Turqut maşının sürətini artırdi, istədi ki, irəlidə gedən maşınları keçsin, Gəncəyə tez çatsın. Havanın soyuq olmasına baxmayaraq, Bakıdan Gəncəyə şütüyən maşınların pəncərələri açıq idi. Uşaqlar da, böyüklər də başlarını aynadan çıxarıb "Qarabağ Azərbaycandır!", "Bə nooldu, Paşinyan?" qışqırırdılar. Bütün maşınlar Azərbaycan, Türkiyə bayraqları ilə bəzədilmişdi. Bəzi maşınlara Vətən müharibəsində şəhid olan oğullarımızın böyük portretləri vurulmuşdu.
Allah rəhmət eləsin - düşündü Turqut. Torpaq, əgər üstündə şəhid qanı varsa, vətəndir, fikirləşdi o.
Müharibə başlanan kimi Turqut öz bank hesabından 1 milyon dollar keçirdi cəbhə fonduna.
Müharibə başlanan kimi Londondan Bakıya bilet aldı. Ancaq elə Bakı aeroportundan onu da, başqa sərnişinləri də koronavirus pandemiyasına görə karantinə - Atlant şəhərciyinə apardılar.
Bir həftədən sonra, karantindən çıxan kimi qeydiyyatda olduğu hərbi komissarlığa yollandı. Könüllü cəbhəyə yazıldı. Komissar - hələ siz gözləyin. Qeydiyyatdan keçirəndən sonra, - biz sizə xəbər edəcəyik. Siz öz işinizdə olun. "Bəs deyirlər, ancaq kasıb balaları üçündür bu Vətən?".
Turqutun hərbi biletinə baxdı. "Naxçıvan, Qıvraq hərbi hissəsi"... Motoatıcı.
- Siz indi harda işləyirsiniz, müəllim?
- Qətərdə, neft şirkətində hüquq məsələləri üzrə beynəlxalq ekspert. Bir aydır ki, Londonda ezamiyyətdəydim.
- Allah sizi kimi oğullarımızı qorusun.
Komissar Turqutun hərbi biletini otaqda olan əməkdaşına uzatdı.
Sonra ayağa qalxıb, Turqutu qapıya kimi ötürdü.
Turqut "Lombarcini"sindən Azərbaycanın və Türkiyənin bayraqlarını asdı. Sonra Ramizə zəng edib dedi: - Bacıma de, axşama yarpaq dolması bişirsin.
- Baş üstə. Sən saat neçəyə çatacaqsan Gəncəyə?
- 2-3 saatdan sonra oradayam. "Səbiskar"a - anamın üstünə gedib, evə gələcəm.
- Allah rəhmət eləsin.
Ramiz yadına saldı ki, Turqutun harada olmasından, hansı ölkədə olmasından asılı olmayaraq o, heç olmasa ildə bir dəfə anası Aybikə xanımın öldüyü gün Gəncəyə gəlir, onun qəbrini ziyarət edir. "Axı Aybikə xala dünyasını dekabrın sonunda dəyişib". Hər gələndə Turqut qəbiristan xidmətçilərinə pul verirdi ki, anasının son mənzilini səliqə-sahmanda saxlasınlar, vaxtında qədim sərdabənin yanında əkilən güllərə, sərv ağaclarına qulluq etsinlər. Dostu, sinif yoldaşı Ramiz də, arvadı da Turqutun anasını mütəmadi ziyarət edirdi. Onlar üçü də - Turqut, Ramiz, Ramizin həyat yoldaşı Mələk də bir sinifdə oxumuşlar və bir də Reyhan.
"Heyif, nə Reyhan xoşbəxt oldu, nə də Turqut", - beynindən keçirtdi Ramiz.
Goranboya çatanda, qospitala tərəf saldı yolunu. Onun balaca atabir qardaşı Hadrut döyüşlərində yaralanıb, bu qospitalda müalicə alırdı. Həm gözündən, həm də qolundan yaralanmışdı.
Turqut Sərxanı ilk dəfə 2 yaşı olanda gördü. "Onda atam evdə balaca oğlanın əlindən tutub, mənə dedi - bu sənin balaca qardaşın Sərxandır. Onun qayğısına qal, yaxşımı?".
Uşağın arxasınca əlində iri zənbil olan bir sarıyanız cavan qadın daxil oldu.
"Mən heç nə anlamadım. Mənim Aybikə anam var axı, bəs bu yad qadın kimdir? Onda mənim 8 yaşım vardı. Anamın qışqırığını eşitdim.
- Bu kimdir? Hansı bordeldən gətirdin bunu?
- Kəs səsini, çəngi. O da mənim arvadımdır, uşağımın anasıdır. O da burda qalacaq. Xoşun gəlmir, rədd ol get, uşağı qoy get.
- Ta sənin Turqut adlı oğlun yoxdur.
Anam əlimdən tutub, pilləkənləri sürətlə enməyə başladı. Atamın gözləri qıpqırmızı idi. Mən bildim ki, atam sərxoşdur. Çünki o, məhəccərin üstündə dayanan büllur stəkanı anama çırpdı, ancaq stəkan anama yox, mənə dəydi. Başımdan qan axmağa başladı. Şüşə qırıntıları yalın ayağıma batdı. Anam məni qucağına alıb, qapıdan çıxdı. Mənim qanım onun üst-başını batırmışdı. Anam ağlayırdı.
Ümumiyyətlə, anam tez-tez ağlayırdı. Həmişə mən yatanda, atamla-anamın dalaşmaq səsini eşidirdim. - Sən alkaşsan, alkaş.
"Ailəni bir fahişənin ayağına verdin", - ağlaya-ağlaya deyirdi anam.
Mən yorğanı başıma çəkirdim ki, onların səsini eşitməyim.
Atam bizi qovandan sonra, anam məni öz ata evinə gətirdi. Köhnə, sanki xaraba qalmış balaca evin həyətində, parça yandırdı, onun külünü mənim başıma, ayaqlarıma qoydu. Ertəsi gün Ramizin anası Pəri xalayla bir yerdə məni xəstəxanaya apardı. Həkim mənim başıma tikiş qoydu.
Anamın dünyada məndən başqa heç kəsi, heç nəyi yox idi.
Qonşuluqda yaşayan sinif yoldaşım Ramizin anası balaca qazanda bizə yemək gətirdi. Balaca otaqları yığışdırmaqda anama kömək elədi.
- Keşkə bu gözəllik əvəzinə, Allah sənə yaxşı bəxt verəydi.
- Bəxtimdan şikayətçi deyiləm, Turqut kimi balam var. Allah Tur dağına döndərsin.
- Amin. Allah sənin balalarını da saxlasın.
Mən atamın üzünü bir də görmədim. Təxminən bir ildən sonra atam qara ciyər sirrozundan rəhmətə getdi. Onda mənim dünya gözəli anam yenə qolumdan tutub, məni atamgilə - doğulduğum evə apardı.
- Anan ölsün bala, atan rəhmətə getdi.
Mən nə sarsılmadım, nə də ağlamadım. Onda anama çəngi deyiləndə və anama atılan stəkan mənim başıma dəyəndə, anama sığınıb ağlamışdım. Ancaq indi ağlamadım.
Atamın dəfn mərasimində heç bizə əhəmiyyət verən olmadı. Cənazə götürüləndən sonra, biz anamnan evə döndük.
Anam ağappaq ağarmışdı.
