Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus dilində "Литература, Искусство, Культура (ЛИК) Азербайджана" kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini qeyd etdiyimiz ustad sənətkarlarımıza aid yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim edirəm. (Anar)
ANAR
Rejissor
Eldar Quliyev
Gənc (o illərdə gənc) azərbaycanlı kinorejissor Eldar Quliyev haqqındakı bu kiçik məqaləni çox uzun müddətə yazdım. Yarım il öncə "Sovet filmi" jurnalının təklifi ilə onu başlayanda ilk cümləni qeyd etdim: "Biri vardı, biri yoxdu, bir cənub şəhərində mənim indi ən vacib müsahibəni götürdüyüm gənc rejissor Eldar Quliyev vardı". Bu cümlədə yazılanı həyata keçirmək müxtəlif səbəblərdən alınmadı. Janr dəyişildi və indi mən oxucuya Eldarla müsahibə deyil, onun işləri haqqında qeydlərimi təqdim edirəm. Bununla belə, mən altı ay öncə yazılmış fikrimin üstündən xətt çəkmirəm - cazibəsi olduqca böyükdür: bu ifadədə rejissorun üç filminin adı çəkilir: "Biri vardı, biri yoxdu", "Bir cənub şəhərində", "Ən vacib müsahibə". Bu yalnız az-çox uğurlu üslubi fənd deyil. Məsələ burasındadır ki, mənim Eldar Quliyev qavrayışım onun filmləri ilə bir bütündür: rejissor və onun filmləri - bütövdür, ayrılmazdır.
Eldarı və onun filmlərini görənlər üçün bu, paradoksal görünə bilər. Rejissor -diribaş, ünsiyyətcil, erudisiyalı müasir gəncdir və onun qəhrəmanları - "Biri vardı, biri yoxdu" filmindəki qocalar, yaxud "Bir cənub şəhərində" filmində (ssenari Rüstəm İbrahimbəyovundur) şəhərkənarının qaba, bir az yonulmamış oğlanları. Onları nə birləşdirə bilər ki?! Zahirən, görkəmcə, yaş və xaraktercə - heç nə. Bəs əgər insanlıq, xeyirxahlıq, qəlb zərifliyi kimi kateqoriyalara müraciət etsək? Bu keyfiyyətlər Quliyevdə var. Onun qəhrəmanlarının mənəvi siması da elə bu keyfiyyətlərlə müəyyənləşir. Buna görə də o öz qəhrəmanları ilə dostdur, onları sevir, anlayır və tərənnüm edir.
Sənətkar üçün ən çətini - doğma, yaxın hiss və düşüncələri uzaq, yad, bir-birinə daban-dabana zidd xarakterlər, obrazlar, talelər və situasiyalar vasitəsilə ifadə etməkdir. Özünün ilk müstəqil "Biri vardı, biri yoxdu" filmindəcə Eldar bu işin öhdəsindən gəldi. Payızda Abşeron yarımadasının kimsəsiz bağlarında iki tənha qoca - kişi və qadın. Bu süjetdə gənc rejissoru cəlb edən nə idi? Abşeronun fakturası - yalın, kimsəsiz sahillər, qumlar, bozumtul noyabr səması, tərk edilmiş bağlar, səssizlik, dinclik, sükunət? Görünür, hə. Bütün bunlar. Lakin ilk növbədə, insanlar - bir-birini öz həyat yolunun son "stansiyasında" tapan iki qocanın taleyi, asanlıqla izah oluna bilən səbəblərdən məhrum - nə sevgi, nə qohumluq əlaqəsi, nə təmənna - nə isə başqa, gözəl - ali və yəqin ki, həyatdakı ən son bağlılıq, tənhalığın dəf olunması, başqasına görə məsuliyyət hissi - münasibətlərin poeziyası. Həyatda dincliyin müdrikliyini duyğuların təlaşının əvəz etdiyi dövrün poeziyası. Və Quliyevin ehtiraslar dalğası hopdurulmuş növbəti filmi - "Bir cənub şəhərində". Əsası sanki partlayıcı üzərində qurulmuş situasiya flmi. İstisi asfaltı əridən, yay günəşinin ağacları yandırdığı, ağ evləri olan şəhər. Və bu şəhərin insanları cənublu kimi temperamentli, qaynar, çılğındırlar.
