Çərçivə-şəkil - Hekayə - Novruz NƏCƏFOĞLU

Küçədə başı dumanlı adamlar... Həyətdə gövdəsi, yar-yarpağı yorğun ağaclar... Evdə isə... Evdə tənhalıq və bir də əbədi xatirələr... Ruhunu göynədən və göyərdən nə varsa, küçələrdəki dumandan keçib çıxmış, həyətdəki yorğunluqdan qurtulmuş, evdəki sükuta bələnmişdi... Bir gün ağacdan qopan bir yarpaq kimi zamanın xəfif quş lələyindən ayrılıb önünə düşəcəkdi. Necə ki, zaman bir daha geri dönməmək şərti ilə gedir, eləcə o yarpaq da bir daha öz budağına tərəf uçub qanadlana bilmir...

Dünənki boyat xatirələr bu günə istilik qata bilməsə də, rəng qatır bəzən... Hansı rəngi qatırsa-qatsın, fırça Sənin əlində olmalı! Bəzən də susarsan, sükutunda ağrıların daha gözəl görünər deyə... Küçələrdəki adamlardan, həyətdəki ağaclardan, evdəki xatirələrdən başqa nəyin var ki? Həm də hər şeyin varmış... Dostların da var, rastlaşacaqsan da hardasa!

***

Divarda asılan çərçivədə çox xoşbəxt bir ailə fotosu hamını gülərüzlə qarşılayıb yola salırdı. Əlim cəftəyə dəyər-dəyməz qapı gəlişimə hazır dayanıbmış kimi üzümə taybatay açıldı. Bir balaca oğlan uşağı qabağıma yüyürüb mənə:

- Atam gəldi, atam gəldi! - deyə qışqırmağa başladı. Duruxdum. Bu otağın qapısını son dəfə nə zaman açıb içəri girdiyimi yada salmaq istəsəm də, heç nəyi xatırlaya bilmədim. Oğrun baxışlarla ətrafa göz gəzdirdim... Pəncərədən asılan büzməli tül pərdənin arxasında üzü həyət bağçasına tərəf bir qadın dayanmışdı, yəqin uşağın anasıydı, onun yalnız ağ örpəyə bürünmüş saçlarını görə bilirdim. Üzünü görsəydim kim olduğunu xatırlayacaqdım bəlkə də... Orada, durduğu yerdə birdən göründüyü kimi anidən də yox olar deyə, irəli gedib yaxınlaşmağa da cürət eləmirdim. Keşkə dönəydi mənə tərəf, bir dəfə də olsa üzünü görəydim, - istəyi keçdi ürəyimdən.

Uşaq elə qışqıra-qışqıra yüyürərək qapıdaca yetişib tutduğu əlimi buraxmadan məni otağın pəncərə ilə üzbəüz divarın dibində qoyulmuş oturacağa tərəf çəkdi. Əvvəl məni oturtdu, sonra özü də dırmaşıb dizlərimin üstündə əyləşdi. Daha qışqırmırdı, toxdamışdı. İp-isti, nap-nazik körpə əllərini nəvazişlə üz-gözümə, saçlarıma çəkir, mənsə onun haralardansa tanış gələn qarayanız çöhrəsinə diqqətlə baxırdım. Uşaq bir dünya xoşbəxtlik görübmüş kimi şirin-şirin gülümsəyirdi. Heyrət içindəydim, axı bu uşaq kim idi, mən bu körpəni nə ilə xoşbəxt etmişdim, anlaya bilmirdim.

Birdən gözüm divardan asılmış çərçivədəki rəsmimə sataşdı... Bu şəkil buraya necə gəlib çıxmışdı, bu otağın divarından niyə asılmışdı? Düşüncələr içində vurnuxur, fikrimi toparlayıb bir qənaətə gələ bilmirdim.

Qalxmaq istədim, uşaq məndən əl çəkmədi. İsti və toppuş əlləri ilə əlimi sıxaraq nəsə demək istəyirdi, ancaq bir elə, - Ata, - deyə bilirdi. Belə başa düşdüm ki, qapıdan içəri girəndə, - Atam gəldi, atam gəldi! - deyə üstümə yüyürən uşağın birdən-birə dili tutulmağa başladı və o bu dəfə sözünün ardını gətirməyi bacarmadı. Yaddaşının harasındasa bu söz ilişib qalıbmış kimi, onu axtaran adam kimi gözləri nigaran-nigaran yol çəkməyə başladı... Uşağı qucağıma alıb şəklə tərəf gəldim. Şəkildəkinin mən olduğuna inanmaq istəmirdim. Bu evdə şəklimin, özümün bu balaca oğlan uşağına bu qədər xoşbəxtlik gətirəcəyinə necə inanaydım axı... Uşaq boynumu qucaqlamışdı, şəklə diqqətlə baxdığımı görəndə nəsə demək istədi, ancaq yenə, bu dəfə də, - Ata, - deyə bildi, əslində, yox, - A-taaa, - deyə kəkələdi.

