Xocalı mahalında bənövşətək zərif, qənirsiz bir el gözəli vardı. Mələk adında. Mələk kimi məsumluğundan, incəliyindən bütün elat danışardı. Çox cavanların gözünün ilk ovuydu Mələk. Yuxuları ərşə çəkilən, sevgiləri cavabsız qalan bu cavanların, sanki kirpiklərində açılırdı dan yeri. Odlanan ürəklər gündən-günə cilvələnən Mələyə heyran, məftun olmuşdu.
Bir soyuq qış axşamı Xocalının səmasını qara buludlar aldı. Torpağın köksünə barıt qoxulu qurşunlar səpələndi. İnsan qanına susamış yırtıcı qaraquşlar, xarabalıq sevən bayquşlar iti caynaqlarını bu mahalın körpə balalarına, el gözəllərinə, ipək kimi kövrək qocalarına, dinc, isti günlərinə uzatdılar. Doğma yurdun başı üstünü sar aldığını, qəfil fəlakətə düçar olduqlarını Mələk də duymuşdu. Qarğa-quzğunun murdar nəfəsini hiss edən kimi qan çilənmiş cığırlarla bir qayanın dikinə qalxıb özünü uçuruma ataraq məhv etdi. İsmətini, namusunu hər şeydən üstün tutan Mələk, sanki ilahi bir qüvvənin, əfsanəvi mələklərin qanadlarında uçub Vətən səmasına qovuşdu. O məşum, sazaqlı-şaxtalı gecədən çox müsibətlər, bir də "Mələk dastanı" yadigar qaldı.
Sənədli hekayələrimin birində barəsində söz açdığım, gənc yaşlarından birinci Qarabağ savaşına atılmış şəfqət bacısı Raygül də yaxınlaşan erməni yaraqlısının əlinə keçməsin deyə, bir göz qırpımında qayanın kənarına sürünərək "ya Allah!" deyib özünü hündür qayadan atmışdı. Bunu uzaqdan görən döyüşçü yoldaşları mühasirədən çıxdıqdan sonra onu tapmış, ayaqları sınan, üz-gözü parçalanıb qanayan, amma qadir Allahın hökmüylə sağ qalan Raygülü hospitala gətirmişdilər. Bu cəsur el qızımız qeyrət mücəssəməsi Mələyin məğrur addımını təkrar etmişdi.
O müdhiş gecədə baş vermiş Xocalı soyqırımının dəhşətləri, müsibətləri barədə çox danışılıb, çox yazılıb. Poeziya, nəsr və publisistikamızda bu ağrılı mövzu ilə bağlı dəyərli nümunələr, örnəklər yaradılıb. Müvafiq bədii əsərlər sırasında daha çox diqqəti çəkən mərhum şairimiz, nasir, ssenarist Nurəngiz Günün "Xocalı simfoniyası" poemasıdır.
Gözəl çöhrəsi, intellektual səviyyəsi, istedadı, azad ruhu və düşüncələri ilə yaddaşlarda yaşayan Nurəngiz xanım bəşər övladına, Yer üzünün əşrəfi olan insana sevgisi, insanlığa tapınması ilə seçilirdi. Məhz yaradıcılığındakı bu məziyyətlər ədəbiyyatımızın "altmışıncılar"ının insanpərvərlik, humanizm prinsipləri ilə üst-üstə düşürdü. Şeirlərində "İnsanlarsız nəyə lazımsan, dünya?" xitabı ilə qarşılaşdığımız Nurəngiz Gün dünya tarixində ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını bəşəriyyətə car çəkməkdən ötrü qələmə sarılmış, Qarabağ həqiqətlərini çatdırmaq üçün qəlbləri titrədən, hüzn, kədər dolu elegiya yazmışdı. "Xocalı simfoniyası" bu faciənin qurbanlarına ağı deyən, uca Tanrıdan onlara təskinlik verməsini istəyən Azərbaycan qadınının, vətəndaş-şairin haqq səsidir. "İlahi! Təskin et! Sən onlara səma nəğmələri göndər, təsəlli səp" deyən şair sonrakı misralarda üzünü sərt rüzgara tutub var səsi ilə hayqırır:
Yox, Rüzgar! O cürə əsmə sən!
Torpaqda... Torpağın altında
Dipdiri ölülər var!
Diksinə bilər Onlar!..
Onlar onsuz da yazıq!