Amma elə burada ehtirasların çılğın qarşıdurmasında, cilovsuz duyğuların gərginliyində də rejissor sakit və təmiz insanlıq notu arayışındadır - hər cür gerilikçi zehniyyət, vaxtı keçmiş ənənələr, köhnəlmiş əxlaq normalarından üstün olan gerçək insanlığın. Onu təcrübəli jurnalist Cahangirlə haqq-hesab çəkməyə gələn qəhrəmanı Muradın kədərli gözlərində arayır. Qəhrəman atasının məzarını ziyarət edən Tofiqin səmimi həyəcanında axtarır, hərçənd bu təlaş kəskinləşdirilmiş, qrotesk formalarda verilir.
"Mənimçün fəaliyyət dövrü bitdi və düşüncə zamanı başlandı", - fransız filmlərindən birində belə deyilir. Quliyevin üçüncü filmi olan "Ən vacib müsahibə" öz mövzusu etibarilə bu fikri təsdiqləyir. "Ən vacib müsahibə"nin (ssenari Maqsud İbrahimbəyovundur) qəhrəmanı radiomüxbir Zaur üçün fəaliyyət dövrü bitməyib və bitə də bilməzdi, o, gəncdir, enerjilidir, güc və həyat doludur. Bununla belə, onun üçün də düşünmək zamanı gəlib çatdı, öz həyatı, ümumiyyətlə insan həyatı, məsuliyyət, başqaları qarşısında ödənməmiş borc duyğusu və digər vacib məsələlər barəsində düşünməyə başladı. Rejissor qəhrəmanlarını nə qədər çox sevsə də, ən məsuliyyətli məqamda həmişə onlardan ayrılır. Qəhrəmanlarının əvəzinə qərar verməmək üçün ən vacib qərarlar anında onları tərk edir. O, haqlıdır. Sənətkarın vəzifəsi - problemləri qoymaqdır, onların birmənalı çözümünü vermək vacib deyil. Kino sənəti nümunələri tamaşaçıya o mənada təsir edir ki, onun diqqətini bu və ya digər məsələyə cəlb edir və tamaşaçını daxilən bu problemlərin müstəqil həllinə hazırlayır. Bu planda Eldar Quliyevin filmlərində məni vacib mənəvi-əxlaqi problemlərin qoyulması arzusu cəlb edir. Bax elə indi də Alla Axundovanın ssenarisi əsasında "Var olun, qızlar" filmini çəkərkən rejissor bir daha cəmiyyətimiz üçün vacib olan borc, məsuliyyət, fədakarlıq, humanizm və xeyirxahlıq kimi mənəvi məsələlərə müraciət edir.
Eldar Quliyev elə ilk filmlərindəncə diqqəti cəlb etdi, axtarışları ilə maraqlandırdı, öz yaradıcılığına qarşı inam yaratdı. İnanırıq ki, gənc rejissorun ən böyük qələbələri hələ qarşıdadır.
"Sovet filmi" jurnalında dərc olunub. № 7, 1977
PEŞƏ VƏ İSTEDAD
Həsən Seyidbəyli 1945-ci ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu, görkəmli rejissor Qriqori Kozintsevin kursunu bitirdi. Diplom işini çəkdi - quruluşçu rejissor diplomunu aldı. Bakıya qayıtdı. "Rəsul Rzanın ssenarisi üzrə "Qızıl üzük" filmini çəkməli idi. Rəsul Rza o illər Azərbaycan kinosuna rəhbərlik etsə də, nədənsə, həmin film çəkilmədi. Səbəbini bilmirəm, nəyə görəsə vaxtında bu sualı nə atama, nə Həsənə verdim. Həmin baş tutmayan cəhddən yalnız Tofiq Quliyevin atamın sözlərinə yazdığı "Üzüyümün qaşı firuzədəndir" adlı gözəl mahnısı yadigar qaldı. Mahnı ilk dəfə Rəşid Behbudovun parlaq ifasında (sonralar Fidan və Xuraman Qasımova bacıları da gözəl ifa etdilər) səsləndi.
Quruluşçu rejissor diplomu almış Həsən Seyidbəyli ilk filmini institutu bitirəndən on yeddi il sonra, 1962-ci ildə çəkdi. Amma 1946-cı ildə artıq ilk hekayəsi dərc olunmuşdu, on yeddi il ərzində də ədəbiyyatda sanballı nüfuz qazandı. Düzdür, həmin illərdə də kinoda ssenariçi kimi işlədi, onun ssenarilərini Lətif Səfərov və Tofiq Tağızadə çəkdilər.