Qadına tərəf getdim. Qadının əhvalı anlaşılmaz, müəmmalı idi. Evdə yad bir adam gəzir, bu qadın da arxaya dönmədən yerindəcə hərəkətsiz durmuşdu. "Yad" sözü nədənsə mənə sözün əsl mənasında qəribə gəldi, nədənsə mən özümü, sanki yüz ildir bu evdə yaşamış kimi hiss edirdim. Bu nə idi belə?.. Anlamadım... Qadın ağlayırdı... Uşağı yerə qoyub ona tərəf getdim. Örpəyin altından çıxan ətir qoxulu saçları, telləri dən-dən ağarmış olsa da, çox səliqəli halda yığılıb toxunmuşdu. Qadın üzümə baxa bilmirmiş kimi durduğu yerdən birdən qapıya tərəf qaçdı, sonra nə düşündüsə, ordan da geri çevrilib şəkli divardan aldı, sinəsinə sıxıb öpdü, sonra şkafın siyirtməsini açıb ora qoydu. Hələ də onun üzünü görmək istəyirdim, saçlarının ətri özü ilə ətrafımı sarırmış kimi mənə rahatlıq vermirdi, bircə gözlərinin içinə baxsaydım biləcəkdim onun kim olduğunu, - deyə düşünə-düşünə beynimdəki dumandan xilas olmağa çalışır, yaddaşımın pas atmış qatlarına enə bilmirdim. Uşaq palazın saçaqlarına ilişərək yıxılıb ağlamağa başlayanda istər-istəməz qaçıb onu yerdən götürdüm və onda anladım ki, bu dəcəl oğlan uşağında elə mənim özümdən nəsə var. Bəs niyə şəklin nə zaman çəkildiyini, bu insanları xatırlamıram.

Baş verənlərdən ağlım bir şey kəsmirdi. Qadın fikrə getdiyimi görüb yaxına gəldi, əli ilə nəsə işarə etdi, pəncərəyə tərəf getdik, həyətdə yelləncək vardı. Üstünə sərçələr qonmuşdu. Hər tərəfdə xəzəl topaları var idi. Bir topa sərçə də onların içində eşələnirdi. Qadın barmağının işarəsi ilə mənə uzaqlardan nəsə göstərməyə çalışırdı. Mən isə heç nə görmürdüm. Daha doğrusu, hündür hasar eyvanın qarşısını kəsmişdi. Qadın bir şey başa düşmədiyimi görüb başını köksümə sıxdı, əllərini sinəsində cütləşdirib mənə söykəndi, onu qucaqlasaydım, sanki hönkürüb ağlayacaqdı. Qucaqladım, amma yenə də ağladı... Balaca bizə yaxınlaşdı. Pəncərəyə dırmaşmağa çalışdı, - yıxılarsan, - dedim, sanki öz balam idi, elə ərklə acıqlandım ki! O, dərhal məni anladı, danışa bilməsə də ağıllı gözləri ilə üzümə baxıb gülümsədi. Qadının ətirli saçları məni özünə çəksə də hələ ki, özümlə bacarırdım, hələ ki, qucağımdakı ağ örpəkli mələyi tanımaq istəyirdim... Bu dəfə də qadın yenə nəsə demək istədi və yenə də deyə bilmədi, barmağı ilə əvvəl göstərdiyi yeri göstərdi, dili topuq vururdu. Deyəsən, qadın da lal idi... Dəhşət içindəydim... Bunu dəqiqləşdirmək məqsədi ilə ondan, - Sən kimsən? - deyə soruşdum, qadın başını qaldırıb gözlərimin içinə elə baxdı ki, bu sualın nə qədər yersiz verildiyini anlayıb utandığımdan başımı aşağı saldım. Onu daha bərk-bərk qucaqladım. Bu otaq mənim evim idi. Mənim evimdə olan qadın və mənə böyük məhəbbətlə, - Ata, - deyən bu dünya sevimlisi oğlan uşağı kimin olacaqdı ki?

