqi, ruhi baxımdan yaxın olduğu qədər də əlçatmaz bir ucalıq... Amma həm də bu ucalıqda hamıya öz yanında yer eləməyə hazır olan sadə və insani bir mənəvi ünvan...
Arxadan kürəyinə atılan daşlar heç yuxarıya çatmadı, çünki hər yerindən qalxıb ona "daş atanlar" o qədər "aşağı"da idilər ki, "atılan daşlar" da Anarın ayağı altında toplanıb onun lap uzaqdan da bütün mənəvi əzəməti ilə görünməsinə xidmət edib. Həmin "daş atanlar", dürlü-dürlü səbəblərlə onu günahlandıranlar əslində, Anarın bir epoxanın yazıçısı, Azərbaycan ədəbiyyatının milli kimliyi olduğunu həzm edə bilməyənlərdir: onlar özləri də bilmədən atdıqları daşlarla ona bir pilləkən düzəltdiklərinin fərqində belə deyillər. Anar zirvəyə qalxmayıb, Anar olduğu yeri zirvə edəndir, o öz mahiyyəti ilə bir zirvədir.
Sözün hər mənasında "Qobustan" qədimliyindən üzübəri yol başlayıb çoxunun nəinki yüksələ, hətta heç ucalığını sezə bilmədiyi "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə əbədi qərar tutmuşluğu ilə Anar müasir Azərbaycan ədəbiyyatının sərkərdəsidir.
Yerini və zamanını bildiyin sükut qədər böyük mənəvi güc yoxdur bəlkə də... Fəaliyyət göstərdiyim dəqiq elmlər sahəsindən yanaşıb elə fizika termini ilə desək, cismin sükunət enerjisi onun kütləsi ilə mütənasibdir. Bu fikri çox sevdiyim ədəbi müstəviyə transfer etsək, Anar öz mənəvi çəkisi qədər yazmışlığı ilə, lazımi yerdə danışmışlığı ilə, həm də elə o sanballı çəkisi qədər də cahillərlə mübahisəyə girməyəcək sükunəti ilə böyük bir enerji daşıyıcısıdır. Yerində və zamanında istedadlı sükutu da yalnız Anar olan bacarar.
Mövlana Cəlaləddin Rumidən soruşmuşlar bir gün: O qədər yazıb-oxuyursan, nə bilirsən?
Mövlana cavab vermiş ki, həddimi bilirəm!
Anar həddini bilməyənlərin qarşısında öz mənəvi çəkisini gözləmişliyi, həddini bilmişliyi ilə böyükdür həm də.
Bu yerdə mövzumuza aid edə biləcəyim rəmzi misalla kiçik bir haşiyə çıxmaq istərdim. Azərbaycan Texniki Universitetində hazırda rəhbərlik etdiyim "Metrologiya və standartlaşdırma" kafedrası üçün hələ bir neçə il öncə səylərimiz nəticəsində dünya metrologiyasının lideri hesab edilən "Hexagon Metrology" şirkətindən "Hexagon Tigo SF" 3D koordinat ölçmə maşını alıb, dünya standartına uyğun yeni laboratoriya yaratdıq. Sadə dildə desək, bu avadanlıq hazırda dünyada ən mükəmməl ölçü cihazlarından hesab olunur və bir növ sahəsi üzrə dövrümüzün ölçü standartı və milli etalonumuzdur. Bunu təsadüfi xatırlatmadım. Məhz bu simvolikadan çıxış etsək, Anar yazıb-yaratdıqları, milli ədəbiyyatımıza xidməti ilə bütövlükdə xalqımız üçün mənəvi Hexagondur, məhək daşı misalında mükəmməl ölçü standartı və etalonudur.
Anarın böyüklüyü həm də ondadır ki, onun heç bir halda haqqında yazılan bu kimi kəlmələrə ehtiyacı yoxdur. Ancaq insanın içindəki vəfa borcu hissi bunları təkcə özüm-özümə pıçıldamağa yox, hamıya, sözün bütün mənalarında Anarı bilənlərə və bilməyənlərə çatdırmağa vadar edir. Bu vəfa borcu müasir Azərbaycan ədəbiyyatının milli pasportu sayılan bir yazıçının bütövlükdə hamımız üçün yaratdığı ədəbi dəyərlərə görədir: "Macal" tapıb "Ağ liman"ın şıltaq sahilindən "Dantenin yubileyi"nə aparıb çıxaran yoldur... Dünyanın ən çəkilməz mənəvi iztirablarından biri olan "Anlamaq dərdi"nin qəlbimizə dağ kimi basılan milli kədərinin dadıdır... "Sizsiz"liyin verdiyi ağrının mənə dünyadakı ən böyük və ən doğma itkilərimi - 28 illik Şuşasızlığımın, Cıdır düzüsüzlüyümün, Xarıbülbülsüzlüyümün, uşaqlıq yaddaşımın ən şirin nağılının - Qəmər nənəmin, atam Barat kişinin fiziki yoxluğunu xatırladan ədəbi ifadəsidir...
"Otel otağı"nın "Vahimə"si ilə "Şəhərin yay günləri"nin "Əlaqə"sindən yaranan ədəbi, kinematoqrafik vəhdətin mənə verdiyi ali zövqdür... "Ağ qoç qara qoç"lu dünyada "Yaxşı padşahın nağılı"na inanacaq qədər saf uşaqlıq və gənclik dövrümün nostaljisidir... "Mən, sən, o və telefon" yalnızlığının "Gün keçdi" faniliyinə aparan kövrəkliyidir... Nəinki mənim gəncliyimin, elə indiki gəncliyin də ən favorit məhəbbət əsəri olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə qərar tutan imkansız sevgilərin sözün bütün mənalarında görünməzliyinə, əlçatmazlığına bəslədiyim hissin sözlə ifadə olunmayacaq tərzidir...
Bütün bu sadaladıqlarım bir Azərbaycan aliminin, bir ədəbiyyat sevdalısının sözün hər mənasında sayılan əsərləri ilə dünyanın hər yerindən görünməyi bacaran ədəbi idealına - Anara olan vəfa borcunun sevgi hissi ilə birləşmiş müstəsna halıdır!
Yazını yazdığım sırada maraqlı bir fakt da yaddaşımı cırmaqladı. Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Azərbaycanda ondan sonra Anar adı daşıyanlar getdikcə çoxaldı. Bu çoxluğun fonunda da Anar birdir, bir dünyadır... Ədəbiyyata və mənəviyyata xidmətləri ilə!
Ən azından, peşəkar oxucu kimi bütün səmimiyyətim və cəsarətimlə deyə bilərəm ki, Anar bütün yaradıcılığı ilə təkcə Azərbaycan və türk dünyasının deyil, bütövlükdə dünya yazıçısıdır. Və bunu təkcə kitabları xarici dillərə tərcümə edilmiş, əsərləri ilə dünyada tanınan bir yazıçının məşhurluğu mənasında demirəm. O, həm də mənəvi mənada dünyanın anarıdır - bir dünya Anar... Anar sözü semantik anlamda həm də xatırlamaq, yada salmaq mənalarını özündə ehtiva edir. Bütün bunlardan sonra bir dünya Anar - mənasının elə hər çalarında özü bütöv bir dünya Anar anlamındadır...
05.03.2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!