Tələf olubdur Onlar!
Müəllifin rüzgarla söhbətləşməsi maraqlı bədii tapıntı kimi dəyərlidir və poemanın emosional təsir gücünü qat-qat artırır. Şair uçurub dağıtmağa, yıxıb sürüməyə qadir olan rüzgara müraciətlə deyir ki, hirs-hikkə ilə əsməsin, torpağı alt-üst etməsin, çünki yerin alt qatında bir dünya var, qoy bu sükut dünyasındakı məsum, dipdiri insanlar inciməsin. Çünki onlar həyatdan vaxtsız-vədəsiz məhrum edilmiş, əzab verilmiş, təhqirə məruz qalmış, əsir-yesir olmuş varlıqlardır. İnsanı məhvərindən qoparan bu tarixi rəzalətlə heç vəchlə barışa bilməyən müəllif susqun, karıxmış, biganə dünyanı ayıq olmağa səsləyir, qətliam törədən erməni faşistlərini, onların arxasında durub havadarlıq edənləri lənətləyir:
Xocalım!.. Məğlubum!.. Necəsən?
Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi -
Bəd qonşu?
Dramatik "yazıq erməni" ilə
Məşhur "qırmızı qospodin?".
Bir gecənin içərisində iri bir şəhəri həyat səhnəsindən silmək, uşaqlara, qadınlara, qızlara, qocalara rəhm etmədən bütün dinc əhalini qətlə yetirmək ağlasığmaz faciədir. Nurəngiz Gün əsəbləri tarıma çəkən bu soyqırımı aktına rəvac verənləri insanlıq simasını itirmiş vəhşilər, canilər adlandırır və bu cinayətə göz yuman sivil dünyanı suçlayır:
A?!
Səslərə ürpəşirəm.
Şum edilmiş insanların kütləvi qırğınına
daraq çəkə bilmirəm...
Bax, ona ağlayıram:
Axı, Dünya özbaşına!
Axı, Dünya çox məşğul!
Şair hiddətini boğa bilmədiyi, hiss-həyəcanla, vulkantək püskürərək yazdığı "Xocalı simfoniyası" ilə elə vaxtında dövrün nəbzini tutmaq, ümmanlar qədər dərin dərdlərimizi çatdırmaq istəyib. Görəsən, bu qədər ələm, zülm-sitəm necə sığıb bu misralara? Müəllif zaman-zaman qanımıza-canımıza susayan, torpaqlarımızı qəsb edən erməni millətçilərin iyrənc xislətini, acgözlüyünü, fürsətcilliyini, xəyanətkarlığını, satqınlığını açıb göstərib. Qaniçən vandalları yırtıcılar, adamyeyənlər adlandırıb:
Hayqıracaq!
rüsvay edəcək...
Cahanın canavar iştahlı
Cümlə adamyeyənlər kolunun...
Cümlə yırtıcılarını!
Bir məşum gecədə insanları amansızcasına məhv edilib torpağa qarışdırılan Xocalının ah-naləsi yeri-göyü titrətsə də, "cahanşümul şümürləri" ilgiləndirmirdi. Müəllifə görə, baş vermiş qanlı cinayət bunaqədərki qətliamları üstələmiş, arxada qoymuşdu:
Ax, mənhus düşüncə!
Necə yəni, Allah yaradanı sən,
Bir gecədə yox edəsən?!
"Əhsən", ey insan, "əhsən",
Sən bu antik işinlə
Xirosima dəhşəti, Xatın faciəsini də
Çox-çox arxada qoydun!
Şairin təbirincə desək, bu "nəhəng faciəyə üst qatlar qalın yorğan çəkdiyindən" ünümüz yetmir, səsimiz çatmır böyük güclərə. Gec də olsa, bu qanlı soyqırımına beynəlxalq müstəvidə hüquqi qiymət verilməlidir.
Duyğusallıq aşılayan, kövrək ovqat bəxş edən sevgi şeirlərindən fərqli olaraq, müharibə poeziyasında Nurəngiz Gün hərb qovğasının ağrı-acılarını, dinc insanların həyatına gətirdiyi məhrumiyyətləri, onları kabustək izləyən dəhşətləri qələmə almışdır. "Müharibəni kişilər başlasa da, ən çox əziyyət çəkən qadınlar və uşaqlar olur" deyiminin sübutudur "Xocalı simfoniyası".