1962-ci ildə rejissor kimi quruluş verdiyi "Telefonçu qız" filminin əsasında onun əvvəllər çap olunmuş eyniadlı povesti dururdu. Bundan sonra o, öz ssenariləri üzrə bir neçə film - "Möcüzələr adası" (1963), "Cazibə qüvvəsi" (1964), "Sən niyə susursan?", "O qızı tapın" (1970), "Xoşbəxtlik qayğıları" (1976) filmlərini çəkdi. Başqa müəlliflərin ssenariləri üzrə quruluş verdiyi iki lenti ("Bizim Cəbiş müəllim" (1969) M.İbrahimbəyovun ssenarisi üzrə; "Nəsimi" (1973) İ.Hüseynovun ssenarisi üzrə) də bu siyahıya əlavə etsək, onda belə hesab etmək olar ki, ildə bir bədii film çəkib. Belə bir məhsuldarlığa həsəd aparmaq olar. Belə təəssürat yaranır ki, bu on dörd il ərzində - 1962-1976-cı illərdə - Həsən Seyidbəyli, sanki quruluşçu rejissor kimi kinoda çalışmadığı, kənar qaldığı on yeddi ilin əvəzini çıxırdı. Amma mənə elə gəlir, başqa bir səbəb də vardı - Həsən Seyidbəyli bədii yaradıcılığının iki istiqaməti: ədəbiyyatla kino arasında qalmışdı.
Kino onun sənəti idi, ədəbiyyat isə istedadı idi. Bununla belə, rejissor kimi çəkdiyi filmlərdən sonra kinonu da onu istedadını sübut etdiyi sahə hesab etmək olardı. O, ədəbiyyatda özünü "Tərsanə", "Cəbhədən cəbhəyə", xüsusilə böyük şöhrət qazanmış "Uzaq sahillərdə" romanları ilə təsdiq etmişdi. İmran Qasımovla yazdığı son romanda o, ilk dəfə xalqımızın şöhrətli oğlu, Böyük Vətən müharibəsi illərində Yuqoslaviyada "Mixaylo" ləqəbi ilə döyüşmüş, həlak olmuş və orada dəfn edilmiş əfsanəvi partizan Mehdi Hüseynzadənin obrazını yaratmışdı. Sonralar Tofiq Tağızadə İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi üzrə "Uzaq sahillərdə" filminə quruluş verdi. Qəhrəmanın adını xalqımıza məhz həmin əsərlər qaytardı, oxucular və tamaşaçılar Mehdi Hüseynzadənin yaradıcılığından məhz həmin roman və film vasitəsilə xəbər tutdular. Ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Əlbəttə, bütün istedadlı sənətkarlar kimi, onun yaratdığı əsərlərin hamısı eyni səviyyədə deyil. Həsən Seyidbəylinin ədəbiyyatda da, kinoda da uğurlu və kifayət qədər uğurlu olmayan əsərləri var. Amma o, uğurlu əsərləri ilə incəsənətimizdə həqiqi realist ənənənin formalaşmasında böyük rol oynadı.
"Altmışıncılar" haqqında tez-tez yazanda məni bəzən məhz həmin nəslin uğurlarını təbliğ etməkdə günahlandırırlar. Mən də dəfələrlə izah etməli olmuşam ki, altmışıncı illərin ədəbiyyatı və incəsənəti barədə söz açanda çətin yeniləşmənin yükü məhz onların çiyinlərinə düşsə də, yalnız həmin illərdə yaradıcılığa başlamış gənc sənətçilər nəslini nəzərdə tutmuram. Mən yaşlı nəslə mənsub olan sənətçilərin də yeni istiqamətdə işləmələrinə imkan verən Zamanı nəzərdə tuturam. Əlbəttə, yaranan həmin imkanlardan hamı yararlanmadı, amma əvvəldən yeniliyə meyilli olan, amma müxtəlif səbəblər üzündən istədiklərini gerçəkləşdirə bilməyən şairlər, yazıçılar, bəstəkarlar, teatr və kino xadimləri özlərinin ən sanballı əsərlərini məhz altmışıncı illərdə yaratmağa başladılar. Poeziyada bu, Rəsul Rzanın "Qızılgül olmayaydı" poeması, "Rənglər" silsiləsi və bir çox şeirləri, nəsrdə İsa Hüseynovun "Teleqram", "Tütək səsi", "Saz", "Şəppəli" povestləri, İsmayıl Şıxlının "Dəli Kür" romanı, dramaturgiyada İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi, musiqidə Q.Qarayevin "Üçüncü simfoniya" və "Skripka konseri" əsərləri, rəssamlıqda Səttar Bəhlulzadənin tabloları, teatrda Tofiq Kazımov və Mehdi Məmmədovun tamaşaları idi. Kinomuzda isə yenilənmə yoluna hamıdan əvvəl Həsən Seyidbəyli qədəm qoydu.
