Giyom Apolliner - Şair, tənqidçi, jurnalist...

1880-ci il avqustun 31-də bir naməlum qadın iki nəfər şahidin müşayiətilə Roma polis idarəsinə gəlib, küçədən təzəcə doğulmuş körpə tapdıqları barədə ərizə yazdılar. Qadın bu oğlan uşağını övladlığa götürməyə hazır olduğunu bildirdi. Elə həmin il sentyabr ayının 29-da tapılan körpəni xaç suyuna salıb ad verdilər - Culyemo Alberto Dulçini. Noyabrın 2-də oğlanın doğma anası, Polşanın yoxsullaşmış zadəgan nəslindən olan Angelika Kostrovitskaya peyda oldu. O, övladının qaytarılmasını tələb etdi. Bu zamana qədər qadının harada olduğu, körpənin nə üçün özgə qapısına atıldığı naməlum qaldı. Ananın yazdığı ərizəyə əsasən, uşaq 25 avqust 1880-ci ildə doğulmuşdur. Bu tarix Fransanın böyük şairi, müasir Avropa poeziyasının banisi, görkəmli incəsənət nəzəriyyəçisi Giyom Apolliner təxəllüsü ilə məşhurlaşan Vilhelm-Albert-Vladimir-Aleksandr-Apolliner-Kostrovskinin doğum günü kimi qeyd edilir.

Şairin anası rus ordusunda xidmət etmiş, ehtiyatda olan polşalı zabitin qızı idi. Qadının keçmişi barədə demək olar ki, biz bilmirik, lakin Apollinerin həyatını öyrənən tədqiqatçıların yazdığına görə, o, azad mənəviyyata malik olmaqla, eyni zamanda gizli həyat tərzi sürmüşdür. Şairin ana babası 1863-cü ildə baş verən Polşa üsyanının iştirakçısı olmuş, Sibir sürgünündən canını qurtararaq İtaliyaya qaçmış və Roma papasının sarayında xidmət etmişdir. Angelika Kostrovitskaya haqqında yeganə dəqiq məlumat bundan ibarətdir ki, 1880-ci ildə onun 22 yaşı olub, oğlanlarını çox istəyib (Apollinerin Alber adlı kiçik qardaşı olub, anası onu da əvvəlcədən küçəyə atıb, sonra geri qaytarıb), amma qumar məclisləri əyyaşlığı aylarla davam edərək evində görünməyib və uşaqlarını unudub. Tədqiqatçılar onu da yazırlar ki, Angelika Avropada məşhur qumarbaz kimi tanınaraq, ruletka oyununda nadir hallarda uduzurmuş.

Şairin atasının kimliyi gizli qalır. Böyük müəmma həvəskarı olan Apolliner öz mənşəyinin tarixi barədə tez-tez yalanlar uydururmuş. Bəzən atasının Roma papası XIII Lev və ya Roma seçki idarəsinin kardinalı, gah atasının yəhudi olduğunu deyir, gah da əsl atasının knyaz Monako Qrimaldi olduğuna işarə edirmiş. Dəqiq sübut olmasa da, tədqiqatçılar ehtimal edirlər ki, şairin əsl atası italiyalı zabit Françesko Fludcid Aspermont idi.

Apollinerin uşaqlıq illəri Monakoda keçmişdir. O, anasının udduğu pullar sayəsində Sen-Şarl liseyində oxumuşdur. Liseyi bitirən kimi Kann şəhərindəki Stanislav kollecinə daxil olur, lakin qadağan olunmuş ədəbsiz ədəbiyyat nümunələri saxladığı və oxuduğu üçün 1896-cı ildə kollecdən qovulur. Apolliner Nitsaya köçərək Massenin ritorika sinfində təhsilini davam etdirir. Burada ilk şeirlərini yazmağa başlayan gənc şair lisey yoldaşı Anj Tussen Luka ilə birlikdə əlyazmalardan ibarət jurnal buraxmağa başlayır. Bu jurnalda Vilhelm (ev adamları Apollineri bu adla çağırırdılar) Qiyom Makabr (Qiyom Mraçnıy) təxəllüsü ilə şeirlər yazır.