Arvadlar ağlaşmada mənim balaca qardaşım ağlayırdı, onu qucaqlarına alırdılar. Atamın biznes yoldaşları balaca Sərxanı qucaqlarına alıb öpürdülər. "Atan sənə eləmədiyini biz eləyəcəyik", - deyirdilər.
Atamın təzə arvadı, oyy canım, məni kimin ümidinə qoyub gedirsən? - qışqırırdı.
Biz anamla heç mağara keçmədik, dərhal öz kasıb daxmamıza qayıtdıq. Axşam anam evdə balaca sacda yuxa saldı, halva çaldı, bir yerdə şam elədik. Mən hiss etdim ki, həyatımda çox vacib mərhələ başa çatdı. Birdən-birə ağlıma gəldi ki, bax beləcə mən anamı da itirə bilərəm, onda bu böyüklükdə yer adlı planetdə mən tək-tənha qalaram, Ekzüperinin balaca şahzadəsi kimi. Onda anladım ki, mən tək olsam da dayanıqlı olmalıyam, ayaq üstə möhkəm dayana bilməliyəm ki, əsən küləklər, çovğunlar məni yıxmasın. Reyhanın və digər sinif yoldaşlarımın məsləhəti ilə mən "Kamil vətəndaş" cəmiyyətinin sədri Həsən Hüseynlinin ofisinə getdim. Ancaq orada dedilır ki, Həsən müəllim hələ sabah məzuniyyətdən qayıdacaq. Ertəsi gün mən yenə də ofisə getdim. Həsən müəllim məni mehribanlıqla qarşıladı. Ancaq dedi ki, səni bir aydan sonra yeni açılan kursumuza götürəcəm. Bu kurslardan sonra sən yaxşı calışsan gedib Avropanın, Amerikanın ən yaxşı universitetlərində oxuya biləsən. Sənin gələcəyinə çox ümid bağlayıram, - Həsən müəllim məni ruhlandırdı. O, məndən başqa, atasız olan daha bir neçə oğlana, qıza kömək edirdi. Onun yanında mən rahat olurdum, sanki mənim böyük bir müdafiəçim var idi.
Biz anamla atamın dəfnindən qayıdandan sonra Ramiz də, anası da bizə gəldi. Onlar gedəndən sonra nə anam, nə mən yata bilmədik. Anam yatağında vurnuxurdu. Hiss edirdim ki, atamdan nə qədər də incik olsa, onu çox istəyirdi.
Əslində, atam onun taleyini tarmar etdi. Anam işlədiyi kitabxanadan evə gələndə özüylə evdə oxumaq üçün kitablar gətirirdi.
Günlər keçirdi, mən başa düşürdüm ki, anam o kitabların heç səhifəsini açmırdı. Özü 10 il idi ki, kitabxanada işləyirdi və mənə dünya yazıçılarının ən gözəl əsərlərini oxutdurmuşdu.
Mənim də yuxum ərşə çəkilmişdi. Nədənsə, anasının yaxasından bərk-bərk yapışan 2 yaşlı körpənin - atamın oğlu Sərxanın təəccüb dolu baxışları gözümün qənşərindən getmirdi.
- Ana, indi o uşaq mənim qardaşımdır?
- Sərxanı deyirsən?
- Hə.
- Əlbəttə, qadan alım. Böyüyəndə sən ondan muğayat olarsan. Qanınız birdir sizin.
- Ana, olar mən gəlim sənin yanında oturum, sən mənə bir nağıl danış.
- Ürəyin nağıl istəyir?
- Hə, çox.
- Gəl yanımda otur, danışım. Onsuz da bu nağılı sənə heç kim söyləməyəcək məndən başqa.
- Hə, biri var idi, biri yox idi.
- Di danış, ana!
- Di, qulağın məndə olsun eşit.
...Biri var idi, biri yox idi, bir padşah var idi. O, bütün padşahlar kimi çox zəngin idi, yaraşıqlı idi. Onun dünyada böyük hörməti, nüfuzu var idi. Bu padşahın Gülüstani-İrəm kimi böyük bağı vardı. Bu bağda dünyanın ən füsunkar ağacları bitirdi, burada ceyranlar, marallar, cüyürlər sərbəst, asudə gəzirdilər.
Şahın sarayında huri-mələk kimi qızlar yaşayırdı.
Padşah qonşu ölkələrlə ölüm-dirim savaşı aparırdı. Hər qələbədən sonra böyük eyş-işrət məclisləri qururdu. Ətraf ölkələrdən, öz yurdumuzdan musiqiçilər, aşıqlar gətizdirirdi. Onun çoxlu uşaqları vardı. Hamısı da şad-xürrəm. Ancaq padşah bir dəfə güzgüyə baxanda saçlarına və saqqalına dən düşmüş olduğunu gördü.
Padşah çox məyus oldu. O, qocalmaq istəmirdi. Dünyanın fani olduğunu dərk eləmirdi. Özünü sarayında olan huri-mələklər içində qoca bir kişi olduğunu qəbul etmək istəmirdi.
Ertəsi gün bütün rəmmalları yığdı başına və onlardan qocalmamağına görə məsləhət istədi. Rəmmalların əksəriyyəti bunun mümkünsüzlüyünü dedilər. Ancaq rəmmallardan biri - Şahım sağ olsun, Hindistanda bir ağac var - əbədi həyat rəmzidir. Sən o ağacın meyvəsindən yesən, ömürlük cavan qalarsan, hətta 100-150 yaşlarında da oğul-uşaq sahibi ola bilərsən.
Padşah vəzirinə əmr etdi ki, sabahdan Hindistana karvan göndərsin - həmin ağacı gətirsin onun padşahlığına. Bir aydan sonra həmin ağac Hindistandan gətirildi. Payızın ilk vaxtları idi. Ağacı əkdilər, yanına mühafizəçi qoydular. Deyilənə görə, ağac ildə bir dəfə bir meyvə gətirirdi. Padşah sevindi. Əbədi ömür yaşayacağını, əbədi cavan qalacağını və hətta 100-200 yaşlarında da məmləkətə yeni oğul-qız bağışlayacağını düşündü.
Yeni əkilmiş əbədi həyat ağacının şəninə çalğıçılar, rəqqaslar dəvət olundu. Padşahın artıq 20-25 yaşında olan oğlanları, qızları sevinirdi - ataları əbədi həyat sürəcək. Demək, padşahlıq əbədi olacaq.
Padşah, doğrudan da, çox, lap çox yaşadı. Onun uşaqları - oğulları, qızları, sevdiyi qadınlar çoxdan dünyalarını dəyişmişdilər.
Onun ətrafında artıq bir nəfər də keçmişdən qalan adam yox idi, onların da övladları illərdir ki, torpağa qovuşmuşdular.
Bir dəfə padşah yuxuda 200 il öncə ölən valideynlərini gördü. Elə gecəykən mühafizəsiz, tək xəncərini belinə bağlayıb, "Səbiskar"a getdi. Onun bütün doğmaları buradakı böyük kərpic sərdabədə əbədi mənzillərini tapmışdılar. Padşah sərdabəyə yaxınlaşdı. Artıq işıqlaşırdı. Sərdabənin üstündəki yazıları oxumağa başladı. Birdən dəhşətlə anladı ki, adları yazılmış doğmalarını xatırlamır. Heç uşaqlarının da adını yada sala bilmirdi. Padşah ölənlərinə "Quran" oxuyub saraya döndü. Yadına düşdü ki, ölənlərdən savayı, onun yeni 6-7 ay bundan qabaq doğulmuş bir körpə qız balası var - Aybikə.