Ah! Boğulur, çocuqlar,
Yorulur torpağın altında...
Əlləri, qolları yorulur,
Heç bir şey anlamır çocuqlar!
Çocuqlar top-top oynamaq istəyir,
Torpağın altında...
Şair "bəşəriyyət önündəki zülmün nəhəng pannosunu", "ahın şəklini çəkən", vəhşətlər törədənləri ittiham edən Ana obrazını yaratmış, onu mübarizə simvolu olan Vətən qızı adlandırmışdır. Həqiqətləri söyləyən bu məğrur Ana günahsız körpələri gülləbaran edənlərə nifrinlər yağdırır:
İnsanı hayqıracaq,
o məsum tifilləri,
Yer üzünün bütün həlaklarını,
Zilləti hayqıracaq!
- deyir Nurəngiz Gün.
Ananın dilindən ucalan üsyankar çağırış əslində, şairin səsi, köksünü didib-parçalayan fəryadı, ah-naləsidir.
Poemanın hər bir misrasından müəllifin mübariz ruhu boylanır. Nurəngiz Günün Vətən sevgisinə, Qarabağ müharibəsinə, haqlı torpaq davamıza həsr olunmuş bədii şeirlərinə baş vurarkən, sözün fəlsəfi baxımdan alt qatlarına enərkən şairin bu bədii nümunələrdə sərgilədiyi ictimai-əxlaqi məram göz önünə gəlir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nurəngiz Günü istedadlı şair, publisist və gözəl insan kimi dəyərləndirib: "Ədəbiyyatımızda öz yeri olan bu qələm sahibinin şeirlərində qəm-kədər notları üstünlük təşkil edir. Həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun "Xocalı simfoniyası" bu mövzuda yazılmış ən dəyərli əsərlərdən biridir". Xalq şairi Fikrət Qocanın fikrincə, "O özü bir şeir idi. O, bir işıq kimi gəlmişdi, poeziya ilə, şeirlə əkiz doğulmuşdu. Xüsusilə Qarabağ mövzusunda, "Xocalı simfoniyası"nda elə bil öz içini yandırırdı. O misralar içdən gələn ah, nalə kimi, haray kimi səslənir".
Təhlilə cəlb etdiyimiz poemanın olduqca maraqlı, canlı dili var. Əsər insanı deyim, duyum tərzi və poetik dilinin axıcılığı ilə ahənrübatək özünə çəkir. Son illərdə dilimizdə, çağdaş ədəbiyyatımızda az rastlaşdığımız "təskin, zuzə, hayqırıq, əndişə, mənhus, məşum, kəlisa, eyvah, yeksan, müdam, bihudə, biçarə, lağım, cızdağ, qətrə, təcəlla, batqın, şümür, müntəzir, məzlum" kimi arxaik sözlərin yerli-yerində işlədilməsi baş vermiş qanlı faciənin dərindən qavranılmasına yardımçı olmuşdur.
Əsərin daha bir özəlliyi isə qeyri-adi, orijinal üslubda yazılması, müəllifin izlədiyi qayənin, insanlar üçün istəklərinin Ana obrazının dili ilə dualar şəklində çatdırılmasıdır. Poema elə dua ilə də bitir: "İlahi! Sən onları rahat et...". Bu əsər narahat dünyamızın qadın yazarının Xocalı şəhidlərinə oxuduğu hüznlü layladır.
Nurəngiz Günün Vətən təəssübkeşliyi, Qarabağ dərdi bir sıra şeirlərinə və lirik-fəlsəfi, psixoloji baxımdan düşündürən, bu gün də aktual olan epik əsərlərinə hopub. Yeganə övladı, filologiya elmləri doktoru, millət vəkili Jalə Əliyeva deyir ki, "anam son nəfəsinədək intizarında olduğumuz o böyük Qələbəni gözləyirdi". Dəyərli qələm sahibi uzun illik həsrətə son qoyulduğunu, 44 günlük Vətən müharibəmizin möhtəşəm Zəfərlə bitdiyini, heyif ki, görə bilmədi. Görsəydi, müdrik Sərkərdəmizin, hünərvər əsgər və zabitlərimizin tarix yazmasına, yurd yerlərimizin əsarətdən qurtarmasına, el büsatına sevinər, şadyanalıq edərdi.
Böyük sevgi və azad düşüncə şairinin ruhu şad olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!