Həsən Seyidbəylinin ən yaxşı əsərlərində - həm ədəbiyyatda, həm də kinoda - Zamanın ab-havası - "balaca adam" adlandırılan insanlara marağı və diqqəti öz əksini tapdı. O, keçmiş dövrün istehsalat qabaqcılları haqqında bir sıra normativ əsərlərdən fərqli olaraq, sadə adamlar - telefonçular, kənd həkimləri, liftçi qız və b. - haqqında yazmağa və çəkməyə başladı. Həm də inandırıcı şəkildə, realist dəqiqliklə və şübhəsiz ki, istedadla yaratdı. İsa Hüseynov ədəbiyyatda olduğu kimi, Həsən Seyidbəyli də kinoda yol salmağa başladı, yazıçıların və kinematoqrafçıların yeni nəsli həmin yolla getdi. Həsən Seyidbəylinin filmlərində ilk dəfə özünü parlaq surətdə göstərən digər gözəl ənənə də həyatımızın mənfi təzahürlər adlanan cəhətlərini kəskin tərzdə əks etdirməkdir. Həsən Seyidbəyli ekrana xəyali gerçəkliyin aydın, idillik və bərbəzəkli aləmini yox, həyatın sərt həqiqətini - qanunçuluğun pozulmasını, əliəyriləri, brakonyerləri gətirirdi. Yadımdadır, müzakirələrin birində məşhur rejissorlardan biri Həsən Seyidbəylinin filmi haqqında kinayə ilə fikir söyləyəndə - "osetrin" haqqında film çəkdiyini deyəndə - zalda bərk gülüşmə qopdu. Həsən gülənlər arasında onun daim dostyana münasibət bəslədiyi, bacardığı qədər yardım göstərdiyi Eldar Quliyevin də olduğunu gördü. Elə Eldar da ona çox hörmət bəsləyirdi, ola bilsin, gülüşü qeyri-ixtiyari olmuşdu. Hər halda, Həsən yana-yana mənə dedi ki, "Eldar fikirləşir, atam öləcək, velosiped mənə qalacaq". O, Lətif Cəfərovun ölümündən sonra daşıdığı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini nəzərdə tuturdu.
Həsən Seyidbəyli kinematoqrafçılarımızın gənc nəslinə həssaslıqla yanaşırdı, Rüstəm də, Oqtay da, elə o Eldar da, mən də müəyyən məqamlarda onun köməyini hiss edirdik. Aramızda yaş fərqinin olmasına baxmayaraq, onunla çox yaxın idik. O, "Literaturnaya qazeta"nın sifarişi ilə Yusif Səmədoğlu, Əkrəm Əylisli və mənim haqqımda sanballı məqalə yazdı, Həsənin dediyinə görə, məqaləni redaksiyada yaxşı qəbul elədilər, bu yaxınlarda çap olunacağını söyləmişdilər, amma, nədənsə, işıq üzü görmədi.
"Nəsimi" filminin çəkilişi - fikrimcə, ilk sanballı tarixi ekran əsərimizdir - Həsən Seyidbəylinin böyük xidmətidir. Bütün digər müsbət cəhətləri ilə yanaşı, həmin filmdə Rasim Balayevin parlaq istedadı üzə çıxdı.
"Nəsimi" studiyamızın gələcək tarixi filmləri üçün, bir növ, təkan nöqtəsi idi. Yeri gəlmişkən, "Dədə Qorqud" (rej. T.Tağızadə), "Babək" (rej. E.Quliyev) filmlərində baş rollarda da Rasim Balayev çəkilib.
Həsən Seyidbəylinin ləyaqətli hərəkətlərindən birini xatırlamaq istərdim. Bu, İrəvanda keçirilən sovet kino filmlərinin festivalı günlərində baş vermişdi. Mən Həsən müəllimlə birlikdə festivalın münsiflər heyətinin sədri S.Rostotskini inandıra bildik ki, ermənilərin festivala təqdim etdikləri "Ermənistan haqqında yeddi mahnı" filmi millətçi-şovinist xarakter daşıyır. Məhz bundan sonra həmin filmə Qran-Pri mükafatı verilmədi.
Elə insanlar olur ki, onları rəhmətlə, ehtiramla və hörmətlə xatırlayırlar. Belə insanlardan biri Həsən Seyidbəylidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!