Hava artıq işıqlaşmışdı. O, yavaş addımlarla uşaq yatan otağa keçdi. Mühafizəçilər təəccüblə padşaha baxırdı, ancaq heç çınqırlarını da çıxartmadılar. Nə hünərləri var idi ki...
Beşikdə artıq oyanmış uşaq şəbəkə pəncərədən düşən günəş şüalarını tutmaq istəyirdi. Gah bir, gah o biri əlini uzadıb, sanki şüaları xışmalamaq istəyirdi. Sonra bu işığı tutduğunu zənn edib, əlini ağzına aparırdı - marça-març əmirdi əllərini.
Padşah onu beşikdən açıb qucağına aldı, onun süd ətri verən boynundan, üzündən öpdü. Aybikə əlini onun saqqalına uzatdı, onu yolmağa başladı.
Otağın ayaq ucunda çarpayının üstündə elə paltarlı oturan dayə mat-mat padşaha və uşağa baxırdı.
Padşah uşağı beşiyinə uzadıb, otaqdan çıxdı. Günəş Aybikənin beşiyini öz qızılı rənginə boyamışdı.
Bir azdan padşah məşvərət çağırdı. Əmr etdi ki, ömür ağacı kökündən bir dəfəlik kəsilsin, əkildiyi torpaq isə yandırılsın. Bir də onun məmləkətində heç vaxt ömür ağacı bitməsin.
Vəzir çəkinə-çəkinə:
- Bəlkə, bəlkə Aybikə, sənin yeganə övladın üçün saxlayaq o ağacı?
Padşah qeyzlə baxdı vəzirinə. Bu vəzirin ulu babası da onun xidmətində olmuşdu.
Padşah daxilən sarsıldı.
Birdən təsəvvür etdi ki, bu məsum körpə də onun çəkdiklərini görər - övladlarını torpağa tapşırar, dünyada tək qalar. Padşahın damarında, sanki qanı dondu. O düşündü ki, heç vaxt özü çəkdiyi mənəvi məşəqqəti günəş şüası ilə oynayan bu qız balası çəkməsin.
Qoy bütün adi insanlar kimi yaşasın, həyatın sevinclərini, kədərini dadsın, övlad itkisi görməsin.
Padşah düşündü ki, o, bu uzun ömründə saysız-hesabsız uşaqlarını itirib, sevdiyi qadınları, yaxın dostlarını itirib.
Yox, heç vaxt. - Əmr etdi padşah. Kəsin ağacı...
Ağac kəsildi, torpağı yandırıldı. Bir də padşahın məmləkətində ömür ağacı bitməyəcək. Və onun sonuncu yeganə balası mənəvi məşəqqətə məruz qalmayacaq.
Ancaq padşah bilmirdi, bilmirdi ki, məhz onun bu körpə qız balası onun nəslini dünyaya tanıdacaq - öz əsərləri ilə, gümüş üzərində döymə işləri ilə".
Anası ayağa qalxdı. Kitab rəfinə qoyulmuş balaca gümüş sinini oğluna göstərdi - Bax, nə gözəldir. Bax, üzərində kəsilmiş ömür ağacı təsvir olunub. Alov onun kökünü də yandırır. Bu kuncdə "Aybikə" yazılıb. Bu, onun əl işidir. Bunu mənə nənəm bağışlayıb. Bunu da. Anası rəfdə yerləşdirilən Həzrət Əlinin taxta üzərində çəkilmiş şəklini göstərdi. Bu rəsmi 1885-ci ildə ulu nənəm Məkkədən gətirmişdi.
- Bu əsərləri yaxşı qoruyarsan. Yaxşı qoru, oldumu?
- Ana, bəs sənin adın o Aybikənin şərəfinə qoyulub?
- Bilmirəm, oğul balam.
- Ana, bə bizim qohumlarımız yoxdur?
- Oğul balam, kasıb adamın qohumu olmaz.
Turqut yatdı. Yuxuda kəsilmiş ömür ağacını, günəş şüalarını tutmaq istəyən balaca qızı gördü.
***
Turqut Goranboya çatanda, artıq günorta idi. Yəqin, yaralı əsgərlərimiz nahar edir.
Müharibə başlayandan Turqut insanlarımızın qələbə naminə, Vətən naminə bir yumruq kimi birləşməsinin şahidi oldu. Ürəyi iftixarla döyünürdü.
Bu 44 günlük müharibədə varlı da, kasıb da bir ağızdan "Qarabağ Azərbaycandır!" deyirdi. Bu sözləri balaca uşaqlar da qışqırırdılar.
Xocalı da alınsaydı... Ürəyindən bir gizilti keçdi.
Xocalı faciəsinin bir illiyi idi. Məktəbdə bu soyqırıma hazırlıq gedirdi. Ancaq nədənsə, sinif rəhbəri məktəb direktorunun tapşırığı ilə siniflərdə uşaqlardan pul yığdırırdı - məktəb direktoru, həmin gün özünə ad günü keçirirdi. Onda Turqutun anası Aybikə evdə xəstə yatırdı. Turqut da Xocalı şəhidlərinə həsr olunmuş şeir hazırlamışdı.
O, özünün ağ nimdaş köynəyini, yenicə ütülədiyi məktəb şalvarını geyinib məktəbə yollandı. Ancaq sinifdə gördü ki, köynəyinin düyməsi qırılıb, yerə düşüb.
Müəllimə:
- Bu nə gündür gəlmisən tədbirə? Bilmirsən ki, məktəbimizə mötəbər qonaqlar gəlir? Özün də çıxış eləməlisən? Hələ şalvarının da iki dənə xətti var. Rədd ol, get. Səni bu vəziyyətdə görməsinlər.
Turqut göz yaşlarını içinə saldı, ancaq məktəbin həyətindən çıxanda ağladı - bərkdən, hıçqıra-hıçqıra.
O, sinifdən qovulanda, sinif yoldaşları dinməz-söyləməz dururdular. Müəlliməyə nəsə deməyə cürətləri çatmadı. Təkcə Ramiz Turqutun arxasınca çıxmaq istəyəndə, müəllimə onun qolundan tutdu.
- Sən hara gedirsən, qayıt yerinə.
Ramiz qayıtdı.
Turqut evə qayıdanda, qapılarında təcili yardım maşını dayanmışdı. Anası Turqutu görcək - ölüm qabağında, tədbir necə keçdi?
- Yaxşı. Bəs sənə nə oldu, ana?
- Mamanın ürəyi xəstədir. İnşallah, müalicə alar, yaxşı olar, sənin toyunda da oynayar, - dedi təcili yardımın həkimi.
Ramizin anası çox kədərli görünürdü. Turqut həkimin dediyi sözlərə Ramizin anası Pəri xalanın başını buladığını gördü.
Heç bir ay keçmədi ki, anası dünyasını dəyişdi. Onu da əcdadlarının uyuduğu "Səbiskar" qəbiristanındakı sərdabələrində dəfn etdilər.
Turqut 8 yaşında həm atasız, həm də anasız qaldı. Ümumiyyətlə, heç kimsəsiz.
Anasının dəfnindən sonra, axşam qonum-qonşu dağılandan sonra, Turqut anasının çarpayısına uzandı, onun büküldüyü yorğanı başına çəkdi. Sanki anasının iyini bu yataqdan, anasının son mənzilə aparılanda büküldüyü yorğandan aldı.