Bu dəfə də səhv edəcəyimdən qorxurmuş kimi eyvandan bağa tərəf boylanan pəncərədəki qaranlığı özüm üçün aydınlaşdırmaq məqsədi ilə bağa düşdüm. Həyətdə hər şey öz qaydasında idi. Yelləncəkdə bir-iki saralmış yarpaqdan başqa artıq heç nə gözə dəymirdi. O yarpaqları da külək oynadıb, yəqin ki, bir azdan yerə, sərçələrin içində eşələndiyi xəzəllərə qatacaqdı. Bağ tərəfdən pəncərəyə boylandım. Bayır hələ ki, işıqlı olduğundan otağın içi görünürdü. Lap yaxın gəldim. Qulaq kəsildim. Eşidə bildiyim bağda civildəşən sərçələrin səsi və yarpaqların xışıltısı idi. Sonra bir az pəncərənin altındakı səndəlin üstündə oturdum. Hava kifayət qədər soyuq idi. Səndəlin nəmliyi canıma işlədi. Qalxıb içəri keçdim. Otağın qapısını açıq qoymuşdum. İçəridə kimsə görünmürdü. Vahimələndim. Bayaq burda olan qadının heç adını da bilmədiyimdən həya edib çağırmağa da bir ad tapmırdım. Qaçıb şkafın siyirtməsini açdım. Şəkil ordaydı. Onu götürüb diqqətlə baxdım və qaytarıb əvvəlki yerindən asdım. Eşiyə çıxıb qapını çırpdım. Elə həmin andaca içəridən şüşə qırılmasının dəhşətli səsi gəldi. Qapını tez açıb qadını görmək ümidi ilə pəncərəyə tərəf qaçdım. Qadın yox idi, pəncərə şüşəsi də yerindəydi. Anlamadım. Bəs bu qırılan şüşə səsi nə ola bilərdi?! Ətrafa nəzər saldım, birdən şəklin yerində boşluq gözümə sataşdı. Şəkil yerində yox idi. Yerdə isə çilik-çilik olmuş şüşə qırıqları var idi. Onların altında da şəklim. Əyilib götürdüm. Şüşələri yığanda barmağımda bir balaca kəsik əmələ gəldi. Qıpqırmızı qanın rəngi gözümü qamaşdırdı. Yaranın yeri bərk acıdı. Bütün gördüklərimin bir yuxu, bir röya olduğuna inanmırdım. Əllərimi üzümə aparıb gözlərimi ovuşdurmaq istəyəndə barmağının qanlı olduğu yadıma düşdü. Əlimə baxdım. Əlimdə qandan əsər-əlamət yox idi. Yenə də öz-özümdən hövlləndim. Axı bayaq burda qadın və uşaq vardı. Bapbalaca, lap oğluna oxşayan, ona şirin-şirin, - Ata, - deyən oğlan uşağı... Deməli, gördüklərim yuxu idi. Nə o susub, üzünü gizlədən qadın, nə də o lal uşaq olmamışdı. Şəkil də sınmamışdı heç... Əlimə batmamışdı şüşə qırıqları...

Küçəyə çıxmalıydım. Ayaqlarım məni harasa çəkib aparırdı. Getdikcə daralan küçələr daha məni qorxutmurdu. Yəqin o lal qadın da, balaca oğlan da, çərçivə şüşəsi qırılıb tökülən şəkil də olmamışdı. Ayaqlarım nəm torpaq yola çatanda rahatlığa qovuşurmuş kimi yeriməyə başlamışdım. Torpaq isti idi. Ya bu mənə belə gəlirdi, ya da asfalta nisbətən torpaq yol həm isti, həm də yalın ayaqlar üçün daha yumşaq olur axı.

Öz oğlumun körpəliyini xatırladım...

Torpağa yağan yağış damcılarından üzərimdə çırtlayan palçıqlı damlaların ləkələri qalmışdı... Qadının qucağında gülümsəyən oğlan onun gözlərinin içinə baxaraq nəsə demək istəyirdi. Danılmaz bir həqiqət var idi, həqiqətən də çox gözəl bir duyğuya bürünmüşdü ürəyim.

 

20 sentyabr, 2020 ci il

 

İllüstrasiya: Mark Şaqal "Sevgililər" 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!