1899-cu ilin yayında qardaşı ilə birgə Belçikanın Stavlo şəhərciyində keçirdiyi tətil günlərində ilk məhəbbət quşu onun pəncərəsinə qonur və Apolliner Mariya Dyubaya aşiq olur. İlk ciddi silsilə şeirlərini Mareyə (Mariya Dyubaya) həsr edirək "Stavlo" poetik toplusunu qıza təqdim edir. Bu lirik şeirlər toplusunu Mariya Dyuba yalnız əlli ildən sonra nəşriyyata təqdim edir.

Marey ilə məhəbbət macərası qəflətən sona çatır. Anası pansionata kirayə haqqını ödəyə bilmədiyi üçün oğlanlarına tapşırır ki, gecə heç kimin xəbəri olmadan pansionatdan qaçsınlar. Qardaşlar elə də edirlər və bununla da Mareylə əlaqə kəsilir.

1898-ci ildə Apolliner anasının evini tərk edib daimi olaraq Parisə köçür. İki ildən sonra "Maten" jurnalında onun "Nə etməli?" publisistik romanı çap olunur. Bununla da onun ədəbi karyerasının yüksəlişi başlayır. 1901-ci ilin əvvəllərində o, on altı yaşlı Linda Molina Silva ilə məhəbbət romanının ilk səhifələrini vərəqləyir. Artıq peşəkar şair kimi tanınan Apolliner ara vermədən Fransanın cənubunda istirahət edən Lindaya həsr etdiyi sevgi dolu akrostixlər (sətirlərinin baş hərfləri bir söz və ya cümlə əmələ gətirən şeir), trioletlər (səkkiz misralı şeirdə 4-cü və 7-ci misralar birinci misranı, səkkizinci isə ikincini təkrar edir), tertsinlər (üçmisralı bəndlərdən ibarət şeir forması), madriqallar (gözəlləmə; qadına həsr olunan kiçik lirik şeirlər) və elegiyalar (mərsiyə tərzində həzin lirik şeir forması) yazıb göndərir. Linda da Mariya kimi şairin göndərdiyi bütün məktubları yığıb saxlayır və Apollinerin ölümündən sonra "Nə var" romanını nəşr etdirir.

Qazanc axtarışı onu Almaniyaya gətirib çıxarır. Qrafinya Eleonora Milqay Qabrielin kiçik qızına fransız dilindən dərs deməyə başlayır. Qızın mürəbbisi olan ingilis xanım Anni Pleyden ilk gündən şairin diqqətini cəlb edir. Lakin qarşı tərəfin etinasızlığı onu dəlilik dərəcəsinə çatdırır. Apolliner Anninin ardınca bütün Avropanı gəzir... Nəhayət, usanıb Amerikaya gedir və bir müddətdən sonra onun "Reyn şeirləri" toplusu və "Əyyaşlar" romanı Amerikada çap olunur.

1902-ci ildə şair Parisə qayıdır və onun həyatında "belle epoque" - "gözəl dövr" başlayır. Yeni "triumvirat" uzun müddət üç dahinin - Qiyom Apolliner, şair Maks Jakob və rəssam Pablo Pikassonun dostluğu Avropada ənənəvi estetik qanunlar çərçivəsi dağılaraq yeniləri ilə əvəzlənir.

1907-ci ildə Pikasso Apollineri rəssam qadın Mari Loransenlə tanış edir. O vaxt rəssamın 22, şairin isə 27 yaşı vardı. Onlar birlikdə beş il yaşadılar. Həmin dövr Qiyom yaradıcılığında çox məhsuldar illər oldu, çox yazır və tez-tez çap olunurdu. Buna baxmayaraq, hələ də onunla ciddi olaraq hesablaşmaq istəməyənlər var idi. Buna əsas səbəb Apollinerin özü idi. Onun yarıpornoqrafik hekayələri və 1907-ci ildə nəşr olunan "On bir min gül ləçəyi" sado-mazohist romanı cavan şairə qız Luiza Lalanninin şeirləri ilə müqayisədə uduzdu. Oxucular gənc şairəni ona nümunə göstərməyə başladılar. Əslində, bunu Apolliner özü təşkil edirdi. Gözəl qadın aurası onun üçün ibadət məkanı idi. Sonralar şairin erotik şeirləri "Eresiarx və K" kitabında toplanmışdı. Bu kitabı yazıçı Elemir Burj Qonkurov mükafatına təqdim etmişdi.