Ramizin anası Pəri xalanın israrına baxmayaraq o, öz evində qalmağa qərar verdi.
Gecə yağış yağdı. Evin tavanından damırdı.
Yağış damcıları, sanki anasının göz yaşları idi - indi Turqutun üzünə yağırdı.
Turqut qalxıb hamamdan vanna gətirdi, çarpayının üstünə sellofan örtük salıb, vannanı onun üzərinə qoydu. Özü yenidən öz çarpayısına keçdi, ancaq anasının yorğanını başına çəkdi. Ancaq yata bilmədi. Sadəcə, anasının dediyi sözlər keçdi beynindən - bu dünyada yaşamaq üçün çox güclü olmalısan. Güc isə oxumaqda, bilikdədir.
Bəs özü niyə yaşaya bilmədi? 32 yaş nə idi ki?
Dərhal anasına deyilən "çəngi" sözü və ona atılan, lakin Turqutun başında qırılan stəkan düşdü yadına. Onda Turqut bilmirdi ki, çəngi sözü nə deməkdir. Anası izah etdi ki, bu qadınlar, adətən şahların, xanların saraylarında olur, vəzifə sahiblərini əyləndirirlər - mahnı oxuyurlar, rəqs edirlər.
Sadəcə, atan mənə çox əsəbiləşmişdi. Mən o qadını biixtiyar təsadüfən marketdə görəndə təhqir etmişdim. Mən atanı çox istəyirdim, oğul balam. Həm də sən var idin. İstəmirdim sən atasız böyüyəsən. Onda Turqutun ağlına belə gəlməzdi ki, o bu iyrənc sözü bir dəfə də, onun həyatından çox sevdiyi qıza - Reyhana deyiləndə eşidəcək. Onda yer ayağının altından qaçmışdı elə bil.
***
Turqut Goranboy xəstəxanasına çatanda artıq nahar vaxtı idi. Xəstəxananın qabağı qələbəlık idi. Saysız-hesabsız qutularda yaralı əsgərlərə yardımlar gətirilmişdi. Bir tərəfdə də xeyli maskalı adamlar qan vermək növbəsinə dayanmışdı.
Turqutun ürəyi riqqətə gəldi - nə gözəl millətimiz var!
İnsanlar vətən üçün həm varından, həm də qanından keçir...
Bu bir xoşbəxtlikdir. Nə yaxşı bunları görmək ona da qismət oldu.
Turqut polisin müşayiətilə içəri keçdi. Dəhlizin başında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın böyük portretləri asılmışdı. "Allah qorusun", - düşündü Turqut.
Sərxan palatada üç nəfərlə idi. Əsgərlərin üçü də Sərxan kimi Hadrut döyüşlərində yaralanmışdı.
Turqut əyilib qardaşını öpdü, o biri əsgərlərlə də görüşdü.
Sərxan - sağ ol, qardaş, Allah səni böyüklükdən əskik eləməsin.
Sonra duruxub - Anamı bağışla. O sənin yanında günahkardır. O da atamı çox istəyirdi. Həm də mən doğulmuşdum.
- Bu barədə heç fikirləşmə. Əsas odur ki, sən mənim qardaşımsan.
Turqut qardaşını bir neçə il bundan qabaq görmüşdü. Onda Turqut ABŞ-ın YEL Universitetini bitirib, BP şirkətinin ABŞ bölməsində işləyirdi.
Bir həftəlik anasının ölüm gününə görə Gəncəyə gəldi. Amerikada milad bayramı olduğundan hamı bir neçə gün məzuniyyətə çıxırdı. Təbii ki, Turqut da hər il anasının qəbrini ziyarət etmək üçün Gəncəyə gəlirdi.
Gəlişlərinin birində onun qapısı döyüldü. Evinin qapısından son dəblə geyinmiş sarıyanız, yaraşıqlı bir qadın girdi - 40-45 yaşı olardı. Onun yanında elə Turqutun özünə oxşar 17-18 yaşlı oğlan var idi. Oğlan elə bil Turqutun özü idi. Necə oxşayırdılar! Təkcə gözlərinin rəngi fərqli idi. Turqutun gözləri anasının gözləri kimi ala idi. Oğlanın gözləri qara idi.
- Tanış ol, Turqut, sənin balaca qardaşın Sərxandır. Sənə böyük işimiz düşüb, kömək eləsən də sağ ol, eləməsən də. Sərxan bu il universitetə daxil olub. Təhsil haqqına pulumuz yoxdur. Pulu ödəməsək, Sərxan oxuya bilməyəcək, - qadın ağladı.
Heç kəs bizə kömək eləmədi. Axır ümidimiz sənsən. Sərxana dedim ki, Turqut qardaşındır, qanı qanındandır, kömək eləsə, ancaq o eləyəcək.
Qadın Turqutun yeni inşa edilmiş evinə göz gəzdirdi. Ev qədim Şərq üslubunda tikilmişdi. Otaqların sayı qədər də sanitar qovşağı, hamam var idi. Yeni avadanlıqla təchiz olunmuş mətbəxi və s. var idi. Allah sağlığına qismət eləsin, gözəl öyün-eşiyin var.
"Kaş anam görəydi bu evi, bağı-bağçanı", - keçirtdi beynindən Turqut.
- Nə qədər pul lazımdır?
- Heç olmasa 1-ci ilinin pulunu, - qadın yenə ağladı.
- Mən 5 ilin pulunu keçirərəm. Sabah universitetin hesab nömrəsini gətirərsiniz.
Turqut Sərxanı qucaqladı. Onun anası Turquta alxış eləyə-eləyə qapıdan çıxdılar.
Turqut düşündü ki, soyuq qış gecələrində külək uğuldayanda o qorxurdu.
Anasının öyrətdiyi "Bismillahir-Rəhmanir-Rəhim"i deyib gözlərini yumurdu. Həm acından, həm də qorxudan zəif vücudu əsirdi.
O vaxtlar bu qadın fikirləşmədimi ki, oğlunun qardaşı var?
Nə yaxşı ki, Ramizgil barının o tayında olurdular. Hərdən Pəri xala bişirdiyi yeməklərdən Turquta da pay çıxırdı. Ya da bir bəhanəylə onu evlərinə çağırırdı. Turqut öz həyətlərini bacardığı kimi süpürəndə, öz zibili ilə bərabər Ramizgilin zibilini də aparırdı. Onda Ramiz repetitor yanına gedirdi. Evə şər qarışanda gəlirdi. Hətta zibil atmağa vaxtı çatmırdı. Sonra başqa qonşular da "Turqut, nə olar, ağrın alım, bizim zibilimizi də at" - deyirdilər.
Turqut da qonşuların zibillərini atırdı. Onlar ona əvəzində 20 qəpik, hərdən bir evin çox zibilini daşıyanda 1 manat da verirdilər. Turqut bu pulları yığıb hər adna günü gül alıb, anasının üstünə gedirdi və qəlbi rahatlıq tapırdı. Puldan artıq qalanda tez balıq dükanına gedib, ordan hisə verilmiş ucuz balıq alırdı, soyutma kartof bişirib balıqla yeyirdi.
İndi düşünürdü ki, kaş anası onun, yox, onların bu evini görəydi, Londondakı Park House Gardens-də olan qotik üslubda inşa edilmiş mansardalı evini, Bakının mərkəzində 4 otaqlı gözəl evini görəydi.
