Eşq yanımdan təcili yardım maşını kimi keçdi getdi, o, başqa birini xilas etməyə tələsirdi...
Cahan SEYİDZADƏ
Elə bilirəm, sonuncu dəfə başını dizimə qoyduğun gündən 4 milyard il keçib... Yadında, sənə deyirdim, hətta 4 milyard il sonra da səni belə sevəcəm?
Elə bilirəm, o müddət artıq ötüb və mən hələ də səni eyni doğmalıqla sevirəm.
Məsələn, hələ də əllərinə aşiqəm, hələ də səsini milyon səsin içindən ayıra bilərəm, hələ də sənə eyni hərarətlə sarılaram.
Hələ də əlindəki yaradan eyni məsumiyyətlə öpə bilərəm tez sağalsın deyə...
Dəhşətlisi odur ki, bilmirəm, indi dünyanın harasındasan, neçə qucağa bölünmüsən?! Mənə elə gəlirdi ki, sən bir nəfərə aidsən, mənim də bir nəfərə aid olduğum kimi. Amma sən mənim dediklərimi yalan çıxartmağı sevirdin axı. Beləcə, bütün gücünlə çalışıb mənə sübut etdin ki, düşündüklərim yalandır, mənim uydurduğum nağıldır.
Anam uşaq vaxtı gəlinciklərimi divardakı xalçanın üzərindən asardı. O qədər gəlinciyim var idi ki, təsəvvür edə bilməzsən. Hamısı da bir-birindən qəşəng. Amma orda idilər - əlimin çatmadığı, boyumun yetməyi yerdən asılmışdılar. Mənim idilər, amma həm də deyildilər. Oynaya bilmirdim, qucaqlayıb yata bilmirdim, amma var idilər. Anam deyirdi ki, böyüyəndə öz evinə apararsan, uşaqların oynayar.
Və mən beləcə, bütün arzularımı uşaqlarıma ertələdim...
Əgər uşaq vaxtı oyuncaqlarımla oynamadan onları sevməyi öyrənməsəydim, çox güman ki, indi də sevdiklərimdən uzaqda qalmağı bacarmazdım.
Həyat hərdən sevdiyin və sənin olan gəlinciyə uzaqdan baxmaqdır...
İnsan yoxluğunu çəkdiyi şeylərin acı olur. Mən bunu məktəbdə oxuyanda görmüşəm, balaca bir uşağın təzə ayaqqabısı batmasın deyə, quru yerlərlə yeriməsini, tez-tez əyilib əlləriylə ayaqqabılarının qırağını silməsini... Mən çox yaxşı anlayıram, heç vaxt olmayan şeylərin qəfildən var olmasını. Və insanın "heç vaxt olmayan"la imtahanını...
Sən də mənim imtahanım idin...
Bütün biletlərini əzbərdən bildiyim, amma heç vaxt keçə bilmədiyim imtahan.
Əslində, bu imtahandan kəsilməkdən xoşum da gəlirdi. Kim bilir, bəlkə də mən keçdiyim dərsə yox, dərsi keçən müəllimə aşiq idim: Tanrıya...
Ona görə də ömrümün sonuna qədər bu imtahandan kəsilməyə hazır idim... "Hər dəfə bitdi, daha keçdi" dediyimdə ən başa dönüb, yeni nələrsə öyrənmək, yeni bir şey tapmaq möhtəşəm idi. Mən öz yaramın üzərində sonsuz sayda təcrübələr keçir və cürbəcür dərmanlar kəşf edirdim. Hansı ki, heç birindən istifadə etmirdim...
Onu deyirdim axı, sən sonuncu dəfə başını dizimə qoyduğun gündən 4 milyard il keçmişdi. Özümü dərin quyularda azmış, içini gəmirən divi öldürməyə çalışan qəhrəmanlar kimi hiss edirdim. İpimi kəsmişdilər, canı şüşələr arasında olan bütün göyərçinlər yoxa çıxmışdılar və bütün rənglər eyni idi: Ağ da, qara da... Bəs onda hansı qoçu seçməli idim?!
Tək çarə alova bənzəyən qanadlarını çırparaq gələn və məni qaranlıqdan zülmətə çıxaracaq Zümrüd quşuna qalmışdı. Zümrüdü Anka... Ya da Simurq. Hər necə deyilirsə. Necə adlanmağının nə önəmi var? Gerçək o idi ki, o, bir gün gələcək və məni bu quyudan azadlığa çıxaracaqdı. Günlərlə, aylarla, hətta illərlə o quyunun dibində - Zümrüd quşunun yuva qurduğu ağacın altında gözlədim. Ona "qa" deyəndə yemək, "qu" deyəndə su verməyə hazır idim ki, təki məni xilas etsin...
Gəlmədi...
Və nəhayət, bir gün anladım ki, o, heç vaxt gəlməyəcək...
Çünki o, heç yerə getməmişdi, həmişə mənimlə idi.
Sonra bir-bir kainatı oxumağa başladım. Anladım ki, hər kəs öz nağılının qəhrəmanıdır.
Və Zümrüd quşu nağılındakı hər kəs mən idim, əslində.
Özünü təsdiq üçün qızıl almaların dalıyca quyulara enən Məlikməmməd də,
O ipi kəsib özümü qaranlıq quyulara həbs edən yaman qardaşlar da, qaranlıq otaqdakı qıza həm əzab verib, həm də yeganə sirrini onunla bölüşən div də mən idim...
Mən idim, o qız...
Mən idim, o şüşənin içindəki göyərçin, çırpınırdım...
Və mən idim xilaskar Zümrüd quşu...
Mən öldürməli idim, o divi!
O şüşəni mən sındırmalı, o göyərçini mən uçurtmalı, o qızı mən xilas etməli, o qardaşlardan mən intiqam almalı idim.
Və sonda mən çıxartmalı idim özümü dərin quyulardan...
Tanış olmalı idim içimdəki Zümrüd quşuyla, sonra da deməliydim: "Daha səninləyəm, artıq sənə bir lələk qədər yaxınam...".
Həə...
Sən haqlı idin, mən idim bu nağılın müəllifi...
Və o nağılı danışdığım vaxtdan 4 milyard il keçib...
Və mən hələ də səsini milyon səsin içindən ayıra bilərəm...
Hələ də əlindəki yaradan eyni məsumiyyətlə öpə bilərəm, tez sağalsın deyə...
P.S. Yer kürəsinin yaranması haqqında filmə baxıram. "Yaranma mərhələsinin birində yer tamamilə buzla örtülür və getdikcə Günəş şüasını daha az qəbul etməyə başlayır. Budur, Yer tamamilə buzdan bir kürədir. Artıq Günəş də ona kömək edə bilmir. Hər yan sakitlik və buz yığınından ibarətdir. Bu yerdə hər kəsin düşüncəsi eynidir: Yerə yalnız kənar qüvvə gəlib kömək etməlidir, ya bir planet, ya bir meteorit, ya da istiliyi daha güclü olan başqa bir Günəş. Yer üçün heç bir şans yoxmuş kimi görünür... Yer kürəsi Qodonu gözləyir...
Lakin hamımızın unutduğu gerçək var: Yerin daxilində olan istilik Günəşdəkindən qat-qat çoxdur... Və budur, bu sakitliyin içində, anidən yerin daxilindən bir neçə vulkan püskürür, buzlar tədricən əriməyə başlayır... Yer özü-özünü xilas edir!".
Məlum olur ki, Zümrüd quşu elə özümüzük!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!