1911-ci ildə Apolliner şeirlərinin 1-ci cildi - "Kələkbazlar və ya Kortej Orfeya" kitabı nəşr olundu. Elə bu ərəfədə Apollinerlə Mari Loransen arasında konflikt yarandı və rəssam xanım şair məşuqunu tərk etdi. Apolliner bu ayrılığı dəhşətli ağrılarla keçirdi...

Biz burada şairin gizli həyatı barədə yazmağa məcburuq, çünki onsuz Apollinerin həyat və yaradıcılığı ilə bağlı tədqiqat işi natamam olacaqdır. Məlumdur ki, Parisə gələn kimi Apolliner şəhərin ən yavaxana yerlərini gəzməyə başladı ki, qeyri-ənənəvi münasibətdə olmaq üçün cavan, yaraşıqlı oğlanlarla tanış olsun. Əvvəllər belə münasibətlər kiçikmüddətli və təsadüfi olurdu. 1904-cü ildə bu cür tanışlıq üçün münasib yer sayılan Mirabo körpüsünün altında Jer Pyerlə görüşür və onu evinə gətirir... Beləliklə, Pyer "Kələkbazlar və ya Kortej Orfeya" kitabındakı baş qəhrəman - İnyase D Ormezanın və "On bir min gül ləçəyi" romanındakı qəhrəmanın prototipi olur... Gecə 20 avqust 1911-ci ildə Luvr muzeyindən Leonardo da Vinçinin "Mona Liza" əsəri oğurlanır... Uzun müddət aparılan tədqiqat nəticəsində məlum olur ki, şəkli Jeri Pyer oğurlayıb. Apolliner Pyeri Marselə, oradan da İskəndəriyyəyə qaçırır. Bu səbəbdən şair 1911-ci il sentyabrın 17-də həbs edilir. Apolliner oktyabrın 12-ə kimi zindanda qalmalı olur. Bu müddət ərzində ona dəhşətli aşağılayıcı işgəncələr verilir. Fransa yazıçılar birliyinin müraciəti ilə o, həbsdən azad edilir.

1912-ci ildə Apollinerin "Zona" və "Vandemyer" şeirləri dərc olunur. Ədəbiyyatşünaslar məhz bu şeirlərlə müasir poeziyanın yarandığını hesab edirlər. Şairin yaşadığı dövrdə onun seçilmiş əsərlərindən ibarət ikinci kitabı və "Əyyaşlar" romanı nəşr edilir. 1913-cü ildə Apollinerin "Estetik düşüncələr. Kubizm rəssamları" adlı kitabı çapdan çıxır və həmin tarix kubizmin ad günü hesab olunur. Şair bu kitabda Pikassonun yaradıcılığını, Brakın analitik kubizmini, Xuan Qrinin sintetik kubizmini və digər kubizm ənənələrini təhlil edir.

Birinci Dünya müharibəsi başlayanda Apolliner könüllü olaraq cəbhəyə yollanır. Bu addımı atanda hesab edirdi ki, bu yolla o, Fransada vətəndaşlıq hüququna malik olacaq. Müharibə şairin yaradıcılığına mane ola bilmədi. O, cəbhədə "Luya məktublar" poetik əsərini yazır. 1916-cı ildə şair başından ağır yaralanır və onun üzərində mürəkkəb cərrahiyyə əməliyyatı aparılır. Hospitaldan çıxandan sonra o, yenidən Parisin qaynar ədəbi mühitinə atılır. "Kalliqrammalar" adlı potik toplusu, "Sülh və Müharibə şeirləri" kitabı işıq üzü görür.

Rene Mobelya teatrında "Tresiyanın sinəsi" pyesi tamaşaya qoyulur. Bu pyeslə absurd teatrın əsası qoyulur.

1918-ci ilin əvvəlində Apolliner Jaklin Kobla evlənir. "Zamanın rəngləri" pyesi tamaşaya qoyulanda Apolliner artıq həyatda yox idi.

 

Hazırladı: Zakir ABBAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!