Turqut hər dəfə "Harrods Shopping Center"ə gedəndə çalışırdı ki, qadın geyimləri tərəfə baxmasın. Çünki gözəl libas alacağı insan - anası yox idi bu dünyada.
Hətta Pəri xalaya və Mələyə də o hədiyyələri Londonun başqa iri ticarət mərkəzlərindən aldı.
Sərxan Turqutun çöhrəsindən kölgə keçdiyini duydu. Onun bu anlarda çox uzaqlarda olduğunu hiss etdi. Ona görə də öz söhbətlərilə ona mane olmaq istəmədi. Öz cismani ağrısını dəf edərək susdu.
- Uşaqların necədir, Sərxan?
- Böyük oğlum iki ildən sonra qurtarır məktəbi, balaca hələ aşağı sinifdədir. Bu pandemiyaya görə dərslər demək olar ki, keçirilmir. Onlayn dərslərin heç səmərəsi yoxdur.
- Qoy uşaqlar özləri hazırlaşsın, çoxlu mütaliə eləsinlər.
- Bilirsən, qardaş, sağ qalmağıma görə xəcalət çəkirəm, şəhidlərimizin ruhundan utanıram...
Turqut onu sakitləşdirdi.
Turqut ayağa qalxdı. - Mən sənin hesabına bir qədər pul keçirmişəm. Bu sənə kömək olacaq. Ayrı nə problemin olsa, mənə zəng edərsən.
Sərxan universiteti bitirəndən sonra Bakıda yerləşən holdinqlərin birində iqtisadi məsələlər üzrə məsləhətçi işləyirdi. Müharibə başlayanda, könüllü cəbhəyə yazıldı. Hadrut ətrafında gedən döyüşlərdə yaralandı.
Turqut onun alnından öpüb, digər yaralılarla da sağollaşıb palatadan çıxmaq istəyəndə Sərxanın səsini eşitdi;
- Qardaş, sən həmişəlik qayıtdın?
- Bəli, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin birinə vitse-prezident təyin olundum. Qismət olsa, burada işləyəcəm, - hələlik könüllü cəbhəyə yazıldım. Bu mənim borcumdur, sadəcə. Hərbi biletim hərbi komissarlıqdadır. Dedilər, lazım olsa çağıracaqlar, Allah qoysa.
Turqut Gəncəyə çatanda artıq hava tutulmuşdu. Turqut elə mərkəzdə xeyli gül alıb "Səbiskar"a sürdü maşınını. Yol uzunu qarşısına dörd dəfə şəhid cənazəsini aparan katafalk çıxdı.
"Allah rəhmət eləsin". Şəhid qanı ilə suvarılan torpaq müqəddəsdir.
Polislər maşınları saxlayırdılar ki, şəhidlərin Allah dərgahına aparıldığı yol açıq olsun. Şəhidləri Təzə qəbiristana - Fəxri xiyabana aparırdılar. Turqut məzarlığa çatanda, anasının qəbri üstündə bir dəstə qızıl gül gördü. Dərhal ürəyi gizildədi. Anladı ki, bu güllər Reyhandandır. O, hətta ərdə olanda da, Turqutun anası Aybikəyə al-qırmızı güllər gətirirdi.
Turqut gülləri qoydu, dünya gözəli anasının şəklini öpdü, "Quran" oxuyub "Səbiskar"dan çıxdı.
Reyhanın güllərini görəndən sonra, bütün cismi tarmar oldu. Hiss etdi ki, maşının rulunu tutan əlləri əsir.
Min kərə pənah gətirdiyi Allaha yalvarırdı ki, Reyhanı ömründən alıb, qoy yaddaşından da alsın.
Ancaq qəlbi inildəyirdi.
Turqut maşını saxladı, pəncərələrini açıb, siqaret yandırdı.
O vaxt Reyhan da, Ramiz də, Mələk də Turqutla bir sinifdə oxuyurdular. Reyhanın da gözləri ala olduğundan, hamı onu Turqutla qohum bilirdi. Onda Reyhan Turqutla Həsən Hüseynlinin kursları haqqında söhbət edirdi.
Ertəsi gün Turqut Həsən müəllimin ofisinə getdi. Həsən müəllimin ofisində gözlədi. İclas qurtaran kimi, dərhal onun yanına keçdi.
- Eşidirəm, balaca.
- Mənim adım Turqutdur. Ancaq mənim nə anam, nə də atam var.
Ancaq mən aşağı kurs proqramını bilirəm. Mən Ramizlə, Reyhanla bir kursda oxumaq istəyirəm, güclü olmaq istəyirəm. Mənim heç kimim yoxdur. Ona görə həm kompüter, həm də ingilis dili kurslarını seçdim - boğula-boğula dedi Turqut. Özüm də evimizin yanındakı rus məktəbində oxuyuram. Siz məni yuxarı kursa qəbul edərsiniz?
- Əlbəttə, bala. Müəllimlərin səndən razıdırlar.
Sonra Həsən müəllim bir ingilis qadınını və bir də bəstəboy bığlı kişini çağırıb, onlara tapşırıq verdi. Cuma müəllim Turqutun kompüter, miss Şeyla ingilis dili müəllimləri oldular. Elə həmin gün Turqut dərsdən sonra Reyhanla birgə bu kurslarda oxumağa başladı.
Turqut anasına görə aldığı pensiyadan hər ay 50 manat qırağa qoyurdu ki, özünə ucuz qiymətə heç olmasa işlənmiş kompüter, ingilis dilində dərs vəsaitləri alsın.
Çox vaxt bu vəsaitləri Həsən müəllim ona pulsuz verirdi. Turqut bu qayğıdan utanırdı, çalışırdı ki, öz ehtiyaclarını özü ödəsin.
Hər həftə anasının üstünə gedəndə, ürəyində onnan danışır, uğurları barədə ona, sanki hesabat verirdi. "Mən güclü adam olacam" - yeridirdi beyninə.
Bir dəfə də Cuma müəllimin yanında kimsə özünə təzə kompüter aldığını, köhnəsini satmaq istədiyini dedi. Turqut onun işlənmiş kompüterini aldı və sevincək kompüterlə birgə anasının üstünə getdi. O, anasına Reyhan barədə də danışırdı - elə bil onun ruhundan xeyir-dua alacaqdı.
Turqut məktəbə gedəndə də, kurslara gedəndə də izah edə bilmədiyi sevinc culğayırdı qəlbini.
Artıq 11-ci sinifdə oxuyanda Turqut İELTS proqramını verdi və Amerikanın, Avropanın ən nüfuzlu Universitetlərinə qəbul olunmaq şansı qazandı. Məktəbdə də, kursda da qızlar ondan gözünü çəkmirdi. Ona özlərinin aralarında Burak Özcevit deyirdilər.
Turqut, doğrudan da, bu məşhur türk aktyoruna oxşayırdı. Çox oxşayırdı. O, artıq küçədə heç kimin zibilini daşımırdı. İnstitut tələbələrinə ingilis dilindən kurs işləri yazırdı, pul alırdı. Yenə də paltarlarını 3-4 manata sekondhənddən alırdı. Qazandığı pulu dollara çevirib Amerika üçün saxlayırdı. Bilirdi ki, onun güvənc yeri yoxdur. Həsən müəllim deyirdi ki, sən mümkün olan ən yüksək balı toplayıbsan. Sənə universitet özü təqaüd verəcək. Turqut sevinirdi.
Bir dəfə məktəbdən çıxanda, Rey Bredberinin kitabını Reyhana uzadanda, əli onun əlinə toxundu, Turqut əlini çəkmədi. Bədənindən bir qığılcım keçdi. Eyni vəziyyəti Reyhan da yaşadı.
"Bu nə xoşbəxtlikdir, Allah. Bu sevgini mənə çox görmə, Allahım".
Ulu Yaradana yalvarırdı Reyhan.
"Yer üzündə möcüzə varmış".
Çox şükür Allah, mənə də bu möcüzəni hiss etməyi qismət elədin - düşünürdü Turqut.
Onlar Xan bağına getdilər. Burda demək olar ki, adam yox idi.
Turqut onu qucaqladı və ilk dəfə öpdü. İkisinin də başı gicəlləndi. Turqut elə bildi ki, İkar kimi artıq onun da qanadları var və o özü belə hiss etmədən Reyhanla birgə səmaya qalxacaq.
Onları polis nəfərinin səsi qaytardı gerçəkliyə:
- Uşaqlar, qayıdın evlərinizə. Artıq axşamdır.
Onlar parkdan çıxdılar. Reyhanın əli Turqutun əlində idi.
Sonra restoranların birində Turqutgilin sinfinin buraxılış gecəsi oldu.
Reyhanın atası, məktəbin tarix müəllimi İqbal müəllim də, direktor, dərs hissə müdiri, sinif rəhbəri də gəlmişdilər restorana.
Həm isti, həm də kədərli bayram idi. Ramiz Mələklə "Uzundərə" oynadı.
Turqut sintezator çalana "Kumparsita" tanqosunu sifariş verdi və Reyhanı rəqsə dəvət etdi.
Onlar, sanki professional rəqqaslar kimi oynayırdılar. İqbal müəllimin əlacı olsaydı rəqsi dayandırardı. Ancaq şənliyə pəl qatmaq istəmədi. Siqaret yandırıb eyvana çıxdı. İçəri girəndə nə Turqutu, nə də Reyhanı gördü. Turqut və Reyhan restoranın arxa tərəfində sıx ağacların arasında idilər. Turqut onu güclü qolları arasında saxlayır, öpürdü.
Onlar artıq nə musiqini, nə restoranı hiss etmirdilər. Hər ikisinə elə gəlirdi ki, Yer kürəsi məhvərindən çıxıb və onlar yerlə birgə göyə uçurlar.
Birdən Turqut İqbal müəllimin səsini eşitdi.
- Reyhan, Reyhan, hardasan?
Turqutun bütöv dəmir əzələyə çevrilmiş cismi, qolları, sanki plastilindən düzəlmiş kimi əridi, yumşaldı.
İqbal müəllim, hətta neon işıqları altında qızının dodaqlarının qanadığını gördü. Hər şeyi anladı.
- Sən, əclaf gədə, zibil daşıyan, bir də mənim qızımın həndəvərinə gəlsən, sənin başını özüm kəsəcəm, öldürəcəm səni, bildin?
Turqut düz onun qabağına getdi.
- Öldür məni. Mən ölməyimi istəyirəm.
Kişi Turqutun üstünə gələndə onun qolundan tutdular.
İqbal müəllim qeyzlə qızına baxdı.
- Çəngi. Sənnən söhbətim evə qalsın.
Dərhal atasının anasına dediyi söz və başına dəyən stəkan yadına düşdü. Anasının ağlaması gəldi gözlərinin qənşərinə. Turqut atasını bir daha görmədi. O, təzə ailəsiylə Rusiyaya köçdü. Orda onun şərik biznesi vardı. Bir də atasını dünyasını dəyişəndə artıq üzü örtülü gördü.
Vəssalam. Turqut maqnitofonun düyməsini basdı - Alim Qasımovu dinləməyə başladı. Reyhan da xoşlayırdı Alim Qasımovu. Ürəyi gizildədi. Artıq 17 ildir Reyhanı görmürdü.
Buraxılış gecəsindən sonra, ertəsi gün Reyhan onun yanına gəldi:
- Mən sənsiz yaşamaq istəmirəm, sənsiz yaşamaq mənə zülm olacaq.
- Mən də sənsiz yaşaya bilməyəcəm. Mənə möhlət ver - Amerikaya gedim, bir ildən sonra səni yanıma aparacam. Sən xarici pasportunu düzəlt.
Reyhanın üzündə şapalaq yerləri vardı. Dodaqları qaysaqlamışdı. Turqut onu öpdü.
- Məni bərkdən öp.
Turqut onu qucaqladı, onun nəfəsini elə bil öz ciyərlərinə çəkirdi. Torpaq onların ayaqları altından getdi, göy fırlandı. Hər ikisi paltarlarını soyundu.
Turqut onu qucağında öz çarpayısına apardı. Bu ilahi bir səadət, ilahi bir sevinc idi. Allah bunu hər ikisinə bağışladı. Bir an Reyhan ağrıdan qışqırdı. Sonra hər şey, bütün dünya sükuta qərq oldu. Turqut tövşüyürdü.
Bir aydan sonra Turqut Amerikaya oxumağa getdi. Gündə telefonla əlaqə saxlayırdılar. Həmin il Reyhan Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldu. Ancaq nədənsə, Turqutla əlaqəsi kəsildi. Turqut Ramizdən öyrəndi ki, Reyhanı bir hərbiçiyə nişanlayıblar. Və o özünə sui-qəsd eləmək istəyib, təcili yardım maşını vaxtında özünü çatdırıb. Reyhan heç yatağından qalxmır da. Mələk ona tez-tez baş çəkir, "tale ilə barışmaq lazımdır", - deyirdi ona Mələk. Mələk də artıq Gəncə Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olundu. Ramiz - ADA Universitetinin İqtisad fakültəsinə girdi. Ümumiyyətlə, sinif yoldaşlarının demək olar ki, hamısı Azərbaycanın müxtəlif ali məktəblərinə daxil oldular.
Turqut qışda anasının ölüm gününə Gəncəyə gələndə, Reyhanın artıq toyu olmuşdu. Turqut bilmədi ki, toy günü Reyhan üçün nə məşəqqətli oldu.
Gecə toydan sonra cavan əri Rəşad yataq otağına girəndə Reyhan ağladı.
- Mənə toxunma. Mənim ürəyimdə, həyatımda ayrı adam var. Mən nişandan qabaq da bunu sənə demişdim. Ancaq sən mənim sözlərimə əhəmiyyət vermədin. Mən yaşamaq istəmirdim... Sən niyə məni aldın?
- Ona görə ki, mən səni çox, lap çox istədim. Ömrümü sənsiz təsəvvür edə bilmədim.
Reyhan ağlaya-ağlaya onun üzünə baxdı. - Hələ mənə toxunma, yaxşı? Qoy qəlbimə rahatlıq çöksün. Mənə vaxt ver, yaxşı?
- Mən hər şeyi bilirdim. Sadəcə, səndən keçə bilmədim. Qorxma, mən sənə əl vurmayacam. Yat, gecən xeyrə qalsın.
Doğrudan da, Rəşad dediyinə əməl elədi. İşdən evə gələndə Reyhanı görəndə sevinirdi.
Zahirən hər şey öz qaydasında idi. Rəşad təzəlikcə mayor rütbəsi almışdı. Hərbiçilər şəhərciyində ona üçotaqlı mənzil vermişdilər.
İki aydan sonra Reyhanın ad günü oldu. Onda Rəşad Şəmkir hərbi hissəsində polkovnikdən icazə alıb bazara getdi. Reyhana bir dəstə qızılgül aldı.
Evə çatanda hiss etdi ki, qonaqları var - Reyhanın hələ məktəbdən, indi də universitetdə ən yaxın rəfiqəsi Mələk təzə nişanlandığı Ramizlə onlarda qonaqdırlar. Ramiz özü də 10 il Reyhanla bir sinifdə oxumuşdu, Reyhanın qəlbini tarmar edən o Burak Özçevitə oxşayan oğlanla dostluq edirdi.
Rəşad Reyhanı universitetdə - hərbiçilərlə keçirilən görüşdən yadında saxlamışdı.
- Biz nəyi gözləyirik? Niyə müharibə edib torpaqlarımızı - Qarabağımızı işğaldan azad etmirik? - soruşmuşdu Reyhan.
- Zaman yetişəndə, biz hamımız bir müsəlləh əsgərə çevriləcəyik, - dedi Rəşad. Ali Baş Komandanın əmrini gözləyirik.
Hərbiçilərə xeyli gül bağışladılar. Rəşad ona verilən gülləri Reyhana bağışladı.
...Gecə qonaqlar gedəndən sonra Reyhan qabları yudu, mətbəxdə hər şeyi yerbəyer elədi.
Rəşad ona yenə gecən xeyrə qalsın, - dedi.
- Getmə, Rəşad.
Həmin gecə Rəşad özünü dünyanın ən xoşbəxt insanı bildi.
Reyhan ağrısını içinə salırdı, inildəmək, ağlamaq istəyirdi, ancaq səsini içinə salırdı. Daxilən qovrulurdu.
Ancaq Rəşadın nə təqsiri?
O, ancaq onu bilirdi ki, ölənə kimi atasını bağışlamayacaq...
Həyat öz axarı ilə gedirdi. Reyhan hərdən yuxuda Turqutu görürdü. Bu uyğularında o özünü xoşbəxt sanırdı. Yuxudan oyananda özünü xəstə, gücdən düşmüş bilirdi. İllacı olmurdu universitetə getsin. Axırda atası Reyhanı tarix fakültəsinin qiyabi şöbəsinə keçirtdi.
"Allah, elə et ki, mənim yaddaşım silinsin, mən Turqutu xatırlamayım".
***
Turqut elə birinci kursdan dərslərdən sonra işləməyə başladı. Azərbaycandan Vaşinqtona gələn nümayəndə heyətlərini müşayiət edir, tərcüməçilik edirdi.
Günortaya kimi Vaşinqton Universitetlərinin birində magistr qız, günortadan sonra, dərslər qurtaran kimi Turqut işə başlayırdı.
Qonaq olmayanda, volantyor kimi "Unayted way" təşkilatında çalışırdı. Turqut YEL Universitetinin Beynəlxalq hüquq fakültəsində nəinki Amerika, Avropa qanunvericiliyini, həm də əlavə olaraq Azərbaycanın hüququnu öyrənirdi.
Universiteti uğurla bitirdi.
Hətta onun diplom işi tədris üçün kafedrada saxlanıldı.
O, bir illiyə Azərbaycana - hərbi xidmətə gəldi. Xidməti Naxçıvanın Qıvraq hərbi hissəsində keçdi. Əsgərliyin sonunda, Turqut SV-lərini müxtəlif - həm xaricdə, həm Azərbaycanda olan şirkətlərə göndərdi. Londondan təklif alanda bunu Allahın möcüzəsi kimi qəbul etdi. Orada üç il işləyəndən sonra, beş illik Qətərdə yerləşən neft şirkətində işə düzəldi. Buradan onu beynəlxalq ekspert kimi müxtəlif ölkələrə dəvət edirdilər. Ərəb ölkələrindən tutmuş, ta Cənubi Amerikaya kimi.
İlk böyük qonorarını Birləşmiş Ərəb Əmirliyindəki neft şirkətindən aldı.
Turqut qışda Gəncəyə gələndə ən yaxın dostu Ramizdən xahiş etdi ki, yaxşı iş icraçısı tapsın, onun balaca, tavanı, hamamı daman evini uçurtsun, yerində bir sanballı ev tikdirsin.
Turqut bu iş üçün memarlıq institutuna müraciət etdi.
- İstəyirəm evim Azərbaycan memarlıq üslubunda tikilsin. 8-10 otaq, ancaq hər otağın öz sanitar qovşağı, öz hamamı olsun.
İnstitutla müqavilə bağladı: həm tikiləcək evə görə, həm də böyük həyətlərinin dizaynına, hovuzun tikilməsinə görə. Qonorarı dərhal ödədi.
Turqut anasının şəklini, Həzrət Əlinin şəklini, balaca gümüş sinini Ramizgildə əmanət qoydu. Gecə yuxuda anasını gördü. Anası, həmişəki kimi ona "ölüm qabağında, oğul" deyirdi. Sonra o, bir bardak su gətirib verdi Turquta - iç, qadan alım, - dedi. Turqut suyu içdi, qalan suyu anası onun arxasınca səpdi. "Uğuruna xeyir çıxsın, ölüm qabağında, bala".
8 aydan sonra Turqutun evi hazır oldu. Aqrar Universitetində dosent işləyən Ramiz bütün boş vaxtını dostunun evinin tikintisinə sərf edirdi. İşdən ancaq namaz qılmağa və nahar etməyə ayrılırdı.
Onun iki balaca oğulları da xırda-para işləri görürdülər - mağazadan çörək alır, ustalara çay verirdilər.
Turqutu bir neçə dəfə böyük məbləğ qonorar verməklə Afrika, Cənubi Amerikaya dəvət etdilər.
Axırıncı beş ili Londonda işlədi. Sonra Qətərə təyinat aldı. London Gəncədən, Bakıdan sonra ən sevdiyi şəhər oldu. Nədənsə, bu şəhər ona Gəncəni xatırladırdı.
Öz yaşıllığı, təbiiliyi ilə, heyvanlarla insanların eyni yerdə gəzməkləri, ceyranların, maralların insanlardan qorxmaması onun qəlbini riqqətə gətirirdi.
Turqut Londonda sevgi macərası yaşadı. Elen adlı bir qadınla görüşürdü. Amerikalı qadın idi. Qadın Turqutdan evlənmək təklifi gözləyirdi. Turqut ona cavab vermədi.
Onlar ayrıldılar. Qadın Amerikaya getdi.
Sonra həyatında daha bir neçə qadın oldu - Rusiyadan, Almaniyadan, Ukraynadan və s.
Ukraynalı qadınla Qətərdə tanış olmuşdu. Çox cazibədar idi. Ancaq onun əri, uşaqları vardı.
Londonda heç kimlə daimi münasibət saxlamırdı. Düşünürdü ki, təki cismi rahat olsun. Bir də ki, bu qadınlar onun qəlbini çulğamış tənhalığını dəf edirdilər.
Londondan Bakıya qayıdanda karantindən sonra Bakıdakı evinə getmək istəmədi. "Hilton" otelində bron elədi.
Düşündü ki, Bakıdakı evində onu gözləyən yoxdur.
Yenə Gəncədə Ramizgil var, özünün isti evi var.
Turqut bağın səliqə-sahmanına baxmaq üçün, evin kombisinin fasiləsiz işləməsi, 6 metrlik çarhovuzun suyunun vaxtlı-vaxtında dəyişdirilməsi, xlorlanması üçün hər ay Ramizə 500 dollar pul göndərirdi.
Keçən il qışda evinə gələndə Turqutu qəhər boğurdu, "kaş anam görəydi". Təzə düzəlmiş kitab rəfinə Ramiz balaca gümüş sinini və Həzrət Əlinin şəklini qoymuşdu. Başda divara Turqutun anası Aybikə xanımın şəkli vurulmuşdu. Turqut Reyhanı fikirləşdi. Sanki ürəyi doğram-doğram olub, qanı əllərinə, ayaqlarına, bütün vücuduna tökülürdü.
Turqut bilirdi ki, Reyhanın əri 2016-cı ildə vəfat edib. İndi o, 7-8 yaşlı oğlunu tək böyüdür.
Mələk dedi ki, Reyhan dərsdən əlavə repititorluq da edir - evdə uşaq hazırlayır. Atası hələ də məktəbdə işləyir.
Amerikada olanda Turqut ona zəng edirdi, Reyhan cavab vermirdi.
Onda Ramiz dedi ki, Reyhan nişanlanıb, toyu olasıdır.
Onda Turqut bütün gecəni yatmadı. Səhərə yaxın yuxusunda gördü ki, hansısa çəmənlikdə Reyhanla uzanıblar, onların saçları bir-birinə qarışır.
Yox... o artıq özgə adamın arvadı olacaq. Ona məktub yazmaq, danışmaq biqeyrətlik olar.
Ancaq əli gəlib telefonundan onun nömrəsini silmədi. Bu nömrəni hər dəfə görəndə ürəyi gizildəyirdi.
"Hilton" otelində o, yeni işçi komandasının üzvləri ilə görüşürdü. Onlar tanış idilər. Hamısı Turquta yeni vəzifəsində uğurlar dilədi. Yaxındakı masanın arxasında iki qadın oturmuşdu.
Şam yeməyi başa çatanda, Turqut ofisianta 50 dollar pul verdi.
- "O qarasaç qadına deynən yarım saatdan sonra mənim otağımda olsun".
- Baş üstə.
Turqut otağına qalxanda, qadın artıq onu gözləyirdi. Turqut qapını açdı, qadını qabağa saldı. Qadın dərhal soyunmağa başladı.
Restoranda neon işıqlarının altında o bu qadının simasını doğru-düzgün görməmişdi. İndi qadına baxanda iyrənməyə bənzəyən bir hiss keçirdi.
Qadının bütün vücudu elə bil silikondan idi - döşləri, dodaqları, qaşı da tatu idi.
Turqut ona 100 dollar verib - mən yorulmuşam, sən get, - dedi.
Qadın pulu götürüb, dərhal geyinib otaqdan çıxdı.
Səhəri gün Gəncəyə yola düşdü. Turqut 17 il idi ki, Reyhanın səsini eşitmirdi, onu görməyə qorxurdu. Görməmək də məşəqqət idi. Londondan Bakıya uçanda təyyarədə yatdı. Yatanda yenə də dəfələrlə gördüyü yuxunu gördü - onların saçları bir-birinə qarışır. Yuxudan oyanmaq istəmirdi. Ancaq oyandı, sonra karantinə saldılar, sonra evinə yox, "Hilton" otelinə getdi. Sonra Gəncəyə yola düşdü, Goranboyda hospitalda qardaşı Sərxana baş çəkdi, anasını ziyarət etdi. İndi evinə çatmağa az qaldı. Turqut evlərinə çatanda Ramiz, Mələk, uşaqları, Pəri xala onu darvazanın yanında gözləyirdilər. Hamıyla görüşüb-öpüşəndən sonra, içəri keçdi Turqut.
- Bu nə gözəllikdir, Allah, sənin böyüklüyünə şükür! Kaş anam bu evdə yaşayaydı. Mətbəxdən yarpaq dolmasının ətri gəlirdi.
Keçən gəlişində, Ramiz Turquta 20 min pul uzatdı.
- Sən verdiyin pul çox idi, qardaş. Öz halal pulunu özündə saxla.
- Bilirsən, o pula Xaçbulaqdan 20 sot torpaq al, yarısı sənin, yarısı mənim. Evin ikisini də - sənə də, özümə də mən tikdirəcəm.
Heç bir ay keçməmiş Ramiz ona zəng etdi.
- Xaçbulaqdan 20 sot torpaq aldım.
- İnşallah yaya kimi tikdirərik.
Turqutun gözü rəfə qoyulmuş balaca gümüş siniyə sataşdı. Qalxıb onu əlinə aldı. Nədənsə, gözlərinin qabağına günəş şüasıyla oynayan beşikdəki qız gəldi. Onun da adı Aybikə idi.
Sonra Mələk süfrəyə dovğa gətirdi. Turqut nə qədər arzulamışdı bu yeməkləri...
Şamdan sonra qadınlar süfrəni yığışdırıb, qabları yerbəyer edib evlərinə getdi.
Turqut Ramizlə tək qalanda, - Reyhandan danış, qardaş, - dedi.
- Çox ləyaqətli insandır Reyhan. Keçən dəfə bizə gələndə ona dedim ki, sən bir 10 günlük Gəncəyə gələcəksən, həmişəlik Azərbaycana qayıdacaqsan. Ağappaq oldu yazıq. Mələk ona gülab verdi içməyə.
Tale hər ikinizi imtahana çəkdi.
Reyhanın Nicat adlı çox ağıllı oğlu var.
- Neçə yaşı var uşağın?
- 8-9 yaşlarında olar. Neçə il onların uşağı olmadı.
Turqut siqaret yandırdı. Sonra qədəhlərə araq süzdü.
- Möhtəşəm qələbimiz şərəfinə.
- Amin.
Sonra Ramiz qədəhlərə araq süzdü.
- Sənnən Reyhanın şərəfinə, qardaş. Allah sizi bir də ayırmasın bir-birinizdən.
Ramiz pencəyinin cibindən şəkil çıxardıb Turquta uzatdı - Reyhanla oğlu və Mələk.
Şəkil Turqutun əllərini yandırırdı elə bir. O, gözlərini Reyhanın şəklindən çəkə bilmirdi - şəkildəki Reyhan kamil gözəlliyə malik bir qadın idi. Oğlu da bir az Reyhana oxşayırdı
- Mən getdim, qardaş, - dedi Ramiz və getdi. Turqut Ramizin səsini, sanki eşitmədi.
Turqut Reyhanın telefonunu açdı.
Reyhan onun səsini dərhal tanıdı. Əsməyə başladı.
- Mən gəlmişəm. Mən səni aparmağa gəldim - Turqutun səsi tutulurdu...
- Eşidirsən? Səni aparmağa gəlmişəm. Nicatı da balam kimi böyüdəcəm.
Reyhan ağlayırdı.
- Eşidirsən, ağlama.
Lakin hər ikisi anladı ki, onların birgə gedəcəyi uzun ömür yolu bir də ayrılmayacaq. Onlar hələ bilmirdilər ki, bu yolda onların ömürlərinin bəzəyi Aybikə adlı qızları olacaq. Və bu qız da körpəlikdə günəşin şüalarıyla oynayacaq.
Gəncə, 15.12.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!